Son illər “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğu beynəlxalq əməkdaşlıq əlaqələrinin gücləndirilməsi və ortaq mədəni irsin tədqiqi istiqamətində ardıcıl və məqsədyönlü fəaliyyətini davam etdirir.
XQ xəbər verir ki, qoruğun elmi-tədqiqat və beynəlxalq tərəfdaşlıq sahəsində gördüyü işlər nəticəsində bir sıra mühüm təşəbbüslər reallaşdırılıb. Bu istiqamətdə növbəti mühüm addım atılaraq Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Yunis Nəsiblinin iştirakı ilə Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin İdarəetməsinə verilmiş “Keşikçidağ” və “Avey” Dövlət tarix-mədəniyyət qoruqları ilə Qazaxıstan Respublikasının “Sarayşık” Dövlət Tarix-Mədəniyyət Muzey Qoruğu arasında elmi-tədqiqat və təcrübə mübadiləsini nəzərdə tutan əməkdaşlıq memorandumu imzalanıb.
Bu mühüm sənədin imzalanması türk dünyasının ortaq mədəni irsinin qorunması, öyrənilməsi və beynəlxalq miqyasda təbliği istiqamətində atılmış əhəmiyyətli addımlardan biri kimi qiymətləndirilir. Memorandumun əsas məqsədi tərəflər arasında elmi-tədqiqat fəaliyyətinin inkişaf etdirilməsi, arxeoloji qazıntıların və ekspedisiyaların birgə təşkili, maddi-mədəniyyət nümunələrinin öyrənilməsi, mühafizəsi və beynəlxalq elmi ictimaiyyətə təqdim olunması istiqamətində qarşılıqlı əməkdaşlığın möhkəmləndirilməsidir.
Sənəd həmçinin gələcəkdə birgə layihələrin, sərgilərin, elmi konfransların və mədəni mübadilə proqramlarının həyata keçirilməsini, həm elmi, həm də mədəni səviyyədə təcrübə və informasiya mübadiləsinin genişləndirilməsini nəzərdə tutur. Bu təşəbbüslər tərəflər arasında davamlı dialoqun və qarşılıqlı elmi əlaqələrin dərinləşməsinə imkan yaradacaq.
Əməkdaşlıq çərçivəsində “Keşikçidağ”, “Avey” və “Sarayşık” qoruqları regionun qədim sivilizasiya mərkəzləri, mədəni əlaqələr və tarixi inteqrasiya proseslərinin araşdırılması istiqamətində birgə elmi nəticələr əldə etməyi, həmçinin ortaq türk irsinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasını hədəfləyirlər. Bu, eyni zamanda regionun arxeoloji potensialının dünyaya təqdim olunmasına və mədəni diplomatiyanın inkişafına töhfə verəcək.
Memorandumun imzalanması “Keşikçidağ”, “Avey” və “Sarayşık” qoruqları arasında elmi əməkdaşlığın yeni mərhələsinin başlanğıcı kimi dəyərləndirilir. Bu sənəd gələcəkdə birgə arxeoloji tədqiqatların aparılması, beynəlxalq səviyyəli layihələrin icrası və mədəni təşəbbüslərin həyata keçirilməsi üçün möhkəm elmi və institusional zəmin yaradır.