Ölkəmizdə sistemli əsaslarla tətbiq olunan və 2022-2026-ci illəri əhatə edən sosial-iqtisadi inkişaf strategiyası, həmçinin fundamental çağırışlar fonunda müəyyənləşdirilmiş 2030-cu ilə dair Milli Prioritetlər orta və uzunmüddətli perspektivdə dayanıqlığın və davamlı inkişafın başlıca təminatçısıdır. İqtisadi yüksəliş, maliyyə sabitliyinin qorunması və sosial rifahın təmin olunması ölkəmizdə vətəndaşyönümlü sosial-iqtisadi çağırışların başlıca parametrlərini təşkil edir.
Bu inkişaf göstəriciləri yerli sığorta sektorundan da yan ötmür. Artıq 5-ci ildir ki, yerli sığorta bazarı stabil böyümə tendensiyasını təmin etmiş vəziyyətdədir. Daxili sığorta bazarımızın cari vəziyyətini bütün detalları ilə Azərbaycan Sığortaçılar Assosiasiyasının İcraçı direktoru, Türk Dünyası Sığorta Birliyinin həmtəsisçisi Elmar Mirsalayevlə həmsöhbət olduq.
– 2025-ci ilin yekun sığorta icmalı açıqlandı. Maraqlıdır, Azərbaycanın sığorta bazarı bu müddətdə necə böyüdü və hansı istiqamətlər üzrə inkişaf müşahidə olundu?
– Bildirmək istəyirəm ki, yerli sığorta sektorumuzdakı inkişaf və ümumi bazar böyüməsi 2025-ci ildə də bir tendensiya olaraq qeydə alındı. Bu mənada Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən 2025-ci il üzrə açıqlanmış yekun sığorta icmalına istinadən deyə bilərəm ki, Azərbaycan sığorta bazarı ötən hesabat dövrü ərzində 1 milyard 504 milyon manat sığorta haqqı təmin etməklə 11,2 faiz böyümüş oldu. Maraqlıdır ki, analoji artım sığorta ödənişlərində də qeydə alındı. Belə ki, 2025-ci il ərzində baş vermiş sığorta hadisələrinə görə, ümumilikdə 920,3 milyon manat sığorta ödənişi edilib ki, bu da 2024-cü ilin nəticələri ilə müqayisədə 22,3 faiz çoxdur.
Ümumi dinamikanı siniflər üzrə təhlil etsək, görərik ki, həyat sığortası sinfi üzrə haqlar 16,2 faiz, ödənişlər 3 faiz, qeyri-həyat sığortası sinfi üzrə isə haqlar 5,3 faiz, ödənişlər isə 3 faiz artıb. Bu da öz növbəsində onu deməyə əsas verir ki, ümumi bazar böyüməsində bütün sığorta sinifləri kompleks iştirak etmişdir.
Sektorial böyümədə aktiv rol oynayan sığorta növləri sırasında isə biz Həyatın yaşam sığortası (701 milyon manat yığım), Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası (182,1 milyon manat yığım), Könüllü tibbi sığorta (133 milyon manat yığım), İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta (101,5 milyon manat yığım), Əmlakın yanğından və digər risklərdən sığortası (85,5 milyon manat yığım), Daşınmaz əmlakın icbari sığortası (80,8 milyon manat yığım), Kasko (78,6 milyon manat yığım) və Kənd təsərrüfatı bitkiləri məhsullarının sığortası (12,8 milyon manat yığım) kimi sığorta növlərini misal göstərə bilərik.
Heç təsadüfi deyil ki, sığorta sektoru üzrə qeydə alınmış ümumi bazar böyüməsi sığorta haqlarının ÜDM-dəki çəkisinə də təsirsiz ötüşməyib. Belə ki, 2025-ci il üzrə ölkəmizdə Ümumi Daxili Məhsul istehsalına dair göstəricini və sığorta haqlarının ümumi həcmini nəzərə alsaq, 2025-ci ildə sığorta sektorunun ÜDM-dəki payı 1,07 faizdən 1,16 faizə, qeyri-neft-qaz sektoru üzrə ÜDM-də payı isə 1,58 faizdən 1,63 faizə yüksəlib.
Xüsusilə vurğulamaq istəyirəm ki, sektor üzrə qeydə alınan dinamik artım və sistemli böyümə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin ölkəmizdə maliyyə sisteminin dayanıqlı inkişafının təmin olunması yönündə həyata keçirdiyi ümumrespublika əhəmiyyətli strateji inkişaf siyasətinin, o cümlədən, sığorta sektoruna nəzarət orqan olan Azərbaycan Mərkəzi Bankının uğurla icra etdiyi səmərəli nəzarətedici və tənzimləyici missiyasının bariz göstəricisidir.
