Müsahibimiz Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədovdur
– KOBİA-nın əsas missiyası mikro, kiçik və orta sahibkarlığın inkişafına kömək olmaqla yanaşı, onlara göstərilən dövlət dəstəyinin tənzimlənməsidir. Agentlik sahibkarlıq mühitində hansı əsas institusional dəyişikliklərə və yeni yanaşmalara yol açıb?
– Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ölkədə mikro, kiçik və orta biznesin (KOB) inkişafına yanaşmada keyfiyyətcə yeni mərhələnin əsasını qoyub. İlk növbədə, KOB-lara göstərilən dövlət dəstəyinin və xidmətlərin vahid strategiya və koordinasiyalı həyata keçirilməsi təmin olunub. Bu, sahibkarların dövlət qurumları ilə münasibətlərində daha çevik, şəffaf və nəticəyönümlü mexanizmlərin formalaşmasına şərait yaradıb. Agentliyin fəaliyyəti nəticəsində biznes mühitində “sahibkar mərkəzli” yanaşma gücləndirilib, dövlət–biznes dialoqu institusional əsasda qurulub.
KOB-ların ehtiyaclarının yerində öyrənilməsi, qarşılaşdıqları çətinliklərin operativ həlli, eləcə də normativ-hüquqi təşəbbüslərin hazırlanmasında KOB-ların rəyinin nəzərə alınması tədbirləri genişləndirilib.
Eyni zamanda, KOB evləri və KOB dostu şəbəkəsi vasitəsilə dövlət xidmətlərinə çıxış genişləndirilib və asanlaşdırılıb, regionlarda sahibkarlar üçün birbaşa və praktiki dəstək mexanizmləri yaradılıb. Qrant dəstəyi, daxili bazar araşdırması, sərgi və ticarət şəbəkələrinə çıxış, “Startap” şəhadətnaməsi, ödənişsiz təlim və məsləhət xidmətləri və s. bu mexanizmlər sırasındadır.
Bu tədbirlər KOB sektorunun iqtisadi göstəricilərinə də müsbət təsir göstərib. 2024-cü ildə KOB-ların əlavə dəyərdə payı 18,5 faiz olub və qeyri-neft sektorunda bu göstərici 27,4 faizə çatıb, KOB-ların məşğulluqda payı 44,3 faiz, cəmi dövriyyəsi isə 48,1 milyard manat təşkil edib.
Ümumilikdə, KOBİA-nın fəaliyyəti KOB subyektlərinə göstərilən dövlət dəstəyinin sistemli, ölçülə bilən və davamlı şəkildə təşkilinə imkan yaradaraq, sahibkarlığın inkişafında institusional dayanıqlığı gücləndirib.
– Avropa İttifaqının dəstəyi ilə hazırlanmış Azərbaycan üzrə biznes mühiti hesabatında KOBİA-nın dövlət qurumları arasında səmərəlilik baxımından ilk sırada göstərilir. Bu nəticə agentliyin bir qurum olaraq inkişafında necə rol oynayıb? Fəaliyyətinizdə hansı amillər həlledici rol oynayıb?
– Bu nəticəni, ilk növbədə, KOBİA-nın institusional inkişaf strategiyasının düzgün qurulması ilə əlaqələndiririk. “Avropa İttifaqı biznes mühiti hesabatı: Azərbaycan 2024”də Avropa şirkətlərinin yerli islahatlarda irəliləyişə dair baxışlarına əsaslanan sorğunun nəticələrinə görə KOBİA-nın üç ən effektiv dövlət qurumundan biri kimi qiymətləndirilməsi Agentliyin sahibkaryönümlü fəaliyyət modelinin praktik nəticəsidir. Əsas institusional nailiyyətlərdən biri KOB-ların real ehtiyaclarına əsaslanan dəstək mexanizmlərinin formalaşdırılmasıdır. Hesabatda KOB-ların dəstəklənməsi sahəsində dövlətin dəstək alətləri, o cümlədən KOBİA-nın KOB evləri, KOB dostu ofisləri və KOB inkişaf mərkəzləri kimi mexanizmlərinə xüsusi yer verilməsi bu yanaşmanın effektivliyini təsdiqləyir.
