Akademik Həsən Əliyevin “Həyəcan təbili” artıq bütün dünyada haray kimi səslənir
Görkəmli alim, Əməkdar elm xadimi, akademik, Beynəlxalq Torpaqşünaslıq və Coğrafiya, İngiltərə Kraliça Biblioqraflar cəmiyyətlərinin həqiqi üzvü olmuş Həsən Əliyev dövrünün diqqətəlayiq şəxsiyyətlərindən biri kimi dünən də, bu gün də onu tanıyanların qəlbində dərin iz buraxmışdır. 20 ilə yaxın AMEA Coğrafiya İnstitutunun direktoru olan Həsən Əliyev Azərbaycan torpaqlarını qarış-qarış gəzmiş və sözün əsl mənasında, vətənpərvər alim kimi bu torpaqların rəngarəng quruluşu və xüsusiyyətlərinin öyrənilməsində müstəsna xidmətlər göstərmişdir.
Akademik Həsən Əliyevin elmi yaradıcılığı torpaqşünaslığın nəzəriyyəsi, ekologiya, botanika, bitkiçilik, təbii ehtiyatların və təbii şəraitin, landşaftın qorunub daha səmərəli istifadə olunması problemlərini, ümumiyyətlə, təbiətşünaslığın müxtəlif sahələrini əhatə etmişdir. O, nəinki ölkəmizin, ümumən Cənubi Qafqaz torpaqlarının əmələ gəlməsi və coğrafiyasının tədqiqinə böyük əmək sərf etmişdir.
Alim ölkəmizdə Beynəlxalq Biomüxtəliflik Proqramının işlənib hazırlanması kimi çətin bir vəzifənin həyata keçirilməsinə rəhbərlik etmişdir. Təbii ehtiyatların tədqiqi, təbiətdən istifadənin elmi cəhətdən əsaslandırılması və mühafizəsinin təşkili Həsən Əliyevin elmi və ictimai fəaliyyətinin əsas istiqamətini təşkil etmişdir. Azərbaycan təbiətinin, torpağının, suyunun, havasının mühafizəsi sahəsində onun xidmətləri əvəzsizdir. Ancaq bütün bunlar asanlıqla başa gəlməmişdir. Böyük alim, sanki, hər addımı ilə yeni cığırlar açmışdır.
Akademik Həsən Əliyevin yaradıcı ömrünün unudulmaz anlarını özündə əks etdirən “Tur uçurumu”ndan keçərkən...” kitabının müəllifi – 96 yaşlı alim, kənd təsərrüfatı üzrə fəlsəfə doktoru Barat Cəfərlidir. Barat müəllim uzun illər akademikin rəhbərliyi altında işləmiş, onun sevimli aspirantı olmuş, təşkil etdiyi elmi ekspedisiyalarda fəal iştirak etmişdir. B.Cəfərli 26 yaşından görkəmli alimin ömrünün sonunadək onun yanında olmuşdur.
Bu ekspedisiyaların biri də 1956-cı ilin iyun ayında Zaqatala rayonunda yerləşən Tur dağına edilmişdir. Təqdim etdiyimiz kitab da, əsasən, həmin səfərə həsr olunmuşdur. Məhz həmin ekspedisiya böyük alimin ən çətin, hətta təhlükəli vəziyyətlərdə belə necə məsuliyyətlə çalışdığı, yüksək dağlıq şəraitində, Tur dağındakı sıldırım və uçurumların yaratdığı qorxudan çəkinməzliyini bütün gerçək faktlarla, şahid həssaslığı ilə əks etdirir.
Böyük ömrün maraqlı, məsuliyyətli məqamlarını təsvir edən kitab faktlar əsasında yazıldığı üçün həm akademik Həsən Əliyevin həyatına bələd olmaq, həm də Azərbaycan elminin, konkret olaraq, coğrafiya, torpaqşünaslıq və kənd təsərrüfatı elmlərinin praktiki təməllər üzərində necə qurulması və inkişafını öyrənmək baxımından olduqca böyük əhəmiyyət daşıyır.
Uzun illər akademik Həsən Əliyevlə birlikdə çalışmış, onun ən yaxın həmkarı olmuş Barat Cəfərli özü də böyük alimdən mükəmməl elm və həyat dərslərini öyrənən müdrik bir şəxsiyyətdir. Olduqca ibrətamizdir ki, o, ustadının dolğun portretini yaratdığı bu xatirə-oçerkini kitabda bəhs olunan olaylardan 70 il sonra, həm də bütün incəliyi və təfərrüatları ilə qələmə almışdır. Barat Cəfərlinin əsəri XX əsrdə Azərbaycan elminin dayaqlarından olmuş Həsən Əliyevin həyat və fəaliyyətini öyrənmək baxımından dəyərli qaynaqdır.
Rahid Ulusel,
fəlsəfə elmləri doktoru, professor,
Fəlsəfə Cəmiyyətləri Beynəlxalq Federasiyasının üzvü