– Yığımlarla yanaşı, sığorta ödənişlərində də artım qeydə alınıb. Ötən il baş vermiş sığorta hadisələrinin intensivliyi nəyi göstərir?
– Sığorta fəaliyyəti bədbəxt hadisə, ziyan ehtimalı ilə bağlıdır. Məhz bu səbəblə də sığorta xidmətləri daim aktualdır. Bu reallıq ötən il baş vermiş hadisələrdə bir daha özünü göstərdi. Hadisələrin intensivliyi və hadisələr baş verəndən sonra yarana biləcək ciddi maliyyə itkilərinə 3 real faktla münasibət bildirmək istəyirəm. Məsələn, 21 fevral-2 mart 2025-ci il tarixlərdə ölkə ərazisində qeydə alınmış şaxtalı-qarlı hava şəraiti nəticəsində baş vermiş hadisələrə görə sığorta şirkətlərinə 4414 sığortalı vətəndaş müraciəti daxil olmuşdur ki, nəticədə aparılan qiymətləndirməyə əsasən, ümumilikdə 2 milyon 708 min manat sığorta ödənişi edilmişdi.
Daha bir fakt, 20-31 mart 2025-ci il bayram günlərində baş vermiş hadisələrə görə, sığorta şirkətlərinə 2634 müraciət daxil olmuş, 2 milyon 550 min manat sığorta ödənişi edilmişdi. Ötən illə bağlı daha bir fakt: 15-16 mart 2025-ci il, cəmi 2 gün, ölkə ərazisində normadan artıq yağan yağış nəticəsində 769 zərər faktı və 300 min manata yaxın sığorta ödənişi qeydə alındı.
Təəssüf ki, hadisələr bu il də davam edir. Real hadisələr əsasında misallar göstərim. Məsələn, 31 dekabr 2025-ci il-4 yanvar 2026-cı il Yeni il bayramı günlərində baş vermiş hadisələrə görə 2156 sığortalı vətəndaş zərər gördü və onlara ümumilikdə 1 milyon 500 min manata yaxın ödəniş edildi. 20 yanvar 2026-cı il – qarlı-şaxtalı hava şəraiti səbəbilə 1 günə 484 sığorta hadisəsi qeydə alındı və nəticədə 300 min manata qədər ödəniş edildi.
Real hadisələrə əsaslanan faktlardan da göründüyü kimi hadisələr intensiv və gözlənilməzdir, yaranan zərər məbləğləri isə göz önündədir. Məhz bu kimi hallara istinadən əminliklə deyə bilərik ki, vətəndaşlarımız öz risklərini, maliyyə sabitliklərini yalnız sığorta xidmətləri ilə təminat altına ala bilərlər.
– İstənilən sahədə maarifləndirmə başlıca istiqamətlərdəndir. Bəs sığorta sektoru maarifləndirmə ilə bağlı nə kimi işlər görür?
– Maliyyə xidmətlərinin sürətlə inkişaf etdiyi, təkmilləşdiyi əsrimizdə maliyyə savadlılığının, ələlxüsus da sosial-iqtisadi müdafiə mexanizmi olan sığorta ilə bağlı maarifləndirmənin təşkili təkcə bu gün üçün yox, bütün dövrlər üçün aktual mövzudur. Bu istiqamətdə də sığorta sektorumuz sistemli tədbirlər həyata keçirir. Belə ki, bununla əlaqədar olaraq, hələ 2020-ci ildə Azərbaycan Mərkəzi Bankı, Azərbaycan Sığortaçılar Assosiasiyası və İcbari Sığorta Bürosu arasında “Sığorta savadlılığının artırılması, maarifləndirmə, təbliğat və qarşısıalınma tədbirlərinin sistemli və ardıcıl həyata keçirilməsinə dair qarşılıqlı əməkdaşlıq haqqında” Memorandum imzalanmışdı. Və müvafiq memorandumdan irəli gələrək artıq 6-cı ildir ki, ölkə ərazisində genişmiqyaslı sığorta maarifləndirməsi işləri aparılır. Bu tədbirlər, açıq və qapalı məkanlarda sığorta təşviqatıyla, jurnalistlər arasında yazı müsabiqələri ilə, media kanallarında mütəmadi olaraq sığortaya dair maarifləndirici materialların yayımı ilə sistemli şəkildə aparıldı.
Artıq 5 illik marrifləndirmə dönəminin yekununda dönüb arxaya baxdığımız zaman aparılan tədbirlərin öz uğurlu nəticələrini verməyə başladığını görə bilirik. Belə ki, sığorta bazarımızda 2021-ci ildə 16 faiz, 2022-ci ildə 18 faiz, 2023-cü ildə 26 faiz, 2024-cü ildə 11 faiz və 2025-ci ildə 11 faiz böyümə qeydə alındı.
