Azərbaycan və Koreya hərbi əməkdaşlığı müzakirə olunub

post-img

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Koreya Respublikasının Milli Müdafiə Nazirliyinin Xarici Kəşfiyyat İdarəsinin direktoru general-mayor Choi Chun-songun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. 

Müdafiə Nazirliyindən XQ-yə verilən məlumata görə, əvvəlcə Şəhidlər xiyabanını ziyarət edən Koreya nümayəndə heyəti şəhidlərimizin məzarları və “Əbədi məşəl” abidəsinin önünə gül dəstələri düzərək ehtiram nümayiş etdirib.

Azərbaycan Ordusunun Baş qərargahında keçirilən görüşdə general-polkovnik K.Vəliyev qonaqları salamlayaraq, onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Hər iki ölkə arasında hərbi əməkdaşlıq çərçivəsində əldə olunan nailiyyətləri yüksək qiymətləndirdiyini qeyd edib.

General-mayor C.Chun-song isə öz növbəsində səmimi qəbula və göstərilən qonaqpərvərliyə görə minnətdarlıq ifadə edib. Əlaqələrimizin daha da gücləndirilməsində qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulayıb. 

Görüşdə maraq doğuran bir sıra digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.







Ordu