Azərbaycan – Serbiya iqtisadi münasibətlərində yeni səhifə

post-img

Ölkəmizin Avropada əsas enerji tərəfdaşlarından olan Serbiya ilə iqtisadi əlaqələr getdikcə genişlənir. Azərbaycan qazının fəal alıcısı olan bu ölkə, artıq həm də “yaşıl enerji” tərəfdaşımıza çevrilir. Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 15-də Serbiyaya rəsmi səfəri ölkələrimiz arasında enerji əməkdaşlığının möhkəmləndirilməsi üçün yeni imkanlar yaradır. 

İki ölkə arasında iqtisadi əlaqələrin əsası isə 2010-cu ilin mart ayında “Azərbaycan Respublikası Hökuməti və Serbiya Respublikası Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq haqqında Saziş"in imzalanması ilə qoyulub. 2011-ci ilin iyun ayında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiya yaradılıb. Ötən müddətdə bu qurum ölkələrimiz arasında iqtisadi layihələrin idarə edilməsi istiqamətində mühüm rol oynayıb. 

Həmin il iyunun 8-də Belqradda investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı saziş imzalanıb. 2013-cü ildə Dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamənin imzalanması isə bir çox sahələr kimi, iqtisadi əməkdaşlıq üçün daha geniş hüquqi zəmin yaradıb. Bununla yanaşı, 2018-ci ildə qəbul edilmiş Birgə Fəaliyyət Planı və 2022-ci ildə yaradılmış Strateji Tərəfdaşlıq Şurası da iqtisadi münasibətlərin dərinləşməsinə müstəsna töhfələr verib.

Ümumilikdə, ötən müddətdə ölkələrimiz arasında 57-dək ikitərəfli hüquqi sənəd imzalanmışdısa, fevralın 15-də Belqradda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin iştirakı ilə daha 7 mühüm sənədin mübadiləsi həyata keçirilib. Yeri gəlmişkən, həmin gün Belqradda Azərbaycan və Serbiya arasında Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsi isə iqtisadi əlaqələrin yeni, daha yüksək mərhələyə qədəm qoymasını təsdiqləyir. 

Azərbaycan–Serbiya iqtisadi əməkdaşlığının genişlənməsi fonunda iki ölkə arasında ticarət dövriyyəsi ildən-ilə artıb. Müqayisə üçün qeyd edək ki, 2005-ci ildə ölkələrimiz arasında cəmi 39,1 min dollar həcmində idxal-ixrac əməliyyatları həyata keçirilmişdisə, ticarət və iqtisadi əməkdaşlıq haqqında sazişin icrası nəticəsində 2010-cu ildə bu rəqəm 1 milyon 784,4 min dollara, bir il sonra isə 2 milyon 772,4 milyon dollara çatıb. Uğurlu iqtisadi əməkdaşlığın nəticəsi olaraq ötən il Azərbaycanla Serbiya 135 milyon dollar həcmində idxal-ixrac əməliyyatları həyata keçiriblər.

Son illər ölkələrimiz arasında iqtisadi əməkdaşlıq ticarət, investisiya, infrastruktur layihələri, enerji, sənaye, nəqliyyat və kənd təsərrüfatı istiqamətində uğurla davam edir. Enerji sahəsində əməkdaşlıq isə iqtisadi əlaqələrin əsasını təşkil edir. Elə ölkəmizin hazırda Serbiyanın enerji təhlükəsizliyinin gücləndirilməsinə töhfə verən etibarlı tərəfdaşa çevrilməsi də bunun bariz nümunəsidir. Bu istiqamətdə əməkdaşlığın əsası 2023-cü ildə qoyulub. Xatırladaq ki, həmin il noyabrın 15-də SOCAR və “Srbijagas” şirkəti arasında Azərbaycan qazının Serbiyaya tədarükü haqqında saziş imzalanıb. 

Müqavilə 2024-2026-cı illərdə ölkəmizdən Serbiyaya 2027-ci ildən tədarük həcminin artırılması imkanı ilə ildə 400 milyon kubmetrədək qaz tədarükünü nəzərdə tutur. Azərbaycan qazının Serbiyaya ixracı isə 2024-cü ilin fevralında başlayıb. Həmin il Serbiyaya 12 milyon 984 ABŞ dolları dəyərində 35 milyon 352 min kubmetr qaz tədarük edilib. 

Yeri gəlmişkən, energetika nazirinin müavini Orxan Zeynalov Serbiyanın nüfuzlu “NIN” nəşrinə müsahibəsində bildirib ki, 2026-cı ildən Azərbaycan Serbiyaya qaz tədarükünü ildə 1 milyard kubmetrə qədər artırmağı planlaşdırır. Qərbi Balkanların ən böyük dövləti olan Serbiyanın Bakı tərəfindən regionun əsas qaz, energetika və elektrik enerjisi mərkəzi kimi nəzərdən keçirildiyini diqqətə çatdıran nazir müavini deyib ki, hazırda bu ölkənin 2,63 milyard kubmetr illik qaz istehlakının, təxminən, 2,2 milyard kubmetri idxal edilir. Onun sözlərinə görə, yeni layihə çərçivəsində Azərbaycan bu ölkənin daxili qaz bazarının 20 faizini tuta biləcək ki, bu da birbaşa tədarük mənbələrinin diversifikasiyasına – energetika təhlükəsizliyinin əsas elementlərindən birinə kömək edən son dərəcə mühüm addımdır. 

Artıq dost və strateji tərəfdaşlar arasında enerji sahəsində əməkdaşlıq yeni mərhələyə qədəm qoyub. Məlum olduğu kimi, Prezident İlham Əliyevin Serbiyaya səfəri zamanı həmkarı Aleksandar Vuçiçlə görüşdə bu ölkədə yeni elektrik stansiyasın tikintisi barədə qərar qəbul edilib. Bunun nəticəsi olaraq  “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında Serbiya Respublikasında qaz-turbin elektrik stansiyasının layihələndirilməsi, tikintisi və idarə olunması haqqında Saziş” imzalanıb. 

Dövlət başçılarının mətbuata verdikləri bəyanatda da bu mühüm məqamın üzərində geniş dayanılıb. Dünyada elektrik enerjisinə artan tələbatı nəzərə alaraq Serbiyanın daha çox enerji istehsal etmək niyyətində olduğunu və bu prosesi Azərbaycanla birlikdə həyata keçirəcəyini diqqətə çatdıran Prezident Aleksandar Vuçiç deyib: “Ən mühüm mövzulardan biri də o faktla bağlıdır ki, qarşımızda elektrik enerjisi dövrü başlayıb. Mən Prezident Əliyevdən xahiş etdim ki, bu layihədə bizə yardım göstərmək üçün şəxsən iştirak etsin. Belə olarsa, biz işləri daha sürətlə bitirə bilərik”. 

O deyib ki, Azərbaycanın Serbiya ilə birgə inşa edəcəyi 500 meqavatlıq stansiyanın tikintisi 2 il çəkəcək və 2029-cu ilə qədər işə düşəcək. Tikintiyə nəzarətin Azərbaycan şirkətləri tərəfindən həyata keçiriləcəyini bildirən Prezident Aleksandar Vuçiçin sözlərinə görə, Serbiya şirkətləri də işlərə qoşulacaq və hər iki tərəf 50 faizlə işləyəcək. Yeri gəlmişkən, Serbiyanın Niş şəhəri yaxınlığında qazla işləyən istilik elektrik stansiyası layihəsi Azərbaycan Dövlət Neft Şirkətinin bu ölkədə ilk böyük birgə layihəsi olacaq.

Serbiya Prezidenti Azərbaycanın elek­trik enerjisi istehsalında böyük təcrübəsini xatırladaraq bildirib ki, gələcəkdə biz daha çox qazla işləyən elektrik enerjisi stansiyalarını tikməliyik və burada kiçik modul tipli reaktorlar quraşdırılacaq. Azərbaycanın elektrik enerjisi istehsalında zəngin təcrübəyə malik olduğunu vurğalayaraq 2 illik müddətdə ölkəmizdə yaradılmış 1890 meqavatlıq ümumi enerji istehsalı gücünü heyrətamiz nəticə kimi dəyərləndirib. O, Azərbaycanda istehsal olunacaq elektrik enerjisinin də idxal ediləcəyini və bu barədə razılaşmalar əldə edildiyini bildirib. 

Prezident İlham Əliyev isə bəyanatında ölkələrimiz arasında energetika sahəsində əlaqələrinin hazırda çoxşaxəli formatda inkişaf etdiyini diqqətə çatdırıb. Azərbaycanın Serbiyaya yatırım edib elektrik stansiyasının tikməsini bu ölkədəki investisiya mühiti ilə bağlı olduğunu vurğulayan dövlət başçısının sözlərinə görə, əgər investisiya iqlimi müsbət olmasaydı, Serbiya xarici investorlar üçün o qədər də cəlbedici olmazdı. Məhz aparılan islahatlar nəticəsində bir çox ölkələr, o cümlədən Azərbaycan Serbiyaya böyük həcmdə sərmayə qoymağa hazırdır.

Bu ölkədə inşa ediləcək yeni elektrik stansiyasının Azərbaycan qazı ilə işləyəcəyini və hasil olunan enerjinin xaricə də ixrac olunacağını diqqətə çatdıran dövlətimizin başçısı deyib ki, Serbiya ixrac ediləcək qazı da elektrik enerjisinə çevirərək təmiz elektrikin əldə edilməsinə nail olacaq. Bu isə həm Serbiya bazarı üçün və gələcəkdə ixrac üçün də imkanlar yaradacaq. 

Hazırda Azərbaycanın energetika sahəsində ixrac potensialının 2 giqavata bərabər olduğunu vurğulayan Prezident İlham Əliyev ölkəmizin bu sahədə də Serbiya ilə əməkdaşlıq etməyə hazır olduğunu bildirib. Onun sözlərinə görə, Azərbaycan artıq öz ehtiyaclarından çox enerji istehsal edir və bunu xaricə ixrac etmək planları var. “Biz 2032-ci ilə qədər əlavə 8 giqavat enerji gücünü əldə edəcəyik və bunun böyük hissəsi ixraca gedəcək. Bunun üçün bizim yeni və daha genişhəcmli transmissiya imkanlarımız olmalıdır. Çünki bizim əsas ixrac istiqamətimiz Avropa məkanıdır”, –deyə Prezident İlham Əliyev əlavə edib.

Qeyd etdiyimiz kimi, son illər Azərbaycan və Serbiya iqtisadiyyatın bir çox sahələrində, o cümlədən kənd təsərrüfatı üzrə də fəal əməkdaşlıq edirlər. Prezident İlham Əliyevin Serbiyaya növbəti səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Serbiya Respublikası Hökuməti arasında qida təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş” isə bu sahədə əlaqələrin daha da genişlənməsinə imkan yaradacaq. 

Təsadüfi deyil ki, Serbiya Prezidenti mətbuata bəyanatında kənd təsərrüfatı sahəsində də bir çox mübadilələrin baş verə biləcəyinə ümidvar olduğunu bildirərək Azərbaycanın Zirə bölgəsindən ixrac edilən kənd təsərrüfatı məhsullarının çox dadlı və ləziz olduğunu diqqətə çatdırıb. Prezident Azərbaycandan ölkəsinə xüsusi endirimlə məhsullar ixrac olunduğunu vurğulayaraq bunu müsbət amil kimi dəyərləndirib. O, həmçinin ölkəsinin də Azərbaycana təklif edəcəyi çox məhsulların olduğunu vurğulayıb.

Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat