“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bəzi normativ hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 25 sentyabr tarixli 211 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 937 (Cild I) ilə təsdiq edilmiş 3 nömrəli əlavə - “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin sanatoriya-kurort müalicəsi ilə təmin edilməsi Qaydası”nda aşağıdakı dəyişikliklər edilsin:
1. 6-cı hissədə “işləyənlər iş yerindən, işləməyənlər isə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin yerli qurumları və ya “DOST” mərkəzləri tərəfindən təmin edilirlər” sözləri “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 23 dekabr tarixli 406 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyi olan şəxslərin dərman preparatları, tibbi xidmət və ölkə hüdudları daxilində sanatoriya-kurort müalicəsi ilə təmin olunması Qaydası”na əsasən təmin olunurlar” sözləri ilə əvəz edilsin.
2. 9-cu hissə aşağıdakı redaksiyada verilsin:
“9. “Geri qayıtma” talonu sanatoriya-kurort müəssisəsi tərəfindən aidiyyəti quruma təhvil verilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə və “DOST” mərkəzlərinə təhvil verilmiş “Geri qayıtma” talonunun 3 (üç) iş günü müddətində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Sanatoriya-kurort” altsistemi vasitəsilə qeydiyyatı aparılır və onun sanatoriya-kurort putyovkasından istifadəsini təsdiq edən sənəd kimi saxlanılması təmin edilir. İşləyən şəxslərə münasibətdə isə “Geri qayıtma” talonunun qeydiyyatının aparılması və onun saxlanılması məsələləri Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 15 sentyabr tarixli 189 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin 141-ci bəndinə uyğun təmin edilir.”.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, “ 19 ” “ noyabr ” 2025-ci il
№ 339

