Yanvarın 23-də Sumqayıt Dövlət Dram Teatrında dünya dramaturgiyasının şah əsərlərindən sayılan Jan Batist Molyerin “Jorj Danden, yaxud Aldanmış ər” pyesi əsasında hazırlanan “Aldanmış ər” tamaşasının premyerası baş tutacaq.
Dövlət sifarişi ilə səhnələşdirilən tamaşanın bədii rəhbəri Xalq artisti Firudin Məhərrəmov, quruluşçu rejissoru Ümüd Abbaszadə, quruluşçu rəssamı Osman Salmanov, bəstəkarı Rəvan Alməmmədli, xoreoqrafı Kamil Ağazadə, rejissor assistenti Fazilə Rzayevadır. Əsər Azərbaycan dilinə görkəmli dramaturq, Xalq yazıçısı Elçin tərəfindən tərcümə olunub.
Teatrdan XQ-yə bildirilib ki, yeni səhnə əsəri klassik fransız komediyasının ruhunu qorumaqla yanaşı, müasir teatr estetikası, dinamik quruluş və parlaq aktyor ifaları ilə tamaşaçılara təqdim olunur.
Tamaşada kəndli təbəqəsindən olan, lakin var-dövlət hesabına zadəgan ailəsinə kürəkən olmuş bir şəxsin faciəvi-komik taleyi səhnələşdirilir. Əsər sosial təbəqələrarası uyğunsuz evliliklərin doğurduğu fəsadları, ailə münasibətlərindəki ziddiyyətləri və cəmiyyətin ikili standartlarını incə satira və yumor vasitəsilə tənqid edir.
Səhnə əsərində rolları Əməkdar artistlər Sədaqət Nuriyeva, Cəlal Məmmədov, aktyorlar Oktay Mehdiyev, Mətləb Səfərli, İlahə Səfərova, Aynur Hümbətova, Kamran Muradlı, Elmir Mehdiyev, Ramazan Xanlarov, Səbinə Abdullayeva, Emil Həmidov, Şəhriyar Aşkari və Məhbubə Qorbanı ifa edirlər.





