Yapon şahzadəsi Akiko Mikasanın Türkiyəyə səfəri çərçivəsində İstanbulda “Şahzadə Mikasa ailəsinin üç nəsli arasında güclü bağlar: Türkiyə ilə dostluq” adlı konfrans təşkil olunub.
Məlumatı “Anadolu” verib.
Türkiyə İş Bankası tərəfindən təşkil edilən tədbir İş Kuleleri İş Mərkəzində keçirilib. Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Gökhan Yazgi, Türkiyə İş Bankı İdarə Heyətinin sədri Adnan Bali, Yaponiya şahzadəsi Akiko və digər qonaqlar iştirak ediblər.
Türkiyə ilə Yaponiya arasında mədəni əlaqələrin inkişafına töhfə verən Şahzadə Mikasa ailəsinin üçüncü nəsil nümayəndəsi olan şahzadə çıxışında Türkiyənin onun üçün xüsusi yer tutduğunu qeyd edib: “Babam və atamla mənim üç nəsildən bəri davam etdirdiyimiz əlaqə, sadəcə bir ailə tarixi deyil, həm də humanitar, mədəni və elmi körpüdür. Yaponiya və Türkiyə arasındakı dostluğu gələcək nəsillərə çatdırmaq üçün ailəmdən miras aldığım bu məsuliyyəti davam etdirəcəyəm”.
P.Əmircanov
XQ