(əvvəli https://xalqqazeti.az/az/siyaset/223459-yeni-dunya-nizamina-dogru-firtina)
Çin ilə münasibətlərin strateji prinsipləri
Çin ilə münasibətlərinin spektrinə nəzər saldıqda görünür ki, bu ölkə Azərbaycanın xarici əlaqələri üçün çox ciddi qlobal alternativ qütbdür. Bu həm iqtisadi, maliyyə, həm də siyasi baxımdan bir alternativdir. Çinin tərəfdaş ölkələrin daxili işlərinə qarışmaması, yalnız iqtisadi, kommersiya əlaqələri qurması Pekini bütün ölkələr üçün cəzbedici iqtisadi tərəfdaşa çevirir. Tarixdən bir misal gətirməklə bu məqamı daha aydın təsəvvür edə bilərik. Orta əsrlər dövründə İspaniya Yaponiyada ticarət üzərində monopoliya ilə yanaşı, həm də xristianlığı yayır, zərurət yarandıqda xristian icması vasitəsilə Yaponiya hökumətinə təzyiq göstərirdi. Yeni formalaşan dünya gücü Niderland isə heç bir dini və ideoloji şərtlər qoymadan yalnız kommersiya işləri ilə məşğul olurdu. Nəticədə Yaponiya dövləti ispanları ölkədən qovdu, ticarəti dayandırdı, onların yerini isə Niderland şirkəti tutdu. Yeri gəlmişkən, indi Tramp hökuməti bu təcrübəni tətbiq etməyə başlayıb. ABŞ-ın başqa ölkələrə ideoloji müdaxilə və təzyiqini nəzərdə tutan mexanizmlər USAIDi, “Amerikanın səsi” radiosu və s. strukturlar ləğv olunur və münasibətlərin qurulması üçün demokratiya və insan haqları kimi tələblər qoyulmur.
Bu mənada Çin əlverişli iqtisadi tərəfdaş və alternativdir. Məsələn, Azərbaycan Beynəlxalq Valyuta Fondu (BVF) ilə əməkdaşlığı dayandırıb, Çinin təşəbbüsü ilə təsis edilmiş Asiya İnfrastruktur İnvestisiya Bankı (AİİB) ilə əməkdaşlıq edir. Siyasi alternativ kimi isə Azərbaycan Çin ilə strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalayıb, “Bir kəmər, bir yol” layihəsini ilk dəstəkləyənlər sırasında olub. Azərbaycan ŞƏT-ə üzv ola bilər, geosiyasi baxımdan isə Qlobal Cənub Azərbaycanı Çin ilə birləşdirir. İqtisadi əlaqələr də bütün sferaları əhatə edir:
Çin şirkətləri müxtəlif sahələrdə, o cümlədən “yaşıl” enerji və ictimai nəqliyyat vasitələri istehsalı sahəsində strateji tərəfdaş olmağa dəvət edilir;
Çin şirkətlərinin Günəş panelləri Azərbaycanda başqa ölkələrin sərmayəsi ilə inşa edilən stansiyalarda istifadə olunur;
Müdafiə sahəsində də əməkdaşlığa hazırlıq gedir;
Çindən gələn yüklərin bir hissəsi Zəngəzurdan, Zəngilan istiqamətindən keçməyə dəvət olunur.
Yeri gəlmişkən, Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşıdır. İki ölkə arasında ticarət dövriyyəsinin artımı ötən il 21 faiz (3,7 milyard dollar) təşkil edib. Bu ilin ilk üç ayı üzrə də müsbət dinamika qorunaraq qarşılıqlı ticarət həcmi 37 faizdən (1,02 milyard dollar) artıq yüksəlib. Çindən Azərbaycana yönələn investisiyaların həcmi 942 milyon ABŞ dollarına çatıb. Eyni zamanda, Dövlət Neft Fondunun da daxil olduğu Azərbaycan sərmayələrinin Çinə yatırılan ümumi həcmi təqribən 2,1 milyard ABŞ dollarına yüksəlib.
Göründüyü kimi, Azərbaycan hazırda qlobal konfiqurasiyanın çox mühüm qütbü olan Çin ilə ticarət, investisiya, nəqliyyat və sənaye sahələrində tərəfdaşlığı dərinləşdirməklə kifayətlənmir. Eyni zamanda, Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığı dərinləşdirməklə, BRICS ilə təmasları intensivləşdirməklə siyasi əlaqələri də yeni səviyyəyə qaldırır, AİİB ilə əməkdaşlıq isə alternativ beynəlxalq maliyyə tərəfdaşlığının nümunəsidir. Müdafiə sənayesi sahəsində birgə layihələrə dair danışıqlara başlanması isə münasibətləri daha da dərinləşdirə bilər.
ABŞ ilə münasibətlərin tezisləri
Prezident İlham Əliyev ABŞ ilə Bayden–Blinken dövründə korlanmış münasibətləri Donald Tramp dönəmində yeni səhifədən başlamaq və yeni strateji səviyyəyə yüksəltməyin mümkünlüyü haqda bəyanat vermişdi: “...ümidlər var, ümidlər böyükdür. O cümlədən Amerika–Azərbaycan strateji əlaqələrinə yaxınlaşmaq da mümkün olacaq. Mən hesab edirəm ki, əgər hər iki tərəf maraqlı olsa, biz Amerika–Azərbaycan əlaqələrini strateji səviyyəyə qaldıra bilərik”. Azərbaycan Prezidentinin 2025-ci ilin yanvarında səsləndirdiyi bu fikirlərlə aprelin 10-da Prezident Donald Trampın Prezident İlham Əliyevə ünvanlandığı məktubda qeyd olunmuş “birgə işləməyi səbirsizliklə gözləyirəm” ifadəsi, “ABŞ-ın Azərbaycanın suverenliyinin, müstəqilliyinin və ərazi bütövlüyünün sarsılmaz dəstəkçisi olduğu”nu vurğulaması, gələcək əməkdaşlıqda “möhtəşəm məqamların” olacağını qeyd etməsi artıq ABŞ–Azərbaycan münasibətlərində post Bayden dövrünün başlandığını, yeni səhifənin açıldığını deməyə əsas verir.
ABŞ Prezidentinin məktubunda Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyünə sarsılmaz dəstək ifadə edilməsi dünyanın xaos dövründə ölkəmizin beynəlxalq təhlükəsizliyi üçün çox vacib bəyanatdır və yeni situasiyada Azərbaycanın beynəlxalq mövqeyini gücləndirir.
Azərbaycanın İsrailə verdiyi dəstəyə görə təşəkkür məqamında isə Donald Tramp Azərbaycanı “Amerikanın dostunun dostu” kimi dəyərləndirir, bununla da ölkəmizi İsraillə eyni sırada Amerikanın dostları sırasına daxil edir. Başqa tərəfdən isə ABŞ Prezidentinin Türkiyə ilə İsrail arasında vasitəçilik missiyasına görə təşəkkür etməsi İsrailin və onun strateji müttəfiqi olan Amerikanın təhlükəsizliyinə Azərbaycanın verdiyi töhfə kimi qiymətləndirməsidir. Deməli, Azərbaycan Yaxın Şərqdə təhlükəsizliyə töhfə vermək potensialına malikdir, konkret halda vasitəçilik missiyası təsirli olub və praktik olaraq yeni mexanizmin qurulmasında iştirak edir. Həm də bu, təkcə İsrail ilə məhdudlaşmır, Suriya ilə yeni səhifənin açılması, Birləşmiş Ərəb Əmirlikləri, Qətər kimi Körfəz ölkələri ilə sıx əməkdaşlıq formatları, D8 təşkilatına üzvlük də Türkiyə ilə yanaşı, Azərbaycanı da Yaxın Şərqin təhlükəsizlik arxitekturasının tərkib hissəsinə çevirir. Cənubi Qafqazda da təhlükəsizlik arxitekturasının memarı olmaq üçün iqtisadi, siyasi, hərbi və s. “kartlar” Azərbaycanın əlindədir. Odur ki, Azərbaycan Yaxın Şərqlə yanaşı, Cənubi Qafqaz və Mərkəzi Asiya strategiyasında da ABŞın vazkeçilməz tərəfdaşı ola bilər. Prezident Donald Trampın Yaxın Şərqdə əsas tərəfdaş kimi gördüyü Türkiyə Prezidenti isə Antalyada görüş zamanı Azərbaycanı Cənubi Qafqazın sülh arxitektoru kimi gördüyünü deyib.
Nəticədə:
Azərbaycan ABŞ üçün Yaxın Şərqdəki tərəfdaşlarının təhlükəsizliyində vacib amildir;
ABŞ-ın NATO-dakı tərəfdaşları Avropanın enerji və nəqliyyat, ticarət təhlükəsizliyi üçün dəyişməz tərəfdaşdır.
Yekun
Prezident İlham Əliyevin TDT və Rusiya ilə strateji müttəfiqlik, Aİ ilə enerji təhlükəsizliyi sahəsində strateji tərəfdaşlıq, Çin ilə münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə qaldırması, ABŞın administrasiyası ilə strateji tərəfdaşlığı genişləndirməyə hazır olması haqda bəyanatları göstərir ki, Azərbaycan Prezidenti qlobal qarşıdurmaya əsas təsiredici qüvvələrin siyahısını dəqiq müəyyənləşdirib və nəinki əsas aktorları, həm də onların hər birinin qlobal qarşıdurmadakı başlıca məqsədlərini də aydınlaşdırıb.
Əsas aktorların və onların başlıca məqsədlərinin aydınlaşdırılması Azərbaycana imkan verir ki, öz milli hədəflərini bu məqsədlərlə uzlaşdırsın, kiminlə hansı mərhələdə ziddiyyətlərin ortaya çıxa biləcəyini proqnozlaşdırsın, beləliklə hər mərhələyə uyğun ittifaqlarda iştirak etsin. Məsələn, Fransa ilə münasibətlərdə yaranmış ziddiyyətlər, AŞPA və AP ilə problemlərin idarə olunmasında Şərqi Avropadakı müttəfiqləri və Türkiyə ilə ittifaq sayəsində Azərbaycan rəqibləri çıxılmaz vəziyyətə saldı.
Rusiya ilə hərbi qarşıdurma və iqtisadi sanksiyalar rejimində olan, ABŞ ilə münasibətlərində hərbi-siyasi və iqtisadi müstəvilərdə problemləri yaranmış Avropanın türk dövlətlərinə ehtiyacı artmaqdadır. Belə bir məqamda Fransanın təhriki ilə Azərbaycana edilmiş təzyiqlər və Azərbaycanın verdiyi əks-təzyiq reaksiyası qoca qitəni Parisin yedəyində getməməyə inandırıb.
Rusiyanın bugünkü əsas hədəfi Ukrayna savaşından qalib çıxmaq, Qara dənizdə və Avropa təhlükəsizliyində geosiyasi mövqelərini gücləndirmək, iqtisadi sanksiyaların təsirini azaltmaqdır. Azərbaycan yaranmış çox mürəkkəb situasiyada bacarıqla manevr edir: Rusiyaya qarşı sanksiya siyasətinə qoşulmur, Şimal–Cənub nəqliyyat dəhlizi çərçivəsində əməkdaşlıq edir, eyni zamanda, Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir, humanitar yardım göstərir, paralel olaraq Avropanı qazla təmin edir, ABŞ ilə əlaqələri isə strateji səviyyəyə qaldırmağa hazırdır.
Bu platformanı “heç kimə qarşı olmadan qarşıduran tərəflərin legitim maraqları ilə həmrəy olmaq” siyasəti adlandırmaq olar. Bu, tətbiqi xeyli mürəkkəb olan, həm iqtisadi və siyasi resurs, həm də siyasi iradə tələb edən bir siyasi platformadır. Münaqişədə iştirak etmədən tərəflərlə legitim müstəvilərdə əməkdaşlıq imkanı yaradır.
Bu, xaos dövrünün ən ideal siyasi, iqtisadi və təhlükəsizlik strategiyasıdır.
Bu, elə bir davranış formuludur ki, çoxqütblü nizama xas olan şərtlərin, qüvvələr nisbətinin, beynəlxalq tərəfdaşların, müttəfiq və rəqiblərin çevik, gözlənilməz dəyişməsi hallarında bütün situasiyalara adaptasiya olunmaq qabiliyyətindədir. Məsələn, Rusiya–Çin, ABŞ–Rusiya münasibətlərindəki bugünkü şərtlərin dəyişməsi Azərbaycanın sabit münasibətlərinə tektonik təsirlər göstərməyəcək. Odur ki, bu siyasi strategiya qlobal xaos dövründə milli təhlükəsizlik, xarici investisiyalar və yükdaşımalar üçün riskləri minimallaşdırır.
İbrahim MƏMMƏDOV,
tarix üzrə fəlsəfə doktoru