Söhbət Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin qərəzli fəaliyyətindən gedir
Qərbin bəzi siyasətçiləri müəmmalı maraqları naminə erməni şovinizminə, qəsbkarlığına dəstək verməkdən vaz keçmirlər. Belələrinin sırasında özlərini müstəqil insan haqları müdafiəçiləri adlandıranlar, sabiq səlahiyyət sahibləri ilə yanaşı, hazırda “Qoca qitə”nin nüfuzlu təşkilatlarında, institutlarında yüksək vəzifələr tutan məmurlar da yer alır. Onlar Azərbaycan–Ermənistan münasibətlərinin tənzimlənməsi prosesində, yaxud sülh danışıqlarının müəyyən raundunda, ələlxüsus da, bölgədə baş verən hərbi-siyasi xarakterli insidentlər zamanı bir mərkəzdən əmr alıbmış kimi, xorla hayların “alovlu müdafiəçiləri” rolunda çıxış etməyə başlayırlar. Son vaxtlar həmin xorda “əzabkeş hayların müdafiəsi” üçün bariton səslə oxuyanlardan biri də Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, kataloniya əsilli Cozep Borrelldir.
Avropanın təhlükəsizlik məsələlərini “kökündən həll edən” sinyor Borrell indi də Azərbaycanın Qarabağ iqtisadi zonasının bir hissəsində məskunlaşan erməni icmasının “humanitar böhran”la üzləşdiyi barədə ənənəvi erməni təbliğatına “züy tutmaqla” məşğuldur. Ona bu barədə “səhih və müfəssəl” məlumatı telefonla Hayastanın xarici işlər naziri Ararat Mirzoyan verib. Erməni təəssübkeşi olan həmsöhbətilə telefon danışığında Mirzoyan onunla regional təhlükəsizlik məsələlərlə bağlı fikir mübadiləsi aparıb. O, Borrellə Meşəli qətliamının günahkarlarından olan Vaqif Xaçatryanın Azərbaycan sərhədçiləri tərəfindən həbs edilməsini “humanitar hüququn kobud şəkildə pozulması” kimi qələmə verib. Bu “hüquq pozuntusuna” qarşı mübarizələrində beynəlxalq birliyin yardıma çağırılmasının vacibliyini qeyd edən Mirzoyan burada sinyor dostunun xidmətindən yararlanmağı da unutmayıb. Ermənistanın baş diplomatı bir az da irəli gedərək, “Dağlıq Qarabağ (?) xalqının hüquq və təhlükəsizliyi məsələlərinin beynəlxalq mexanizm çərçivəsində həllinin vacibliyini” də ispan siyasətçinin diqqətinə çatdırıb. Cavabında Cozep Borrell hay həmkarını “Azərbaycanın Dağlıq Qarabağda (?) etnik təmizləmə aparmağa yönəlmiş hərəkətlərinin qarşısını almaqdan ötrü beynəlxalq arenadakı tərəfdaşları tərəfindən “kəskin” addımların atılacağına” əmin edib.
* * *
Qarabağın erməni əhalisinin Ermənistana gedib-gəlməkdən ötrü təhlükəsiz və rahat Ağdam yolundan deyil, məhz “Laçın dəhlizindən” istifadədə inad göstərmələrinə də məhz bu kontekstdən yanaşmaq lazımdır. Yəni, suveren Azərbaycanın Konstitusiyasına açıq-aşkar zidd hərəkətlərə yol verən ermənilər özlərinə beynəlxalq arenada “müdafiəçilər” axtarışına çıxıblar. Bəs bunu sivil dünyanın hansı dövləti qəbul edər? Bu məsələdə sülhün təəssübkeşi, Aİ Şurasının sədri Şarl Mişelin ofisinin tutduğu mövqe kifayət qədər konstruktivdir. Açıq deyə bilərik ki, məhz onun sayəsində Bakı Qarabağ erməniləri üçün alternativ Ağdam yolu variantının münasib olduğunu beynəlxalq səviyyədə qəbul etrdirməyi bacardı. Düzdür, bu variant hələlik İrəvan iqtidarı və Xankəndidəki qondarma rejim tərəfindən qəbul olunmayıb, amma məsələyə Vaşintonun da loyal münasibəti siyasi müstəvidə Azərbaycanın mövqeyini gücləndirən amil sayılmalıdır. Amma həmin Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti adlanan idarəsinin müdiri qurumun ali rəhbərindən fərqli mövqe nümayiş etdirməklə bu qitə təşkilatının nüfuzuna xələl gətirir. Özü Kataloniyadan olsa da, müstəqillik eşqi ilə yaşayan həmvətənlilərinə nifrəti ilə seçilən Borrell indi də, hər şeydən göründüyü kimi, ixtiyar çağında şəxsi marağını güdməklə məşğuldur.
