Epidemioloq alimin yubileyi

post-img

İbadulla AĞAYEV – 75

“Dədə Ələsgər Ocağı” İctimai Birliyinin Mahnı Teatrında Əməkdar elm xadimi, Əməkdar müəllim, tibb elmləri doktoru, professor İbadulla Ağayevin 75 illik yubileyi münasibətilə təşkil etdiyi mərasimdə görkəmli alimin ömür yolu və elmi fəaliyyəti diqqət mərkəzində oldu. Məclisə elm və səhiyyə sahəsində tanınmış simalar ziyalılar, dövlət qurumlarının nümayəndələri, mədəniyyət və ədəbiyyat xadimləri iştirak edirdilər.

Açılış nitqi ilə çıxış edən “Dədə Ələsgər Ocağı” İctimai Birliyinin sədri Xətai Ələsgərli professor İbadulla Ağayevin tibb elminə layiqli töhfələr verdiyini, eyni zamanda, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği sahəsində mühüm xidmətlər göstərdiyini söylədi.

Mərasimdə Sabirabad Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Həsən Həsənov, Azərbaycan Tibb Universitetinin professoru, şair Paşa Qəlbinur, ATU-nun onkologiya kafedrasının dosenti Nəsimi Qasımov, daxili xəstəliklər kafedrasının dosenti, tibb və filologiya üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, Türk Ağsaqqalları Birliyinin sədri, tibb elmləri doktoru, professor Sudeyf İmamverdiyev, tibb elmləri doktoru, professor Fatma Hacıyeva, professor Hacı Xalid Bəşər, şair Yusif Ağbulaqlı, şair-publisist Məlahət İsmayılqızı çıxış edərək professor İbadulla Ağayevin elmi, pedaqoji və ictimai fəaliyyətindən bəhs etdilər. Yarım əsri əhatə edən elmi və pedaqoji fəaliyyətində epidemiologiya elminin inkişafına verdiyi fundamental töhfələrdən, yoluxucu xəstəliklərin öyrənilməsi və profilaktikası sahəsində apardığı sanballı tədqiqatlardan danışdılar. Bildirildi ki, görkəmli alim, eyni zamanda onlarla gənc tədqiqatçının formalaşmasında mühüm rol oynamış fədakar müəllim, elmi məktəb yaradan ziyalıdır.

Yubilyar tədbirin təşkilində əməyi olan “Dədə Ələsgər Ocağı” İctimai Birliyinə və mərasimdə iştirak edən hər kəsə təşəkkürünü bildirdi. Uzun illərə söykənən elmi və pedaqoji fəaliyyətinin əsas məqsədinin Azərbaycan səhiyyəsinin inkişafına töhfə vermək olduğunu qeyd edən pofessor İbadulla Ağayev həyat yolunda üzləşdiyi çətinliklərdən, qazandığı zəngin təcrübədən söz açdı.

Qeyd edək ki, professor İbadulla Ağayev yarım əsrdən artıq elmi-pedaqoji fəaliyyəti dövründə epidemiologiya elminin inkişafına mühüm töhfələr verib, 40 namizədlik və 5 doktorluq dissertasiyasına rəhbərlik edib, yüzlərlə elmi əsərin müəllifidir. Azərbaycan aşıq poeziyasının, xüsusilə Dədə Ələsgər irsinin təbliğindəki xidmətlərinə görə “Aşıq Ələsgər – 200” yubiley medalı ilə təltif edilib. Tədbirin sonunda yubilyara səmimi təbriklər ünvanlandı, möhkəm cansağlığı və yeni elmi nailiyyətlər arzulandı.

Məclisin bədii hissəsində Əməkdar mədəniyyət işçisi Aşıq Ədalət Dəlidağlı, IX “Muğam” Televiziya Müsabiqəsinin finalçısı Yusif Cəfərbəyli, Zahidə Günəş, “İRƏVAN” xalq çalğı alətləri ansamblı tərəfindən səsləndirilən xalq və aşıq musiqisi nümunələri gecəyə xüsusi maraq qatdı.

T.ARAZOĞLU
XQ

Mədəniyyət