Maarifləndirmə tədbirlərinin davamlılığı onu deməyə əsas verir ki, yerli bazar bu templə də böyüməyə davam edəcəkdir. Çünki maarifləndirmə insanlarda risk fərqindəliyi formalaşdırır, məlumatlandırır və nəticə etibarilə sığortaya əlçatanlığı artırır.
– Xarici təcrübə necə öyrənilir? Beynəlxalq əməkdaşlıqda hansı yeniliklər var?
– 2025-ci il həm yerli sığorta sektoru, həm də ümumilikdə türk dövlətlərinin sığortaçıları üçün “Türk Dünyası Sığorta Birliyi”nin Azərbaycanın Şuşa şəhərində keçirilən birinci Assambleyasına görə xüsusilə yaddaqalan oldu.
Assambleya Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, Azərbaycan Sığortaçılar Assosiasiyasının təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının iştirakı ilə baş tutdu. Assambleyada Azərbaycan Mərkəzi Bankının rəhbərliyi, Milli Məclisin deputatları, Türk Dövlətləri Təşkilatının rəsmiləri, habelə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan və Şimali Kipr Türk Respublikasının maliyyə requlyatorları və sığorta assosiasiyalarının nümayəndələri iştirak etdilər.
Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair “Proklamasiya sənədi” də imzalandı. Bununla da Birliyə 5 təsisçi üzvdən əlavə 3 ölkənin (Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikası) sığorta assosiasiyaları da müşahidəçi qismində daxil oldular.
Assambleyada “Türk dünyası sığorta sənayesində requlyativ yanaşmalar” və “Türk Dünyası Sığorta Birliyi: qarşıda duran hədəflər və perspektivlər” adlı iki panel üzrə sektor əhəmiyyətli aktual mövzular ətrafında geniş müzakirlər aparıldı.
Sonda Türk Dünyası Sığorta Birliyinin 2026-cı ildə nəzərdə tutulan assambleyasının keçiriləcəyi ölkə də bəlli oldu. Birlik üzvlərinin yekdil qərarı ilə Türk Dünyası Sığorta Birliyinin növbəti assambleyası 2026-cı ildə Türkiyədə keçiriləcəkdir.
Xatırladaq ki, Türk Dünyası Sığorta Birliyi 2022-ci il mayın 24-də Türkiyənin İstanbul şəhərində keçirilən Beynəlxalq Sığorta Zirvəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistanın sığorta assosiasiyalarının üzvlüyü ilə təsis edilib.
– 2025-ci ilin sığorta icmalından söz açdınız. təhlil etdiniz. Bəs 2026-ci ildə bazar göstəriciləri necə dəyişə bilər?
– Bu gün əminliklə deyə bilərik ki, sığorta sektorumuz davamlı və dayanıqlı böyümə xətti üzrə sağlam addımlarla irəliləyir. Bu böyümə tendensiyasını növbəti dövrlərdə də müşahidə edəcəyimizə inanırıq. Ölkə iqtisadiyyatının va maliyyə sisteminin əsas böyümə və hədəf indikatorlarını müəyyənləşdirən və ölkə başçısı tərəfindən təsdiqlənmiş “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” və “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədlərində sığorta sektorunun böyüməsinə dair hədəf minimumu 10 faiz həcmində müəyyənləşdirilmişdir. Sevinc hissi ilə bildirmək istəyirəm ki, sığorta sektoru olaraq artıq 5-ci ildir ki, biz bu hədəf minimumunu üstələyirik.
Həyata keçirilən davamlı islahatlara və sektorun aktiv fəaliyyət qabiliyyətliliyinə arxalanaraq əminliklə deyə bilərəm ki, 2026-cı ildə də bazar böyüməsi davam edəcək və bu böyümə göstəricisi ən az 10 faiz həcmində özünü göstərə biləcəkdir.
Böyümə istehlakçı artımı deməkdir, böyümə həm də inam deməkdir. Sevinirik ki, artıq vətəndaşlarımız öz risklərinin fərqinə varır, o riskləri sığorta mexanizmi ilə idarə edib xərclərini təminat altına ala bilir. Və artıq vətəndaşlarımız da bu reallığı qəbul edir ki, həyat sığorta ilə rahatdır. Məsələyə qlobal aspektdən yanaşsaq güclü sığorta güclü iqtisadiyyat, güclü iqtisadiyyat isə güclü Azərbaycan deməkdir.
Müsahibəni qələmə aldı:
Nurlan ABDALOV
XQ

