IV Aqrar Startaplar və İnnovasiya Forumu

post-img

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzi ADA Universitetinin kənd təsərrüfatı və qida elmləri fakültəsi ilə birgə IV Aqrar Startaplar və İnnovasiya Forumu təşkil edib. Məclis ADA Universitetinin nəzdində fəaliyyət göstərən İtaliya–Azərbaycan Universitetində keçirilib.

IV Aqrar Startaplar və İnnovasiya Forumunda aqrar startapçıların, akselerasiya və inkubasiya mərkəzlərinin, eləcə də özəl sektor nümayəndələrinin təqdim etdiyi innovativ həll və texnologiya nümunələri sərgilənib.

Sərgidə müxtəlif müsabiqə və yarışların qalibləri, “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində iştirak edən 90-dan çox startapçı 43 innovativ məhsulla təmsil olunub. Eyni zamanda, 20 ali təhsil müəssisəsi, 20-dən artıq akselerasiya və inkubasiya mərkəzi, Kənd Təsərrüfatı Nazirliyinin elmi-təd­qiqat institutları və aqrar sahədə fəaliyyət göstərən özəl şirkətlər məhsul və xidmətlərini təqdim ediblər. Nümayiş olunan layihələr arasında süni intellekt əsaslı suvarma sistemləri, aqrorobot texnologiyaları, torpaq və məhsul monitorinqi həlləri, alternativ enerji və bioyanacaq layihələri, ağıllı istixana sistemləri və rəqəmsal aqrar platformalar yer alıb.

Forumun rəsmi açılış mərasimində çıxış edən ADA Universitetinin rektoru Hafiz Paşayev bildirib ki, ölkəmizdə kənd təsərrüfatına artan marağı nəzərə alaraq, bu sərginin xüsusi əhəmiyyəti var: “ADA Universitetində Kənd təsərrüfatı və qida elmləri fakültəsinin yaradılmasından iki ildən çox vaxt keçir. Bu müddət ərzində fakültənin inkişafında belə təşəbbüs və platformaların rolu əvəzsizdir”. Kənd təsərrüfatı naziri Məcnun Məmmədov bildirib ki, gənclərin aqrar sahəyə marağının artırılması məqsədilə müsabiqələr, hakatonlar və innovativ layihələr həyata keçirilib. 

Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov aqrar sahədə innovasiyaların tətbiqinin strateji əhəmiyyətinə toxunub, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsinin, iqlim dəyişiklikləri fonunda resurslardan səmərəli istifadənin vacibliyinə, süni intellekt əsaslı həllərin tətbiq perspektivlərinə diqqət çəkib. O bildirib ki, forumda iştirak edən startapçılar may ayında keçiriləcək “Caspian Agro 19” Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində öz innovativ həllərini təqdim edəcəklər.

Forum çərçivəsində, həmçinin “Aqrar startaplar ekosisteminin inkişafının perspektivləri” və “İnnovasiyaların formalaşdırılması və tətbiqində bilik və akademiyanın rolu” mövzularında panel müzakirələr keçirilib.

XQ

 

İqtisadiyyat