Qlobal geosiyasətdə “türk ssenarisi”

post-img

II məqalə

Tarixi zərurət

Belə alınır ki, türk dövlətlərinin geosiyasi dinamikada yeri və roluna qlobal miqyasda müşahidə edilən geosiyasi dəyişikliklər fonunda baxmaq lazımdır. Dünyada dəyişikliyin baş verdiyi bir dönəmdə türk dövlətlərinin geosiyasi statusunun müəyyən edilməsi tarixi zərurətdir. Keçən əsrin 90-cı illərindən türk dövlətləri yeni şərtlərə kollektiv reaksiya vermək yolunu seçmişlər. Bu məqsədlə Azərbaycanın xüsusi təşəbbüsü və praktiki fəallığı ilə Türk Dövlətləri Təşkilatı (TDT) yaradılmışdır. Siyasi liderlərin verdikləri bəyanatlar göstərir ki, türklər qlobal geosiyasətdə dövlət kimi yer və rollarını əsas olaraq TDT vasitəsi ilə yeniləşdirmək niyyətindədirlər. 

Bu o demək deyildir ki. hər bir türk dövlətli özünün geosiyasətdə mövqeyini minimuma endirməyi düşünmür. Əksinə. TDT-nin də quruluşu və fəaliyyət prinsipləri onu göstərir ki, hər bir türk dövlətinin regional və qlobal siyasətdə özünün statusunun yüksək olması istiqamətində atacağı addımlar təşkilat tərəfindən təqdir ediləcəkdir. Bu, prinsipial bir məqamdır və türk dövlətlərinin yaratdıqları təşkilatın quruluş və fəaliyyət fəlsəfəsindən qaynaqlanır. Burada bir az nəzəri haşiyə çıxmağa ehtiyac görürük.

Yeni regional təşkilatlar

Son illər aparılan tədqiqatlar (2015-ci ildən bu yana) göstərir ki, indi dünya üzrə sürətlə yeni regional təşkilatlar yaradılır. Onların məqsədləri və fəaliyyət prinsipləri bir-birindən fərqlənir. Bu kimi təşkilatların yaradılması mümkünlüyü BMT Nizamnaməsinin VIII bölümünə əsaslanır. Orada yaradılma qaydası ilə fəaliyyətin ümumi istiqamətlərinin müəyyən edilməsi başlıca şərtlər kimi qoyulur. Deməli, beynəlxalq hüquq baxımından hər bir regional təşkilatın həm qurulma fəlsəfəsi, həm də fəaliyyət istiqamətləri başlıca rol oynayır. Regional təşkilatları müxtəlif kontingentlərin dövlətləri və ya böyük regionların dövlətləri yarada bilərlər. 

Bundan başqa, quruluş məzmununa görə onlar qapalı və ya açıq formaya malik olurlar. Fəaliyyət istiqamətləri də burada prinsipial rol oynayır. Belə ki, əvvəlki regional təşkilatlarda üzvlərin fəaliyyətinə xeyli qadağalar qoyulurdu. Bu, geosiyasi təlimlərdə “köhnə regionalizm” kimi təsnif edilən təşkilatlara aiddir. “Yeni regionalizm” fəlsəfinə əsaslanan təşkilatlarda belə bir məhdudiyyət qoyulmur. Hətta bir regional təşkilatın üzvü başqa regional təşkilatların da üzvü ola bilər. Bu əsasda avtomatik olaraq müasir regional təşkilatlarda üzvlər arasında müəyyən regional və qlobal məsələyə münasibətdə fərqli yanaşmaların olması normal qəbul edilir. 

Digər tərəfdən, bu formada təşkilatlanma yolunu seçən hər bir dövlətin özünün “şəbəkə diplomatiyası”, yəni çox sayda təşkilatda fəaliyyəti milli maraqlara və ya baza regional təşkilatın maraqlarına yğun qurmağın məntiqi sistemli kursunun formalaşması lazımdır. Məsələnin bu tərəfində dövlətlər qabiliyyətlərinə görə bir-birindən fərqlənə bilər. 

Əlbəttə, belə bir sərbəstlik şəraitində regional təşkilatın özünün bütövlüyünü saxlaması məsələsi də aktuallaşır. Bu məqamda dövrəyə siyasi, iqtisadi, təşkilati, fəaliyyət və ortaq maraqlar kimi kriteriyalar daxil olur. Yəni, faktiki olaraq, yeni səmərəli nəticəverici təşkilat olmaq üçün müxtəlifliyin gerçəkçi sintezini təmin edən qaydalar müəyyən edilməlidir. Bu isə hər bir nümunədə yaradıcı yanaşma tələb edir. 

Bu şərtlərin prizmasından baxanda türk dövlətlərinin təşkilatlanması nümunəsi olan TDT necə görünür? Onları hansı kriteriyalar real olaraq birləşdirib vahid avtonom geosiyasi gücə çevrilməyə şans yaradar? Siyasətmi, iqtisadiyyatmı, müdafiə maraqlarımı, energetikamı, yaxud təhlükəsizlikmi? Bəlkə hansısa başqa güclü təşkilata “siyasi, geosiyasi, hərbi sığınmaq” strategiyası keçərlidir? Məsələn, Avropa İttifaqı və ya “İbrahim uşaqları” layihəsinə üz tutsunlar? Biz bu sualları təsadüfən qoymuruq. 

“Psevdoanalitiklər”in “təhlilləri”

Məsələnin bu aspektinə ayrıca diqqət yetirməyə ehtiyac yaranmışdır. Çünki son zamanlar hətta Azərbaycanda olan ekspertlərin bir qismi TDT məsələsini açıqca anti-Türkiyə kontekstində “təhlil etməyə” və “qiymətləndirməyə” çalışmışlar. Bu zaman sanki onlar üçün Azərbaycanın deyil, başqalarının maraqlarının əsas olduğu duyulur. Detallara getməyəcəyik, çünki bu “psevdoanaltiklər” ona layiq deyillər. Lakin Türk dünyasının münasibətləri məsələsində ən çox biz azərbaycanlılar həssas olmalıyıq. Çünki türk birliyinin təməlində “bir millət, iki dövlət” dahiyanə kəlamı dayanır. TDT-nin təşkilat kimi bugünkü vəziyyətinin memarı Azərbaycandır. Buyurun – Naxçıvan Bəyannaməsi, Şuşa Bəyannaməsi və Qarabağ Bəyannaməsi! Bu sənədlərdə türklərin inteqrasiya yolu müəyyən edilmişdir və hər bir bənddə onun konkret ifadəsi vardır. Həmin anlamda Naxçıvandan başlayan ümumtürk sinerjisi Qarabağ Bəyannaməsində yeni vüsət və məzmun almışdır. 

Azərbaycan Prezidenti dəfələrlə çıxışlarında TDT-nin gücləndirilməsinin xarici siyasətin prioritetlərindən biri olduğunu vurğulayır. Rəsmi olaraq da TDT istiqaməti prioritet kimi belə müəyyən edilmişdir: “Türk dövlətləri ilə əlaqələrin və Türk Dövlətləri Təşkilatınını daha da gücləndirilməsi!” Reallıq göstərir ki, bu ideyaya ən sadiq türk dövləti Azərbaycandır. Ən fəal türk liderin İlham Əliyevdir. Son faktlar. Azərbaycan Prezidenti Şimali Kiprlə bağlı Türkistan dövlətlərinin gözlənilməz hərəkətindən sonra açıq bəyan etdi: “Azərbaycan həmişə Şimali Kipr Türk Respublikasını beynəlxalq aləm tanıyana qədər yanındadır!”          

Gerçəklik bu cür ola-ola hansı rasionallıq və obyektivliklə özünü analitik kimi təqdim edən adam Türk inteqrasiyası və ayrıca TDT məsələsində Ankaranın aparıcı rol oynadığını yaza bilər və Azərbaycanın adını çəkməz? Özü də Türkiyənin aparıcılığını bacarıqsız, gücü çatmayan bir dövlət kimi göstərmək naminə vurğulamağın məsuliyyətsizliyi böyükdür! İki səbəbdən. Birincisi, türk inteqrasiyası ideyası Azərbaycandan qaynaqlanır. Buna görə də Türkiyə aparıcı faktor deyildir. İkincisi, Türkiyəyə bu münasibət fonunda həm türk birliyi ideyasını təhrif etmək, həm də Azərbaycan üçün başqa geosiyasi seçimin faydalı olduğu cəfəngiyatını vəziyyəti bilməyənlərin psixologiyasına yeritmək niyyəti özünü açıq göstərir. “Alternativləri” də hazırdır: Rusiyanın Avrasiya modeli, İsrailin “İbrahim uşaqları” xətti və Avropanın ikincidərəcəli üzvü olmaq seçimi (Azərbaycan rəhbərliyi çoxdan sübut etmişdir ki, assosiativ üzvlük nağılı elə bu mahiyyətdir və Gürcüstanın da başı “bu daşa dəydi”, indi Ukraynanı məhv edirlər və Mərkəzi Asiyadakı türk dövlətlərini arzuolunmaz səmtə tərəf  sürükləməyə başlamışlar).     

Bütün bunların fonunda xaricdən edilən sifarişlə TDT haqqında təhrifedici fikir yazmağın adını oxucu özü qoysun! Lakin indi proseslərin bu dərəcədə həssas olduğu bir dönəmdə türk inteqrasiyası məsələsinə yadların marağından baxıb əsassız nəsə yazmaq və hətta Türkiyəni neqativ hədəf kimi göstərmək “öz başına sıxılan ideya gülləsidir”! 

Bu cür antitürk inteqrasiyası təbliğatı fonunda bizim üçün daha önəmli olanı Azərbaycanın yeni növ regional təşkilat yaratmaq istiqamətində göstərdiyi təşəbbüslər və fəallıq xüsusi önəm kəsb etməkdədir. Biz, qlobal geosiyasətdə türk ssenarisinə məhz həmin kontekstdə baxmağa çalışacağıq. 

Türk inteqrasiyasının potensialı

Əsrlərlə yadların təsirləri, təzyiqləri və dağıdıcılığı altına qalmalı olan Türk dünyası geosiyasi səviyyədə amansız məhvedilmə tendensiyaları ilə üzləşmişdir. Bu barədə I məqalədə bəhs edilmişdir. İndiki mərhələdə türklərin dövlət olaraq bu vəziyyətdən çıxmağa tarixi, mənəvi və ideoloji haqları vardır. Bu haqqın siyasi və geosiyasi proyeksiyası isə mütləq təşkilatlanma tələb edir. Deməli, öncə, türk toplumları inteqrasiya olmağa olan haqlarını tam dərk etməlidirlər. Bu dərketmə əsasında konkret təşkilatlanma formasında özlərinin siyasi və geosiyasi haqlarını ortaya qoymalıdırlar. 

Türk qövmləri tarixən dövlətlər qurmuşlar. Bu dövlətlər hokmlü və ədalətli olmuşlar. Səfəvilər və Osmanlılar isə uzun müddət geniş bir məkanda nüfuz sahibi olmuşlar. Mərkəzi Asiyada da türk dövlətləri həmişə mövcud olmuşlar. Deməli, türklər tarixən dövlət qurmaq bacarığına, potensialına, hünərinə malik etnosdur. Onun qlobal geosiyasətdə layiqli yer tutmasına tam tarixi haqqı vardır.

Mənəvi baxımdan da türklər həmişə öz ədaləti və dövlət intizamı ilə seçilmişlər. Türk mifində İlahi ədaləti dünyaya yaymaq əsas prinsipdir. Buna görə də türklərin dünyəvi missiyası mənəvi aspektdə intizam, ədalət, qanun və süllhə əsaslanan dövlət qurmaqla sıx bağlıdır. Belə bir qövmün dünya geosiyasətində yeri və rolu yüksək olmalıdır. Bundan bəşəriyyət fayda götürəcək! 

Türklərin dövlət quruculuğu və başqa ölkələrlə münasibət qurmaq fəlsəfəsi hamıya məlumdur. Bu, daxili ədalət və nizamı dünyaya proyeksiya etməyə əsaslanan ideoloji sistemə söykənir. XX əsrin son onilliyi və XXI əsrin ilk üç onilliyinin təcrübəsi göstərir ki, azərbaycançılıq və onun yanında multikulturalizm türk inteqrasyasının real və perspektivli ideoloji qaynağı ola bilər! Azərbaycançılıq etnik mənsubluğundan asılı olmayaraq, hər bir vətəndaşın dövlət ideyası ətrafında, multikulturalizm isə cəmiyyətdə müxtəlifliyin vahid ideya ətrafında birləşməsini təmin edə bilir. Azərbaycanın bu təcrübəsi bütövlükdə Türk dünyası üçün son dərəcə faydalı ola bilər. 

Buradan bir ümumi və prinsipial nəticə çıxarmaq olar. Yəni türk toplumlarının dünya miqyasında ən yüksək səviyyədə inteqrasiya modeli mövcuddur. Onun təməlləri tarixi, mənəvi və ideoloji aspektlərdən formalaşmışdır. Bu özəlliyə siyasi xarakterli mühüm faktoru da əlavə etmək olar.

Türk birliyinin siyasi potensialı 

Biz vurğulamışıq ki, uzun müddət türk xalqları bir-birindən uzaq “siyasi, geosiyasi, ideoloji və mənəvi məsafədə” saxlamağa çalışmışlar. Bu, bir tərəfdən türklərə qarşı qərəzli və aşağılayıcı münasibətin formalaşmasına səbəb olmuşdursa da, dövlətçilik baxımından başqa maraqlı özəlliyi meydana gətirmişdir. Yəni türk xalqları fərqli siyasi-mədəni və ideoloji mühtidə təkamül etməklə fərqliliklər şəraitində birgə yaşamaq mədəniyyətini başqalarından daha dərin qavramışlar. İndi türk dövlətləri – Türkiyə, Azərbaycan, Qazaxstan, Özbəkistan, Qırğızıstan və Türkmənistan adlanır və hər birinin özünəməxsus siyasi, mənəvi, mədəni və ideoloji xüsusiyyətləri vardır. Bu da vahid türk etnosu çətiri altında müxtəliflikləri bir strukturda və siyasi, sosial, mədəni sistemdə birləşmə potensialını dəfələrlə artırır. Bu baxımdan türklərlə yalnız ABŞ təcrübəsi müqayisə edilə bilər. Bu iki nümunə qlobal geosiyasətin nüvəsini təşkil etmək qüdrətinə malikdir. Buna görə də ABŞ üçün Avrasiyada əsas tərəfdaş TDT ola bilər. 

Bunun üçün türk dövlətlərinin TDT-ni ABŞ-dən də fərqli bir təşkilat halına gətirmələri zəruridir. Çünki TDT heç zaman vahid dövlət olmamalıdır, ABŞ isə bir dövlətdir. TDT həmişə bir neçə müstəqil türk dövlətini (onların sayı dəyişə bilər) açıq və dinamik strukturlaşan, inkişaf edən funksional keyfiyyətlər alan, digər dövlətlərə də öz şərtləri daxilində açıq olan təşkilat olmalıdır! Bu isə o deməkdir ki, geniş bir məkanda Türk inteqrasiya modeli lider rolunu oynamalıdır. İndi hətta türk dövlətləri içində bəzilərini qıcıqlandıran da məhz bu perspektivin getdikcə aydın olmasıdır. Onlar MDB, ASEAN, Şanxay Əməkdaşlığı Təşkilatı, BRIKS və istənilən başqa nümunəni qəbul edərlər, yalnız türk nümunəsi olmasın! Burada səbəblər müxtəlifdir və fərqli sahələrdən qaynaqlanır. Biz onların sırasında mühüm rol oynayan və fəlsəfi xarakteri olan “təfəkkürün köləliyi” məsələsi üzərində dayanmaq istərdik.    

(ardı var)

 

Füzuli Qurbanov, XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

 

Siyasət