Aprelin 28-də Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ombudsman təsisatları” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, iclasda Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı, TÜRKPA-nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev təmsil edib. O, çıxışında TÜRKPA-ya üzv ölkələrdə ombudsman təsisatlarının dövlətlə vətəndaş arasında körpü rolunu oynayaraq hüququn və ədalətin təmininə xidmət etdiyini bildirib, Azərbaycanda ombudsman təsisatının fəaliyyəti barədə danışıb.
Sonra komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış “TÜRKPA-ya üzv dövlətlərdə yaşayış icazələrinin asanlaşdırılması haqqında”, “Əqli mülkiyyət hüquqlarının müdafiəsi haqqında” model qanun layihələri müzakirə edilib, müvafiq qərarlar qəbul olunub.