Bank adından saxta kredit səhifələri hazırlayan şəxslərin fəaliyyəti ifşa edilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Daxili İşlər Nazirliyinin Kibercinayətkarlıqla Mübarizə Baş İdarəsinə (KMBİ) daxil olan müraciətlər əsasında sosial şəbəkələrdə bank və kredit təşkilatlarına bənzədilmiş saxta səhifələr vasitəsilə vətəndaşların aldadılması faktları aşkar edilib. Nəticədə bank kartlarındakı vəsaitlərin mənimsənildiyi müəyyən olunub.

Kiberpolis tərəfindən həyata keçirilən əməliyyat-texniki tədbirlər nəticəsində bu əməllərdə şübhəli bilinən 20 yaşlı Cəfər Bayramzadə və 23 yaşlı Eynulla Mailov saxlanılıblar.

Araşdırmalarla onların sosial şəbəkələrdə müxtəlif bank və bank olmayan kredit təşkilatlarının rəsmi səhifələrinə bənzər saxta profillər yaratdıqları müəyyən edilib. Şübhəlilər vətəndaşlara “aşağı faizli”, “sürətli” və “zaminsiz” kredit təklifləri təqdim edərək onları saxta linklərə yönləndiriblər.

Həmin linklər vasitəsilə vətəndaşlardan kart məlumatları, CVV və OTP kodlarının daxil edilməsi tələb olunub. Bu məlumatlar əldə edildikdən sonra hesablar üzərində qanunsuz əməliyyatlar aparılaraq vəsaitlər müxtəlif kartlara köçürülüb və nağdlaşdırılıb.

Faktla bağlı cinayət işi başlanılıb. Eynulla Mailov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Cəfər Bayramzadə ilə bağlı isə istintaq tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyi bir daha vətəndaşlara müraciət edərək yalnız rəsmi və lisenziyalı platformalardan istifadə etməyi, kart məlumatlarını naməlum keçidlərdə paylaşmamağı və şübhəli hallarla qarşılaşdıqda dərhal hüquq-mühafizə orqanlarına məlumat verməyi tövsiyə edir.

Hadisə