Toğrul Şahtaxtinski – 100
Görkəmli alim, kimya elmləri doktoru, akademik Toğrul Nemət oğlu Şahtaxtinskinin anadan olmasının 100 illi tamam olur.
T.Şahtaxtinski 1925-ci il oktyabrın 22-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur. Orta məktəbi Bakı şəhərində bitirdikdən sonra 1943-cü ildə Azərbaycan Sənaye İnstitutunun (indiki Neft və Sənaye Universiteti) kimya-texnologiya fakültəsinə daxil olaraq ali təhsil almışdır. Hələ institutda oxuduğu illərdə görkəmli alim, akademik M.F.Nağıyevin rəhbərliyi altında elmi-tədqiqat işləri aparmışdır. 1949-cu ildə institutu bitirib kimyaçı-mühəndis diplomu almış və Azərbaycan Elmlər Akademiyasına işləməyə göndərilmişdir.
Toğrul Şahtaxtinski 1949-cu ildə Azərbaycan Elmlər Akademiyasının Neft İnstitutunda kiçik elmi işçi kimi çalışmış və həmin ildə aspiranturaya daxil olmuşdur. 1954-cü ildə institutun elmi katibi vəzifəsinə irəli sürülmüşdür. 1959-cu ildə texnika elmi üzrə namizədlik dissertasiyası müdafiə etmişdir. 1960-cı ildən 1975-ci ilə kimi Azərbaycan Elmlər Akademiyasının Neft Kimya Prosesləri İnstitutunda laboratoriya müdiri vəzifəsində çalışmışdır.
1961–1962-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun elmi işlər üzrə direktor müavini işləmiş, 1962–1964-cü illərdə isə həmin institutun monomerlər şöbəsinin rəhbəri olmuşdur.
Kimyaçı alim 1968-ci ildə kimya elmləri doktoru alimlik dərəcəsi almaq üçün dissertasiya işi müdafiə etmiş və həmin ildə ona professor adı verilmişdir. Onun doktorluq dissertasiya işi “Katalizatorun qaynayan təbəqəsində alifatik karbohidrogenlər və onların texniki qarışıqlarının oksidləşməsi və oksidləşmə ammonolizi” kimi mühüm bir problemə həsr olunmuşdur.
1972-ci ildə T.Şahtaxtinski Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1976-cı ildə isə həqiqi üzvü seçilmişdir. 1973–1981-ci və 1990-2001-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Kimya Elmləri Bölməsinin akademik–katibi və Rəyasət Heyətinin üzvü olmuşdur. O, 1973–1978-ci illərdə kimya elmləri üzrə doktorluq dissertasiyaları müdafiə olunan Birləşmiş Şuranın sədri olmuşdur.
T.Şahtaxtinski 1975-ci ildə akademik M.T.Nağıyevin adını daşıyan Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutunun direktoru vəzifəsinə təyin olunmuşdur.
Akademik dəfələrlə elmimizi xarici ölkələrdə layiqincə təmsil etmişdir. 1963-cü ildə Almaniya Demokratik Respublikasında, Üzvi Kimya İnstitutunda, Berlin və Rostok universitetlərində məruzələrlə çıxış etmişdir. 1966-cı ildə Buxarest, Yacc, Qluj Universitetində iri kimya kombinatında məruzələrlə çıxış etmişdir.
Görkəmli kimyaçı 1969-cu ildə Hamburq Universitetində, Münhen Ali Texniki Məktəbində, 1971-ci ildə “Basf” firmasının dəvəti ilə yenidən Almaniya Federativ Respublikasında, 1974-cü ildə Yaponiyada Tokio və Osaka universitetlərində, 1975-ci ildə Tokio şəhərində keçirilən beynəlxalq neft konqresində, 1977-ci və 1979-cu illərdə IV və VI Amerika-Sovet simpoziumlarında, 1980-ci ildə Fransada keçirilən katalizə dair Fransa-Sovet simpoziumunda, 1983-cü, 1986-cı və 1989-cu illərdə Macarıstan Elmər Akademiyasının Texniki Kimya İnstitutunda keçirilən konfransda məruzələr etmişdir.
T.Şahtaxtinski 1972-ci ildə öz təşəbbüsü ilə yaradılmış Naxçıvan Elmi Mərkəzinin ilk rəhbəri olmuşdur. 1992-ci ildə Türkiyə–Azərbaycan simpoziumunda Azərbaycan nümayəndəliyinin rəhbəri kimi qardaş ölkədə olmuş və tanışlıq üçün Egey Universitetinə dəvət edilmişdir. T.Şahtaxtinski 1993-cü ildə “İşıqdan kimya” firmasının dəvəti ilə yenidən Türkiyənin İzmir şəhərinə getmiş və burada məruzələrlə çıxış etmişdir. O, SSRİ məkanında – Leninqrad şəhərində 1965-1971-ci illərdə “Alifatik karbohidrogenlərin oksidləşməsi və oksidləşdirici ammonolizi” mövzusunda mühazirə oxumuş, 1969-cu ildə Moskvada kataliz üzrə beynəlxalq konqresdə, 1994-cü ildə Alma-Atada (Qazaxıstan), 1977-ci ildə Riqada (Latviya), 1994-cü ildə Yaroslavl şəhərində və başqa konfranslarda çıxış etmişdir. 1981-ci və 1987-ci illərdə Novosibirsk (Rusiya), 1986-cı ildə “Katalizdə qeyri-stasionar proseslər” homogen və heterogen kataliz arasında əlaqə mövzusunda konfranslarda məruzə etmişdir.
Toğrul Şahtaxtinski 2002-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kimya Texnologiyasının Nəzəri Problemləri İnstitutu və Qeyri-Üzvi və Fiziki-kimya institutlarının birləşdirilməsi əsasında yeni yaradılmış akademik M.Nağıyev adına Kimya Problemləri İnstitutunun direktoru olmuşdur. 1991-ci ildə Əməkdar elm xadimi adına layiq görülmüşdür.
Alim 1975-1982-ci illərdə Bakı Şəhəri Xalq Deputatları Sovetinin deputatı olmuşdur. 2000-ci ildə Gürcüstan Milli Elmlər Akademiyasının xarici həqiqi üzvü (akademiki) seçilmişdir.
Akademik gənc elmi kadrların yetişməsində böyük rolu olmuşdur. Bütün bu müddətdə o, gənclərin Ümumittifaq miqyasında elmi mərkəzlərdə tədqiqat işləri aparmalarına kömək etmişdir. Onun rəhbərliyi ilə 50-dən çox elmlər doktoru və elmlər namizədi dissertasiya işlərini müdafiə edərək elmi dərəcələr almışlar.
1976–2010-cu illərdə elmi dərəcələrin verilməsi üzrə dörd ixtisasın “Kimya texnologiyasının proses və aparatları”, “Kimyəvi kinetika və kataliz”, “Yüksək molekullu birləşmələrin kimyası” və “Qeyri-üzvi kimya” ixtisasları üzrə alimlik dərəcəsi verən Dissertasiya Şurasının sədri olmuşdur.
T.Şahtaxtinskinin rəhbərliyi ilə aparılan elmi-tədqiqat işlərinin istiqamətləri çox genişdir. Onun əsas elmi istiqamətlərdən: üzvi və neft–kimya proseslərində karbohidrogenlərin katalitik çevrilmələri, kimyəvi reaksiyaların kinetika və mexanizminin öyrənilməsi proseslərin riyazi modelləşdirilməsi və optimallaşdırılması, kimya texnologiyasının nəzəri əsaslarının yaradılmasını göstərmək olar. O, karbohidrogenlərin oksidləşmə və oksidləşdirici ammonolizin katalizatorların “qaynar” layında texnologiyasının əsaslarını hazırlamışdır. Eyni zamanda, onun rəhbərliyi ilə xlorlu karbohidrogenlərin oksid katalizatorların iştirakında heterogen katalitik oksidləşmə proseslərinin kinetik qanunauyğunluqları tədqiq edilmişdir. T.Şahtaxtinski və əməkdaşları tərəfindən katalizatorun dəyişən aktivliyi şəraitində baş verən heterogen katalitik proseslərin modelləşdirilməsi prinsipləri işlənib hazırlanmışdır. Onun rəhbərliyi ilə aparılan elmi-tədqiqat işlərinin nəticələri dünyanın bir çox ölkələrinin nüfuzlu elmi jurnallarında çap olunmuşdur. T.Şahtaxtinski 513 elmi əsərin, o cümlədən 12 monoqrafiya və 141 ixtira və patentin müəllifidir.
Məhsuldar elmi-təşkilati və ictimai fəaliyyətinə görə T.N.Şahtaxtinski “Şərəfli əməyə görə” medalı (1970), “Xalqlar dostluğu” (1976) və “Şərəf nişanı” (1980) ordenləri ilə təltif edilmişdir. O, həmçinin Azərbaycan Ali Sovetinin “Fəxri fərmanı” (1985), “Azərbaycanın Əməkdar elm xadimi” (1991) fəxri adı, “Şöhrət” (1999) və “İstiqlal” (2005) ordenləri ilə təltif edilmişdir.
Toğrul Şahtaxtinski böyük alim, bacarıqlı elm təşkilatçısı olmaqla Azərbaycan Elmlər Akademiyasının bir çox təşkilati, maliyyə və əlavə elmi mövzularla bağlı məsələləri SSRİ Elmlər Akademiyasında olan nüfuzu ilə həll edirdi. Həmçinin onun gənc tədqiqatçıların SSRİ-nin nüfuzlu elmi mərkəzlərində iş aparmalarına şəraitin yaradılmasında da xüsusi rolu var idi. Toğrul müəllim adı böyük hərflərlə yazılan ziyalı idi. Toğrul müəllim, istər institut direktoru kimi, istərsə də Kimya Elmləri Bölməsi və Elmlər Akademiyasının Rəyasət Heyətində çalışarkən böyük hörmət qazanmışdı. İstedadlı alim bu mənada kimyaçılar mühitində mehribanlıq ənənələrini yaratmışdır ki, bu, indi də davam etməkdədir. T.Şahtaxtinski ona müraciət edildikdə məsələləri konkret və qısa zamanda həll edirdi. Çalışırdı ki, heç kim ondan inciməsin və buna da nail olurdu. Toğrul müəllim, Şahtaxtinskilər nəslinə mənsub olmaqdan qürur duyurdu. Toğrul Şahtaxtinski bütün kollektivlərin, rəhbərlərin, laboratoriya müdirlərinin, o cümlədən rəhbərlik etdiyi institutun böyük hörmətini qazanmışdır.
Ziyalılar ailəsindən olan Şahtaxtinskilər ölkəmizdə və xaricdə tanınmış şəxsiyyətlər, elmə böyük töhfə vermiş alimlərdir. Onun əmisi akademik Həbib Şahtaxtinski, onun oğlu akademik Emin Şahtaxtinski, anası, görkəmli alim, biologiya elmləri doktoru, professor Zəhra xanım Şahtaxtinskaya, Toğrul müəllimin kürəkəni, kimya elmləri doktoru, Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü Yu.N.Litvişkov, qızı, k.ü.f.e.d. Ədilə xanım Şahtaxtinskaya elmi ictimaiyyət tərəfindən tanınırlar.
Ölkəmizin görkəmli ziyalılarından olan Toğrul müəllim Şahtaxtinski alimlərimizin qəlbində daim yaşayacaq.
Dilqəm TAĞIYEV,
ETN Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun baş direktoru, akademik
Arif ƏFƏNDİ,
laboratoriya müdiri, professor