II məqalə
XX əsrdə Azərbaycan dövlətçiliyinə qarşı terror
Keçən yüzil Azərbaycan və azərbaycanlılar üçün xalq, ölkə və dövlət kimi əvvəlki dönəmlərdən daha genişmiqyaslı və pozucu xarakterli zaman oldu. XIX əsrin sonlarında yaradılmış erməni terror qruplarına xüsusi tapşırıq verib, onları antitürk (antiazərbaycanlı) ruhunda vəhşiləşdirən dairələr iki aspektdə çox hiyləgər davrandılar.
Birincisi, özlərinin Türk (Azərbaycan) dövlətçiliyinə olan qatı düşmən mövqelərini ört-basdır etdilər. Onlar pərdəarxasından prosesləri idarə edirdilər.
İkincisi, Qafqaz da daxil olmaqla ənənəvi türk yerləşim məkanlarında etnik ayrı-seçkiliyi körükləyir, onu uzun sürə biləcək qarşıdurma müstəvisinə sürükləyirdilər. Burada başlıca məqsəd regionda həmişə aparıcı olmuş Azərbaycan (türk) dövlətçiliyinin nümunə obrazını təhrif edərək, ümumiyyətlə, bu qövmün dövlət qura bilmədiyi fikri formalaşdırmaqdan ibarət idi.
Üçüncüsü, hərbi və terror təsirləri vasitəsilə ənənəvi Azərbaycan dövləti, mədəni, coğrafi, demoqrafik, dini məkanında “süni erməni mühiti” yaratmaq əsas hədəflərdən idi.
Dördüncüsü, müxtəlif soyqırımı, deportasiya, demoqrafik, mədəni süni mühiti yaratmaq prosesindən türklərdən boşalan məskunlaşma ərazilərində qondarma erməni dövləti quraşdırmağa çalışmaq başlıca siyasi, ideoloji və geosiyasi məqsəd idi.
Beşincisi, bu dağıdıcı prosesin bizim üçün daha faciəvi tərəfi Azərbaycanı ərazi, siyasi məkan, geosiyasi tamlıq və mədəni-demoqrafik yerləşim olaraq Cənub və Şimal hissələrinə böldükdən sonra, xüsusi olaraq Qərbi Azərbaycan probelmini yaratdılar. Qərbi Azərbaycandan soydaşlarımızı dalğa-dalğa müxtəlif bəhanələrlə deportasiya etməklə bütövlükdə dövlətçilik, məfkurəvilik və demoqrafik təkamül ənənələrimizin tarixi ritmini pozdular.
Bu səbəblərdən Qərbi Azərbaycan indi Azərbaycanın müstəqilliyi baxımından tale və qədər məsələsidir. Onun aktuallığı müxtəlif variantlardan seçim etməklə bağlı deyildir – zərurətdir, zamanın tələbidir. Bu anlamda Azərbaycanın dövlətçilik və bütövlük taleyi Qərbi Azərbaycan istiqamətində fəaliyyətimizlə birbaşa əlaqəlidir. O, dövlət və xalq üçün strateji məsələdir.
Vurğuladığımız bu tezislərin ümumi işığında XX əsrdə Azərbaycana qarşı törədilən terror proseslərinə qısaca nəzər salaq.
XX əsrin ilk iki onilliyi: antiAzərbaycan siyasətinin yeni obrazı
XIX əsrdə başladılan antiAzərbaycan siyasi xətti XX əsrin əvvəllərindən yeni forma və məzmun aldı. Bu, kənar qüvvələrin ciddi dəstəyi ilə yaradılan bir neçə terror dəstələrinin fəaliyyəti aktivləşdirməsi vasitəsilə həyata keçirildi. İlk dalğa 1905-1907-ci illərdə oldu. Sonrakı illərdə bu proses davam etdirildi və 1918-1920-ci illərdə daha sistemli, amansız və əhatəli miqyas aldı. Bu dönəmin əsas xüsusiyyətlərinin tarixi, fəlsəfi və politoloji özəlliklərinə baxaq.
Hər şeydən öncə, erməni terror çətələri azərbaycanlıları deportasiya edir, onları fiziki məhv etməyə çalışır və boşaltdıqları yerlərə kənardan erməniləri gətirirdilər. Bundan dərhal sonra toponimləri erməniləşdirir və oranı “qədim erməni torpağı” elan edirdilər.
Bu təxribatçı və vəhşi addımı dərhal Qərbdə və Rusiyada dəstəkləyir və xəritələrə “qədim erməni torpaqları”nı salırdılar. Erməni terroru 1905-1907-ci illərdə dövlət qura bilmədi, lakin demoqrafik baxımdan xeyli dəyişiklik etdi.
Birinci Dünya müharibəsinin başlaması ilə bu prosesə erməni havadarları yeni məzmun və əhatə verdilər. Xüsusi olaraq Azərbaycanın siyasi-coğrafi və demoqrafik-mədəni məkanında vəhşiliklər, sürgünlkər, deportasiyalar və zorakılıqla ərazi zəbt etmək normaya çevrildi. O dövrdə az qala bunun əksini düşünənləri “sivilliyin düşməni” adlandırırdılar.