Yüksək səmərəliliyin təmin olunmasında isə bir neçə əsas idarəetmə mexanizmi həlledici rol oynayıb. Bunlara qərarların qəbulu zamanı məlumat əsaslı yanaşmanın tətbiqi, göstərilən xidmətlərin effektivliyinin davamlı monitorinqi, eləcə də sahibkar məmnunluğunun əsas qiymətləndirmə meyarı kimi müəyyən edilməsi daxildir. Bu yanaşma resurslardan daha səmərəli istifadəyə və institusional çevikliyin qorunmasına imkan yaradır.
Eyni zamanda, dövlət–özəl sektor əməkdaşlığının genişləndirilməsi, proseslərin rəqəmsallaşdırılması, daxili idarəetmədə şəffaflıq və hesabatlılıq prinsiplərinin tətbiqi səmərəliliyin yüksəlməsində mühüm rol oynayıb. KOB evləri və KOB dostu şəbəkəsi vasitəsilə xidmətlərin sahibkarlara operativ şəkildə çatdırılması da bu nəticələrə ciddi töhfə verib.
Ümumilikdə, hesabat üzrə KOBİA-nın əldə etdiyi nəticə institusional dayanıqlığın, peşəkar kadr potensialının və sahibkaryönümlü idarəetmə modelinin praktik təsdiqidir və bu istiqamətdə tədbirlərin ardıcıl şəkildə davam etdirilməsi əsas prioritetlərimizdəndir.
– KOB dostu şəbəkəsi regionlarda sahibkarlarla birbaşa təmas mexanizmi kimi mühüm rol oynayır. Bu şəbəkənin fəaliyyəti necə qurulub və KOB dostları sahibkarlara praktik olaraq hansı dəstək və xidmətləri təqdim edirlər?
– KOB dostu şəbəkəsi KOBİA-nın xüsusilə regionlarda sahibkarlarla birbaşa ünsiyyət və operativ dəstək mexanizmi kimi formalaşdırdığı əsas strateji təşəbbüslərdən biridir. Hazırda ölkənin, təxminən, 50 şəhər və rayonunda fəaliyyət göstərən KOB dostu ofisləri Agentliyin regionlardakı fəaliyyətinin koordinasiyalı həyata keçirilməsini təmin edir. Şəbəkənin fəaliyyəti mərkəzləşdirilmiş yanaşma və çevik icra prinsipi əsasında qurulub.
KOB dostlarının əsas vəzifəsi mikro, kiçik və orta sahibkarlıq subyektlərinin yaradılmasına, mövcud bizneslərin inkişafına və regionların iqtisadi potensialının reallaşdırılmasına dəstək verməkdir.
Bu çərçivədə sahibkarlara dövlət dəstəyi mexanizmləri barədə məsləhətlərin verilməsi, biznesin qurulması və genişləndirilməsi ilə bağlı praktiki tövsiyələr, institusional və inzibati məsələlərin həllində müşayiət, eləcə də dayanıqlı inkişaf tələblərinə uyğun istiqamətləndirmə xidmətləri göstərilir.
Eyni zamanda, KOB dostu şəbəkəsi vasitəsilə sahibkarlıq sahəsindəki yeniliklərin çatdırılması, mövcud problemlərin və ehtiyacların yerində öyrənilməsi məqsədilə mütəmadi olaraq sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunur, sorğular keçirilir.
Görüş və maarifləndirici tədbirlərdə aidiyyəti dövlət qurumları, yerli icra orqanlarının iştirakı bəzi məsələlərin operativ şəkildə yerində həll olunmasına imkan verir. İndiyədək 24 mindən çox sahibkarın iştirakı ilə 650-dən artıq sahəvi və maarifləndirici görüş keçirilib. Tədbirlərin böyük əksəriyyəti – 23 mindən çox sahibkarın iştirakı ilə 600-dən artıq görüş regionlarda təşkil olunub ki, bu da KOB dostu şəbəkəsinin regionlarda real və effektiv təmas mexanizmi kimi fəaliyyət göstərdiyini bir daha təsdiqləyir.
– Sahibkarların bilik və bacarıqlarının artırılması istiqamətində KOBİA-nın ən yeni dəstək alətlərindən biri olan KOB Model Müəssisə biznes subyektlərinə hansı üstünlüklər qazandırır? Yeniliyin əldə olunan nəticələr nədən ibarətdir?
– Sahibkarların bilik və bacarıqlarının artırılması KOBİA-nın fəaliyyətində əsas istiqamətlərindən biridir. Təkcə 2025-ci ildə KOB subyektlərinin biznes sahəsində bilik və bacarıqlarının yaxşılaşdırılması, sahibkarlığa dair məlumatlılıq səviyyəsinin artırılması məqsədilə 751 təlim təşkil olunub, onlayn təlim platformasından isə 475 sahibkar və biznesə başlamaq istəyən şəxs faydalanıb, eləcə də 340 sahibkara məsləhət xidməti göstərilib, 288 biznes planın hazırlanması dəstəklənib. Burada ən önəmli məqam bu xidmətlər üzrə bütün xərclərin dövlət tərəfindən qarşılanmasıdır.
Biznes üzrə bilik və bacarıqların artırılması istiqamətində tətbiq etdiyimiz ən yeni və effektiv dəstək alətlərindən biri də KOB Model Müəssisədir. Bu mexanizmin əsas üstünlüyü sahibkarlara nəzəri biliklərdən daha çox, real biznes və istehsal mühitində tətbiq olunan idarəetmə bacarıqlarını öyrətməsidir. Bu model çərçivəsində 2025-ci ildə 200-ə yaxın təlim keçirilib və bu təlimlərdə 1700-ə yaxın sahibkar və onların əməkdaşları iştirak edib. Təlimlər əsasən istehsal və biznes proseslərinin səmərəliliyinin artırılması, resurslardan və vaxtdan düzgün istifadə, xərclərin optimallaşdırılması və məhsuldarlığın yüksəldilməsi kimi praktik istiqamətləri əhatə edib.
İlkin nəticələr göstərir ki, KOB Model Müəssisədə əldə olunan biliklərin tətbiqi bir sıra sahibkarlıq subyektlərində istehsal proseslərinin təkmilləşdirilməsinə, vaxt və xərclərə qənaət edilməsinə, eləcə də ümumi fəaliyyət səmərəliliyinin yüksəlməsinə real töhfə verib. Aparılmış monitorinqlər iş vaxtından istifadənin və istehsal proseslərinin effektivliyinin artdığını təsdiqləyir. Belə ki, 2025-ci ildə KOB Model Müəssisə tərəfindən bir sıra subyektlərdə “Öyrən və dəyişdir” proqramı həyata keçib. Təlim nəticəsində istehsal fəaliyyətlərində 30 faizdən çox inkişaf əldə olunub.
Model müəssisə həm də sahibkarlıq ekosisteminin inkişafına töhfə verən açıq platforma kimi fəaliyyət göstərir. Təlimlərdə sahibkarlarla yanaşı, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr və bu sahədə çalışan müəllimlərin iştirakı bilik və təcrübə mübadiləsinin genişlənməsinə imkan yaradır. Qeyd edək ki, KOB Model Müəssisə tərəfindən sahibkarlara göstərilən bütün xidmətlər ödənişsizdir.
– Agentliyin təqdim etdiyi “Startap” şəhadətnaməsi, qrant, bazar araşdırması dəstəyi və “KOB klaster şəhadətnaməsi” KOB-ların inkişafında əhəmiyyətlidir. Bu dəstək mexanizmlərinin tətbiqi və əldə olunmuş nəticələr barədə nə deyə bilərsiniz?
