Ərdoğanın mesajı: dünyanın legitimlik böhranı və ...Azərbaycan amili

post-img

Türkiyə lideri nələri dedi, nələrə işarə etdi?

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan aprelin 16-da Parlamentlərarası İttifaqın 152-ci Baş Assambleyasının şərəfinə təşkil olunmuş şam yeməyində çıxışı zamanı bir-biri ilə əlaqəli iki son dərəcə vacib məqama toxundu. Birincisi, o bildirdi ki, əsas regional oyunçuları istisna edən heç bir struktur regionda barış mühitini və təhlükəsizliyi təmin edə bilməz. R.T.Ərdoğan onu da vurğuladı ki, İkinci Dünya müharibəsi qalibləri tərəfindən yaradılmış beynəlxalq sistem hazırda ciddi legitimlik böhranı ilə üz-üzədir. Türkiyə liderinin fikirlərindən bir neçə nəticə çıxarmaq mümkündür. Əvvəla, onu deyək ki, Ərdoğanın “İkinci Dünya müharibəsi qaliblərinin qurduğu sistem legitimlik böhranı yaşayır” fikri, sadəcə, ritorik bəyanat deyil. Bu, beynəlxalq münasibətlərə dair konkret siyasi mesajdır.

Əlbəttə, Türkiyə Prezidenti mövcud dünya düzəninə etiraz səsini ucaldır. O, dolayısı ilə 1945-dən sonra formalaşmış sistemin (xüsusilə BMT Təhlükəsizlik Şurası kimi institutların) artıq ədalətli və effektiv olmadığını deyir. Qərarların azsaylı güclü dövlətlərin maraqları əsasında verildiyi düşüncəsini önə çəkir. Mövcud anlamda Ərdoğanın hazırda söylədiklərini onun illər əvvəl səsləndirdiyi “dünya beşdən böyükdür” tezisinin davamı olaraq da qiymətləndirmək mümkündür.

Bəli, Türkiyə lideri uzun müddətdir irəli sürdüyü yanaşmanı davam etdirir və qlobal idarəçilikdə daha çox ölkənin söz sahibi olmasının vacibliyi üzərində dayanır. Şübhəsiz, burada əsas tənqid veto hüququna malik dövlətlərə yönəlir. Axı dünyada güc balansı dəyişib, yeni güc mərkəzləri formalaşıb. Məsələn, elə Türkiyənin özü. Deməli, indiki durumda 1945-ci ilin reallıqları ilə qurulan sistemin işlək modelə sahibliyi, reallıqları əks etdirməsi qeyri-mümkündür.

Onu da bildirək ki, Ərdoğanın fikrinə qlobal Cənubun narazılığı kontekstində də diqqət yetirmək mümkündür. Başqa sözlə desək, Türkiyə lideri bütövlükdə inkişaf etməkdə olan ölkələrin ümumi narazılığını ifadə edir. O ölkələrin ki, onlar beynəlxalq sistemdə yetərincə təmsil olunmadıqlarını düşünürlər. Ankara isə Ərdoğanın timsalında özünü bu blokun səsini çatdıran aktor kimi təqdim edir.

Belə nəticəyə gəlmək mümkündür ki, Türkiyə Prezidenti, əslində, yeni beynəlxalq sistem çağırışını səsləndirir. Nəzərə alaq ki, onun bəyanatı mahiyyətcə alternativ dünya nizamına işarədir. O dünya nizamına ki, daha inklüziv, daha balanslı və regional güclərin rolunu tanıyan bir sistemə sahiblənməlidir. Elə bir sistem ki, Türkiyə orada böyük rola sahiblənəcək. O rol ki, Ankaranı regional yox, qlobal aktora çevirəcək. Yəni Ərdoğanın fikirləri Türkiyənin təkcə oyunçu yox, həmçinin, qaydaların formalaşdırılmasında iştirakçı tərəf qismində görmək istəyidir.

R.T.Ərdoğanın əsas regional oyunçuları istisna edən heç bir strukturun regionda sülh və təhlükəsizliyi təmin edə bilməzliyinə dair fikrinə gəlincə, aydındır ki, beşdən böyük olan dünyanın iştirakçıları həm də regional məsələlərdə söz sahibidirlər. Bu, o deməkdir ki, regionlara nəzərən klassik monopolist imperiya təfəkkürü keçərli deyil. Bu, həm də o deməkdir ki, Azərbaycanın rəhbər tutduğu regional düzən modeli ciddi dəstək qazanmış durumdadır. Nəzərə alaq ki, ölkəmiz “Region region ölkələri üçündür” şüarını irəli sürüb və rəsmi Bakının hərəkətləri timsalında regional düzən modeli Ermənistanla sülhün əldə edilməsi kimi konkret nəticəyə malikdir.

Digər tərəfdən, Ərdoğanın dolayısı ilə vurğuladığı ədalətsiz sistem tezisi Azərbaycanın uzun illər müdafiə etdiyi mövqelərlə üst-üstə düşür. Axı sistemin passivliyi özünü həm də Qarabağ məsələsinə münasibətdə göstərmişdi. Beynəlxalq qurumların konfliktlə bağlı ədalətli mövqe tutmamaları yekunda BMT-nin Azərbaycan torpaqlarının işğalının dayandırılmasını tələb edən 4 qətnaməsinin icra olunmaması reallığını doğurmuşdu.

Deməli, beynəlxalq hüququ öz gücü ilə bərpa edən ölkəmiz Türkiyə liderinin açıqladığı mövqenin qlobal səviyyədə daha fəal müdafiəçisi statusunda çıxış edə bilər və edir. Axı Prezident İlham Əliyev də açıqlama və müsahibələrində beynəlxalq sistemin fərqli transformasiyasının, yeni dünya düzəninin vacibliyini dəfələrlə vurğulayıb. Bəli, Qərb institutlarına etimadın azalması fonunda mövcud sistem legitimlik böhranı yaşayırsa, BMT Təhlükəsizlik Şurası, ATƏT kimi qurumların vasitəçilik roluna alternativlər axtarılır. Buradan Azərbaycan üçün nəticə daha çox ikitərəfli və regional diplomatiyaya sadiqlik və daha az beynəlxalq vasitəçilərə bağlılıq kasuzlarıdır. O kazuslar ki, ölkəmiz, az qala, müstəqillik əldə etdiyi ilk gündən onları dövlət siyasətinin, balanslı yanaşma kursunun tərkib hissəsinə çevirib. Azərbaycanın bugünkü uğurları məhz həmin yanaşmanın təntənəsidir.

Əlbəttə, böyük dəyişikliklər özündə riks amilini də daşıyır. Məsələ ondadır ki, qlobal sistem zəifləyirsə, regional güclər ön plana çıxacaq və bu, yeni imkanların yaranması kimi, həm də məsuliyyət artımı deməkdir. Deməli, elə məsuliyyətli yanaşma tətbiq edilməlidir ki, meydana risklər çıxmasın, yaxud onlar xeyli dərəcədə minimallaşsın. Özlüyündə isə yeni güc balansında Azərbaycanın mövqeyi əhəmiyyətlidir. Ölkəmiz enerji və nəqliyyat layihələri üzrə təşəbbüskardır, regional logistika mərkəzi olaraq müstəsna əhəmiyyət daşıyır ki, bu da Bakının, sadəcə, regional yox, Avrasiya miqyasında oyunçuya çevrilməsinə şərait yaradır.

Ə.RÜSTƏMOV
XQ

Siyasət