Azərbaycan dilinin saflığının qorunması təkcə dilçilik və yaxud mədəniyyət sahəsinin problemi deyil, birbaşa milli kimlik, dövlətçilik və tarixi yaddaş məsələsidir. Prezident İlham Əliyevin həm AMEA-nın 80 illik yubileyindəki proqram xarakterli çıxışında, həm də bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibəsində səsləndirdiyi fikirlər, əslində, müasir Azərbaycan humanitar elmləri üçün strateji yol xəritəsidir. Dövlət başçısı çox aydın şəkildə vurğulayıb ki, dil milləti millət edən əsas amildir və Azərbaycan dilinin qorunması hər bir vətəndaşın borcudur. Bu mövqe dilçi alimlər, jurnalistlər və müəllimlər üçün əsas istinad nöqtəsidir.
AMEA-nın Folklor İnstitutunun direktoru, filologiya elmləri doktoru Hikmət Quliyevlə söhbətimiz ana dilinin saflığının qorunmasında folklor örnəklərinin rolu barədədir. O, əvvəlcə ötən həftə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq elmi konfransı xatırlatdı:
– Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin yerləşdiyi tarixi binada, eyni salonda düzənlənən mötəbər beynəlxalq konfransda həmin ali məclisin Türk dünyasının dili, tarixi, etnoqrafiyası, ədəbiyyatı və mədəniyyətinin gələcəyi ilə bağlı vacib qərarlar qəbul etdiyi xatırlandı, xüsusi vurğulandı ki, Birinci Türkoloji Qurultay XX əsrdə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri kimi tarixə düşüb. Bu gün də aktual olan məsələlərə diqqət yetirilib və türkoloji sahədə yeni istiqamətləri müzakirə edildi. Təbii ki, ortaq dilin təşəkkülünə təsir edən ortaq folklor mənbələri də sərf-nəzər olundu.
– Hikmət müəllim, dilin lüğət tərkibinin genişlənməsində, onun saflığının qorunmasında xalq yaradıcılığının və folklorşünaslığın önəmi nədən ibarətdir?
– Azərbaycan dili sadəcə ünsiyyət vasitəsi deyil, xalqın kollektiv yaddaşının, dünyagörüşünün, mədəni davranış kodlarının daşıyıcısıdır. Sübuta ehtiyac yoxdur ki, nağıl, dastan, və bayatılar, atalar sözləri, mərasim mətnləri Azərbaycan dilinin ən saf, ən təbii nümunələridir. Bu mənada folklor dilin “canlı sistemi”dir, – demək, məncə, yanlış olmaz. Xalq əsrlər boyu müstəmləkəçilik şəraitində yaşasa da, məhz folklor vasitəsilə öz dilini, düşüncə tərzini və milli özünüdərkini qoruyub saxlayıb. Cənab Prezidentin də vurğuladığı kimi, bu, xalqımızın böyüklüyünün və mədəni müqavimət gücünün bariz göstəricisidir.
Bu gün qloballaşma, internet və sosial şəbəkələr vasitəsilə yad sözlərin dilə daxil olması isə reallıqdır. Lakin burada əsas məsələ prosesin kortəbii şəkildə deyil, milli mədəni şüur əsasında idarə olunmasıdır. Cənab Prezidentin də vurğuladığı kimi, xarici sözlər dilimizi zənginləşdirmir, əksinə, damcı-damcı milli kimliyi sarsıdır. Düşünürük ki, folklor təfəkkürü bu baxımdan mühüm bir filtr rolunu oynaya bilər. Çünki folklor dili normativ qaydalarla formalaşmış süni dil deyil, xalqın əsrlər boyu yaşantısı, dünyagörüşü və kollektiv yaddaşı əsasında təşəkkül tapmış milli emosional-ekspress dildir. Folklorun leksikası, sintaksisi, obrazlılığı və semantik strukturu Azərbaycan dilinin daxili imkanlarının nə qədər geniş, çevik və ifadəli olduğunu nümayiş etdirir. Məhz bu təbii dil təcrübəsi milli dil şüurunun qorunmasında, yad təsirlərin ayırd edilməsində etibarlı mədəni mexanizm kimi çıxış edə bilər. Odur ki, ədəbi dilin, eləcə də gündəlik ünsiyyət dilinin zənginləşməsində xalqın milli kimliyinin dərin qatlarını özündə ehtiva edən folklor mətnlərinin böyük potensialı var.
Folklor yalnız mətn yox, intonasiya, ritm, metafor və kollektiv emosiyadır – bunlar isə yad dil strukturlarına ən çox həssas olan elementlərdir. Yəni istər ölkə daxilində, istərsə də xaricdə yaşayan azərbaycanlılar üçün yad dil və yad mədəni təsirdən qaçmağın mühüm şərtlərindən biri təbii ünsiyyət, milli intonasiya və ritm, kollektiv kimlik və başqa milli stereotiplərin şüuri və qeyri-şüuri şəkildə yaşadığı folklor mənbələrinin potensialından istifadənin genişləndirilməsidir.
Folklor mətnlərindəki təbiilik təkcə milli dillə bağlı deyildir. Burada dil mətnin üst qatıdır. Mətnin alt qatı vasitəsilə ötürülən informasiyada isə milli kimlik, cənab Prezidentin vurğuladığı kimi, “milləti millət edən” dəyərlər sistemi mövcuddur. Odur ki, hazırki qloballaşma və virtuallaşma çağında milli dilin və milli kimliyin təhlükəsizliyinin təmin olunmasında milli folklor təfəkkürü, xalq düşüncə sistemi böyük potensiala malikdir.
– Bəs, dilin qorunması ilə bağlı praktiki fəaliyyət nədən ibarət olmalıdır?
– Bu fəaliyyət 2 mərhələ təşkil edə bilər: 1-cisi yad dil və yad mədəni təsirin aşkarlanması, 2-cisi yad dil və yad mədəni təsirə qarşı milli, daxili immunitet sisteminin formalaşdırılması. Biz “folklor təfəkkürü “filtr” rolunu oynaya bilər” fikrini deyərkən, folkloru yad təsirlərin seçilməsi və ayırd edilməsində etibarlı mədəni mexanizm kimi irəli sürürük. Eyni zamanda, hesab edirik ki, dil, davranış, düşüncə və sair səviyyələrdə yad mədəni təsirdən qorunmağın mühüm amillərindən biri olan folklor təfəkkürü dilin daxili immunitetini üzə çıxarır. Necə ki, immunitet sistemi orqanizm üçün yad və təhlükəli elementləri tanıyır və onlara qarşı müqavimət formalaşdırır, folklor təfəkkürü də dil üçün milli düşüncə sisteminə yad olan təsirləri sezərək onları ayırd etməyə imkan verir.
Nəticə etibarilə demək olar ki, folklor təfəkkürü Azərbaycan dilinin tarixi yaddaşda sınaqdan çıxmış təbii formalarına söykənərək, qloballaşma şəraitində dilin milli kimliyini qorumağa xidmət edən təbii-mədəni süzgəc funksiyasını yerinə yetirir. Burada söhbət inzibati nəzarətdən və ya normativ məhdudiyyətlərdən deyil, xalqın əsrlər boyu formalaşmış düşüncə və ifadə vərdişlərinə əsaslanan daxili seçmə mexanizmindən gedir.
– Şübhəsiz ki, dilin saflığının qorunması yalnız qadağalarla və ya inzibati mexanizmlərlə deyil, milli dil şüurunun güclənməsi ilə mümkündür.
– Elədir ki, var. Bu istiqamətdə də folklorun potensialından istifadə aktualdır. Xüsusilə gənc nəsil üçün folklor nümunələrinin müasir formatlarda – rəqəmsal platformalarda, vizual və interaktiv vasitələrlə təqdim edilməsi Azərbaycan dilinə marağı artırmaqla yanaşı, onu gündəlik ünsiyyətdə yaşadan amilə çevirə bilər.
Ümumilikdə, demək istərdim ki, Azərbaycan dilinin saflığının qorunması təkcə dilçi alimlərin işi deyil. Bu, yazıçıların, jurnalistlərin, folklorşünasların, ümumilikdə ziyalıların və cəmiyyətin bütün təbəqələrinin ortaq məsuliyyətidir. Cənab Prezidentin dediyi kimi, əgər biz əsrlər boyu müstəmləkəçilik şəraitində dilimizi qoruya bilmişiksə, bugünkü müstəqil dövlət şəraitində onu daha yaxşı qorumaq daha müqəddəs borcumuzdur. Folklor isə bu missiyanın həm tarixi dayağı, həm də gələcəyə yönəlmiş ən etibarlı mədəni yaddaş mexanizmidir.
– Bir qədər də institutunuzun bu günlərdə BDU-nun filologiya fakültəsi ilə keçirdiyi birgə elmi sessiya barədə danışmağı xahiş edirəm.
– Həmin sessiya 21 Fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuşdu və “Ana dilinin saflığının qorunması: qloballaşma dövründə milli kimlik və dil” mövzusunu əhatə edirdi. Məclisə elmi ictimaiyyət nümayəndələri, alimlər və tələbələr qatılmışdı. Əvvəlcə Folklor Studiyasının hazırladığı “Ana dilimiz milli varlığımızdır” adlı videoçarx nümayiş olundu. Sonra BDU-nun fakültə dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Elçin Məmmədov çıxışında qeyd etdi ki, ana dilinin qorunması istiqamətində dövlət səviyyəsində mühüm yanaşmalar formalaşdırılıb və bu kontekstdə Akademiyanın 80 illik yubileyində dövlət başçısının dilin saflığı ilə bağlı səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyıb. Dekan dilin yad təsirlərdən qorunması, saflığının təmin edilməsi məsələsinin strateji vəzifə kimi dəyərləndirildiyini vurğuladı. Problemlərin daha çox təhsil prosesində və media mühitində özünü göstərdiyini, məktəblərdə dilin düzgün tədrisi və mediada ədəbi dil normalarına riayət olunması istiqamətində sistemli və məqsədyönlü tədbirlərin həyata keçirilməsi zərurətini diqqətə çatdırdı.
Mən öz çıxışımda qeyd etdim ki, Prezidentin çağırışı bütün aidiyyəti qurumların qarşısında mühüm vəzifələr qoyub. Dil, ədəbiyyat və mədəniyyət tarixən dövlətçiliyin əsas atributları kimi çıxış edib, dövlət isə dilin qarantı və himayəçisi funksiyasını yerinə yetirib. Bu, öz-özünü təşkil edən təbii sistem olsa da, müasir dövrdə ona müxtəlif formalarda müdaxilələr müşahidə olunur və bu proseslər elmi yanaşma tələb edir. Həmçinin ana dilinin saflığının qorunmasının institusional aspektlərinə toxunaraq, təhsil prosesində dilin düzgün mənimsədilməsinin, dərslik və dərs vəsaitlərinin keyfiyyətinin yüksəldilməsinin, eləcə də uşaq sənayesinin – cizgi filmləri, uşaq ədəbiyyatı, uşaq folkloru və dərgilərin yüksək səviyyədə təşkilinin vacibliyini bildirdim.
Elmi sessiyada bizim institutun əməkdaşları da məruzələrlə çıxış etdilər. Şöbə müdirimiz – filologiya elmləri doktoru, dosent Ağaverdi Xəlil “Qloballaşma şəraitində ədəbi dil və akademik yazı”, aparıcı elmi işçimiz – filologiya üzrə fəlsəfə doktoru Əpoş Vəliyev “Sosial şəbəkələrin Azərbaycan ədəbi dilinə təsirləri: dilin saflığının qorunması yolları”, böyük elmi işçimiz Zəfər Fərhadov isə “Folklor Azərbaycan ədəbi dilinin potensial qaynağı kimi” mövzusunda çıxışlar etdilər. Digər amillərlə yanaşı, milli-mənəvi yaddaşın daşıyıcısı olan folklorun müasir ədəbi dil üçün çox zəngin və tükənməz mənbə rolunu oynadığı da ətraflı şəkildə əsaslandırıldı.
Bir daha vurğulayım ki, dilin saflığı məsələsi yalnız normativ qaydalara riayət çərçivəsində məhdudlaşmır, bu, eyni zamanda, milli kimlik məsələsidir və milli məzmunun qorunması ilə birbaşa bağlıdır. Bu kontekstdə folklor həm ölkə daxilində, həm də diaspor mühitində yaşayan azərbaycanlıların milli-mənəvi dəyərlər əsasında formalaşmasında müstəsna rol oynayır. Biz də bu istiqamətdə daha ardıcıl və səmərəli işlər həyata keçirməyi nəzərdə tuturuq.
Müsahibəni hazırladı:
Əli NƏCƏFXANLI
XQ

