Tarix və zaman qarşısında ziyalı ömrü

post-img

O xalq xoşbəxtdir ki, həmsərhəd olduğu qonşusu sülhsevər olsun. Çox təəssüf ki, dünyanın nizamını  pozan  və  anti-Türk  siyasəti ilə  zəhərlənmiş dövlətlər var ki, onlardan biri də  Ermənistandır. Mövcudluğundan bəri bütün dövrlərdə bir dövlət kimi  xain, simasız qonşumuz  tərəfindən deportasiyalara, soyqırımlara  məruz  qalmışıq.  Daha  doğrusu,  tarix və zaman qarşısında  məcburedildiyimiz siyasi hadisələrin oyunbazlığından  bezikmişik.

 Bu günlərdə 70 yaşını  qürurla  etiraf edən  və  həyatı boyunca Vətən torpaqlarını  gözlərinə  məlhəm  çəkən,   Torpaq  məfhumunun şirinliyindən  doymayan  və  ona  xidmətini vicdanla yerinə yetirməkdən şərəf  duyan,  ömür yaşantılarını  elmi-publisistik, tarixi aspektdən  qələmə alan, işıqlandıran   əsl  pedaqoq,  alim  Atamoğlan  Məmmədli  ilə həmsöhbət oldum. Birinci Qarabağ müharibəsinin acılarını, ağrılarını öz taleyində vətəndaş yanğısı ilə yaşayıb, qələmə alan  Atamoğlan müəllim  1-ci  Qarabağ  müharibəsinin  veteranıdır. İkinci Qarabağ müharibəsinin qazisi- oğlu Orxanla fəxarət hissi keçirən  ziyalımız  nəsillərə örnək bir ömürün yolçusudur.  Dünya erməniliyini ifşa edən iki tarixi əsərin: “Dünya ermənilərinin gerçək tarixi” və “Erməni elitasının etirafları” və ya “Mənim günahlarım” adlı kitabların müəllifi,  araşdırmaçı-tarixçi  alim  Atamoğlan  Məmmədli  Bakı  Dövlət  Universitetinin  Asiya və Afrika ölkələri  tarixi kafedrasının dosentidir. 

- Atamoğlan müəllim, bu günlərdə 70 yaşınız tamam oldu.  Ömür yolunuza  nəzər  salanda  özünüz - özünüzə  necə  hesabat verdiniz? Siz həm də Birinci Qarabağ müharibəsinin  iştirakçısısınız.  Oğlunuz Orxan Məmmədli  44 günlük  Vətən müharibəsində  könüllü iştirak edən qəhrəman qazilərimizdəndir. Sanki, ata-oğul əl-ələ verib - biriniz hərb meydanında, digəriniz isə elmi - ideoloji cəbhədə döyüşdünüz.  Yaxşı  olardı  ki,  bu  fikrimin davamı  olaraq  müsahibənizi  geniş oxucu auditoriyasına çatdıraq. 

- Əvvəlcə, “Xalq” qəzeti” nin və “Xalq qəzeti” TV-nin yaradıcı heyətini salamlayıram. Çünki, bütün  dövrlərdə, daha  doğrusu  ömrümün bu yaşına kimi  “Xalq qəzeti” masamın üzərində olub. Xalqın  ziyalılarını  qəzetinizin  səhifələrində oxuyanlardan, tanıyanlardan biri də mən  olmuşam. İndi  isə  keçirəm mətləbə. Bəli, insan ömrünün müəyyən mərhələsində  bir  saatlıq  belə olsa, ömür qatarına necə mindiyini və  bu  qatarın  dayanacaqlarında  hansı  sınaqlarla  qarşılaşdığını  yadına salıb bir ömürlük hesabatını özü dinləməli olur. Mən də etiraf edirəm ki, ömrümün 70-ci rəqəmində  bir az  duruxdum və  çox düşündüm: “Bu Vətən üçün nə yaratdım, nə yazdım… Geriyə  baxmağa  dəyərmi?  Etiraf  edim  ki,  həyat   heç də mən  düşündüyüm, arzuladığım kimi olmadı. Həyat özü mənə diktə etdi ki, sən mən dedyim kimi yaşamalısan. Peşman  da deyiləm.  Geriyə  baxanda  qürur hissi keçirirəm.  Sovetlər birliyi  zamanı tələbə   yoldaşlarıma  demişdim  ki,  Allahın  altında   müstəqil dövlətimiz olaydı və onun uğrunda  müharibəyə gedib  vuruşardıq.  Elə bil sanki  Tanrı səsimi eşitmişdi. Yəni  müstəqilliyimiz  gözümüzün  önündə baş verdi və alındı, real bir  nemətə  çevrildi  və ölmədik,  bu günü də gördük. Tələbələrimə də deyirəm həmişə.  Tarixi  Azərbaycan 6 yerə  bölünüb.  Bu 6-dan  bir  hissəsini  bizim  Azərbaycan  respublikamız   əhatə edir.  Auditoriyada mühazirələrdə də , diaspor  nümayəndələri  ilə görüşümdə  onlara  da   anladıram  ki, 50  milyonluq  dünya azərbaycanlılarının gözü  bizim respublikadadır.

- Deməli,  döyünən ürək  burada - Vətənimizdədir.

-Bəli, döyünən  ürək  Azərbaycandadır, hamının gözü  buradadır. Bütün dünya azərbaycanlılarının  ümid  yeri  Azərbaycandır.  Hətta auditoriyada  mühazirə  zamanı  qollarımı açıb deyirəm: Sağ tərəfimiz  Dərbənd, sol tərəfimiz  Həmədan, biz Bakıdayıq, şərq, qərb sərhədlərimiz  Tiflisəcən  Azərbaycan ərazisidir. Bizim  başqa ölkələrin  torpaqlarında  iddiamız  yoxdur. Ancaq tarixi  Azərbaycan  ərazisi var. Bizim  milli marağımız odur ki,  bu gün  respublikamızdan  kənarda   cəm  halda  yaşayan: Şimalda, Qərbdə,  Cənubda  olan azərbaycanlıların birinin də burnu qanamasın  və onlar  21-ci  yüzillikdə  konstitusiyada   təsdiqini tapmış  insan haqlarına  qovuşsunlar. Azərbaycanın istədiyi budur, heç kimin də daxili işlərinə  qarışmırıq. Ona görə də  müstəqilliyimizi qazananda zorla bizi müharibəyə cəlb etdilər,  torpaqlarımız  işğal  olundu. Bilirsiniz,  böyük  imperiyalar dağılanda  onun dalğası çox fəlakətlərə səbəb olur.  70 il yaşadığımız Sovetlər  birliyinin  üstündən  xətt çəkmək olmaz. Yəni sovetlər  dönəmində  bizim 2-ci respublikamız olub. Azərbaycan  Xalq  Cumhuriyyətinin varisi  əslində, işğal olunsa da, Azərbaycan Sovet Respublikasıdır, biz də onun varisi kimi   müstəqil  Azərbaycan  respublikasıyıq. Heç birinin  üstündən xətt çəkmək olmaz.  Sovetlər dönəmində bizim ana dilimizdə 15  ali məktəbimiz olub. 

-Bəli, biz  orta ümumutəhsil məktəblərində,  ali məktəblərdə təhsilimizi  ana dilimizdə  almışıq. Azərbaycan dili dövlət dili kimi konstitusiyamızda  öz əksini tapıb.

Həqiqətən də reallıqların üstündən xətt çəkmək olmaz. Doğrudur,  müstəqilliyin  şirinliyi,  bu  başqa məsələdir. Təsəvvür edirsinizmi,  sərhəddi  keçəndə  öz sərhədçilərimiz sənin pasportunu yoxlayır. Hətta  xarici  ölkələrə  dəfələrlə konfranslara gedəndə,  inandırıram  sizi ürəyim  dağa dönür. Bizim pasportlarımıza öz övladlarımız  nəzarət edir. Sərhəd Azərbaycanın təhlükəsizliyidir. Ürəyim arxayındır ki,  bu 70 ildə Vətən əxlaqına layiq övladlar  yetişdirmişik. 

-Deməli, sizin  həyatda ən böyük  qazancınız Azərbaycan xalqına layiqli vətəndaşlar  formalaşdırmaq  olub,  yaşamağa  dəyərmiş.

