İrəvanda KTMT-yə qarşı demarş səngimir

post-img

Ermənistanda fəaliyyət göstərən “ARAR” sivilizasiya araşdırmaları fondu ictimai məsələlərlə bağlı sosioloji sorğu keçirib. Sorğu daxili ictimai-siyasi vəziyyətlə yanaşı, Ermənistanın təhlükəsizliyi ilə bağlı məsələləri də əhatə edib.

Verilən suallardan biri ölkənin Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) ilə gələcək münasibətləri barədə olub. Respondentlərin 47,6 faizi hesab edir ki, Hayastan KTMT-dən dərhal çıxmalıdır. Rəyi soruşulanların 47,5 faizi bildiriblər ki, mütləq təşkilatda qalmalıdırlar. 4,8 faizi isə cavab verməkdə çətinlik çəkib. Yada salaq ki, həmin fondun 2024-cü ilin oktyabrında keçirdiyi sorğunun nəticəsinə görə 50 faiz Ermənistanın KTMT-dən çıxmasını dəstəkləyib. 39,9 faiz əleyhinə olub, 10 faiz isə cavab verməkdə çətinlik çəkib.

Avrasiya İqtisadi İttifaqından (Aİİ) çıxıb-çıxmamaq məsələsinə gəlincə, respondentlərin 40,5 faizi Ermənistanın bu strukturu tərk etməli olduğunu bildirib. 53,3 faizi Aİİ-də qalmalı olduqlarını düşünür, 6,2 faizi isə cavab verməkdə çətinlik çəkib.

“Ermənistanın yaxın gələcəkdə Avropa İttifaqına üzv ola biləcəyinə inanırsınızmı?” sualına iştirakçıların 53,9 faizi müsbət, 43,4 faizi mənfi cavab verib. 2,7 faizi isə cavab verməkdə çətinlik çəkib. Bu suala 2024-cü ilin oktyabr ayında 56,4 faiz müsbət, 41,1 faiz mənfi cavab vermiş, 2,5 faiz isə cavab verməkdə çətinlik çəkdiyini bildirmişdi.

ABŞ-la imzalanan strateji tərəfdaşlıq sazişinin Ermənistanın təhlükəsizlik problemini həll edib-etməyəcəyi sualına respondentlərin 47,2 faizi müsbət, 48,7 faizi isə mənfi cavab verib. Bildirilib ki, sorğu kompüter dəstəkli telefon müsahibəsi metodundan istifadə etməklə, Ermənistanın 18 yaşdan yuxarı erməni dilini bilən vətəndaşları arasında keçirilib.

Sorğuda əksini tapan bir sıra məsələlərə verilən cavablar onlara münasibət bildirməyi zəruri edir. Əvvəlcə onu qeyd etmək lazımdır ki, Ermənistan dövlətinin Azərbaycana qarşı 30 ildən çox apardığı işğalçılıq siyasəti zamanı güvəndiyi təsisatlardan biri də məhz Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı adlanan həmin bu qurum idi. Xüsusilə, ölkənin sabiq prezidentləri Robert Koçaryan və Serj Sarkisyan KTMT-yə torpaqlarını azad etməyə başlayacağı təqdirdə Azərbaycanı dayandıracaq qüvvə, Ermənistanın “imdadına yetişəcək” əlahiddə qüvvə kimi yanaşırdılar. Onların uzun illər ərzində sülh danışıqları adı altında imitasiya siyasəti aparmaları həm də KTMT-yə arxayın olmalarından irəli gəlirdi. Ancaq bir neçə gün öncə doqquzuncu ildönümü tamamlanan 2016-cı ilin Aprel döyüşləri göstərdi ki, Ermənistan heç kimə arxayın olmamalıdır. Doğrudur, həmin döyüşlər qısa müddət davam etdi. Amma ordumuz keçilməz sədləri yarmaqla, müəyyən ərazilərimizi azad etməklə, düşmənə canlı qüvvə və hərbi texnika sarıdan böyük zərbələr vurmaqla döyüş əzmini göstərdi. Azərbaycanın hərbi-siyasi rəhbərliyi düşmənə sonuncu şans verdi və sübut etdi ki, ordumuz müzəffər yürüşə qalxsa, onun qarşısını nə KTMT, nə də Ermənistanın digər havadarları saxlaya bilər.

Qarşı tərəf isə bu xəbərdarlıqdan nəticə çıxarmadı və yenə də öz bildiyi kimi davrandı. Ermənistan hakimiyyəti Aprel döyüşlərini cəmiyyətə “qələbə” kimi sırımağa çalışsa da, erməni xalqı ciddi məğlubiyyətlə üzləşdiyini başa düşdü. Bundan sonra Serj Sarkisyanın cəmiyyətdə dayaqları möhkəm laxladı və o, Aprel döyüşlərindən iki il sonra “məxməri inqilab” yolu ilə hakimiyyətdən uzaqlaşdırıldı.

Ancaq yenicə hakimiyyətə gələn Nikol Paşinyan da Sarkisyanın yolu ilə getməyi üstün tutdu. O, eyforiyaya qapılaraq ciddi siyasi yanlışlıqlara yol verdi və faktiki olaraq, danışıqlar prosesini pozdu. 2020-ci ilin iyulunda şərti sərhədin Tovuz istiqamətində baş verən döyüşlər də Azərbaycanı təxribata çəkmək cəhdi idi. İrəvan istəyirdi ki, Azərbaycanın Ermənistan ərazisinə “müdaxiləsi” görüntüsünü yaratsın və KTMT-nin potensialından istifadə etsin. Bu da baş tutmadı. Ordumuz sərhədi keçməmək şərti ilə düşmənin layiqli cavabını verdi və onu yerinə oturtdu. Beləliklə, KTMT-ni prosesə cəlb etmək səyləri boşa çıxdı. Buna baxmayaraq, KTMT amili Ermənistan rəhbərliyinin təhtəlşüurunda qalmaqda idi. Ermənistanın KTMT çərçivəsində quruma üzv ölkələrlə (Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan və Tacikistan) əməkdaşlığı, İrəvanın mövqeyinə görə, onun milli təh-lükəsizliyinin vacib elementi idi. Bu arxayınlığın nəticəsi olaraq, rəsmi İrəvan yeni təxribatlar törətdi və İkinci Qarabağ müharibəsinin baş verməsi üçün hər şeyi etdi.

Azərbaycanın hərbi gücü ilə müqayisəedilməz dərəcədə zəif olan və bunu yaxşı bilən Ermənistanın hərbi-siyasi rəhbərliyi məhz xarici havadarlarına, o cümlədən KTMT-yə arxalanaraq, Moskvanın onlara ciddi dəstək verəcəyini düşünərək hərbi avantüraya getdi. Burada bir haşiyə çıxaraq qeyd etmək lazımdır ki, KTMT-nin rəsmi İrəvana dəstəyi hər zaman qurumun nizamnaməsi əsasında olub. Nizamnamənin yurisdiksiyasına Ermənistanın beynəlxalq ictimaiyyət tərəfindən tanınmış əraziləri daxildir. Paşinyan iqtidarı isə özünü, necə deyərlər, ərköyün uşaq kimi apardı və KTMT-ni istər Azərbaycanla müharibə dövründə, istərsə də ondan sonra nizamnamədən kənar hərəkətlərə sövq etmək istədi. Ancaq bütün bunlar nəticə vermədi. Ordumuz başladığı işi uğurla sona çatdırdı.

Müharibə dövründə təşkilatdan istədiyi dəstəyi ala bilməyən İrəvanla KTMT arasında ilk dərin çatlar o vaxt yarandı. Müharibədən sonrakı dövrdə isə Ermənistanla Azərbaycan arasında üç ciddi insident oldu. 2021-ci ilin mayında iki ölkənin şərti sərhədində – Qaragöl ətrafında gərginlik yaşandı. Ölkəmizin torpaqları 30 il işğal altında qaldıqdan sonra beynəlxalq səviyyədə tanınmış sərhədlərimizi bərpa etməyimiz Ermənistanda “Azərbaycan hərbçilərinin sərhədi pozub 3,5 km ölkənin içərisinə doğru hərəkət etməsi” kimi qəbul olundu. Həmin ilin noyabrın 15-16-da 44 günlük müharibədən sonra ilk dəfə şərti sərhədin Kəlbəcər istiqamətində qanlı döyüşlər baş verdi. Nəhayət, 2022-ci ilin sentyabrın 12-14-də gecə saatlarında Ermənistan ordusunun Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribatlar törətməsi ilə postmüharibə dövrünün ən ciddi hərbi toqquşması yaşandı. Bu hadisələrin hər biri baş verən günlərdə və ondan sonrakı dövrdə Ermənistan ən yüksək səviyyədə KTMT-yə müraciət edərək təşkilatı qəti tədbirlər görməyə çağırdı. KTMT isə öz nizamnaməsi çərçivəsində hərəkət etdi, təmkinli davrandı və İrəvanın avantürasına getmədi.

Onu da qeyd edək ki, həm 2021-ci ilin noyabr, həm də 2022-ci ilin sentyabr döyüşləri Ermənistanın KTMT-yə rotasiya qaydasında sədrlik etdiyi dövrdə baş verib. Təşkilatdan umduğu köməyi ala bilməyəndən sonra Ermənistanla KTMT arasında münasibətlərin daha ciddi soyuqluq mərhələsi başladı. İş o yerə gəlib çatdı ki, Paşinyan KTMT-nin ali orqanı olan Kollektiv Təhlükəsizlik Şurasının 2023-cü ilin noyabrın 23-də İrəvanda keçirilən sammitinin bəyannaməsini imzalamaqdan imtina etdi. Sammit Ermənistan üçün tam fiasko ilə nəticələndi.

Beləliklə, bu gün Ermənistanda keçirilən sorğuda respondentlərin 47,6 faizinin KTMT-dən dərhal çıxmalı olduqları bildirmələri hayların İkinci Qarabağ müharibəsi dövründə KTMT-nin, guya, onlara dəstək vermədiyini hələ də “həzm edə” və öz aləmlərində onu bağışlaya bilmədiklərinin göstəricisidir.

Aİİ-də qalıb-qalmamaq məsələsinə dair rəyi soruşulanların böyük əksəriyyətinin Ermənistanın bu strukturda qalmalı olduğunu “hə” deməsi isə Hayastan vətəndaşlarının lazım gələndə rasional düşünə bildiyinin göstəricisi kimi qiymətləndirilə bilər. Onlar başa düşürlər ki, Ermənistan Avropaya doğru hərəkət edərsə, o zaman ölkə ilə onun Aİİ üzrə müttəfiqləri arasında iqtisadi münasibətlər kompleksinə yenidən baxmaq lazım gələcək. Bu isə Ermənistanda insanların həyat səviyyəsində öz əksini tapacaq. Yəni, əhalinin yaşayışı pisləşəcək.

“Ermənistanın yaxın gələcəkdə Avropa İttifaqına üzv ola biləcəyinə inanırsınızmı?” sualına hayların 43,4 faizinin mənfi cavab verməsi reallıqdan xəbər verir. Onlar başa düşürlər ki, Aİ sevdası xam xəyaldır. Məsələn, Ermənistanla Aİİ-nin əsas ölkəsi Rusiya arasında 2024-cü ildə ticarət dövriyyəsinin həcmi 12,7 milyard dollar, 27 dövlətin birləşdiyi Avropa İttifaqı ilə isə bundan 10 dəfə az–cəmi 2 milyard dollar təşkil edib. Güman etmək olar ki, bu rəqəmlər ermənilərin sorğuda verdikləri cavablara da öz təsirini göstərib və onlar reallıqdan çıxış ediblər.

Mövzu ilə bağlı XQ-yə açıqlama verən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirdi ki, İrəvan həm Vətən müharibəsi, həm də sonrakı illərdə şərti sərhəddə insidentlərin baş verdiyi günlərdə KTMT-yə kömək üçün müraciət edib, lakin lazımi dəstəyi ala bilməyib. Bütün bunlar isə Ermənistan hakimiyyətinin müxtəlif mənsubları, o cümlədən baş nazir səviyyəsində KTMT-yə yönəlik ittihamların meydana çıxmasına səbəb olub. Bu mövqe sadə vətəndaşlar arasında da yayğındır. Nəticədə onlar sorğuda bu cür mövqe ifadə ediblər.

Onun sözlərinə görə, Ermənistan parlamentinin Aİ-yə üzvlüklə bağlı qanunu qəbul etməsinə və prezidentin bunu imzalamasına baxmayaraq, aydındır ki, bu, qısa müddətdə həll olunacaq məsələ deyil. Onun sözlərinə görə, Ukrayna, Gürcüstan və Moldova da illərdir bu barədə sənədlər qəbul ediblər. Rəsmi Kiyev, hətta Avroatlantik məkana inteqrasiya istəyinə görə Rusiya ilə müharibəyə başlamaq məcburiyyətində də qaldı: “Amma nə Ukrayna, nə Gürcüstan, nə də Moldova Avropa İttifaqına üzvlüyə qəbul olunub. Yaxın illərdə qəbul edilmək perspektivi də görünmür. Ermənistanı da belə bir perspektiv gözləyir”.

Politoloq qeyd etdi ki, Paşinyan bu addımı atmaqla, sadəcə, xarici siyasətdə istiqamətini göstərmiş olur. Amma, bu, o demək deyil ki, Ermənistan Aİİ-dən çıxacaq. Çünki Ermənistanın əsas ticarət tərəfdaşları Rusiya və Aİİ-nin digər üzvləridir. Yəni Ermənistanın elə bir məhsulu yoxdur ki, onu Avropa İttifaqında sata bilsin. Rusiya ilə Ermənistan arasında siyasi münasibətlərdə suallar olsa da, ticarət mübadiləsi sahəsində heç bir problem yoxdur. Tam əksinə, son bir ildə iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 3-4 dəfə artıb. Ermənistan bundan imtina etməz. Sadəcə, Ermənistan Avropa İttifaqı ilə siyasi yaxınlığını göstərmək üçün belə bir qərar verib. Amma Rusiyada da anlayırlar ki, bu, həll olunacaq məsələ deyil”.

Səxavət HƏMİD
XQ



Siyasət