Yad dini təriqətlər inanc pozuculuğuna xidmət edir

post-img

Həmsöhbətimiz vaxtilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində, AMEA-nın Şərqşünaslıq İnstitutunda çalışmış, 2018–2020-ci illərdə İlahiyyat İnstitutunun rektoru vəzifəsini tutmuş, hazırda Milli Məclisin deputatı, ictimai birliklər və dini qurumlar və elm və təhsil komitələrinin üzvü, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədovdur. Onunla söhbətimizin mövzusu çağdaş dünyamızda dinin əzəli missiyasından uzaqlaşması, dini siyasiləşdirmə meyilləri, bunun cəmiyyətlərdə inikası və bu təmayüllərə qarşı mübarizə üsulları barədədir.

– Ceyhun müəllim, bu gün qloballaşma din amilini də ön plana çıxarıb. Maraqlı təmayüllər müşahidə olunmaqdadır. Sankı İslam dünyasında da bir-birindən fərqli mərkəzlər yaranır. Bu, müsəlman həmrəyliyi kimi qələmə verilsə də, dinin siyasi amilə çevrildiyi göz qabağındadır. Nə baş verir?

– Bu gün dünyanın siyasi mənzərəsinə nəzər yetirdikdə – nə qədər desək də din siyasətdən ayrıdır – gedən proseslər onu göstərir ki, din heç də siyasətdən ayrı deyil. Əslində, din insanların mənəvi cəhətdən kamilləşməsini təlqin edən bir sistem olsa da, hazırda bir çox hallarda ondan, təəssüf ki, siyasi alət kimi istifadə olunur. Məsələnin mahiyyətinə varanda, prosesin hansı formada və xarakterdə getdiyinə diqqət yetirəndə dinin siyasiləşdirilməsinə şübhəmiz qalmaz. Hətta dinin siyasətə gətirilməsini qəbul etməyənlər belə bu amildən diplomatiyada istifadə etməyə çalışırlar. Bəli, dinin siyasiləşməsi prosesi gedir. Biz bu təmayülü Avropa ölkələrində, eləcə də müsəlman dünyasında müşahidə edirik. Roma Katolik Kilsəsi dini mərkəz olmaqla yanaşı, həm də siyasi institut, Vatikan özünün siyasi atributlarına malik bir dövlətdir. Bu dini mərkəz siyasi proseslərin gedişində öz mövqeyini ortaya qoyur. Oxşar nümunələri başqa ölkələrin timsalında da görürük. Güman edirik ki, bu tendensiya hələ uzun müddət davam edəcək və din amilindən siyasətdə yararlanmağın ən müxtəlif formalarını görəcəyik.

– Sizcə, ortadakı ziddiyyətin səbəbi nədir: kənar güclərin müsəlman ölkələri arasında düşünülmüş şəkildə yad məzhəb, təriqət kimi ayırıcı xətlər yaratması, yoxsa bu düşərgədə siyasi-iqtisadi maraqların üst-üstə düşməməsi?

– Müsəlman ölkələrinə gəldikdə, kənar güclər bu coğrafiyada çeşidli metod və amillərdən istifadə edirlər. Bunlardan biri də din amilidir. Ümumiyyətlə, bu gün hər hansı bir ölkəni dünyanın siyasi xəritəsindən silmək üçün din amilindən çox məharətlə istifadə edilir. Aşkar görünür ki, bəzi bölgələrdə dini zəmində, dini müstəvidə ayrı-seçkilik yaradılır, münaqişələrə rəvac verilir. Bununla da bütöv ölkələr arasında qarşıdurmalar körükləndirilir. Suriyada, Sudanda, İraqda və Pakistanda baş verənlər dediklərimizin təsdiqi sayıla bilər. Buna görə də müsəlman ölkələrinin üzərinə çox ciddi və böyük vəzifə düşür. Bu sırada Azərbaycan da məzhəbçilik zəminində hər hansı prosesin qarşısını vaxtında almağa çalışmalıdır. Qeyd etməliyik ki, dövlətimiz bu istiqamətdə olduqca böyük işlər görür. Aydın məsələdir ki, burada siyasi maraqlar məsələsi ön plana çıxır. Yəni Qərb ölkələri müəyyən məsələlərdə özlərinin siyasi maraqlarını təmin etməkdən ötrü din amilini dövriyyəyə daxil etməkdən çəkinmirlər. Bu, olduqca incə, vacib məsələdir və biz buna diqqətli yanaşmalıyıq.

– Müsahibələrinizin birində demisiniz ki, dinlə mübarizə aparmaq yox, onunla əməkdaşlıq etmək lazımdır. Bu tezisi bir qədər izah edərdiniz.

– Bəli, həm bizim düşüncəmizə görə, həm də dünyada cərəyan edən proseslər onu göstərir ki, dünyanın müxtəlif bölgələrində dinlə mübarizə aparan ölkələrin heç biri uğur qazana bilməyib. Təbii ki, biz mövhumat, xurafatla, həmçinin dini radikalizm və ekstremizmlə mübarizə aparmalıyıq. Amma, eyni zamanda, dini proseslər, din siyasəti dövlət tərəfindən həyata keçirilməlidir. Əgər biz bir tərəfdən mövhumatla, xurafatla, radikal dini cərəyanlarla, qruplarla mübarizə aparırıqsa, digər tərəfdən əməkdaşlığa meyilli, mötədil, loyal tərəflərlə də əməkdaşlıq etməliyik. Yəni bu proses iki istiqamətdə getməlidir. Bunun bir qolu görüləcək inzibati tədbirlər, başqa qolu isə maarifləndirmə yoludur. Biz məhz bu istiqamətlər üzrə addımlarımızı atmalıyıq. Amma yalnız mübarizə aparmaqla da kifayətlənmək olmaz. Bu fikri deyərkən nəyə əsaslandığımı izah edim. Sovet hökuməti yetmiş il ərzində dinə qarşı mübarizə aparsa da, məsələni tam sıradan çıxarmağı bacarmadı. Həm də bunu nəzərə alaraq, bu istiqamətdə daha çox əməkdaşlığı, ortaya çıxan problemlərin birgə müzakirəsini təklif edirəm.

– Gənc nəslə əxlaqi, mənəvi və dini dəyərlərin aşılanması çox vacibdir. Burada din amili xüsusi yer tutur. Açığını deyək ki, bu gün gənclərin bir qismi radikal dini cərəyanlara meyillənir. Burada kənar qüvvələrin “xidməti” öz yerində, amma savadsızlıq amili də rol oynayır...

– Haqlısınız, milli-mənəvi, əxlaqi dəyərlərin təbliğində dinin çox böyük rolu var. Biz dinimizin məhz bu dəyərləri aşılamasından istifadə edərək, gəncləri mənəviyyatca saf, sağlam, vətənpərvərlik ruhunda böyütməliyik. Gənclərimizin radikal cərəyanlara meyil göstərməsi, kənar təsirlərin altına düşməsi o zaman baş verir ki, cəmiyyət gənc nəslə bu sahədə yetərli qədər bilik aşılaya bilmir. Bütün çıxışlarımda onu xüsusi olaraq vurğulayıram ki, biz davamlı olaraq maarifləndirmə və təbliğat işləri aparmalıyıq. Bu sahədə boşluq yarananda radikal təmayüllü təriqətlər, ünsürlər meydana daxil olaraq, vətəndaşlarımızı yoldan çıxarırlar. Bunun baş verməməsi üçün çox ciddi və məqsədyönlü işlər görülməlidir.

– Radikal dini təriqətlərin, qruplaşmaların nümayəndələrinin çıxışlarını, çağırışlarını eşidəndə, “Kərimə dövləti” xülyasına düşənləri dinləyəndə adam real təhlükə hiss edir. Dövlətin və vətəndaşın dini təhlükəsizliyinə təhdidləri önləməyin yolları, üsulları barədə fikirləriniz maraqlı olardı.

– Dediyiniz yad dini təriqətlər, qruplaşmalar birmənalı olaraq cəmiyyətimiz üçün təhlükədir. Azərbaycanda daxili sabitliyi pozmaq üçün xaricdən düşünülmüş şəkildə iş aparılır. Region dövlətlərinin bəziləri bu prosesdə fəallıq göstərir, təbliğata üstünlük verirlər. Belə ideoloji təhdidlərə sıradan bir çağırış kimi baxmamalı, bunlara qarşı olduqca diqqətli olmalıyıq. Çünki həmin yad təriqət təbiğatçılarının əməllərinin təzahürlərini zaman-zaman müşahidə edirik. Gənclərimiz məhz məlumatsızlıqdan bu kənar təsirlərin altına düşə bilirlər. Bir daha təkrar edirəm, bu istiqamətdə ardıcıl və çox ciddi çalışmalıyıq.

Söhbəti yazdı:
İmran BƏDİRXANLI
XQ



Müsahibə