Regional gərginlik və Azərbaycanın təmkin diplomatiyası

post-img

Yaxın Şərqdə son dövrlər müşahidə olunan gərginlik regionun təhlükəsizlik arxitekturasını yenidən diqqət mərkəzinə gətirib. Böyük güclər arasında qarşıdurma riskinin artması, həmçinin hərbi əməliyyatların genişlənməsi ehtimalı region dövlətlərini öz xarici siyasət kurslarını daha ehtiyatlı şəkildə müəyyən etməyə vadar edir. Bu kontekstdə Azərbaycan rəsmi olaraq balanslı və təmkinli mövqe nümayiş etdirərək regional sabitlik və diplomatik həll yollarının vacibliyini vurğulayır.

Azərbaycanın xarici siyasət doktrinası uzun illər ərzində formalaşmış və müəyyən strateji prinsiplər üzərində qurulmuş konseptual yanaşmaya əsaslanır. Rəsmi siyasətin mərkəzində dövlət suverenliyinin qorunması, ərazi bütövlüyünün təmin edilməsi və beynəlxalq hüququn fundamental normalarına hörmət dayanır. Xüsusilə Cənubi Qafqaz kimi geosiyasi baxımdan həssas bölgədə yerləşən dövlət üçün beynəlxalq hüquqa əsaslanan mövqe həm legitimlik yaradır, həm də müxtəlif güc mərkəzləri ilə münasibətlərin balanslaşdırılmasına imkan verir.

Son illər Yaxın Şərqdə və regionun yaxın coğrafiyasında müşahidə olunan gərginlik fonunda Azərbaycan diplomatiyası bu prinsiplərə daha çox istinad edir. Rəsmi Bakı hesab edir ki, hərbi eskalasiyanın genişlənməsi regional sabitliyə və beynəlxalq münasibətlər sisteminə də mənfi təsir göstərir. Bu səbəbdən Azərbaycan mövcud mübahisələrin və qarşıdurmaların həlli üçün diplomatik kanalların açıq saxlanılmasının vacibliyini xüsusi olaraq vurğulayır. Diplomatik dialoq və siyasi vasitəçilik mexanizmləri, xüsusilə mürəkkəb regional münaqişələr kontekstində, uzunmüddətli sabitliyin qorunması üçün daha dayanıqlı alət kimi qiymətləndirilir.

ABŞ/İsrail–İran hərbi qarşıdurmasında da rəsmi Bakı özünün praqmatik mövqeyini nümayiş etdirmiş, Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov iranlı həmkarı Abbas Əraqçi ilə telefon danışığında hərbi əməliyyatların tezliklə dayandırılacağına, mövcud vəziyyətin yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll olunacağına dair ümid ifadə olunub.

Bu yanaşma həm də Azərbaycanın xarici siyasət modelinin mühüm xüsusiyyətini – balanslı diplomatiyanı – əks etdirir. Azərbaycan müxtəlif regional və qlobal aktorlarla münasibətlər qurarkən hər hansı geosiyasi bloklaşmanın bir hissəsinə çevrilməkdən çəkinir və daha çox qarşılıqlı maraqlara əsaslanan əməkdaşlıq modelini üstün tutur. Mövcud strategiya mürəkkəb beynəlxalq mühitdə ölkənin manevr imkanlarını genişləndirir və eyni zamanda, onun regional sabitliyə töhfə verən aktor kimi qəbul olunmasına şərait yaradır.

Azərbaycanın mövqeyində xüsusi diqqətçəkən məqamlardan biri ölkə ərazisinin üçüncü dövlətlərə qarşı istifadə olunmasına prinsipial şəkildə qarşı çıxılmasıdır. Müstəqillik dövründə Azərbaycan mürəkkəb geosiyasi mühitdə fəaliyyət göstərən dövlət kimi öz təhlükəsizlik konsepsiyasını elə qurmağa çalışıb ki, ölkə regional qarşıdurmaların birbaşa iştirakçısına çevrilməsin və eyni zamanda, müxtəlif güc mərkəzləri arasında balans qorunsun.

***

Prezident İlham Əliyev dəfələrlə vurğulayıb ki, Azərbaycan öz ərazisinin başqa dövlətlərə qarşı hərbi və ya siyasi platformaya çevrilməsinə imkan verməyəcək. Dövlət ərazisinin hər hansı regional və ya qlobal rəqabətin alətinə çevrilməsi, xüsusilə də hərbi məqsədlərlə istifadə olunması Azərbaycanın təhlükəsizlik mühitini birbaşa risk altına qoya bilər. Məhz bu səbəbdən rəsmi Bakı regional proseslərdə iştirak edərkən öz ərazisinin geosiyasi qarşıdurmalar üçün istifadə olunmaması məsələsinə xüsusi həssaslıqla yanaşır. Analitik baxımdan bu mövqe həm də Azərbaycanın müstəqil və çoxvektorlu xarici siyasət kursunun davamı kimi qiymətləndirilə bilər. Müasir beynəlxalq münasibətlər sistemində regional dövlətlər tez-tez böyük güclər arasında rəqabət mühitində fəaliyyət göstərirlər. Belə şəraitdə müəyyən dövlətlərin ərazilərinin hərbi və ya strateji məqsədlərlə istifadə olunması həmin ölkələri qarşıdurmanın bir hissəsinə çevirə bilir. Azərbaycan isə bu cür risklərin qarşısını almaq üçün öz diplomatik mövqeyini balanslı şəkildə formalaşdırmağa çalışır və regionda qarşılıqlı etimadın qorunmasına önəm verir.

Əgər hər hansı dövlət öz ərazisini üçüncü tərəfin hərbi və ya siyasi təsir alətinə çevirərsə, bu, regional güc balansını pozaraq yeni gərginlik ocaqlarının yaranmasına səbəb ola bilər. Azərbaycanın seçdiyi model isə daha çox neytral və məsuliyyətli davranışa əsaslanır. İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycan mürəkkəb və həssas geosiyasi mühitdə yerləşir. Cənubi Qafqaz regionu tarixən müxtəlif regional və qlobal güclərin maraqlarının kəsişdiyi məkan kimi formalaşıb. Azərbaycan da məhz bu reallıqları nəzərə alaraq regional münasibətlərdə ehtiyatlı və balanslı davranış modelini seçib. Hər hansı tərəfin açıq şəkildə dəstəklənməsi və ya geosiyasi bloklaşmanın bir hissəsinə çevrilmək mövcud regional balansın pozulmasına və ölkənin təhlükəsizlik mühitinin daha mürəkkəb hala gəlməsinə səbəb ola bilər. Buna görə də rəsmi Bakı daha çox neytral və praqmatik yanaşmaya üstünlük verir.

Digər mühüm amil Azərbaycanın uzun illər ərzində formalaşdırdığı çoxvektorlu diplomatiya modelidir. Azərbaycan həm region dövlətləri ilə, həm də qlobal aktorlarla münasibətlər qurarkən qarşılıqlı maraqlar prinsipinə əsaslanmağa çalışır. Çoxvektorlu diplomatiya modeli dövlətin beynəlxalq münasibətlər sistemində daha çevik manevr imkanları əldə etməsinə şərait yaradır və ölkənin hər hansı geosiyasi qarşıdurmanın bir tərəfinə çevrilməsinin qarşısını alır. Həmçinin qeyd etməliyik ki, enerji layihələri, nəqliyyat və logistika marşrutları, regional əməkdaşlıq formatları kimi strateji təşəbbüslər müxtəlif dövlətlərlə əməkdaşlıq tələb edir. Əməkdaşlığın davamlılığı isə əsasən sabit siyasi mühitdən və balanslı xarici siyasət kursundan asılıdır.

Enerji infrastrukturu və beynəlxalq nəqliyyat dəhlizləri sabit siyasi mühit tələb edən uzunmüddətli strateji layihələrdir. Gərginliyin artması investisiya mühitinə mənfi təsir göstərə, logistika marşrutlarının fəaliyyətində qeyri-müəyyənlik yarada və regionun iqtisadi inteqrasiya perspektivlərini zəiflədə bilər. Diplomatik müstəvidə Azərbaycanın yanaşması mübahisələrin həlli üçün dialoq və diplomatik kanalların açıq saxlanılmasına əsaslanır. Rəsmi Bakı hesab edir ki, regional münaqişələrin hərbi eskalasiya yolu ilə həlli qısamüddətli taktiki nəticələr versə belə, uzunmüddətli sabitlik yaratmaq baxımından effektiv mexanizm hesab oluna bilməz. Yaxın Şərq və ümumilikdə regionun son onilliklərdə yaşadığı təcrübə göstərir ki, hərbi qarşıdurmaların genişlənməsi əksər hallarda yeni təhlükəsizlik problemlərinin yaranmasına, siyasi sistemlərin zəifləməsinə və regional qeyri-müəyyənliyin artmasına səbəb olur.

Azərbaycanın diplomatik yanaşmasının əsas xüsusiyyətlərindən biri qarşıdurmanın tərəfi kimi çıxış etmədən, beynəlxalq hüququn prinsiplərinə əsaslanan siyasi mövqe nümayiş etdirməkdir. Müasir beynəlxalq münasibətlər sistemində vasitəçilik, diplomatik kommunikasiya və çoxtərəfli əməkdaşlıq mexanizmləri münaqişələrin idarə olunmasında mühüm rol oynayır.

Son olaraq qeyd edək ki, təmkinli diplomatiya, dövlət suverenliyinin və ərazi prinsipinin qorunması, eləcə də dialoqa üstünlük verilməsi Azərbaycanın regional siyasətində sabitlik və balansın əsas elementləri kimi çıxış edir. Mövcud geosiyasi şəraitdə belə yanaşma regionda gərginliyin azalmasına və daha sabit təhlükəsizlik mühitinin formalaşmasına töhfə verə bilər.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət