Tarixi irsimizin mötəbər saxlancı

post-img

Tarix hər bir xalqın özünü yaşatması və təsdiq etməsi üçün ən böyük elmi və mənəvi qaladır. Milli Azərbaycan Tarixi Muzeyi isə bu qalanın möhkəm özülü və zəngin yaddaş xəzinəsidir. Memarlıq tariximizin incilərindən olan Hacı Zeynalabdin Tağıyevin mülkündə yaradılmış bu misilsiz saxlanc mənəvi irsimizi qoruyub öyrənən və tanıdan elm və mədəniyyət ocağıdır.

Bu gün muzeyşünaslığın qarşısında dayanan ən böyük dilemma bəllidir: Akademik mühafizəkarlıqla rəqəmsal dünyanın dinamikası arasındakı uçurumu necə aradan qaldırmalı? Muzey gənc nəsil üçün interaktiv məkana çevrilməyi bacarırmı?

Azərbaycanın mədəni irsi onilliklər boyu ideoloji manipulyasiyalara və qonşu dövlətlərin “mədəni ekspansiya” cəhdlərinə hədəf olmuşdur. İndi muzey fondlarında qorunan eksponatlar isə milli mənsubiyyət pasportumuzdur. Bəs biz onları qlobal arenada tariximizin hüquqi sübutu kimi təqdim edə bilirikmi?

Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı ilə söhbətimiz bu barədədir.

– Nailə xanım, Milli Azərbaycan Tarixi Muzeyi xalqımızın maddi-mənəvi irsinin mühafizə olunduğu mötəbər məkanlardandır. İstərdim söhbətimizə elə buradan başlayaq.

– Doğrudur, Milli Azərbaycan Tarixi Muzeyi xalqımızın maddi və mənəvi irsinin qorunduğu məbəddir. Burada hər bir eksponat tariximizin, keçmişimizin səsidir. Bizim ali missiyamız isə keçmişin işığı ilə gələcək nəsillərin yolunu aydınlatmaqdır. Muzeyimizə qədəm qoyan hər kəs sanki fərqli dünyaya daxil olur. Xüsusilə, xarici ziyarətçilər üçün bura Azərbaycanın milli kimliyini təsdiq edən ən mötəbər vəsiqədir. Vəzifəmiz onlara xalqımızın qədim, zəngin mədəniyyətə sahib olduğunu dolğun, aydın və təsirli dillə çatdırmaqdır.

Bizim üçün ən böyük mükafat gənclərdə maraq yaratmaqdır. Gənclər əcdadlarımız haqqında məlumatları dərsliklərdən, müxtəlif mənbələrdən oxuyanda o qədər də effekt verməyə bilər. Lakin həmin dövrün əmək alətlərini öz gözləri ilə gördükdə tarixi materialları birbaşa müşahidə və ya analiz edir, vizual və praktik təqdimatlar onlarda milli qürur hissi oyadır. Ona görə də məqsədimiz gəncləri həm keçmişlə tanış etmək, həm də onlarda tarixi təfəkkür və milli mənlik şüuru formalaşdırmaqdır. Sevindirici haldır ki, bu gün gənc nəslin muzeyə marağı kifayət qədər çoxdur. Mən bunu böyük nailiyyət hesab edirəm, çünki onlar öz təşəbbüslərilə muzeyə gəlir, tariximizi öyrənmək istəyirlər.

– Tarixin müxtəlif dövrlərində mədəni sərvətlərimiz talan edilib, bəziləri isə dünya muzeylərində nümayiş olunur. Onların geri qaytarılması prosesi beynəlxalq hüquq, dövlət siyasəti və qlobal mədəni-siyasi məhdudiyyətlər baxımından necə tənzimlənir?

– Ümumiyyətlə, Azərbaycanın maddi mədəniyyət nümunələrinin dünya muzeylərində olması məsələsi müasir tarix elminin və mədəniyyət diplomatiyasının ən mürəkkəb mövzularındandır. Bu, XIX-XX əsrlərdə regionda cərəyan edən geosiyasi dəyişikliklərin, arxeoloji ekspansiyaların və mədəni kolonializm siyasətinin nəticəsidir.

Təsəvvür edin, dünyanın ən böyük meqapolislərində – Parisin mərkəzində, Londonun dumanlı küçələrində və ya Nyu-Yorkun səs-küylü prospektlərində Azərbaycanın mədəni ruhu yaşayır. Soyuq mərmər salonlarda, şüşə vitrinlərin arxasında sükutla dayanan eksponatlar öz keçmişindən qürurla “bəhs” edir. Bəs bu hadisələr necə cərəyan edib?

XIX əsrin ikinci yarısı Azərbaycan üçün yalnız sənaye inqilabı dövrü deyildi, eyni zamanda, ölkədə arxeoloji tədqiqatların genişləndiyi mərhələ idi. Bu dövrdə yerli torpaqların arxeoloji potensialı sistemli şəkildə öyrənilməyə başlanmış, xüsusilə Gədəbəy və ətraf ərazilərdə aparılan qazıntılar nəticəsində tunc dövrünə aid unikal artefaktlar aşkar edilmişdir. Gədəbəydə fəaliyyət göstərən alman sahibkarları Siemens qardaşları mis mədənlərini işlətməklə kifayətlənməyib, bölgənin arxeoloji potensialını da sistemli şəkildə araşdırmağa başladılar.

Tədqiqatlar nəticəsində Xocalı–Gədəbəy mədəniyyətinə aid artefaktlar üzə çıxarıldı və Azərbaycanın tunc dövrü haqqında yeni məlumatlar əldə edildi. Lakin aparılan qazıntılar zamanı tapılan minlərlə eksponat — qədim silahlar, zərgərlik nümunələri və bütlər “elmi tədqiqat” adı altında Berlin Etnoqrafiya Muzeyinə və Rusiya imperiyasının mərkəzi muzey fondlarına aparıldı.

Həmin dövrdə Azərbaycanın vahid dövlət mexanizmi və mədəniyyət qanunvericiliyi yox idi. Bu boşluq “arxeoloji kolonializm” üçün münbit şərait yaratdı. Çar Rusiyasının elmi cəmiyyətləri Azərbaycan torpaqlarını sanki “sahibsiz xəzinə” kimi qiymətləndirir və paleolitdən antik dövrə qədər olan ən nadir tapıntıları yerli əhalinin xəbəri olmadan muzey fondlarına hədiyyə edir və ya satırdılar. Nəticədə Azərbaycanın qədim mədəni irsi dünyanın aparıcı muzeylərində nümayiş etdirilməyə başladı.

İndi də Luvrda, Ermitajda, Metropoliten muzeyində və eləcə də dünyanın digər muzeylərində Azərbaycana aid eksponatlar çoxluq təşkil edir. Bu əşyaların geri qaytarılması isə demək olar ki, qeyri-mümkündür. Mədəni sərvətlərin qanunsuz dövriyyəsinə dair ən əsas sənəd olan UNESCO-nun 1970-ci il Konvensiyası yalnız qəbul edildiyi tarixdən sonrakı halları tənzimləyir. Azərbaycanın xarici muzeylərdəki əksər eksponatları isə XIX əsrdə və XX əsrin əvvəllərində — yəni hüquqi çərçivənin mövcud olmadığı bir dövrdə ölkədən çıxarılmışdır. Bu, həmin əşyaların geri qaytarılması üçün birbaşa beynəlxalq hüquqi mexanizmin olmaması deməkdir.

Digər tərəfdən, bir çox Qərb dövlətlərinin daxili qanunvericiliyi dövlət muzeylərindəki eksponatların fonddan çıxarılmasını qəti şəkildə qadağan edir. Məsələn, Böyük Britaniyanın “Britaniya Muzeyi Aktı” və ya Fransanın bənzər hüquqi aktları eksponatı geri qaytarmağa icazə vermir, çünki həmin əşyalar dövlət mülkiyyəti və milli miras hesab olunur. Bundan əlavə, əşyanın mənşə tarixçəsinin hüquqi sənədləşdirilməsi məsələsi də böyük əhəmiyyət kəsb edir. Bir eksponatın 150 il əvvəl hansı şəraitdə — hədiyyə, rəsmi icazəli qazıntı, yoxsa qanunsuz talan yolu ilə aparıldığını sübut edən sənədlərin yoxluğu hüquqi iddia qaldırmağa imkan vermir.

Hüquqi baxımdan “dövlət varisliyi” məsələsi də prosesi mürəkkəbləşdirir. Bir çox eksponat Azərbaycan çar imperiyasının və ya SSRİ-nin tərkibində olduğu dövrdə mərkəzi muzeylərə aparılmışdır. Həmin dövrdə bu proses ölkədaxili mülkiyyət bölgüsü hesab olunduğu üçün bu gün müstəqil dövlətlər arasında bu əşyaların statusu beynəlxalq qaçaqmalçılıq kimi deyil, imperiya mirasının bölüşdürülməsi kimi qiymətləndirilir ki, bu da tamamilə fərqli və daha çətin hüquqi müstəvidir.

Əgər hansısa eksponat muzeydən gizli yollarla çıxarılıbsa və bu sübuta yetirilirsə, əlbəttə ki, onu geri tələb etmək hüququmuz var. Eləcə də xarici vətəndaşın ölkəmizdə antik əşyalar satılan dükanlardan hansısa qiymətli əşyanı əldə edib aparması hüquqi baxımdan mümkündür. Belə hallarda, əgər söhbət qanunvericiliyin tələblərini pozmayan alqı-satqıdan gedirsə, həmin əşya alıcının şəxsi mülkiyyəti hesab olunur və yenə də onu qaytarmaq qeyri-mümkündür.

Prezident İlham Əliyev milli mədəniyyət və tarixi irsimizin qorunmasına böyük diqqət göstərir. Məsələn, ölkə rəhbərliyi 2014-cü ildə erkən orta əsrlərə aid saxsı qabı muzeyə bağışlayıb. Bu eksponat 1930-cu illərdə Xəzər dənizinin Bakı ətrafı sahillərində aparılan sualtı arxeoloji ekspedisiya zamanı tapılıb və 29 sentyabr 2024-cü ildə Həştərxanda keçirilən Xəzəryanı Ölkələrin Dövlət Başçılarının IV sammiti zamanı Rusiya Prezidenti Vladimir Putin tərəfindən Azərbaycan Respublikasının Prezidentinə təqdim edilib.

Dövlət başçısının tapşırığı ilə muzeyə hədiyyə edilən materiallar arasında ulu öndər Heydər Əliyevə Sosialist Əməyi Qəhrəmanı adının verilməsi münasibətilə o vaxt Leninqrad Vilayətinin rəhbəri olmuş Qriqori Romanovun ünvanladığı teleqramın surəti, Rus İmperator Ordusunda yeganə müsəlman general-adyutant olmuş, süvari alayının leyb-qvardiyasının komandiri Hüseyn xan Naxçıvanskinin və imperator ailəsinin üzvlərinin Süvari alayının leyb-qvardiyasının paradı zamanı (1909-cu il) çəkilmiş fotonun surəti, Peterburq Konservatoriyasının məzunu Üzeyir Hacıbəylinin şəxsi işinin surəti yer alır. Həmin materialları 3 aprel 2024-cü ildə Sankt-Peterburq şəhərinin qubernatoru Aleksandr Beqlov Azərbaycan Prezidenti İlham Əliyevə rəsmi görüş zamanı təqdim edib.

Onu da bildirim ki, xaricdə yaşayan azərbaycanlılar müxtəlif beynəlxalq auksionlarda satışa çıxarılan Azərbaycan mənşəli mədəni nümunələri imkanları daxilində alaraq yenidən ölkəyə qaytarırlar. Məsələn, 2024-cü ilin oktyabr ayında Şah İsmayıl Xətainin imzasını daşıyan bir fərman İngiltərənin məşhur “Christie’s” hərracında Azərbaycan vətəndaşı tərəfindən alınaraq Milli Azərbaycan Tarixi Muzeyinə hədiyyə edilib və hazırda daimi ekspozisiyada nümayiş olunur. Sənəd Şah İsmayıl Xətai tərəfindən 1508-ci il iyulun 4-də (hicri-qəməri təqvimi ilə 914-cü il səfər ayının 25-i) imzalanıb. Fərman fars dilində, “qara şikəstə” üslubu ilə yazılıb və Xətainin möhürü ilə təsdiqlənib. Bu üslubda yazılar sıx və bitişik olub, əsasən şah fərmanları və rəsmi sənədlər üçün istifadə edilirdi.

Oxşar hal Azərbaycan Xalq Cümhuriyyəti dövrünə aid tarixi sənədlərlə bağlı da müşahidə olunub. Məlumdur ki, 1919-cu ildə Azərbaycan nümayəndə heyətinin üzvləri – Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və Ceyhun bəy Hacıbəyli Fransada olarkən İstiqlal Bəyannaməsinin fransız dilində, köhnə əlifba ilə tərtib edilmiş nüsxəsini təqdim edib. Sonradan bu sənəd ölkəyə qaytarılaraq muzey fonduna daxil edilib və hazırda ekspozisiyada nümayiş olunur. Belə nümunələr göstərir ki, şəxsi təşəbbüs və milli məsuliyyət hissi mədəni irsin qorunmasında mühüm rol oynayır.

Bununla yanaşı, əgər artefaktlar hər hansı tarixi və ya mədəni müharibə, işğal və ya zorakı yollarla ölkədən çıxarılıbsa, bu halda artıq hüquqi və mənəvi məsuliyyət məsələsi ortaya çıxır. Xüsusilə, XIX əsrin sonu, XX əsrin əvvəllərində Rusiyanın Qafqazı işğalı zamanı Azərbaycan xanlıqlarına qarşı aparılan hərbi əməliyyatlar nəticəsində bayraqlar, rəmzlər və digər tarixi əşyalar döyüş meydanlarından qənimət kimi götürülüb. Tarixdə də məlumdur ki, bu müharibələr Rusiyanın apardığı ən uzunmüddətli və ən ağır hərbi əməliyyatlar olub.

Qafqaz uğrunda davam edən müharibələr zamanı bu əşyaların əksəriyyəti qənimət kimi götürülərək xüsusi yaradılmış muzey fondlarında toplanmışdı. Həmin muzey Tiflisdə yerləşirdi. Təsadüfi deyil ki, o dövrdə Tiflis bütün Zaqafqaziyanın inzibati və mədəni mərkəzi hesab olunurdu. Lakin Rusiya imperiyasının süqutundan sonra bu muzey də fəaliyyətini dayandırdı.

Daha sonra sovet hakimiyyəti dövründə ümumilikdə muzey fondlarına dair xüsusi bir qərar qəbul edildi. Qərara əsasən, muzeylərdə saxlanılan eksponatlar mənsub olduqları respublikalara geri qaytarılmalı idi. Qeyd etmək lazımdır ki, bu da elə son qaytarılma prosesi oldu və 1920-ci ildən sonrakı eksponatlar geri qaytarılmadı.

Həmin mərhələdə Azərbaycanda ilk dəfə Azərbaycan Parlamentinin fəaliyyətə başlamasının bir illiyi münasibətilə 1919-cu ildə İstiqlal Muzeyi yaradıldı. Lakin Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra muzeyin fəaliyyəti dayandı. Bununla belə, sovet hakimiyyəti dövründə bu sahədə müəyyən strukturlaşma prosesi başlandı və yeni muzeyin əsası qoyuldu. 1920-ci il iyunun 15-də yaradılan muzey bugünkü Azərbaycan Tarixi Muzeyinin formalaşmasının başlanğıcı hesab olunur.

– Ölkəmizdəki xarici dövlətlərə aid eksponatlar Azərbaycanın beynəlxalq əlaqələr tarixini necə sənədləşdirir?

– Milli Azərbaycan Tarixi Muzeyində həm də bəşər tarixinin fərqli sivilizasiyalarına aid izlər qorunur. Sərgi salonlarında qarşımıza çıxan və mənşə etibarilə yad coğrafiyalara aid olan eksponatların mövcudluğu bir neçə mühüm tarixi və hüquqi amillə əlaqədardır. Burada memorial-xatirə əşyaları şöbəsi böyük maraq doğurur. Oradakı əşyaların mühüm bir hissəsi müxtəlif dövrlərdə ölkəmizə səfər etmiş xarici nümayəndə heyətlərinin təqdim etdiyi rəsmi hədiyyələrdir.

Muzeyimizdə Misir, Mesopotamiya, Assuriya və Sasani dövlətlərinə aid artefaktlara da rast gəlmək mümkündür. Bu tapıntılar xaricdən gətirilməyib, bilavasitə Azərbaycan ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar edilib. Azərbaycan tarix boyu qlobal ticarətin mərkəzində – Böyük İpək Yolunun kəsişməsində yerləşib. Tacirlərin gətirdiyi silahlar, bəzək əşyaları və məişət nümunələri zamanla maddi irsimizin ayrılmaz parçasına çevrilib. Yəni hər bir “yad” eksponat, əslində Azərbaycanın dünya sivilizasiyaları ilə qurduğu çoxəsrlik bağların sənədli sübutudur.

Sözsüz ki, biz uzaq diyarlarda qalan tarixi incilərimizi, məsələn, Britaniyada Viktoriya və Albert Muzeyində saxlanılan möhtəşəm Şeyx Səfi xalçasını və yaxud Türkiyə də daxil olmaqla müxtəlif ölkələrdə qalan Səfəvilər dövlətinə, Şah İsmayıla, Uzun Həsənə və digər tarixi şəxsiyyətlərə aid geyimləri, silahları və sənədləri tələb edə bilmiriksə, eyni qayda xarici dövlətlər üçün də keçərlidir.

Bununla belə, mədəni irsin təqdimatı yalnız geri qaytarılma ilə məhdudlaşmır. Müasir muzeyçilik praktikasında beynəlxalq sərgilər mühüm rol oynayır. Hazırda Xalça Muzeyi, İncəsənət Muzeyi, Tarix Muzeyi Heydər Əliyev Fondunun təşkilatçılığı ilə keçirilən tədbirlər çərçivəsində xarici ölkələrdə saxlanılan Azərbaycan mənşəli eksponatlar xüsusi razılaşmalar əsasında ölkəyə gətirilərək nümayiş etdirilir.

Eyni zamanda, həmin eksponatların müvəqqəti nümayişi ilə paralel olaraq onların elmi əsaslı replikaları, mulajları və müasir texnologiyalar vasitəsilə hazırlanmış holoqramları da yaradılır. Bu üsul orijinal eksponatla vizual baxımdan eyni təsiri yaradır və mədəni irsin geniş auditoriyaya çatdırılmasına imkan verir.

– Beynəlxalq sərgilərdə eksponatlar üzərindəki yazılar və toponimlər hansı gizli və ya yanlış faktları üzə çıxarır?

– Azərbaycan muzeylərinin xarici ölkə muzeyləri ilə əməkdaşlığı uzunmüddətli və sistemli xarakter daşıyır. Müxtəlif illərdə Norveç, Vatikan, Praqa, Bratislava və digər Avropa şəhərlərində Azərbaycan mədəni irsinə həsr olunmuş sərgilər təşkil olunur. Hazırda isə Macarıstanın Tarix Muzeyində keçirilən sərgi çərçivəsində Azərbaycana aid eramızın əvvəllərinə təsadüf edən nadir qızıl zinət əşyası nümayiş etdirilir və bu eksponatın altı ay müddətində ictimaiyyətə təqdim olunması nəzərdə tutulur.

Müxtəlif xarici ölkələrin muzey kolleksiyalarından seçilmiş eksponatlar da Azərbaycanda nümayiş etdirilib. Məsələn, Çexiyanın “Süleyman Daşı”na aid sərgisi, Türkiyənin müvafiq muzey qurumları ilə birgə təşkil olunmuş ekspozisiyalar, eləcə də Qazaxıstana aid “Qızıl adam” sərgisi bu qəbildəndir və geniş ictimai maraq doğurub.

Birgə sərgilər çərçivəsində aparılan elmi araşdırmalar bəzən mühüm kəşflərə də yol açır. Praqada keçirilən sərgi zamanı Çexiya muzeylərində saxlanılan, lakin mənşəyi düzgün müəyyən edilməmiş bir sıra eksponatların Azərbaycana aid olduğu aşkar edilib. Bu əşyalar əvvəlki təsnifatlarda başqa mədəniyyətlərə, xüsusilə İran dövlətinə aid edilsə də, üzərlərindəki yazılar, toponimlər və üslub xüsusiyyətləri əsasında onların Azərbaycan mənşəli olduğu elmi şəkildə sübuta yetirilib. Nəticədə həmin eksponatlar sərgi kataloqunda artıq Azərbaycan mədəni irsi nümunələri kimi təqdim olunub.

Bu cür identifikasiya prosesi xüsusilə silah nümunələri və xalçalar üzərində daha aydın şəkildə aparılır. Silahların üzərindəki yazılar, istehsal yerlərini göstərən toponimlər – Təbriz, Şamaxı, Şirvan kimi adlar onların mənsubiyyətini dəqiq müəyyən etməyə imkan verir. Eyni yanaşma xalçalar üçün də keçərlidir. Azərbaycan xalça məktəblərinin formalaşmış üslub xüsusiyyətləri bu nümunələrin hansı mədəni mühitə aid olduğunu aydın şəkildə ortaya qoyur.

– Son illərdə sərgilərin təşkilinin bir qədər çətinləşməsi nə ilə bağlıdır? Sərgilərin davamlı keçirilməsinə nə kömək edə bilər?

– Sərgilərin təşkili muzey üçün həm mədəni, həm də maddi baxımdan vacibdir. Son illərdə bu proses bir qədər çətinləşsə də, ümid edirəm ki, vəziyyət düzələcək. Əvvəllər böyük sərgiləri təşkil etmək daha asan idi, bu gün faktiki olaraq muzey öz gücünə çoxsaylı foto və etnoqrafik sərgilər həyata keçirir.

Azərbaycanda arxeoloqların tapıntıları muzeyin ekspozisiyasında nümayiş olunur. Bu materiallar, xüsusilə İslamdan əvvəlki dövrə aid maddi irs nümunələri ziyarətçilərdə böyük maraq doğurur. Çünki o dövrdə insanlar dəfn olunan zaman əşyaları da onlarla birgə məzara qoyulurdu. Lakin islam dininin yayılmasından sonrakı dövrə aid eksponatlar isə nisbətən azdır.

Bundan başqa, muzey eksponatları müxtəlif yollarla, o cümlədən antik malların satışı ilə də əldə olunur. Yerli əhalidən, antik mağazalardan alınan etnoqrafik materiallar muzey kolleksiyasına əlavə olunur.

Mədəniyyətimizin davamlılığını təmin edən ən mühüm amillərdən biri isə vəsiyyət və bağışlanma ənənəsidir. Vaxtilə ölkənin nüfuzlu ailələri, ziyalı nəsilləri öz şəxsi arxivlərini — nadir sənədləri, əlyazmaları və nəsildən-nəslə ötürülən ailə yadigarını təmənnasız olaraq muzeylərə təqdim edirdilər.

– Milli Azərbaycan Tarixi Muzeyinin gələcək fəaliyyət planında hansı hədəflər müəyyən olunub?

– Gələcək planlardan biri şəhərin mərkəzində geniş bir parkda möhtəşəm muzey binasının inşasıdır. Bu yeni bina sayəsində 300 mindən artıq material, bəlkə də tarixi əhəmiyyət daşıyan milyonlarla eksponat nümayiş oluna bilər. Məqsədimiz, gələn ziyarətçilərə göstərməkdir ki, Azərbaycan həm zəngin tarixə, həm də dərin mədəniyyətə sahib ölkədir və bunu dünyaya çatdırmaq vacibdir.

Muzey kolleksiyasında saxlanılan bayraqlar və digər nadir eksponatlar da xüsusi diqqət tələb edir. Məsələn, bir neçə il öncə Azərbaycan xanlıqlarına aid bayraqlar yenidən bərpa edilmişdi. Bu bayraqlar, o dövrün fotoşəkilləri və sənədləri ilə müqayisədə yaxşı vəziyyətdə qorunub saxlanılıb.

Eksponatların bərpası, konservasiyası və qorunması, eləcə də rəqəmsallaşması çox çətin və maliyyə tələb edən işdir. Amma AMEA ilə əməkdaşlıq çərçivəsində hər dövrə aid kataloqlar nəşr edirik. Bu kataloqlarda yalnız arxeoloji qazıntılardan əldə olunan eksponatlar deyil, həm də etnoqrafik materiallar və nadir sənədlər əks olunur. Hər bir kataloq konkret dövrün tarixini və mədəniyyətini əks etdirir, eksponatların mənşəyi, aid olduğu əsr və nümayiş olunduğu yer dəqiqliklə göstərilir.

Bu, həm elmi, həm də praktiki baxımdan vacibdir, çünki gələcək nəsillərə Azərbaycanın zəngin mədəni irsini çatdırmaq üçün əsas mənbə rolunu oynayır. Biz keçmişin işığında gələcəyə yol tapan xalqın övladlarıyıq və bu işıq hər zaman sabahımıza yol göstərəcək.

– Milli irs nümunələrimizin qorunması, tədqiqi və dünyada tanıdılmasında rəhbərlik etdiyiniz kollektivə yeni uğurlar diləyirik.

Müsahibəni qələmə aldı:
Fidan ƏLİYEVA
XQ



Müsahibə