Ermənistan rəhbərliyi ölkəni bu aqibətə sürükləyir
IV Antalya Diplomatiya Forumunda “Cənubi Qafqazda regional əməkdaşlığa dair çağırışlar və fürsətlər” mövzusunun müzakirə olunduğu panel iclas Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramovla Ermənistanın XİN rəhbəri Ararat Mirzoyanın debatı kimi yadda qaldı.
Mirzoyan öz aləmində diplomatik davrandı və reallığa saxta beynəlmiləlçi notlarla meydan oxudu, manipulyasiya yolunu tutdu. Onun bildirdiklərinin yekunu bunu deməyə əsas verdi ki, Ermənistan Azərbaycanın, bütün bəndləri razılaşdırılmış sülh müqaviləsinin imzalanması üçün, irəli sürdüyü iki şərti qəbul etməyəcək.
Yəni, İrəvan Bakı ilə birlikdə ATƏT-in Minsk qrupunun rəsmən ləğvi üçün müvafiq müraciəti ünvanlamayacaq, beləliklə sözügedən təsisatın Qarabağ danışıqları məntiqini qüvvədə saxlayacaq, onun münaqişə üzrə dövlətlərarası vasitəçilik və tənzimləyici rolunun beynəlxalq gündəmdən düşməsinə imkan verməyəcək, nəticə etibarilə erməni işğalını leqallaşdırmağa yönəlmiş plasdarmı de-yure aktiv saxlayacaq.
A.Mirzoyan Antalyada əsas məsələdən yayınmaq “məharəti” ilə eyni zamanda, bildirmiş oldu ki, Ermənistan konstitusiyasının ölkənin qonşularına qarşı ərazi iddiasını hüquqi normaya çevirmiş Müstəqillik bəyannaməsinə istinadı aradan qalxmayacaq, daha doğrusu, bunun üçün ümumxalq səsverməsinə – referenduma gedilməyəcək.
Zəruri haşiyə çıxaq ki, Prezident İlham Əliyevin aprelin 9-da ADA Universitetində keçirilmiş “Yeni dünya nizamına doğru” mövzusundakı beynəlxalq forumda Rusiya – Ukrayna müharibəsinin perspektivinə dair fikirləri dünyanın bir çox analitik mərkəzləri və ekspert dairələri tərəfindən ciddi müzakirə olunmaqdadır. Onların gəldikləri yekun qənaət budur ki, Azərbaycan liderinin bildirdikləri problemə ən doğru yanaşmadır. Prezident İlham Əliyev isə qarşıdurmanın yalnız kapitulyasiya baş verdikdə sona çatacağını vurğulamışdı.
***
Məlumdur ki, 2020-ci ilin 44 günlük müharibəsinin yekunlarını təsdiqləyən 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat Ermənistanın kapitulyasiyası kimi qiymətləndirilir. Bunu söyləmək üçün sənədin imzalanmasından sonra ölkədə yaşanan iğtişaşlara diqqət yetirmək kifayətdir. Qeyd edək ki, Ermənistanın XİN rəhbəri A.Mirzoyan parlamentin sədri idi və üçtərəfli bəyanata həmin vaxt etiraz edən kütlə erməni Milli Assambleyasına daxil olanda məhz Mirzoyana ciddi fiziki xəsarət yetirmiş, indiki nazirin, o zamankı sədrin sir-sifəti al-qana qərq olmuşdu.
Lakin müəyyən zaman keçdi, Mirzoyanın XİN rəhbəri kimi təmsil olunduğu komanda 2020-ci ildə baş nazir Nikol Paşinyanın imza atdığı sənədi Ermənistanın kapitulyasiya aktı kimi tanımadığını açıqladı. Bununla Nikolun konkret fikirləri də var. Paşinyan demişdi ki, üçtərəfli bəyanat Ermənistana məğlub, Azərbaycana qalib dövlət kimi yanaşmaq üçün əsas vermir.
***
Ermənistan bu gün də özünü məğlub dövlət saymır. Əlbəttə, bunda müəyyən həqiqət payı var. O mənada ki, ordusunun böyük əksəriyyətinin darmadağın edilməsinə baxmayaraq, 44 günlük müharibə Ermənistan ərazisində getməmişdi. İkincisi, Ermənistanın 2020-ci ildə və ondan sonra itirdiyi öz torpaqları deyildi. Üçüncüsü, ölkəmiz humanistlik nümayiş etdirərək, məsələni bir qədər fərqli qoymuş, məğlub ölkəyə sülh əlini uzatmışdı.
Bir məqama da diqqət yetirək. Prezident İlham Əliyev müsahibələrində və çıxışlarında dəfələrlə bildirib ki, Azərbaycan 2020-ci ildə müharibəni dayandırmaya bilərdi. Dövlətimizin başçısı ordumuzun, hətta, Ermənistan kimi qəbul edilən əraziləri də ələ keçirə biləcək potensialda olduğunu açıqlayıb. Əslində, bu reallığı hər kəs, o cümlədən erməni siyasi dairələri də yaxşı dərk edirlər. Amma...
Bəli, Azərbaycan 2020-ci ildə Ermənistana sülh əlini uzatdı. Bu əl, eyni zamanda, hər şeyi bir kənara qoyaraq, avantürizmdən uzaq duraraq, əməkdaşlıq əlaqələri qurmaq üçün fürsət idi. Lakin qarşı tərəf məkrindən daşınmadı. Faşizmə əsaslanmış erməni şovinizmi özünü tam “mahiyyəti” ilə göstərməyə davam etdi. Hay diplomatiyası isə hiyləgərliyindən, anti-Azərbaycan fəaliyyətindən qalmadı. Nəticədə Qarabağ iddiası puça çıxdı. Azərbaycan 2023-cü ilin sentyabrında lokal xarakterli antiterror tədbirləri ilə özünün konstitusion quruluşuna zidd separatizmi aradan qaldırdı, suverenliyini bərpa etdi.
***
Yeri gəlmişkən, Prezident İlham Əliyev 2023-cü il sentyabrın 20-də, yəni Silahlı Qüvvələrimizin lokal xarakterli uğurlu antiterror tədbirləri başa çatdıqdan sonra xalqa müraciətində də Ermənistanı köhnə ədavətləri bir kənara qoymağa, gələcəyə baxmağa, revanşist fikirlərdən əl çəkməyə çağırdı. Dövlətimizin başçısı məsələni bir qədər geniş qoydu: “Biz təklif edirik ki, Cənubi Qafqaz ölkələrinin gələcəyi sülhə, əmin-amanlığa, inkişafa söykənsin. Biz təklif edirik ki, bölgəmizdən uzaqda yerləşən, ancaq öz siyasi gündəliyini güdən və erməni xalqından bir alət kimi istifadə edən, onları istismar edən və dar gündə onları, necə deyərlər, satan qüvvələr, saxtakarlar, korrupsiyalaşmış siyasətçilər əl çəksinlər bizdən. Dünyanın o başında oturub bizə qarşı əsassız ittihamlar irəli sürənlər əl çəksinlər bizdən, qoysunlar Cənubi Qafqaz rahat nəfəs alsın. Bu bölgə əsrlər boyu davalar, savaşlar, qanlı toqquşmalar məkanı olmuşdur. Yetər artıq!”
***
Tam əminliklə deyə bilərik ki, Azərbaycanın sülh müqaviləsinin imzalanması baxımından irəli sürdüyü iki şərt xeyli dərəcədə rəsmi İrəvanın 44 günlük müharibədən sonrakı davranışlarından qaynaqlanır. Yəni, ölkəmiz erməni revanşizmi və şovinizminin faşizm elementləri ilə çulğaşdığının fərqindədir. Ona görə də özündə faşizmin kökünü qazımaq potensialını formalaşdırıb. Bir halda ki, Cənubi Qafqazı rahat buraxmaq istəməyən qüvvələr bəd əməllərindən geri durmurlar. Ermənistan onların siyasətlərində alətə çevrilməkdən başqa yol tanımır, o zaman Azərbaycanın da başqa çarəsi qalmır. Rəsmi İrəvan tipik erməni avantürizmi musiqisini bu siyasətin notları üzərində kökləməyə üstünlük verirsə, deməli, sülh müqaviləsi avantürizmin aradan qalxmayacağı təqdirdə mümkünsüzdür.
Deməli, onu da xüsusi vurğulamalıyıq ki, ölkəmizin Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun ləğvi tələbi həm də Ermənistanın 44 günlük müharibənin yekunlarını özünün kapitulyasiyası kimi qəbul etməməsindən qaynaqlanır. İrəvanın barışmazlıq xəttinin mina terroru, bu gün də davam edən atəşkəsin pozulması halları və nəhayət, diplomatik müstəvidəki anti-Azərbaycan fəaliyyət motivlərini gördüyümüzdən mövqeyimizdə israrlıyıq. Bizə dayanıqlı sülh üçün ən maksimal təminat lazımdır. Söhbət Ermənistanın bir daha təcavüzkar siyasətə baş vurmayacağına dair təminatdan gedir.
***
Bəli, 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat təminat yaratmırsa, Ermənistan sənədi kapitulyasiya hesab edib özünü məğlub dövlət saymırsa, ölkəmizə qarşı çıxmaq təpəri hiss edirsə, Bakı – İrəvan sülhü daha fundamental postulata əsaslanmalıdır. Ermənistanın XİN rəhbəri A.Mirzoyan Antalyada həyasızcasına İrəvanın iki şərtimizi qəbul etməyəcəyini bildirməklə, həm də ölkəsinin kapitulyasiya məsələsinə fərqli baxışını ortaya qoydu. Elə isə həmin baxışın təxmini strukturunu cızaq. Deyəsən, gələcək üçün lazım olacaq. Görünür, Mirzoyan deyir ki, Ermənistan üçün kapitulyasiya: 1.Azərbaycan Ordusunun İrəvanda parad keçirməsidir. 2.Ölkəsinin nizami ordu saxlamaq hüququndan məhrum edilməsi, yalnız sərhəd dəstələri ilə qane olmasıdır. 3.Ermənistanın 1920-ci ildən sonra ona hədiyyə olunmuş Azərbaycan torpaqlarından imtinaya məcbur edilməsidir. 4.Ermənistanın beynəlxalq səviyyədə iqtisadi müqavilələrdən başqa digər məsələlər üzrə əməkdaşlıq qurmamaq öhdəliyini üzərinə götürməsidir. 5.Ermənistanın Ararat dağının təsvirinin yer aldığı gerbinin dəyişdirilməsi. 6.Ermənistanın Müstəqillik bəyannaməsindən tamamilə imtinası.
***
Sonda onu da bildirək ki, Ermənistan üçün sadaladığımız nəzəri kapitulyasiya şərtlərinin çevrəsini genişləndirmək, faşist Almaniyasının denasifikasiyası və demilitarizasiyasını nəzərdə tutmuş klassik kapitulyasiyanın şərtlərinə bənzər digər alçaldıcı məqamları da qabarda bilərdik. Ancaq həmin məqamları qabartmağa lüzum görmürük. Həm də ona görə lüzum görmürük ki, Mirzoyanın və başqa “yan”ların beynəlxalq müstəvidəki “sülh göyərçinliyinin” fazasından asılı olmayaraq, dövlətimiz beş il əvvəlki kimi, yenə İrəvanı real sülhə çağırır. Prezident İlham Əliyevin bildirdiyi kimi, top Ermənistanın tərəfindədir. Qarşı tərəfin düşünməsi üçün, az da olsa, vaxtı var.
Ə.CAHANGİROĞLU
XQ