Ticarət Bakı ilə İrəvanı barışa yaxınlaşdırır
“Müstəqillik 1991-ci ildə əldə olunub və yalnız son yeddi ay ərzində sülh dövrü yaşanır. Mən əminəm ki, sülh davam edəcək”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev son bir ayda ən müxtəlif tribunalarda, rəsmi qonaqlarla görüşlərində dəfələrlə vurğulayıb.
“Biz artıq ticarətə başlamışıq və Ermənistana mühüm neft məhsullarının tədarükünə start vermişik. Bu isə bir daha güclü siyasi iradəmizin nümayişidir. Düşünürəm ki, bu, hər iki tərəfin sağlam münasibətlər qurmaq və sülhə sadiq qalmaq niyyətinin ən yaxşı göstəricisidir”. Bu sözləri isə İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılışında bildirib.
Bəli, Azərbaycan və Ermənistan arasında ticarət əlaqələrinin qurulması faktdır. Bu fakt həm də o məntiqi isbatlayır ki, iki qonşu ölkə arasında əldə edilən sülh uzunmüddətli və möhkəm olacaq. Ölkə başçımızın dediyi kimi, Bakı və İrəvan sülhə nail olublar, və o, kağız üzərində yazılmasa da, reallığa çevrilib.
Real sülhün göstəricilərindən biri də sərhəddə sakitliyin hökm sürməsidir. Bu həqiqəti Ermənistan cəmiyyətində də anlayan və qəbul edənlərin sayının artması sülh sazişinin imzalanmasının dağlar arxasında olmamasından xəbər verir. Parlament seçkilərinə hazırlaşan Ermənistanın həm siyasi isteblişmentində, həm də ictimai fikrində köklü dəyişikliklərin baş verdiyinin də fərqindəyik. Baş nazir Nikol Paşinyanla yanaşı, Ermənistan parlamentinin sədri Alen Simonyan, XİN başçısı Ararat Mirzoyan, parlamentin vitse-spikeri Ruben Rubinyan kimi məmurların son vaxtlar verdikləri açıqlamalar Azərbaycanla sülh müqaviləsinin imzalanmasına, kommunikasiyaların açılmasına, regional əməkdaşlığın inkişafına dəstək kimi qəbul edilir. Onlar hətta sülhəqədərki mərhələnin ölkələrinə real iqtisadi dividendlər qazandırdığını, dəmir yollarının açılması, qonşularla ticarət əlaqələrinin genişlənməsi ilə bölgədə tamamilə yeni ab-havanın formalaşdığını görür və təqdir edirlər.
Mövzuya təkrar qayıtmağımızın səbəbi də qonşuda müşahidə olunan pozitiv xarakterli yeniliklərdir. “Dəmir yolu və sərhədlərin açılacağını, bütün qonşularla ticarət olacağını təsəvvür edə bilirdinizmi? Bunlar bizim üçün də tamamilə yeni amillərdir. İnanıram ki, sülh artıq Ermənistanın iqtisadi, ictimai və sosial həyatına çox müsbət təsir göstərir. Bizim prioritetimiz sülh qovşağı olmaqdır”. Paşinyanın bu bəyanatı təkcə seçkiqabağı təbliğat üsulu olmayıb, Bakının yaratdığı reallığı görə bilməyən soydaşlarına ismarışıdır.
***
Bu məqamda ikitərəfli münasibətlərin sənədli keçmişinə qısa nəzər salmağımıza ehtiyac var. 2025-ci il avqustun 8-də Vaşinqtonda Ermənistan və Azərbaycan arasında əldə olunan razılaşmalar həm ticarət, həm də nəqliyyat və logistika sahələrində həyata keçirilib. Bunun ardınca Azərbaycan ərazisindən Ermənistana taxıl, neft və benzin daşıyan sisternlərin təkər səsləri ilə dünənki işğalçıya sülh çağırışları da göndərilib. Onlar üçün strateji əhəmiyyətə malik bu məhsulların öz ərazisindən tranzitinə təmənnasız şərait yaradan Azərbaycanın və dövlət başçımızın ünvanına minnətdarlıq nidaları ən yüksək səviyyədə səsləndirildi. Erməni mediasında bu barədə xeyli sayda təqdirəlayiq yazı və paylaşımları izlədik. Hətta bu qəbildən olan suallara rast gəldik: “Bu, Bakı və İrəvanın ikitərəfli idxal və ixracı aktivləşdirməyə hazırlaşdığını göstərirmi?” və “Bu, yaxın gələcəkdə baş verərsə, iki ölkənin bazarlarında mövcud malların çeşidi nə qədər olacaq?”
Suala cavab verən İrəvan Mətbuat Klubunun fəxri prezidenti, erməni politoloq Boris Navasardyan hesab edir ki, Rusiya taxılının dəmir yolu ilə Azərbaycan vasitəsilə Ermənistana çatdırılması bir neçə səbəbə görə əlamətdar hadisədir. “Birincisi, bu, Ermənistanı Gürcüstan yolları ilə yüklərin son dərəcə etibarsız tranzitindən azad etməklə yeni presedent yaradır. İkincisi, bu hadisə klişelərin iflasa uğradığı, ənənəvi ticarət və nəqliyyat yollarının bağlandığı bir şəraitdə region ölkələrinin faydalı əməkdaşlığa ehtiyacın etirafını nümayiş etdirir. Üçüncüsü, Ermənistan və Azərbaycan arasında normallaşma prosesinin gedişatı vaxtaşırı müsbət xəbərlərin yayılmasını tələb edir. Çünki bunun olmadığı boşluğu skeptisizm və ictimai inamsızlıq təzahürləri doldurur”. Navasardyan başladılan prosesi kommersiya hesablamalarına deyil, dövlət başçılarının xoşməramlı siyasi iradələrinin təzahürü kimi dəyərləndirib: “Sırf iqtisadi komponent o zaman tam fəaliyyətə başlayacaq ki, hər iki ölkənin özəl sahibkarları bir-birinin bazarlarını araşdırmaq imkanı əldə etsinlər, birbaşa bank köçürmələri üçün kanallar açılsın və təbii ki, regionda ən uzun sərhədin olmasına baxmayaraq, üçüncü ölkədən tranzit ehtiyacı aradan qalxsın”.
Erməni politoloq iki ölkənin biznesmenləri və istehsalçıları arasında birbaşa əlaqələrinin yoluna qoyulmasını da vacib saydığını deyib: “Uzun illər əvvəl sülh təşəbbüsləri kontekstində münaqişənin aradan qaldırılması şərti ilə region ölkələri üçün iqtisadi faydalar araşdırılmışdı və bu gün onlar daha çox aktuallaşır. İlkin olaraq, məhsulun cəlbediciliyi yenilik və istehlakçı marağına səbəb olsa da, davamlı tələb və real qiymət yaratmaq ticarət yarmarkaları və transsərhəd ticarət kimi fəal tədbirlər tələb edəcək. Cəmi bir neçə ay əvvəl bu fikirlər elmi fantastika kimi görünə bilərdi, lakin ekspertlər, vətəndaş cəmiyyəti nümayəndələri və medianın son təşəbbüsləri mümkün sərhədlər aşdı”.
***
Bu arada digər bir erməni siyasi ekspert, “Erməni Şurası” tədqiqat mərkəzinin rəhbəri, “Sülh körpüsü” təşəbbüsünün üzvü Areq Koçinyan bu qənaətdədir ki, Rusiya taxılı Ermənistana təxminən eyni həcmdə verilirdi, artıq tədarük coğrafiyası dəyişir: “Ermənistan və Azərbaycanı maraqlandıra biləcək mallara gəlincə, başa düşdüyüm qədər, indiki mərhələdə iki ölkə rəhbərliyi belə qənaətə gəlib ki, son alıcıya – adi istehlakçıya, fiziki şəxslərə çatan mallar, məsələn, mağazalarda satıla bilən “Ermənistanda istehsalı” və ya “Made in Azerbaijan” etiketli məhsullar müsbət qarşılanmayacaq. Ona görə də Bakı və İrəvan bu cür malların tədarükü ilə bağlı, hələ ki, substantiv müzakirəyə nail olmayıblar. Hazırda müzakirə daha çox toplu və maye məhsullar, eləcə də müxtəlif xammalın tədarükü ilə bağlıdır. Bu baxımdan, ilk növbədə, Ermənistandan Azərbaycana ixrac kontekstində söhbət alüminium, folqa və digər növ məhsulların tədarükündən gedir”.
Bakı bütün bunları xoş niyyətlə və sülh üçün edir. Buna bizdən daha çox hayların ehtiyacı var. Ermənistan hakimiyyəti üçün sülh həm siyasi sağqalma mexanizmi, həm də iqtisadi tərəqqinin yeganə açarıdır. Bu həqiqəti sıravi ermənilər tərəfindən qəbul edildiyini son vaxtlar keçirilən sosioloji sorğular, izlədiyimiz telereportajlar da sübut edir. Artıq sadə vətəndaş da dərk edir ki, revanşist düşüncə, qonşulara qarşı saxta iddialar ölkənin bu gününə və gələcəyinə yaxşı heç nə vəd etmir. Yəqin buna görə hökumətin açıq sülh siyasəti elektorat arasında kifayət qədər populyarlıq və dəstək qazanmaqdadır. Fikrmizcə, baş naziri cəsarətləndirən əsas amil məhz budur. Paşinyanın fevralının sonlarında mediaya verdiyi açıqlamada “Azərbaycanın Naxçıvanla birləşməsi” və “Tramp yolu” kimi ifadələrdən istifadə etməsi də bundan qaynaqlanırdı.
Bütün bunlar isə rəsmi İrəvanın uzun illər davam edən yersiz və səmərəsiz müqavimət taktikasını bir kənara qoyub, real əməkdaşlıq fazasına keçid almasının göstəricisidir. Doğrudur, həmin açıqlamalar parlament seçkiləri ərəfəsində daxili auditoriyaya, eyni zamanda, beynəlxalq vasitəçilərə yönəlik mesaj kimi qəbul oluna bilər. Yəni özü üçün qarşıdakı taleyüklü seçkilərdə kənar müdaxilələri nəzərə almalı olan Paşinyan indidən yaxına-uzağa mesaj göndərir ki, komandasının strateji hədəfi Azərbaycanla sülh və iqtisadi inteqrasiyadır.
Sonda xüsusi olaraq vurğulamaq istərdik ki, budəfəki parlament seçkilərini udması Baş nazirin revanşistlər üzərində qəti və tam qələbəsi kimi ölkənin tarixinə düşəcək.
İmran BƏDİRXANLI
XQ

