Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı

post-img

№ 388 10 dekabr 2025-ci il, Bakı şəhəri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 6 dekabr tarixli 193 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2011, № 12, maddə 1242 (Cild I); 2025, № 5, maddə 518) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda aşağıdakı dəyişikliklər edilsin:

1. “I. Büdcədən maliyyələşdirilən qurumlar:” bölməsi üzrə:

1.1. 1-ci hissə ləğv edilsin;

1.2. 10-cu hissədən “və Uşaq Sosial-Psixoloji Reabilitasiya və İdman Sağlamlıq Mərkəzi (Buzovna qəsəbəsi)” sözləri çıxarılsın;

1.3. 44-cü hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 45–55-ci hissələr əlavə edilsin:

“45. “Astara Gənclər evi” sosial xidmət müəssisəsi;

46. “Füzuli Gənclər evi” sosial xidmət müəssisəsi;

47. “Goranboy Gənclər evi” sosial xidmət müəssisəsi;

48. “Kürdəmir Gənclər evi” sosial xidmət müəssisəsi;

49. “Lənkəran Gənclər evi” sosial xidmət müəssisəsi;

50. “Sabirabad Gənclər evi” sosial xidmət müəssisəsi;

51. “Siyəzən Gənclər evi” sosial xidmət müəssisəsi;

52. “Zərdab Gənclər evi” sosial xidmət müəssisəsi;

53. “Pirallahı Gənclər evi” sosial xidmət müəssisəsi;

54. “Quba Gənclər evi” sosial xidmət müəssisəsi;

55. “Tərtər Gənclər evi” sosial xidmət müəssisəsi.”.

2. “II. Təsərrüfathesablı qurumlar:” bölməsi üzrə:

2.1. 3-cü hissədə “Heydər Əliyev adına İdman Konsert Kompleksi” sözləri “Heydər Əliyev adına İdman-Konsert Kompleksi” MMC” sözləri ilə əvəz edilsin;

2.2. 6-cı hissədə “Respublika Olimpiya Mərkəzi” sözləri “Bakı Atletika Mərkəzi” MMC” sözləri ilə əvəz edilsin;

2.3. 21-ci hissədə “Kür” Olimpiya Tədris İdman Mərkəzi” sözləri “Kür” Olimpiya Tədris İdman Mərkəzi” MMC” sözləri ilə əvəz edilsin;

2.4. 33-cü hissədə “Şəhər” sözü “Sumqayıt şəhər” sözləri ilə əvəz edilsin;

2.5. 67-ci hissənin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda 68–76-cı hissələr əlavə edilsin:

“68. “Bakı Olimpiya İdman Kompleksi” MMC;

69. “Neftçala Olimpiya İdman Kompleksi” MMC;

70. “Maştağa Olimpiya İdman Kompleksi” MMC;

71. “Salyan Olimpiya İdman Kompleksi” MMC;

72. “Boradigah İdman Zalı” MMC;

73. “Voleybol Mərkəzi” MMC;

74. “Şüvəlan Ağırlıqqaldırma Mərkəzi” MMC;

75. “Qarabağ İdman Obyektləri” MMC;

76. Bakı Şəhər Halqası Əməliyyat Şirkəti.”.

3. “III. Publik hüquqi şəxslər:” bölməsi üzrə:

3.1. 2-ci hissədə “Milli İdman Tibb və Reabilitasiya İnstitutu” sözləri “Milli İdman Tibb və Reabilitasiya Elmi-Praktiki İnstitutu” sözləri ilə əvəz edilsin;

3.2. 2-ci hissəsinin sonunda nöqtə işarəsi nöqtəli vergül işarəsi ilə əvəz edilsin və həmin bölməyə aşağıdakı məzmunda 3-cü hissə əlavə edilsin:

“3. Azərbaycan İdman Akademiyası.”.

Əli ƏSƏDOV,
Azərbaycan Respublikasının Baş naziri

Nazirlər kabinetinin qərarları