ARAYIŞ: 76 yaşlı Cozep Barrell-Fontelyes Kataloniyada (İspaniya) doğulub. İspaniya Sosialist Partiyasının üzvüdür. 20 iyul 2004-cü ildən 16 yanvar 2007-ci ilədək Avropa Parlamentinin sədri olub. 2019-cu il dekabrın 1-dən Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsidir. 2018-ci il iyunun 7-dən 2019-cu il noyabrın 30-dək İspaniyada Pedro Sançes hökumətində Xarici işlər naziri işləyib.
* * *
Bölgədə cərəyan edən son hadisələrə hüquqi prizmadan yanaşan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin sədri Fərid Şəfiyev Avropanın Qarabağ məsələsində tərəflərə bu gün də ikili standartlarla yanaşmasına diqqəti çəkdi. Beynəlxalq məsələlər üzrə tanınmış eksper hesab edir ki, Qərbin bir çox dairələri işğalçı Ermənistana dəstək nümayiş etdirsə də, Azərbaycan özünün suveren hüquqlarından heç vaxt imtina etməyəcək: “İrəvan üç ildir ki, 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın 9-cu bəndini yerinə yetirməkdən imtina edir. Bu bəyanat restoranda verilən menyu deyil ki, müştəri ürəyi istədiyi təamı seçsin, istəmədiyindən vaz keçsin. Bu, dəqiq və məqsədyönlü bəyanatdır və onun doqquzuncu bəndində maneəsiz keçiddən danışılır. Ermənilər bu ifadə altında özlərinin pasport rejimli gömrük nəzarətini anladıqlarını bildirirlər. Hətta Laçını da özlərinin suveren ərazisi hesab edirlər. Amma, əslində, tamamilə əksinədir. Məhz Azərbaycanın özünün suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsini yaratmasına beynəlxalq hüquq da mane ola bilməz. İndi avropalı siyasətçilər, o cümlədən rusiyalı ekspertlər də bu məsələdə erməni tərəfinin versiyasını qəbul etməyə üstünlük verirlər. Amma bu, heç nəyi dəyişmir”.
Beləliklə, qeyri-rəsmi antrakt elan edilmiş Ermənistan-Azərbaycan sülh danışıqlarının növbəti raundundan əvvəl tərəflərdən biri xarici təsirlərin effekti altında dialoq prosesinə ziyan verə biləcək hərəkət və davranışlar sərgiləyir. Bu zaman İrəvan siyasi şantaj hesab olunan “humanitar böhran”, “karvan şou”, “etnik təmizləmə” kimi feyk-diplomatiyadan yararlanmağa və bununla da nəyəsə nail olmağa çalışır. Əlbəttə, başlanğıcdan uğursuzluğa düçar olacağı şübhə doğurmayan belə faydasız səylər vaxt itkisindən qeyri bir şey deyil. Hansı siyasi texnologiyaları tətbiq edirlərsə-etsinlər. Bakı hayların və onlara züy tutanların separat fəaliyyətinin qarşısını qətiyyətlə almağa hər an hazırdır.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”