Əlbəttə, insanı  yaşadan onun əməlləridir. Müəllim tələbəsinə vətəndaş kimi yanaşmalıdır. Bu dünyanın nəfəsi  hər kəsin  içindəki  vicdan və  bir də təmənnasız  xeyirxahlıqdır. Ağac da bar verəndə başını aşağı  əyir. Bu cahanın hikməti də, imtahanı da çoxdur...

Bu illər ərzində  12 kitabım nəşr olunub.  Amma  19-u  da nəşrə hazırdır, bilgisayardadır. Kitablarımın  çapa verilməsi üçün  XX əsrin əvvəllərindəki xeyriyyəçiləri  axtarıram, amma, çox təəssüf ki,  bu gün çoxlu  rəsmi təsdiq olunmuş   milyonçularımız  olsa da,  vaxtilə  xalqın  təhsilinə, mədəniyyətinə  maddi  yardım  göstərən   mesenatlar yox dərəcəsindədir. İmkanları  var ,amma  ürəkləri, səxavətləri, cəsarətləri  yoxdur.

-Doğrudur, bu başqa bir söhbətin mövzusudur,  amma ağrılı yerimizdir.

Bəli, şəxsən mən bir pedaqoq, ziyalı kimi çox təəssüf edirəm.  Azərbaycanın rəsmi milyonçuları var,   sərvətləri adını çəkdiyim  əsrin əvvəllərindəki milyonçulardan  qat-qat   çoxdur.  Amma,  əfsuslar olsun  ki, XX əsrin əvvəllərindəki  ürəyini xalqı  üçün  yandıran  Hacı  Zeynalabdin  Tağıyev,  Ağamusa  Nağıyev, Şəmsi Əsədullayev,  Murtuza  Muxtarov  və başqa  vicdanlı  Bakı   milyonçuları   kimi  cəsarətli,  səxavətli mesenatlar yoxdur. Heyf, çox heyf… 

Mən 1-ci Qarabağ  savaşının iştirakçısıyam. Xocalı faciəsindən sonra auditoriyada   dərs  keçə bilmirdim,  indiki kimi yadımdadır,   auditoriyaya  girdim,  mühazirə saatı idi.  120 nəfər tələbəyə -  4 qrupa  müraciət etdim: Əziz tələbələr,  mövzumuz “Orta əsrlərdə  Çin” adlanır.  Amma bu gün dərsimiz olmayacaq.

-Soruşdular, səbəb nədir?

-Dedim,  mən cəbhəyə   gedirəm. Belə deyəndə  20, 30 nəfər gənc  ayağa qalxdı ki, müəllim,  biz  də gedirik.  Dedim  siz  genofondumuzsunuz,  vaxtı  gələndə gedərsiniz.  Əyləşin yerinizə. Tələbələrimə  başa salırdım ki,   belə  bir  qayda var, paytaxt  mühasirədə olanda,  hərbi komissar  auditoriyaya   girib  tələbə və müəllimlərə  hərbi vəziyyəti  élan edir   və deyir:   “Düşmən  paytaxtı  mühasirəyə  alıb,  döyüşə   siz  getməlisiniz”.   Tanrı   bizə  o  günü  göstərməsin!  

Cavan müəllim idim. İndiki Bakı Dövlət Universitetində (o zamanlar Azərbaycan Dövlət Universiteti adlanırdı)  işləyirdim. Azərbaycan böyük imperiyanın caynağından çıxıb, müstəqilliyini élan etsə də, torpaqlarımızın başı üstündə qara yellər əsməyə başlamışdı. Bu o illər idi ki, 1988-ci ildən başlayaraq qədim İrəvan torpaqlarından o yerlərin azərbaycanlı vətəndaşları vəhşicəsinə qətliama məruz qalaraq qovulmuşdular və ümid yeri kimi Azərbaycana  pənah  gətirmişdilər.  Bir sözlə, zorən  müharibəyə  məcbur  edilmişdik.  6 ay  səngərdə  düşmənlə   üz-üzə dayandıq.  Ön xətdə  olarkən  çox  böyük  təcrübə qazandım.  Özünümüdafiə batalyonlarının tərkibində döyüşürdüm, xatirə fotolarımı da sizə təqdim edəcəyəm.  

-Bəli, o illərdən  tanıdığım  ziyalılardan  qeyrətliləri  silaha  sarılıb  özünümüdafiə batalyonlarına  qoşuldular. 

