Qərbi Azərbaycan icmasına ağır itki üz vermişdir. Göyçənin tanınmış ziyalısı, el ağsaqqalı Abbas Əli oğlu Mazanov ömrünün 97-ci ilinin tamamında haqq dünyasına qovuşmuşdur.
Qərbi Azərbaycanda və ölkəmizdə fəal ictimai xadim, istehsalat rəhbəri Krasnoselo Rayon İcraiyyə Komitəsinin sədri, şair, yazıçı, araşdırmaçı kimi tanınmış Abbas Mazanov Vəfadağlı 1929-cu il martın 19-da Yeni Bəyazid qəzasının Cil kəndində anadan olmuşdur. Burada yeddiillik məktəbi bitirdikdən sonra ağır müharibə illərində yerli kolxozda əmək fəaliyyətinə başlamışdır. Çəkdiyi zəhmətlər 1941-1945-ci illərdə “Şərəfli əməyə görə” medalı ilə mükafatlandırılmışdır.
Torpaqdan çalışqanlıq və müdriklik dərsi almış Abbas Mazanov 1946-1949-ci illərdə Qazax Pedaqoji Texnikumunu fərqlənmə diplomu ilə bitirmiş, qonşu Pəmbək kənd orta məktəbində müəllim işləmişdir. Hərbi xidmətdən sonra 1952-1955-ci illərdə doğma kəndində müəllimlik etmişdir. 1955–1958-ci illərdə Göyçədə azərbaycanlıların üstünlük təşkil etdiyi Krasnoselo Komsomol Komitəsinin katibi olmuşdur. O, gənc təşkilatçı kimi ali siyasi təhsil almağa göndərilmiş, 1958–1962-ci illərdə Bakı Ali Partiya məktəbində oxumuşdur.
Sonrakı illərdə Abbas Mazanov doğma 13 il doğma kəndində kolxoz sədri, 8 il Krasnoselo Rayon İcraiyyə Komitəsinin sədri, soydaşlarımız vəhşiliklə Göyçədən qovulanadək Cil kəndindəki sovxozda direktor işləmişdir. 1988-ci ildə ellikcə Göygöl rayonunun Şəhriyar kəndində məskunlaşdıqdan sonra təcrübəli və nüfuzlu rəhbər işçi kimi Abbas Mazanov el-obasının adamlarını başına toplayıb sonrakı 10 ildə burada kənd sovet sədri və sovxoz direktoru, Çaykənddə kolxoz sədri işləmiş, rayon Kənd Təsərrüfatı İdarəsində rəis müavini olmuşdur.
Gənclik illərindən yaradıcı Azərbaycan ziyalıları ilə yaxından dostluq etmiş, onlara Göyçədə bələdçilik etmiş Abbas müəllim daim milli-mədəni irsimizlə bağlı araşdırmalar aparmış, ədəbiyyat və incəsənətimizi təbliğ etmiş, özü də davamlı yaradıcılıqla məşğul olmuşdur. Onun “Arzular” adlı ilk şeiri 1965-ci ildə “Sovet Ermənistanı” qəzetində dərc olunmuş, sonrakı illərdə ardıcıl olaraq mətbuatda müxtəlif janrlı və aktual mövzulu yazılarla çıxış etmişdir. Abbas Mazanov ötən əsrin 60-cı illərindən Vəfadağlı imzası ilə tanınmışdır.
Soydaşımızın “Göyçə kimi intizarda elim var”, “Gözləri həsrətli, naləli Göyçə”, “Ulu Göyçəm” kitablarında, “Göyçə qətliamı”, “Ustad”, “Aşıq Alı sorağında”, “Göyçəli Abbas Vəfadağlının doğum gününə” kimi araşadırmalarında Göyçə həsrəti, onun mənəvi dəyərləri geniş əksini tapmış, ulu yurda qayıdışa inam ifadə olunmuşdur.
Yurdsevər soydaşımız ailəsində 8 övlad böyütmüş, onlara milli tərbiyə vermiş, ali təhsil alıb xalqımıza layiqincə xidmət etmələrində yardımçı olmuşdur. Oğlu İlham Mazanov atasının yaradıcılıq təmayülünü inkişaf etdirərək ali jurnalist təhsili almış, media sahəsində fəlsəfə doktoru kimi məzunu olduğu Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dosenti olmuşdu.
Gözəl insan, tanınmış el ağsaqqalı, dövlətçilik və milli birlik ideyalarına möhkəm bağlı olmuş Abbas Mazanovun işıqlı xatirəsi onu tanıyan çoxsaylı insanların qəlbində daim yaşayacaqdır.
Tahir AYDINOĞLU,
Əməkdar jurnalist