– KOB-ların dayanıqlı inkişafının təmin edilməsi üçün dövlət dəstəyinin məqsədyönlü, çevik və real nəticələrə fokuslanan mexanizmlər əsasında qurulması mühüm əhəmiyyət daşıyır. KOBİA tərəfindən təqdim olunan “Startap” şəhadətnaməsi, qrant dəstəyi, daxili bazar araşdırması, “KOB klaster şəhadətnaməsi” və digər alətlər məhz bu yanaşmaya əsaslanır və sahibkarların inkişaf ehtiyaclarına uyğun şəkildə formalaşdırılıb.
“Startap” şəhadətnaməsi innovativ ideyaların daha sürətli reallaşdırılmasına, yeni biznes təşəbbüslərinin formalaşmasına və startap ekosisteminin genişlənməsinə şərait yaradıb. Bu mexanizm vasitəsilə gənc və innovativ sahibkarların fəaliyyətinin stimullaşdırılması, bazara çıxış imkanlarının artırılması təmin olunur. İndiyədək KOB subyektlərinə onları innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və ya gəlir vergisindən 3 il müddətinə azad edən 247 “Startap” şəhadətnaməsi verilib.
Qrant dəstəyi KOB-ların istehsal və xidmət potensialının gücləndirilməsinə, yeni texnologiyaların tətbiqinə və rəqabət qabiliyyətinin yüksəldilməsinə xidmət edir. Bu günədək KOB-ların təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə 129 layihəsinin maliyyələşdirilməsinə 2,2 milyon manatdan çox qrant vəsaiti ayrılıb.
Bazar araşdırması dəstəyi sahibkarların daha əsaslandırılmış qərarlar qəbul etməsinə, yeni bazarlara çıxış imkanlarını düzgün qiymətləndirməsinə və risklərin azaldılmasına imkan yaradır. İndiyədək sahibkarların müraciəti əsasında 28, KOBİA-nın təşəbbüsü ilə isə 42 olmaqla, ümumilikdə 70 daxili bazar araşdırması aparılıb.
“KOB klaster şəhadətnaməsi” eyni sahədə fəaliyyət göstərən sahibkarlıq subyektləri arasında əməkdaşlığın gücləndirilməsinə, resurslardan birgə istifadəyə və istehsal zəncirinin formalaşdırılmasına töhfə verir. Artıq 2 KOB klaster şirkəti yaradılıb və onlara bir sıra güzəştləri təqdim edən müvafiq şəhadətnamələr təqdim olunub.
Ticarət şəbəkələrinə çıxış və sərgilərdə iştirak KOB-ların məhsullarının geniş auditoriyaya təqdim olunmasına, brend tanınmasının artmasına və satış imkanlarının genişlənməsinə şərait yaradır. 2025-ci ildə KOBİA 14 sərgi və yarmarkada 300-dən çox sahibkarın iştirakına dəstək göstərib, ticarət şəbəkələrinə çıxışa dəstək aləti çərçivəsində isə ötən il 45 olmaqla, bu günədək 100-dən çox KOB subyektinin məhsulları ticarət şəbəkələrində satışa çıxarılıb.
Bu dəstək mexanizmlərinin tətbiqi nəticəsində KOB-ların innovativ fəallığı, yeni biznes təşəbbüsləri artıb, əməkdaşlıq imkanları güclənib. Ümumilikdə, əldə olunan nəticələr göstərir ki, KOBİA-nın təqdim etdiyi alətlər sahibkarlıq subyektlərinin bazar mühitinə adaptasiyasını sürətləndirir və onların dayanıqlı inkişafına real töhfə verir. Qarşıdakı dövrdə dəstək mexanizmlərinin daha da təkmilləşdirilməsi və əhatə dairəsinin genişləndirilməsi prioritetlərimiz sırasındadır.
– KOB evləri vahid məkanda çoxsaylı xidmətlərin göstərilməsi yolu ilə sahibkarların vaxtına və imkanlarına qənaət edir. Bu modelin təkmilləşdirilməsi istiqamətində hansı yeniliklər və genişlənmə layihələri tutulur?
– KOB evi modeli sahibkarların dövlət və biznes xidmətlərinə vahid məkanda, sürətli və rahat çıxışını təmin edən mühüm institusional mexanizmdir. Bu model sahibkarların vaxtına və resurslarına qənaət etməklə yanaşı, dövlət–biznes münasibətlərində şəffaflığın və çevikliyin artırılmasına xidmət edir.
Hazırda Bakı, Yevlax, Xaçmaz və Şuşa şəhərlərində olmaqla ölkə üzrə 4 KOB evi, eləcə də “Xaçmaz KOB evi”nin Xudat şəhərində xidmət mərkəzi fəaliyyət göstərir. Bu KOB evləri yalnız adı çəkilən şəhərlərə deyil, ətraf rayon və şəhərlərin sahibkarlarına da xidmət edir. 2025-ci ildə KOB evlərində sahibkarlara dövlət və özəl qurumlar tərəfindən 543 mindən çox xidmət göstərilib. İndiyədək isə KOB evləri tərəfindən göstərilən xidmətlərin sayı 1,4 milyonu ötüb.
KOB evlərində həyata keçirilən xidmətlərdən sahibkarların məmnunluq səviyyəsi yüksəkdir və burada sahibkarlara biznes prosesi üzrə əksər dövlət xidmətləri, o cümlədən biznesin qeydiyyatı, vergi və gömrük məsələləri, lisenziya və icazələrin verilməsi, həmçinin “B2B” xidmətlər üzrə bank, sığorta və digər növ xidmətlər təqdim olunur.
KOB evlərində göstərilən dövlət və biznes xidmətlərinə onlayn çıxışı təmin edən “e-KOB evi” portalı artıq sahibkarların istifadəsindədir. Bu portal sahibkarların “G2B” və “B2B” xidmətlərə onlayn çıxışını təmin etməklə yanaşı, biznesin qurulması və inkişafı üçün müxtəlif dəstək alətlərini, tədbirlər barədə məlumatlandırma imkanlarını da “bir pəncərə” prinsipi ilə təqdim edir.
KOB evi modelinin funksional və coğrafi baxımdan genişləndirilməsi, xidmətlərin çeşidinin artırılması, rəqəmsal həllərin tətbiqi və proseslərin daha da sadələşdirilməsi istiqamətində işlər davam etdiriləcək. “Gəncə KOB evi”nin təşkili üzrə işlər tamamlanıb və yaxın vaxtlarda sahibkarların istifadəsinə veriləcək. Bu tədbirlər sahibkarların dövlət dəstəyi mexanizmlərinə çıxışını daha rahat və çevik edəcək, biznes proseslərinin optimallaşdırılmasına və dayanıqlı inkişafına real töhfə verəcək.
Yeri gəlmişkən, Azərbaycan KOB evi modeli İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Dövlət Sektorunda İnnovasiyalar üzrə Tədqiqat Mərkəzinin keçirdiyi müsabiqədə innovativ təcrübə kimi seçilib və tətbiqi tövsiyə olunub. Bir sıra ölkələr KOB evi təcrübəsi və onun ölkələrində tətbiqi ilə yaxından maraqlanır və artıq bir neçə ölkənin müvafiq qurumu ilə bu sahədə əməkdaşlıq sənədləri imzalanıb. KOB evi modelini Azərbaycanın xidmət sahəsi üzrə yeni ixrac məhsulu kimi dəyərləndiririk və bu istiqamətdə müvafiq tədbirlər görürük.
– İşğaldan azad edilmiş ərazilərdə sahibkarlıq fəaliyyəti və yeni biznes təşəbbüslərinin formalaşması dövlət siyasətinin əsas istiqamətlərindəndir. KOBİA-nın bu regionda həyata keçirdiyi dəstək proqramlarına sahibkarların marağı necədir?
– İşğaldan azad olunmuş ərazilərimizdə sahibkarlığın qurulması və yeni biznes təşəbbüslərinin formalaşması Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Bu baxımdan, KOBİA regionda biznesin qurulmasına dəstək olur, bu istiqamətdə sahibkarlara xidmət göstərir, layihələr həyata keçirir.
Böyük Qayıdışa dair Dövlət Proqramına uyğun olaraq, bölgədə biznesə başlamaq və sahibkarlıq fəaliyyətini genişləndirmək istəyən subyektlərə informasiya və məsləhət xidməti, biznes planlarının hazırlanmasına dəstək, eləcə də ödənişsiz biznes təlimləri təqdim olunur. Sahəvi və maarifləndirmə görüşləri vasitəsilə gənclərin, qadınların və əlilliyi olan şəxslərin sahibkarlığa cəlb olunması təşviq edilir, onların ehtiyacları və təklifləri aidiyyəti qurumlara çatdırılır.
Bu xidmətlər Laçın KOB dostu, Zəngilan, Kəlbəcər və Füzuli rayonlarında fəaliyyət göstərən KOBİA-nın xidmət pəncərələri, Şuşa şəhərində Dövlət Xidmətləri Mərkəzində yerləşən KOB evi vasitəsilə təmin olunur. KOBİA “Qarabağ KOB-ları”, “Yaşıl Qarabağ” və s. layihələr çərçivəsində bölgə əhalisinin məşğulluğunun təmin edilməsi, biznesə təşviqi istiqamətində dəstək göstərir.
Ümumilikdə, 2025-ci ildə işğaldan azad edilmiş ərazilərdə biznes qurmaq və investisiya yatırmaq istəyən sahibkarlardan KOBİA-ya 4 mindən çox müraciət daxil olub ki, bunların 3,6 mini yerli sahibkarlar və bölgədə biznes qurmaq istəyən şəxslərin müraciətləridir. Bu göstəricilər bölgədə sahibkarlığa marağın yüksək olduğunu, eləcə də həyata keçirilən dövlət dəstəyi tədbirlərinin real nəticələr verdiyini təsdiqləyir.
– KOBİA-nın yaxın və orta perspektiv üçün hədəfləri, aparıcı istiqamətləri və sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması ilə bağlı hansı planlarınız var?
– Fəaliyyətimizi KOB-lar ilə sıx ünsiyyət çərçivəsində, onların ehtiyaclarının öyrənilməsi və qarşılanması əsasında qurmuşuq. Bu baxımdan, yaxın dövr üçün prioritetlərimiz KOB-ların daha çox maraq göstərdiyi dəstək alətlərinin əhatə dairəsinin genişləndirilməsi, lazım gəldikdə yeni mexanizmlərin formalaşdırılması, xidmət infrastrukturunun daha da yaxşılaşdırılması və göstərilən xidmətlərin effektivliyinin artırılması ilə bağlıdır.
Bu baxımdan, rəqəmsal xidmətlərin genişləndirilməsi, innovativ və startap təşəbbüslərinin stimullaşdırılması, “e-KOB evi portalı”nın fəaliyyətinin və funksional imkanlarının, eləcə də KOB-ların satışının artırılması, regionlarda, o cümlədən azad edilmiş ərazilərdə sahibkarlığın inkişafının dəstəklənməsi üzrə işlər davam etdiriləcəkdir. Bu tədbirlər sahibkarların gündəlik fəaliyyətinə birbaşa təsir göstərir, inkişafları üçün önəmlidir.
Orta perspektivə gəlincə hədəfimiz KOB-ların məhsuldarlığının yüksəldilməsi, rəqəmsal iqtisadiyyatda payının artırılması, ixrac potensialının daha yüksək səviyyədə reallaşdırılması, onların yaşıl keçidinin sürətləndirilməsidir.
Müsahibəni qələmə aldı:
Nurlan ABDALOV
XQ