Sözümün canı  ondadır  ki, “Ermənilərin gerçək tarixi” kitabımın yaranma  tarixi  səngərdən  başlayıb. Orada  özümə  söz verdim  ki, ermənilərin  Qarabağ hadisələri başlayan vaxtacan, (Türkiyədə yazılmış rəsmi mənbələr  əsasında)   törətdikləri  cinayətlərdən yazım.  Ermənilər  hesablamışdılar  ki, 1988-1989-cu ilədək  bütün  dünyadakı  ermənilər  və  onların  havadarları  tərəfindən Azərbaycana  və Türkiyəyə  qarşı  yer  kürəsində  26 mindən çox  kitab, məqalə, əsər çıxıb. Fikir  verin ki, bunlar  ideoloji cəhətdən   çoxdan  hazırlaşmışdılar.

-Onlar tarix boyu bu düşüncə ilə yaşayıblar.

-Bəli, illərlə onlar  ideoloji cəbhədə  silahlanıblar. Gecələr səngərdə olarkən  Ayı  müşahidə  edirdim.  Bir gecə   Ayın  işığının qarşısında  fikirləşdim  və söz  verdim   ki, əgər sağ qalsam, mən  düşmənə  elmi  mənbələr əsasında  cavab  verəcəyəm.  Döyüşdən sağ-salamat qayıdandan sonra 20 ilə yaxın topladığım materialları, xüsusilə  xristian  mənbələrindən  yeni-yeni  məlumatları   yığdım  və  işləməyə başladım.  Akdemik Yaqub Mahmudlu  mənə yüksək dəyər verərək dedi: Atamoğlan, bu  kitab  iki  doktorluq dəyərindədir.  Kitabım  Milli Təhlükəsizlik Nazirliyinin  xüsusi   mükafatına  layiq  görüldü.  Sonra  əsərin  rus dilində olan variantını   Rusiyadakı  diasporamız  üçün   hazırladıq: “İstinnaya istoriya armyan” Mənən bir az rahatlıq  tapdım ki,  düşmənin hiyləgər  ideologiyasını  alt-üst  etdim. 200 il idi ki,  Azərbaycan   analarının göz  yaşı  qurumurdu,  şükürlər  olsun ki,  44 günlük  Vətən  müharibəsində  qisasımız  alındı.   

-Bəli, qisas  qiyamətə  qalmadı. Qarşımda bir kitab var: “Mənim günahlarım”–Mea Gulfa  (latın dilində) və ingilis dilində tərcümə  olunan  “Erməni elitasının etirafları” elmi mənbələr əsasında yazdığınız elmi- publisistik əsərlər. Bu barədə ətraflı danışmağınızı  xahiş edirəm. Latın dili ölü  dil olsa  da,  avropalılar  onu  yaxşı  başa  düşür.  Özüm  bilərəkdən latın dilindən istifadə etdim. “Mənim  günahlarım” erməni “ elitasının” adından etiraf olunur.

-Bu dil həm də tibb elminin dilidir. Doğru seçim etmisiniz. Dünyaya  həqiqəti  “yedirtmək”  lazımdır,  başqa çarəmiz yoxdur. 

Kitab 5 dildə tərcümə olunub. Erməniləri  müdafiə  edənlərin- Qərbi  Avropalıların ana  dilində  onlara  demək istəyirik  ki,  gerçək faktları məhz erməni “elitasının” öz  dilindən eşidin,  agah  olun. 

-Eşitdiyimə görə,  bu  kitabın  əsasında sənədli film hazırlanıb.  Amma,  çox təəssüf ki, həmin  sənədli  film “youtube”  kanallarında  yoxdur. Bunun  səbəbini  açıqlaya  bilərsinizmi? 

Məni ağrıdan məsələyə toxundunuz.  Bu  əsər 5 min manat mükafat da  qazanmışdı  və həmin məbləğin əsasında sənədli film hazırlanmasını  rəğbətlə  qarşıladım. Təkrar edirəm, bacardığımız  qədər bəşəriyyətə ermənilərin  ideoloji silahının  hədəfinin  iç  üzünü – yalanlarını  çatdırmalıyıq. Kitabdakı  faktlar  detallarla,  xronikadan istifadə edilməklə mükəmməl sənədli film  səviyyəsində  işıqlandırılıb. Bir sözlə,  reallığa  söykənən  süjet  xəttinin  işlənib  hazırlanması  məni çox sevindirdi.  Lakin filmin göstərilməsindən  az  bir  müddət  sonra  video- material  “youtube”dən  silindi. Çox mütəəssir oldum, bu günə kimi narahatam,  bu  film haradadır, niyə silindi?  Filmin orijinalı ilə maraqlansam da, mənə  dəqiq cavab verilmədi. Təəssüf  edirəm. Belə  laqeydliklərin  nəticəsində  biz  çox uduzuruq. Unutmayaq  ki, təbliğat  əvəzsiz  silahdır. 

  -Bu  videonu  güman  edirəm  ki,  düşmənin  xakerləri  pozub. Xainlər hər zaman    bizi  izləyirlər.

 14  əsrdir  ki, ermənilərin  kilsəsi  bütün yer üzündəki  ermənilərdən  pul  yığırlar ki,  özlərinə  dövlət  yaratsınlar. Bu  kitabda  onlar ifşa olunurlar.  Ona görə də  həqiqətlərin  açılmasına əngəl olmaq üçün bütün  çirkin  vasitələrdən istifadə edirlər.  Erməni mənbələri deyir ki, bizim  torpağımız  olmayıb,  biz şər – böhtanla əraziləri zəbt edib özümüzünküləşdirmişik. Mən  bütün  faktları   arxivlərdən yığıb, istinadlar  əsasında  təhlil  aparmışam. Gerçəkliklərdən  qaçmaq  mümkün  deyil.

 “ Erməni elitasının etirafları”  və yaxud “ Mənim günahlarım”  kitabımda haylar  özləri - özlərini  ifşa edirlər. Məsəl üçün, XX əsrin  əvvəllərində   yaşamış  Morqan adında məşhur  bir arxeoloq olub, haylar  bir  yerə  toplaşıb  gedirlər onun yanına  ki,  bizə  tarix yaz.  Bütün bu dediklərim  erməni mənbələrindədir. XX yüzilliyin  əvvəlləri 1-ci  Dünya  müharibəsi  ərəfəsində   baş  vermiş  bu  hadisənin təfərrüatlarını  o dövrün arxeoloqları  ermənilərin məkrli planını  gülünc və qəzəb içində   yaymağa başlayıblar. Belə ki,  arxeoloq  Morqan  onunla danışığa  gələn daşnak  yığnağından  soruşur ki, faktlarınız, dəlilləriniz  varsa,  verin  yazım. Bunu  eşidən  haylar  çıxılmaz  vəziyyətə  düşürlər və  mənbələr  axtarışına  çıxırlar. Həmin arxeoloq  Morqana  nağıllar,  əsatirlər, bir sözlə heç bir əsası olmayan yazılar təqdim edirlər. İllərin   imtahanından çıxmış  arxeoloq  ona  təqdim  edilən “mənbələrə” baxıb təəssüf   hissi keçirərək  deyir ki, sizin gətirdiyiniz  bu  “yazılar” nağıldan  başqa bir  şey deyil,  tarixi yazmaq üçün isə faktlar, sübutlar lazımdır.  İnsanların mənə olan inamını  əgər itirərəmsə, canlı ikən ölümümü  qəbul edərəm. Bu hadisə o illərdə  bütün  Avropa  arxeoloqlarına  yayılır  və tarixin səhifəsinə  erməni  hiyləgərliyinin  xisləti  kimi  yazılır.

 İrəvanın hər addımında, daşında, parçasında  müsəlman – türk tarixi  yatır.  Yer kürəsində  Azərbaycan və Türkiyəyə  qarşı   ermənilərin  təşkilatlanmış  formada  600-dən çox qurumu  fəaliyyət   göstərir. Ona görə də düşmənin ideoloji silahına qarşı  mübarizəni gücləndirməliyik.  Erməni yalanlarına faktlarla, dəlillərlə cavab verməliyik.

