Bakı Metropoliteni tarixində bir ilk olan hakaton başlanır

post-img

AZCON Holding şirkətlərindən olan “Bakı Metropoliteni” QSC tərəfindən sərnişindaşıma xidmətlərinin rəqəmsallaşdırılması və gənclərin innovativ potensialının reallaşdırılmasına töhfə vermək məqsədilə həyata keçirdiyi “Metro Hackathon” layihəsi mayın 1-də başlanır.

XQ xəbər verir ki, bir aydan çox davam edən qeydiyyat mərhələsində proqrama xüsusən gənclər, sahə üzrə mütəxəssislər tərəfindən ciddi maraq qeydə alınıb. Layihədə iştirak üçün ümumilikdə 1201 nəfər müraciət edib.

Bakalavr və magistr tələbəsi olan 875 nəfər və sahə üzrə 326 peşəkar mütəxəssis arasında aparılan seçim prosesinin yekunlarına əsasən, 72 namizədin layihədə iştirakı təsdiqlənib.

Seçim prosesi peşəkar mütəxəssislər tərəfindən bir neçə meyar üzrə (texniki uyğunluq, ideya yanaşması, komanda balansı və s.) kompleks şəkildə aparılaraq ümumi rəy formalaşdırılıb.

3 gün davam edəcək hakatonda hərəsi 4 təsadüfi iştirakçıdan formalaşdırılacaq 18 komanda mübarizə aparacaq.

İştirakçılara metronun real məlumat bazasından istifadə edərək süni intellekt mühəndisliyindən data analitikasına qədər müxtəlif istiqamətlərdə güclərini sınamaq imkanı yaradılacaq.

Müsabiqənin ilk iki günündə komandalar verilən istiqamətlər üzrə ideyaları əsasında prezentasiyalar hazırlayaraq münsiflər heyətinə təqdim edəcəklər. Mayın 3-də Bakı Metropoliteninin Texnoloji korpusunun akt zalında peşəkar mütəxəssislərdən ibarət münsiflər heyəti tərəfindən yekun qiymətləndirilmə aparılaraq qaliblər müəyyən olunacaq.

Mükafat fondu birinci yer üçün 5 000 AZN, ikinci yer üçün 3 000 AZN, üçüncü yer üçün isə 1 000 AZN məbləğində nəzərdə tutulub.

Maddi mükafatla yanaşı, perspektivli gənclərə metro sistemində layihələrini tətbiq etmək və gələcək karyeraları üçün əlavə təcrübə qazanmaq baxımından geniş şərait yaradılacaq.

Qeyd edək ki, Bakı Metropoliteni hakatona hazırlıq çərçivəsində ölkənin 5 aparıcı ali təhsil müəssisəsində geniş infosessiyalar keçirərək təqdimatlar edib. Ümumilikdə 300-dən çox tələbənin iştirak etdiyi bu görüşlərdə layihənin məqsəd və mahiyyəti izah olunub, gənclərin texnoloji həllərə cəlb edilməsi üçün müvafiq məlumatlandırma işləri aparılıb.

Layihənin təşkilində məqsəd süni intellekt (AI) əsaslı texnologiyalar vasitəsilə sərnişin axınının idarə olunması və sıxlığın azaldılması kimi strateji hədəflərə, həmçinin gənclərin innovativ ideyalarını real infrastruktur həllərinə çevirməklə paytaxtın nəqliyyat sistemində rəqəmsal transformasiyaya nail olmaqdır.

Sosial həyat