Yaxın gələcəkdə Avropa İttifaqının Ermənistan üzrə missiyasının genişlənməsi nəzərdə tutulur. Bu bəyanatla missiyanın rəhbəri Markus Ritter çıxış edib. Markus qeyd edib ki, Qafanda missiyanın funksional mərkəzi artıq fəaliyyətə başlayıb. Bütövlükdə, missiyanın Ermənistan ərazisində 6 əməliyyat bazasını yaratmaq niyyətində olduğunu bildirən Markus bu prosesin bölgədə sülh və təhlükəsizliyə töhfə verəcəyini vurğulayıb.
Avropa İttifaqı missiyasının genişlənəcəyi xəbəri Ermənistanda böyük sevinclə qarşılanıb. Gözlənilən yeniliklə bağlı mətbuata açıqlama verən Sünik vilayətinin qubernatoru Robert Qukasyan missiyadan gözləntilərinin böyük olduğunu bildirib. Qukasyan ümid etdiyini bildirib ki, Avropa İttifaqı missiyasının genişlənməsi Azərbaycan üçün çəkindirici təsirə malik olacaq, sərhəd bölgələrinə sülh və sabitlik gətirəcək.
Robert Qukasyanın açıqlamasından göründüyü kimi, ermənilər Avropa İttifaqı missiyasının Ermənistan ərazisində genişlənməsini Azərbaycana qarşı ciddi mübarizə vasitəsi – keçilməz sipər hesab edirlər. Ermənilərin fikrincə, Avropa İttifaqı missiyasının bölgədə mövcudluğu onlara Azərbaycana qarşı terror və təxribat siyasətini daha rahat ortamda davam etdirmək imkanı verəcək.
Doğrudanmı, Avropa İttifaqının bölgəyə gəlişində əsas məqsəd Ermənistanı müdafiə etməkdir? Ermənistanın Avropa İttifaqı missiyasının çətiri altında Azərbaycana qarşı rahat şəkildə təxribatlar həyata keçirməsi, cəzasız qalması mümkündürmü?
Yalan deməyə nə var?
Ermənistan hakimiyyətinin özünə və sadə ermənilərə dediyi ən böyük yalan Avropa İttifaqının bölgəyə erməniləri müdafiə etmək məqsədi ilə gəlməsi ilə bağlıdır. İrəvan həm özünü, həm də erməni toplumunu inandırmağa çalışır ki, Avropa İttifaqı missiyasının bölgəyə gəlməkdə yeganə məqsədi erməniləri himayə etmək, onların terror və təxribatına bəraət qazandırmaqdır.
Halbuki, missiyanın bölgəyə Ermənistan üçün deyil, Avropa İttifaqının öz maraqları konteksində gəldiyi kimsəyə sirr deyil. Avropa İttifaqı onu bölgəyə dəvət edən Ermənistanın çağırışına Rusiyanı Cənubi Qafqazdan çıxarmaq, bu ərazidə Qərbin maraqlarını etibarlı şəkildə müdafiə etmək baxımından fürsət kimi qiymətləndirməkdədir. Missiyanın Ermənistandakı mövcudluğu Cənubi Qafqazdan Rusiyanın sıxışdırılıb çıxarılması, Qərbin bölgəyə gəlişi ilə yanaşı, İran və digər region dövlətləri ilə münasibətlər baxımından da mühüm önəm kəsb edir. Avropa İttifaqı missiyası bölgədə Rusiya ilə yanaşı, həm də İranın təsirinin maksimum zəiflədilməsinə çalışacaq ki, bu da Qərbin ənənəvi maraqlarına uyğundur. Ən əsası, missiyanın bölgəyə gəlişi Ermənistanın tarixi və ənənəvi himayədarı olan Rusiyanın təsir dairəsindən qeyd-şərtsiz çıxaırlması, İrəvanın siyasi baxımdan müstəqilləşməsi demək deyil. Bu, sadəcə olaraq, Ermənistanın sahibini dəyişməsi deməkdir. Başqa sözlə desək, Ermənistan bundan sonra da nökər funksiyasını yerinə yetirməkdə davam edəcək. Sadəcə, bundan sonra, o, bu xidməti Rusiyaya deyil, Avropa İttifaqına göstərəcək.
Rusiyanın bölgədən asanlıqla getməyəcəyi, lazım gələrsə, öz mövcudluğunu qorumaq üçün hərbi vasitələrə əl ata biləcəyini nəzərə alsaq, Ermənistan üçün vəziyyətin yaxın gələcəkdə ikiqat mürəkkəbləşəcəyi istisna deyil. Rusiya hansısa şəkildə bölgədəki mövcudluğunu davam etdirəcəyi təqdirdə Ermənistanın bir deyil, iki sahibi olacaq ki, bu da İrəvanın iki fərqli ağaya eyni vaxtda nökərçilik etmək zorunda qalacağı deməkdir.
Təxribatlara sərt cavab veriləcək
Ermənistan siyasi rəhbərliyinin açıqlamalarından bəlli olur ki, rəsmi İrəvan Avropa İttifaqı missiyasını Azərbaycana qarşı əsas sipər hesab edir. İrəvanın qənaətincə, missiyanın bölgədə mövcudluğu fonunda Ermənistanın Azərbaycana qarşı cəsarətlə militarist siyasət yürütməsi mümkündür. Ancaq İrəvan bütün digər məsələlərdə olduğu kimi, bu məsələdə də yanılır. Azərbaycan Avropa İttifaqı missiyasının bölgədə mövcudluğu fonunda belə erməni təxribatlarına sərt reaksiyalar verib ki, bu da rəsmi Bakının kimsədən çəkinmədiyini, öz təhlükəsizliyni təmin etmək üçün lazımi qətiyyəti sərgiləməyə qadir olduğunu göstərir. Bu baxımdan, bölgədə Rusiya sülhməramlılarının, yaxud Avropa İttifaqı missiyasının mövcudluğundan asılı olmayaraq, Azərbaycanın bundan sonra da erməni təxribatlarının qarşısını əzmlə alacağı birmənalıdır. Nə ermənipərəst dairələrin verdiyi bəyanatlar, nə də İrəvan və havadarlarının təhdid dolu mesajları Azərbaycan üçün əngəl sayıla bilməz. Azərbaycan terror və separatizmə qarşı mübarizədə sona qədər prinsipiallıq sərgiləməkdə israrlıdır və bütün dünya bundan sonra da bunun şahidi olacaq.
Seymur ƏLİYEV