Həm Avropa, həm də Rusiya beynəlxalq səviyyədə ermənilərə hər cür dəstək verməklə son 200 ilin ərazi, toponim, mədəniyyət məkanı kimi bizim üçün böyük itkisi olan “Ermənistan” yaratdılar. Onu tarixi Azərbaycan torpağı olan Qərbi Azərbaycan ərazilərində qondardılar. Bununla geosiyasi baxımdan iki istiqamətdə proseslərə təkan verdilər.
Birincisi, “Qərbi Azərbaycan” və “Qərbi azərbaycanlılar” terminlərini, anlamlarını, fəlsəfəsini, siyasi dərkini rəsmi gündəmdən çıxarıb “Ermənistan” termini ilə əvəz etdilər. Hətta indi də Azərbaycanın özündə çox az qism “Qərbi Azərbaycan” deyir, əsasən “Ermənistan” sözündən istifadə edirlər.
İkincisi, erməni terrorunu ermənilərin azadlıq uğrunda qətiyyətli mübarizəsi kimi təbliğ və təşviq etdilər. Bununla onun real neqativ tarixi missiyasını pərdələdilər. Sonrakı dönəmlərdə daha vəhşicəsinə Azərbaycan dövlətçiliyinə qarşı terror dalğası yaratdılar.
Üçüncüsü, ədalətsizliyi, antisivilliyi və dövlətə, xalqa qarşı olan terror əməllərini bu cür dəstəkləməklə qapalı siyasi rejim olan SSRİ dönəmində Azərbaycan Respublikasına, xalqına, mədəniyyətinə və ərazisinə qarşı yeni terror dalğalarının meydana gəlməsinə geniş siyasi, rəsmi və “hüquqi” zəmin hazırladılar. Bu mərhələni şərti olaraq üç altdönəmə ayırmaq olar.
1922–1939-cu illərdə terror dalğası
Həmin müddətdə Azərbaycana qarşı terror dalğası nəinki səngiməmiş¸ hətta, yeni-yeni hiyləgər formada yaradılmışdır. Bu müddətdə Ermənistan adlanan qondarma dövlətin ərazisi Azərbaycan torpaqlarının hesabına iki dəfədən çox genişləndirilmişdir. Bunu sovetlər “qardaşlıq”, “məzlum erməni xalqına yardım” və başqa ibarəli sözlər altında etmişlər.
Paralel olaraq, Qərbin yaratdığı beynəlxalq təşkilatlarda (Millətlər Liqasında) və SSRİ daxilində hər hansı rəsmi sənədlərdə nə “Qərbi Azərbaycan”, nə də “Qərbi azərbaycanlıların deportasiyası” ifadələri yer almamışdır. Heç “Ermənistandan deportasiya edilmiş azərbaycanlılar” ifadəsi də yoxdur. Yəni həmin dönəmdə Qərbi azərbaycanlıların soyqırımı və dəfələrlə deportasiya olunmaları tamamilə inkar edilmişdir. Elə təəssürat yaradılmışdır ki, dünyada “Qərbi Azərbaycan” və “Qərbi azərbaycanlılar” olmamışlar. Deməli, məqsədli şəkildə Qərb və Rusiya imperialist dairələri birləşib Azərbaycan dövlətçiliyini yox etmək istiqamətində fəaliyyət göstərmişlər.
1948–1953 və 1988–1993-cü illər: terrorun davamı
Həmin mərhələlərdə Azərbaycana qarşı olan terror hadisələrini birləşdirən siyasi və ideoloji xarakterli məqamlar vardır. Hər iki dönəmdə azərbaycanlıları məskunlaşdıqları yerlərdən minbir əziyyət və zorakılıqla qovmaqla oraları “əzəli erməni torpaqlarına çevirmək” planları həyata keçirilmişdir. 1948-1953-cü illər əsasən Qərbi Azərbaycandan deportasiyaları əhatə edirsə, 1988-1993-cü illərdə ona Qarabağ da daxil edilmişdir. Bu onu göstərir ki, ermənilərin havadarları Azərbaycan dövlətinə və azərbaycanlı kimliyinə qarşı terroru genişləndirmək və ona yeni məzmun vermək planları qurmuşlar. Başlıca niyyət – Azərbaycan dövlətçiliyini zəiflətmək, onun yerində erməni dövlətçiliyini möhkəmləndirməkdən ibarət olmuşdur.
Bununla qısa da olsa, Azərbaycana qarşı yüzillər törədilən teror hadisələrinin ümumi məntiqi, məqsədi və onun reallaşdırılması planlarının strateji aspektini aydınlaşdırmaq imkanı yaranır. Məsələnin bu tərəfinə Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin verdikləri qiymət əsasında baxmaq zəruridir.
Ulu öndərin ədalətli yanaşması
Azərbaycana qarşı uzun müddət davam edən terrorun dövlətçilik kontekstində ən dolğun və ədalətli, real faktlara əsaslanan siyasi və geosiyasi qiymətini Ulu öndər Heydər Əliyev 2002-ci ildə Goranboy rayonunda yeni salınmış Aşağı Ağcakənd qəsəbəsinin açılışındakı nitqində vermişdir. Heydər Əliyev demişdir: “...1998-ci ildə mən ermənilərin indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılara qarşı ədalətsiz hərəkətləri, azərbaycanlıların indiki Ermənistan ərazisindən deportasiya olunması ilə əlaqədar fərman vermişdim. Bu deportasiyanın 50 illiyi münasibətilə öz fikirlərimi bildirmişdim. Amma bu deportasiya, azərbaycanlıların Ermənistandan deportasiyası ilk hadisə deyildi... Bunu heç kəs inkar edə bilməz...”.
Sonra fikirlərinə davam edərək Ulu öndər vurğulamışdır: “1918-ci ildə onlar azərbaycanlılarla ermənilər arasında qanlı vuruşlara şərait yaratdılar. Azərbaycanlıları Ermənistan ərazisində və başqa yerlərdə qırmağa başladılar və qırğın yaratdılar. İndiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar, demək olar ki, o vaxtdan öz doğma torpaqlarını tərk etməyə məcbur oldular. Hər il tədricən Ermənistandan qədim ata-baba torpaqlarını tərk edib Azərbaycanın ərazisinə köçmək məcburiyyətində oldular”.
Bu gedişatın nəticəsi o oldu ki, “...getdikcə ermənilər azərbaycanlılara məxsus olan torpağı, Ermənistan adlanan yeri zəbt edəndən sonra orada özlərinə dövlət yaratmağa, əhalinin çoxluğunu təmin etməyə çalışdılar. Buna da nail oldular. Sonrakı dövrdə də Azərbaycana Ermənistan ərazisindən azərbaycanlıların axını davam edibdir”.
Deməli, Ulu öndər XX əsrin birinci yarısında Azərbaycana və azərbaycanlılara qarşı olan terror hadisələrinə vahid bucaq altında baxaraq çox mühüm siyasi nəticələr çıxarmışdır. O cümlədən, 1948-ci ildə başlayan növbəti terror dalğasını dəqiq təqdim etmişdir. Heydər Əliyev demişdir: “...1948-ci ildə SSRİ hökumətinin qərarı ilə təəssüflər olsun ki, ovaxtkı Azərbaycan hökumətinin də razılığı ilə – azərbaycanlıları kütləvi olaraq Ermənistan ərazisindən deportasiya etdilər. Özü də çox ağır şəraitdə–insanlara öz mal-mülklərini də yığışdırmağa imkan vermədilər. Dağlıq yerdə yaşayan adamları yük vaqonlarına doldurub, dəmir yolu ilə gətirib Azərbaycanın Muğan, Mil zonasına – çöllərə tökdülər. Məlumdur ki, deportasiya olunanların bəzisi orada qırıldı, bəzisi sonra yenə də müəyyən yollarla öz torpaqlarına, öz evlərinə qayıtdı. Çünki ürəkləri davam gətirə bilmirdi. Böyük bir qismi də Azərbaycanın ictimai-siyasi, iqtisadi həyatına qoşuldu və Azərbaycanda yaşadı”.
Vurğuladığı faktların dövlətçilik kontekstində siyasi və geosiyasi nəticələrini də Ümummilli lider dəqiq ifadə etmişdir. Heydər Əliyev aşağıdakı kimi ümumiləşdirici qənaətini ifadə etmişdir: “Beləliklə, get-gedə Ermənistan ərazisində azərbaycanlıların sayı azaldı, azaldı, azaldı. Nəhayət, ermənilər 1988-ci ildə Ermənistan–Azərbaycan münaqişəsini başlayaraq, dərhal azərbaycanlıları Ermənistan ərazisindən tamamilə çıxartdılar...”.
Beləliklə, Heydər Əliyev faktiki olaraq XX əsr boyu Azərbaycana qarşı törədilən terror olaylarının ümumi məzmun və məqsəd xarakterli olduğunu tam dəqiqliklə ifadə etmişdir. 1905-ci ildən başlayan bu proses həmişə öncədən xüsusi hazırlanmış və konkret məqsəd daşıyan planlar əsasında həyata keçirildiyini aydın ifadə etmişdir. Yəni bu terror birbaşa Azərbaycan dövlətçiliyinə, xalqımıza, mədəniyyətimizə, ərazimizə və etnik kimliyimizə qarşı yönəldilmişdir.
Təbii ki, özlüyündə böyük məsələdir və onun mənfi hallarının aradan qaldırılması yalnız düzgün strateji kurs sayəsində mümkün ola bilər. O cümlədən bu məsələyə imperialist dairələrin bütövlükdə Türk Dünyasına qarşı əsrlərlə həyata keçirdikləri pozucu siyasətin kontekstində baxmaq zəruridir. Problemin bu tərəfi üzərində geniş dayanmaq lazım gəlir.
(ardı var)
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru

