(əvvəli https://xalqqazeti.az/az/siyaset/222509-guney-azerbaycan-turklerinin-soyqirimi)
Kitabın bir hissəsində Cənubi Azərbaycanın Qərb bölgələrində ermənilərin silahlanmasından, əhalinin oradan köçürülməsi üçün xalqa edilən zülmün miqyasından bəhs edilir. 405-ci səhifədə oxuyuruq: “Bizim üçün silah almaq zəruri bir vəzifə idi. Çünki İrandan silah almaq üçün bazar yox idi. Ona görə Rusiyadan gətirməli olurduq. Bu iş də çox çətin idi. Dostlar təklif etdilər ki, Təbrizdə və Səlmasda silah zavodları açaq. Təsis etdiyimiz sexlərdə tüfənglərin qundağını, metal hissələrini hazırlamaq mümkün idi. Digər hissələrini isə Rusiyadan gətirməli olduq. Biz onları Rusiyanın Orlov və Tula silah zavodlarından ala bildik”.
Bütün bunlar 1900-cü illərin əvvəllərində baş verirdi. Ruben Ter-Minasyan Səlmasın əhəmiyyətini belə izah edir: “Səlmasdan Qafqaza, Vana və Balkanlara çatmaq bizim üçün çox əlverişli idi. Buradakı fədailərimizi silah və digər sursatlarla təchiz etmək çətin deyildi”. Ruben bu bölgənin erməni silahlı dəstələri üçün əlverişli yer olduğunu vurğulayır, nəzarətdən kənar ərazi olduğunu qeyd edir. O, Andranikin silahlı dəstəsinin burada yerləşdiyini belə izah edir: “Andranik özü bir müddət sonra Səlmasdan ayrılsa da, silahlı dəstəsi burada qalırdı. Koms da onun kimi... Gələcək erməni hərbi rəisləri Nikol Duman Xoyda öz dəstəsini yaratmışdı, “Daşnak” partiyası da öz idarə mərkəzini Afinadan Tehrana köçürərək, Xoy, Təbriz, Rəşt şəhərlərində təşkilat mərkəzləri təşkil etməsi ilə bizim üçün rahat şərait yaranmışdı və İsfahanda fəallaşmağımız gələcək planların gerçəkləşməsinin xəbərçisi idi. Urmiya və Səlmas əsas hədəflərdən biri idi. “Daşnaksütyun” partiyasının planı bölgələrdəki digər xristianların da dəstəyini alaraq buranı “erməni vətəninə” çevirmək idi”.
Qafqazda çıxan erməni qəzetləri də bu planın həyata keçirilməsindən yazırdılar. Tiflisdə çıxan “Mşak” adlı qəzet, demək olar ki, hər nömrəsində buradakı proseslərlə bağlı yazılar verirdi.
Ermənilərin İranın müxtəlif bölgələrində türk-müsəlmanlara qarşı cinayətləri 1918-20-ci illərdən xeyli əvvəl planlaşdırıldığı xatirələrdən də məlum olur. 1908-ci ildə Tehranın Atabəy parkında “sərdari-milli” Səttar xanı güllələyən də erməni idi. Yeprem Davtyanın Tehranda açdığı atəş nəticəsində Səttar xan ayağından yaralanmış, bir il sonra bu yaradan ölmüşdü. Səttar xanı güllələyən Davtyan Van, Ərzurum və Sasuna, bu vilayətlərin kəndlərinə erməni quldur dəstələrinin basqınlarına rəhbərlik etmiş, bir çox cinayətlərinə görə Rusiya tərəfindən həbs edilib Sibirə göndərilmişdi. Amma o, sürgündən qaçaraq, Təbrizdə məskunlaşmışdı. Maraqlıdır ki, 1905-1911-ci illər İran inqilabından və şahın devrilməsindən sonra o, polis rəisi təyin edilmiş, daha sonra müvəqqəti də olsa İran silahlı qüvvələrinin komandanı olmuşdur. İran hökuməti ona sərdar (ümumqoşun komandanı) titulu vermişdi. O, Tehranın polis rəisi işləyərkən çox qan tökdü. Yepremin özü törətdiyi cinayətləri belə izah edirdi: “1908-ci il fevralın 8-də Qəzvində Qiyas Nizaminin oğlu Nəsir xanı müavini ilə birlikdə öldürdüm. Sonra baş ferraş Vəli xanı tapıb öldürdüm. Hurzandakı erməni icması ilə birlikdə Qəznədən 35 kilometr aralıda olan Şahsevənə getdik. 58 nəfəri öldürdük, 46 nəfəri yaraladıq və s.”.
Yeprem daha sonra yazır: “Aprelin 19-da 90 erməni ilə Qəzvinə gəldik. Qazi Nizaminin 21 yaşlı oğlunu girov götürdüm. Ən azı 60-70 nəfəri öldürdük, 35 nəfəri yaraladıq. Sərdarı götürüb getdik. 1908-ci il aprelin 18-də biz 7 erməni silahlısı ilə Şahsevənlərə hücum edərək 8 kişi və bir qadını öldürdük”. Günahsız adamları öldürməklə öyünən bu quldurbaşı Ermənistanda qəhrəman kimi qələmə verilir.
Məsələnin əhəmiyyəti ondadır ki, bu cinayətləri ermənilərin özləri etiraf edirlər, həmin dövrdə baş verənlər onların öz dillərində yazdıqları kitablarda yer alır.
Azərbaycanlılar arasında “Cilovluk fəlakəti” kimi tanınan cinayət zamanı Güney Azərbaycanda ermənilərin köməyi ilə asurilərin həyata keçirdikləri qırğınlarda bəzi tarixçilərə görə 300 min azərbaycanlı qətlə yetirilib. Bu faciə uzun illər gündəmdə olmayıb. Bu qırğınların təməli, əslində, Birinci Dünya müharibəsindən xeyli əvvəl qoyulmuşdu. 1914-cü ildən sonra bölgədə baş verən Osmanlı–rus qarşıdurmaları ruslara arxalanan erməni-asuriləru böyük ölçüdə Rusiyadan asılı vəziyyətə salmışdı. Rusların güclü olduğu bölgələrdə ermənilər və asurilər güclü idilər. Rusiyanın zəifləməsi ilə ermənilər və asurilər, müvəqqəti də olsa, bölgəni tərk etməyə üstünlük verdilər. Amma onların havadarları təkcə ruslar deyildi, fransız və ingilislər də bu məsələyə fəal şəkildə müdaxilə etməyə başladılar. İranın mərkəzi hakimiyyəti aciz idi.
Rusiyada bolşevik inqilabının başlaması və bu ölkənin İranın şimal-qərbi və Osmanlı İmperiyasının şərqindəki işğal etdiyi torpaqlardan çıxması ilə ermənilərin və asurilərin aldıqları dəstək xeyli azaldı. Lakin qısa müddətdən sonra bölgədə cəbhənin zəifləməsinin qarşısını almaq üçün Rusiyanı İngiltərə və Fransa əvəz etdi. Bu qüvvələr regionda öz maraq və planlarını üç əsas qrup vasitəsilə həyata keçirirdilər: Nasturilərə (asurilər) Benjamin Marşimon (o, həm də onların dini lideri idi), ermənilər isə bir müddət Urmiyadakı Osmanlı konsulu olmuş Nikitin və Petros ağa tərəfindən idarə olunurdu. Üçüncü qrup isə İsmayıl ağa Smitkonun (Türkiyə tarixində Simko adı ilə tanınır) başçılıq etdiyi kürdlərdən ibarət qrup idi, İngiltərə və Fransanın öz maraqlarına uyğun Osmanlı imperiyasına və yerli xalqa qarşı müharibə aparırdı. Bu işdə əsas alət yenə ermənilər idi.
Ancaq Nasturi lider Marşimon ilə Smitkonun Çehrik bölgəsində bir görüşü ölümlə nəticələndi. Kürd– asuri– erməni əməkdaşlığının necə inkişaf edəcəyi ilə bağlı görüşdə Smitko gələcək dövlətdə və ya hökumətdə ona yer verilməyəcəyi şübhəsi ilə Marşimonu öldürdü. Asurilər bu hadisəni eşidəndə qisas almaq üçün Çehrikə hücum etdilər. Lakin Smitko qaçmışdı. Oradakı türklərin kürd Smitko ilə heç bir əlaqəsi olmasa da, asurilərin intiqamının hədəfinə çevrilmiş, tarixçilərin fikrincə, üç gün ərzində (22-25 fevralda) orada 12 min müsəlman vəhşicəsinə qətlə yetirilmişdir.
Fevralın 25-də Urmiya şəhərinin süqutu ilə vəziyyət daha da pisləşdi və müsəlmanları tərksilah etmək bəhanəsilə şəhərdə minlərlə türk qətlə yetirildi. Urmiya ətrafındakı kəndlər boşaldıldı və qırğından qaçan insanların çoxu köç yolunda aclıqdan və ya epidemiyadan öldü. Bu arada erməni dəstələrinin komandirlərindən biri olan Andranik Ozanyan Şimali Azərbaycanın bir çox bölgələrini tutmuşdu və “Böyük Ermənistan” planını həyata keçirmək üçün İran Azərbaycanındakı asuri-erməni dəstələrinə qoşulmağa can atırdı. Andranikin komandanlığı ilə ermənilər 1918-ci il mayın 28-də Xoy şəhərinə girməyə cəhd etdilər. Osmanlı ordusu 1918-ci ilin aprelində artıq hərəkətə keçmişdi. Yerli əhalini qorumaq üçün asuri-erməni dəstələrinə zərbələr vuran Osmanlı ordusu iyul ayında Andranikdən əvvəl Xoy şəhərinə, Səlmas və Urmiya şəhərlərinə daxil olaraq bölgəni tamamilə nəzarətə götürərək 6 aya yaxın davam edən qırğınlara son qoydu.
Müttəfiq qüvvələrlə atəşkəs əldə edildikdən sonra Osmanlı ordusu 1918-ci il oktyabrın 19-da Qərbi Azərbaycan bölgəsini yerli əhalinin ixtiyarına buraxaraq oradan çəkildi. Lakin bu bölgə qırğınlardan sonra çox zəifləmiş və əhalinin böyük hissəsi həyatını itirmişdi. Məşhur İran tarixçisi Əhməd Kəsrəvi “Azərbaycanın 18 illik tarixi” kitabında yazır ki, ermənilər Urmiya və digər bölgələrdə ən azı 150 min müsəlman türkü qətlə yetiriblər. Bu rəqəmin 300 minə qədər olduğunu deyən tarixçilər də var. Urmiyənin o dövrdəki hökumət nümayəndəsi Motemedolvozeranın yazdığı gündəlikdən tərtib etdiyi “Böyük müharibə dövründə Urmiyə” kitabına görə, Urmiyanın yarısı, yəni 150 min insan öldürüldü və şəhər boşaldı. Urmiyənin Qara Sandık, Hatip, Şeref, Ağdaş, Həzran və Qoç Məhəmməd kimi qəbiristanlıqları həmin qətliamın əlamətləridir. Xatırladaq ki, bu qanlı hadisələrdən öncə Urmiyada 300 min əhali yaşayırdı.
Bölgədəki xristianlar birləşmişdi, onlara dəstək isə kürd aşirətlərindən gəlirdi. Urmiya və Xoyda ermənilərlə asurilər arasındakı əlaqələr hər iki icmanın xristian kimliyindən qaynaqlanırdı. Təbii ki, bunu başa düşmək olardı, lakin bölgədə yaşayan kürd tayfalarının erməni–asuri ittifaqında iştirak etdiyini anlamaq çətin idi.
Ruben Ter-Minasyanın xatirələrində bu xalqın, yəni kürdlərin asuri və ermənilərə yaxınlığının gələcəkdə Ermənistan dövləti üçün istifadə ediləcək müsəlman amili olacağı deyilirdi. Ermənilər asurilərin lideri Marşimon ilə yaxşı münasibətdə idilər. Burada əsas söz sahibi o idi. Kürd lideri İsmayıl Ağa Smitko da ermənilərin planlarından xəbərdar idi və bu ittifaqda iştirak etməyə razılıq vermişdi. Ruben yazır ki, erməni hərbi dəstəsinin başçısı Nikol Duman çıxışlarının birində söyləmişdi: “...Amma şiə olan müsəlmanlar bu ittifaqda iştirak edə bilməzlər. 1900-cü illərin əvvəllərində belə bir fikir var idi ki, onlar özlərinə yer tapmalıdırlar, onların burada qalmaları qan tökülməsinə səbəb ola bilər. Partiyamızın burada keçirilən iclasında qərara alındı ki, “şiə-sünni” münaqişəsi təşkil edək. Bunlar şiədir, sünnilərə qarşı istifadə etməklə öz məqsədimizə nail ola bilək. Biz çalışmalıyıq ki, onları Türkiyədən ayıraq...”.
(ardı var)
Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri