Azərbaycan Milli Xalça Muzeyində Zəfərin beşinci ildönümünə həsr olunan “Cəngi” xalçasının təqdimatı keçirilib

post-img

Milli Xalça Muzeyində Vətən müharibəsində qazanılan Zəfərin beşinci ildönümünə həsr olunan “Cəngi” xalçasının təqdimatı keçirilib. 

XQ xəbər verir ki, tədbirdə Teatr O2-nin aktyorları tərəfindən xalçanın təqdimatı üçün xüsusi hazırlanan tamaşa nümayiş etdirilib. Tamaşanın ssenari müəllifi və rejissoru Konstantin Soldatov, xoreoqrafı Nigar İbrahimbəylidir.

Daha sonra Azərbaycan Milli Xalça Muzeyinin direktoru Əminə Məlikova, “Cəngi” xalçasının müəllifi rəssam CHINGIZ və sənətşünas, vizual sənət nəzəriyyəçisi Elçin Şamilli çıxış ediblər. Natiqlər “Cəngi” xalçasının ideya məzmunundan, onun yaradıcılıq prosesindən və xalça sənətində müasir yanaşmanın əhəmiyyətindən danışıblar. Bu sənət nümunəsinin Vətən müharibəsində qazanılan tarixi Qələbənin, həmçinin milli ruhun, birliyin simvolu olduğunu vurğulayıblar. Onlar xalqımızı Zəfər Günü münasibətilə ürəkdən təbrik ediblər, şəhidlərimizin əziz xatirəsi ehtiramla anıblar.

Əsərdə xalqımızın qəhrəmanlıq ruhu, döyüş əzmi, iztirabları və qüruru müasir təsviri dil vasitəsilə ifadə olunub. Haşiyə boyunca təqdim olunan rəqs edən yaralı döyüşçü siluetləri həm birliyin, əzmin, həm də xatirənin rəmzidir. Bu sənət əsərində xalçaçılıq ənənəsi, milli rəqsin simvolik kodları və faciəvi müharibə təcrübəsi vəhdət təşkil edir. Cəngi xalçası xalqın tarixi yaddaşının canlı ifadəsi kimi mədəni irsimizin davamlılığını göstərir.

“Cəngi” xalçasının texniki eskizi xalça rəssamı Afaq Abdullayevaya məxsusdur. Əsər Azərbaycan Milli Xalça Muzeyinin Ənənəvi texnologiya şöbəsində toxucular Rəna Süleymanova, Ulduz Nəcəfova və Şəkərmö Ələsgərova tərəfindən səkkiz ay ərzində ərsəyə gətirilib.

Tədbir Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə həyata keçirilib.



























Mədəniyyət