Müsahibimiz tanınmış türkmən yazıçısı Akməhəmməd Həmidovdur
– Hörmətli Akməhəmməd bəy, sizinlə “votsap” vasitəsilə söhbət edirik. Modern texnologiyalar uzaq məsafələri qısaldır, vaxta, zamana qənaət edir. Ədəbiyyat, necə, bundan qazanır, yoxsa uduzur?
– Bəli, bu gün dünya qlobal kəndə çevrilib. Bu, “ədəbi məhsulları” da əlçatan edib. Əlbəttə, mən də modern texnologiyaların yaratdığı fürsətlərdən faydalanmağa çalışıram. Əgər hər hansı bir dəyərli əsər dünyanın aparıcı dillərindən birinə tərcümə edilibsə, burada heç bir problem qalmır. İstənilən əsəri internet vasitəsilə tapıb oxumaq olur.
Amma indi başqa probelm üzə çıxıb. Hazırda “onlayn kitablar” o qədər çoxdur ki, düzgün seçim etmək heç də asan deyil. Bir tərəfdən də bədii əsərləri mütaliə etməyə həvəs göstərənlərin sayı azalır. Yeniyetmə və gənclər hətta ən məşhur klassikləri belə az oxuyurlar. Bir sözlə, kitabın “kitabı”nın bağlanmasını müasir dövrün ən böyük bəlalarından biri saymaq olar.
– Yəqin məni unutmamısınız... 1970-ci illərin ortalarında Moskva Dövlət Universitetində bir fakültədə, hətta bir qrupda təhsil almışıq. Siz sonra uzun illər doğma vətəniniz Türkmənistanda qəzetdə çalışmısınız. Bəs böyük ədəbiyyata, nəsrə gəlişiniz necə baş verdi?
– Moskvada sırf qəzetçilik ixtisası üzrə təhsil aldığım üçün uzun illər bu sahədə çalışmışam. Əslində ədəbiyyata meylim yeniyetməlik illərindən başlayıb. Orta məktəbi bitirəndə xeyli şeir və hekayə qələmə almışdım. Sadəcə, onları üzə çıxarmırdım. Əlbəttə, sonrakı dönəmdə çap arzusu gücləndi. Beləcə, oxucu marağı və diqqətini hiss edərək həvəsləndim.
Bəzən deyirlər ki, jurnalist peşəsi yaçıçı təxəyyülünü daraldır, yaxud fərdi bədii təhkiyə üslubuna mənfi təsir göstərir. Mən bu mülahizələrlə razı deyiləm. Əksinə, hesab edirəm ki, jurnalist peşəsi mənə həyatı, insanları daha yaxından tanımaq imkanları yaradıb.
Mən doğma Türkmənistanı qarış-qarış gəzmişəm. Günəşin qaynar hərarətinin yandırıb-yaxdığı bu doğma məmləkətə bütün varlığımla bağlıyam, bu torpağın sadə, əməyə, ailə dəyərlərinə bağlı, həssas qəlbli insanlarının arzu və düşüncələrini əsərlərimdə təsvir etmişəm. Taleyin mənə lütf etdiyi bu missiyanı yerinə yetirməkdən zövq alıram.
– İlk hekayələrinizdə saf sevgi, məhəbbət mövzusu daha qabarıq özünü göstərir. Görünür, məhz buna görə də oxucularınız arasında gənclər daha çoxdur...
– Həqiqətən, ilk esse və hekayələrim məhəbbət mövzusundadır. Həyatda hər şey insanın arzuladığı kimi baş vermir. Sərt reallıqlar sevən ürəklərə bəzən xəyal qırıqlıqları yaşadır. Bir çox situasiyalarda köhnə adət-ənənələr maneəyə, buxova çevrilir. Bax bu məqamda nasir, yazıçı bədii sözün ecazkar gücü ilə haqqın, ədalətin, saf gevginin tərəfində dayanmalıdır. “Qız ürəyi” (1991), “Həyatın qaranlıq üzü” (1994), “Qara gözlü gözəlim” (1997), “Həyatın dibində” (1999) adlı hekayə kitablarımdakı qəhrəmanlarımın çoxu sevginin əzab–əziyyətlərindən çəkinməyən obrazlardır. Onların çoxu layiq olduqları səadətə qovuşurlar.
İnsan yaşa dolduqca, həyata, ətrafına münasibəti də dəyişir. Son illər qələmə aldığım əsərlərdə daha çox bədii obrazların psixoloji durumlarının dərin qatlarına nüfuz etməyə cəhd göstərirəm. “Taleyin gərdişi”, “Yaxşılıq” adlı povestlərimdə insan talelərini çeşidli rakurslardan təsvir etmişəm. Türkmən ədəbi tənqidi bu əsərlər haqqında müsbət rəylər bildirib.
Bütövlükdə, 10-a yaxın povest və romanım, 150-dən çox hekayəm müxtəlif illərdə işıq üzü görüb. Hazırda “Ruhun durumu” adlı yeni hekayələr kitabımı çapa hazırlayıram.
– Qəzetimizdə vaxtaşırı “Turan elləri” səhifəsini hazırlayırıq. Türkmən mətbuatını, eləcə də ədəbi mühitdəki yenilikləri də yaxından izləyirik. Bir çox nüfuzlu tənqidçilər sizi “Çağdaş türkmən ədəbiyyatının Mopassanı” adlandırırlar. Belə bir müqayisə, sizcə, nə ilə bağlıdır?
– Yaxşı olardı ki, bu suala bizim ədəbiyyatşünas allimlər özləri cavab verəydilər. Bildiyimə görə, hekayə və novellarımın əsasən qeyri-adi, gözlənilməz sonluqla bitdiyinə görə məni fransalı yazıçıya bənzədirlər. Lakin bu cür müqayisə yanlışdır. Təbii ki, mən heç vaxt böyük iddialara düşməmişəm. Ona görə yazıram ki, sadəcə, yazmaya bilmirəm.
Qeyd etməliyəm ki, yaxşı, dəyərli bədii əsərlər cəmiyyətdə mənəvi qida rolunu oynayır. Yaxşı həkimin yanından qayıdanda xəstə özünü daha rahat hiss etdiyi kimi, hər bir layiqli bədii əsər də oxucuda həyat eşqini gücləndirməlidir. Ədəbiyyatın gücü, ilk növbədə, səmimi və təsirli olmasındadır. O əsər ki, insan qəlbini riqqətə gətirmir, çox yaşamır, unudulur.
Bəzən oxucular əsərlərimin qəhrəmanlarına münasibətdə sərt və insafsız olduğumu deyirlər. Belə yanaşma məni bir müəllif olaraq hətta sevindirir. Deməli, oxucular obrazlarımın taleyinə biganə qalmırlar. Oxucu biganəliyi başlayan yerdə ədəbiyyat ölür.
– Sizin dünya ədəbiyyatından tərcümələrininiz də çox oxunur. Ölkənizdəki ədəbi nəşrlərdə bu barədə müsbət rəylərə tez-tez rast gəlinir...
– Mən dünya ədəbiyyatından bir çox önəmli əsərləri ana dilimə tərcümə etmişəm. Onların arasında görkəmli ingilis yazıçısı Stefan Sveyqin novellalarını, Ernest Heminqueyin “Qoca və dəniz” hekayəsini göstərmək olar. Görkəmli rus yazıçısı Konstantin Paustovskinin, gürcü yazıçısı Orbelianinin əsərlərini də sevə-sevə türkmən dilinə çevirmişəm. Hazırda böyük benqal mütəfəkkiri Robindranat Taqordan tərcümələr edirəm.
Qeyd etmək lazımdır ki, bədii tərcümə sənəti ağır, gərgin zəhmət tələb edən yaradıcılıq sahəsidir. Yaxşı haldır ki, son illər ölkəmizdə bu sahəyə diqqət xeyli artıb. Bizdə gənc istedadlı, səriştəli tərcüməçilər nəsli yetişib. Dünya ədəbiyyatının ən qiymətli inciləri ilə yaxından tanışlıq oxucuların bədii zövqünü çox cilalayır.
Yeri gəlmişkən, bir çox əsərlərim rus, türk, qazax, qırğız və başqa dillərə tərcümə olunub. Görkəmli azərbaycanlı türkoloq Ramiz Əskər bir neçə hekayəmi türk dilinə tərcümə edərək Türkiyədə yayımlanmasına yardımçı olub.
İlyarım əvvəl Ramizin dünyasını dəyişməsi xəbəri məni çox kədərləndirdi. Dərin minnətdarlqı hissi ilə vurğulamaq istəyirəm ki, professor Ramiz Əskər bir neçə il bundan əvvəl türkmən ədəbiyyətının və ədəbi dilinin banisi sayılan Məhtumqulu əl-Fəraqinin seçilmiş əsərlərini Azərbaycan dilinə tərcümə edərək 4 cilddə nəşr etdirib. Hörmətli dostumuzun bu əvəzsiz xidmətlərini xalqımız heç vaxt unutmayacaq.
– Eşitdiyimizə görə, 70 illik yubileyinizə qədər memuarlarınızı yazıb başa çatdırmaq fikrindəsiniz.
– Etiraf edim ki, hələ 2020-ci ildən memuarlarımı yazmağa başlamışam. Bizim türkməncə adı belədir: “Dilimə gəldi, başıma gəldi”. Artıq 500 səhifəyə yaxın yazmışam. Onları bu il mayın 10-na, yəni ad günümədək dərc etdirəcəyəm.
Sağ olsun, Türkmənistan hökuməti əməyimi yüksək qiymətləndirib. 1999-cu ildə “Vətənə olan sevgiyə görə” medalına layiq görülmüşəm. 2011-ci illə “Müstəqilliyin 20 illiyi” ödülü ilə də təltif olunmuşam. 2014-cü ildə ölkəmizdə tanınmış yaradıcı insanlar arasında keçirilən “Qızıl əsr” adlı nüfuzlu Türkmənistan Prezidenti müsabiqəsinin laureatı olmuşam.
– Sonrakı bioqrafiyanız göstərir ki, siz səyahət etməyi də çox sevirsiniz. Bizim tərəflərə, Azərbaycana necə, gəlmək arzunuz varmı? Bildiyimə görə, eşitməkdənsə, çox şeyi öz gözlərinizlə görməyə üstünlük verirsiniz...
– Bəli, həqiqətən, səfər etməyi çox sevirəm. Bizdə deyirlər ki, çox oxuyan çox bilməz, çox gəzən çox bilər. Yəqin ki, sizdə də belə bir atalar sözü var. Axı bizim mədəniyyətlərimiz bir-birinə çox yaxındır.
Əlbəttə, var. Azərbaycana gəlmək, bu qədim türk yurdu ilə yaxından tanış olmaq çoxdankı arzumdur. Əslində, 1983-cü ildə Bakıda olmuşam. Yadımdadır, yay ayları idi. Yəqin ki, xatırlayırsınız: siz məni füsunkar təbiəti olan Qubaya aparmışdınız.
Amma çoxdandır ki, Azərbaycanı yenidən görmək arzusundayam. Eşitmişəm ki, mavi gözlü Xəzərin sahilində özünə əbədi büsat quran qədim Bakı son illər çox dəyişib, gözəlləşib. Qarabağı, adı bütün Turan ellərində dillər əzbəri olan Şuşanı görmək arzusundayam.
Azərbaycan ilə Türkmənistan arasında ən yüksək səviyyədə siyasi, iqtisadi, mədəni əlaqələrin gücləndirilməsi məni çox sevindirir. Böyük Türk dünyasının yaxınlaşması və xalqlarımızın bir-birinə arxa, həyan olması qürurvericidir.
Söhbəti qələmə aldı:
Məsaim ABDULLAYEV
XQ

