Ağdam şəhərində ötən əsrdə sivil, dünyəvi təhsilin özülü olmuş 1 saylı tam orta məktəbdə, 27 illik işğal və 5 illik bərpa-quruculuq işlərindən sonra yenidən tikilmiş təhsil ocağında tədris prosesi bərpa edilib.
Elm və Təhsil Nazirliyinin nümayəndələri 1 əsrdən artıq yaşı olan qocaman təhsil müəssisəsinin fəaliyyətə başlaması mərasimində iştirak ediblər. Doğma yurduna qayıtmış sakinlər, Ağdam şəhərində fəaliyyətə başlamış müəllimlər ölkəmizə görkəmli simalar bəxş etmiş, işğal dövründə erməni vandalların yer üzündən sildiyi məktəbi rayon mərkəzinin ilk ünvanları sırasında bərpa etdirdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıq ediblər.
Xatırladaq ki, dövlət başçısı Ağdam şəhər 1 nömrəli tam orta məktəbin binasının təməlqoyma və açılış mərasimlərində iştirak edib. Məktəb binası işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində inşa olunub. Təhsil müəssisəsində 43 sinif otağı, 16 inzibati otaq, 7 otaqdan ibarət STEAM mərkəzi, müasir texnoloji avadanlıqlarla təchiz edilmiş fizika, kimya və biologiya laboratoriyaları, informatika və çağırışaqədərki hazırlıq otaqları, kitabxana və muzey fəaliyyət göstərir.
Yeni həyatını yaşayan bu şöhrətli təhsil ocağında 352 yerlik yeməkxana, 468 yerlik iclas salonu, 2 idman zalı, futbol və basketbol meydançaları müəllim və şagirdlərin istifadəsinə verilib.
T.RÜSTƏMLİ
XQ

