Azərbaycan Kinematoqrafçılar İttifaqı və Azərbaycan Rəssamlar İttifaqının maliyyə dəstəyilə “Kino rəssamlığının tarixi və müasir mənzərəsi” kitabı çapdan çıxıb.
XQ xəbər verir ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, rəssam, sənətşünaslıq elmləri namizədi Səyyad Bayramovun qələmə aldığı kitabda Azərbaycanın tanınmış kino rəssamlarının fəaliyyətindən, bu tarixdə kino sənətinin keçdiyi inkişaf yolundan bəhs olunur.
Tədqiqat əsərini indiyədək olan nəşrlərdən fərqləndirən başlıca cəhət ondan ibarətdir ki, problemə kompleks halda yanaşılaraq mövzunun bütün istiqamətləri üzrə təhlillər aparılıb.
Geniş oxucu kütləsi üçün nəzərdə tutulan iki hissəli kitabın redaktoru Əməkdar incəsənət xadimi Rafiq Quliyev, rəyçilər Xalq artisti Həmidə Ömərova, sənətşünaslıq üzrə fəlsəfə doktorları Vidadi Qafarov, Fəridə Quliyevadır.
Kitabın müəllifi Səyyad Bayramov “Ön söz”də kino sənəti ilə yanaşı, eyni zamanda rəssamlığı dərindən bilməyin də vacib olduğunu qeyd edərək bildirir ki, kino rəssamı kino məkanının yaradıcısıdır, məkan isə həmişə həndəsidir: “Bu da o deməkdir ki, kino rəssamlığının öyrənilməsinin bir ucu da riyazi elmlərə söykənir. Kinorejissor üçün aktiv fəaliyyət məkanını quraşdıran məhz kino rəssamıdır. Onun işi kino operator işinin xüsusiyyətlərini müəyyənləşdirən əsas faktorlardan biridir. Kino rəssamının istedad və bacarığı aktyor oyununa da duyumlu tərzdə təsir göstərmək iqtidarındadır”.