44 günlük Vətən müharibəsindəki  Zəfərimiz  sübut etdi ki, Azərbaycan xalqı yumruq  kimi  birləşməyi bacarır. Qüdrətli ordumuza və Ali Baş Komandanımıza arxalanırıq. Bir  məqamı unutmaq olmaz. Azərbaycan qısa müddətli, ildırım  sürətli qələbəsi ilə dünya hərb tarixinə düşdü. Bizim tərəfdən aparılan döyüş ədalətli idi, çünki  biz   zorla  bizdən  qoparılan  və 30 il  işğal  altında  qalan torpaqlarımızı  xilas etmək  üçün  silaha  sarılmışdıq. 

Erməni generalları da,  xarici  mənbələrdə  yazılanlar da  sübut etdi ki, bizim yenilməz, polad  kimi  ordumuzun  qarşısında   silaha əl atanlar məğlubiyyətlə qarşılaşacaqlaq. Fransadan olan məşhur yaraqlının etiraflarını  oxumuşam. O, yazır ki, əgər məni bir də Şuşaya,  Qarabağa milyon verib göndərsələr belə, mən vuruşmuyacağam. Ondan  soruşurlar ki, axı nəyə görə? Məşhur yaraqlı cavab verir ki,  Azərbaycan ordusu ilə döyüşmək, qalib  gəlmək  əlçatmazdır. Onların  döyüşkənliyi  qarşısında tab gətirə bilmirdik. 

Qəhrəmanlarımızın döyüş  bacarığının  özü  belə  xüsusi olaraq öyrənilməli, hərb dərsliklərinə  salınmalıdır. Orta əsrlər tarixində çarpaz planı üzrə -  aypara taktikasına planlaşdırılmış  müharibələr həmişə qələbə ilə nəticələnib.  Vaxtilə Səlcuqlular  dövləti  bu planı  hazırlayıb  və  qələbə  qazanıb.  Osmanlı  imperiyası  belə  Avropanın  22  dövlətinə   Aypara  taktikası   ilə  qalib  gəlib. Bax  Şuşada  bu  döyüş  taktikasından  istifadə  olundu  və sərkərdələrimiz  yanılmadı, Zəfər  bizimlə oldu. 

Bizim   həm də  ən böyük gücümüz  ruhumuzun  sarsılmaz olması idi. Ön cəbhəmiz də,  arxa cəbhəmiz də  Qələbə ruhuna sarılmışdı. Vətən əxlaqı deyilən bir kəlam var.  Bu nə deməkdir? Vətən bizim içimizdə, ruhumuzda olmalıdır. Belə bir ruhla silahlanmış ordunun mükafatı Zəfər olmalı idi, oldu da!

 Azərbaycanın Milli Qəhrəmanı  Mübariz İbrahimovun  şərəfinə “Şəhidlərə kəfən lazım deyil” adlı 2 hissəli, 6 şəkilli dram  əsərini yazmışam.  Bu pyesi ilk  olaraq Mübarizin atasına aparıb verdim, o kitabı oxuyandan sonra kövrək səslə mənə dedi: “Sanki siz onun yanında olmusunuz”.

Mən də kövrələrək dedim,  ata,  mən müəlliməm, Mübarizlərin amalı,  döyüş yolu   dərslərimin baş mövzusudur,  onlar Vətən əxlaqının mücəssiməsidir.

1992-ci ildə anasının qucağında  məni döyüşə yola salan oğlum 2020-ci ildə könüllü olaraq Vətən müharibəsinə getdi,  düşməndən qisasımızı alanların cərgəsində şərəfli bir tərcümeyi-hal  yazdı və qazi kimi  qayıtdı. Övladımla  qürur keçirirəm. Mənim 30 il əvvəl  nakam  qalan  arzularımı  oğlum gerçəkləşdirdi,  daha doğrusu, ordumuzun  yüzlərlə qəhrəmanlarından  biri  oldu. Milli  şüurun formalaşdığı  Bakı Dövlət Universitetinində   fədakar, millətini sevən  gəncləri yetişdirmək  bizim Vətən borcumuzdur.

-Qələminizlə  hər zaman  Vətən  təəssübünü  çəkirsiniz, döyüşürsünüz, bu müqəddəs yolda  Sizə əzmkarlıq arzulayıram.70  illik ömrü  hədər yaşamamısınız.  Necə deyərlər, yaşamaq gözəldir,yaşatmaq da!   

Söhbəti qələmə aldı:

Kəmalə Abdinova

XQ 







Müsahibə