İran–Azərbaycan əməkdaşlığının inkişaf kardioqramı
İran–Azərbaycan münasibətləri regional geosiyasətin dərinliklərinə nüfuz edən çoxölçülü, balanslı və strateji xarakter daşıyır. Gələcəkdə beynəlxalq təşkilatlar çərçivəsində münasibətlərin dərinləşdirilməsi, xüsusilə enerji, nəqliyyat, təhlükəsizlik və mədəni sahələrdə qarşılıqlı etimadın artırılması regionun sabitliyinə və tərəflərin milli maraqlarının təminatına əhəmiyyətli töhfələr verə bilər.
İranla Azərbaycan arasında münasibətlərin inkişaf trayektoriyası müasir dövr-də daha mürəkkəb və çoxtərəfli xarakter daşıyır. Regionun iki önəmli dövləti olan İran və Azərbaycan tarixən müxtəlif imperiyaların və geosiyasi proseslərin təsirində formalaşaraq, bu gün öz milli maraqları və strateji vizyonları fonunda yeni əməkdaşlıq əlaqələri qururlar. İkitərəfli münasibətlərdə gərginliklərlə müşayiət olunan dönəmlər olsa da, qarşılıqlı asılılıq və regional təhlükəsizlik ehtiyacları tərəfləri zaman-zaman əməkdaşlığa vadar etmişdir.
Xüsusilə, qeyd olunmalıdır ki, bu münasibətlərin davamlı və strateji istiqamətlərindən biri də beynəlxalq və regional təşkilatlar çərçivəsindəki əməkdaşlıqdır. Məhz bu çərçivədə tərəflər fərqli mövqelərə malik olsalar belə, müəyyən ortaq platformalarda bir araya gələrək dialoq, anlaşma və siyasi koordinasiya üçün zəmin yaradırlar. Çoxtərəfli təşkilatlar İran və Azərbaycanın beynəlxalq münasibətlər sistemində bir-biri ilə münasibətlərini tənzimləmək, maraqlarını uyğunlaşdırmaq və regional güc balansında öz mövqelərini möhkəmləndirmək üçün mühüm vasitəyə çevrilmişdir. İslam Əməkdaşlıq Təşkilatı (İƏT), D-8 İnkişafda Olan Ölkələr Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) və Asiya üzrə Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə ... İran–Azərbaycan münasibətlərinin təhlili üçün aktual və kompleks kontekstdir. Sözügedən qurumlar vasitəsilə ikitərəfli münasibətlərin regional təhlükəsizlikdən tutmuş enerji diplomatiyasına, iqtisadi əməkdaşlıqdan mədəniyyətlərarası dialoqa qədər uzanan geniş spektri formalaşır.
İslam Əməkdaşlıq Təşkilatı 1969-cu ildə yaradılmış və əsas məqsədi müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlığı gücləndirmək olan beynəlxalq platformadır və 57 üzv dövlətin iştirakı ilə dünyanın ikinci ən böyük hökumətlərarası qurumu hesab olunur. İran və Azərbaycan müsəlman dünyasında mühüm geosiyasi və mədəni mövqeyə malik ölkələr kimi, İƏT-in fəaliyyətində fəal iştirak edən dövlətlər sırasındadır. Hər iki ölkə bu təşkilatın siyasi, iqtisadi, humanitar və mədəni layihələrində təmsil olunaraq öz milli maraqlarını qorumaqla yanaşı, İslam ölkələri arasında əməkdaşlığı dərinləşdirmək istəyində olduqlarını bəyan edirlər.
İran–Azərbaycan münasibətləri kontekstində İƏT-in xüsusi yeri var. Təşkilat hər iki ölkə üçün bir dialoq və konsensus platforması rolunu oynayır. Xüsusilə, Azərbaycan üçün İƏT onun beynəlxalq hüquqa əsaslanan ərazi bütövlüyünün tanınması və müdafiəsi baxımından mühüm diplomatik vasitə olmuşdur. Qarabağ münaqişəsi kontekstində İƏT-də qəbul olunmuş sənədlər birmənalı şəkildə Azərbaycanın suverenliyi və ərazi bütövlüyünü dəstəkləmiş, işğalın pislənməsi və beynəlxalq hüququn aliliyinin qorunması çağırışlarını ehtiva etmişdir. Qeyd edə bilərik ki, İƏT çərçivəsi iki ölkə tərəflərin ortaq platformalarda təmaslarını davam etdirməsi üçün mühüm vasitədir.
Həm İran, həm də Azərbaycan İƏT-in yalnız siyasi deyil, həm də iqtisadi və mədəni formatlarını aktiv şəkildə istifadə etməyə çalışırlar. Xüsusilə İslam ölkələri arasında ticarət həcminin artırılması, elm və təhsil sahəsində mübadilələrin genişləndirilməsi baxımından təşkilat çərçivəsində keçirilən sammitlər, nazirlər səviyyəsində toplantılar və ekspert qrupları vasitəsilə tərəflər arasında birbaşa təmasların davam etməsi diplomatik münasibətlərin tamamilə pozulmasının qarşısını alır və gələcəkdə əməkdaşlıq imkanlarının açıq qalmasını təmin edir.
D-8 1997-ci ildə Türkiyənin təşəbbüsü ilə yaradılmış və əsas məqsədi üzv müsəlman ölkələr arasında iqtisadi əməkdaşlığı gücləndirmək olan bir platformadır. Təşkilata İran, Türkiyə, Pakistan, Misir, Nigeriya, Banqladeş, İndoneziya və Malayziya daxildir. Keçən il Azərbaycanda D-8-in üzvü seçilmişdir. İran üçün D-8 iqtisadi blokada və beynəlxalq sanksiyalar fonunda iqtisadi əməkdaşlıq və ticarət mübadiləsini genişləndirmək üçün alternativ platforma rolunu oynayır. Azərbaycan isə regionda iqtisadi və enerji mərkəzi kimi formalaşmaq istədiyindən D-8 üzvü olan ölkələrlə ikitərəfli və çoxtərəfli əməkdaşlıq imkanlarını daim diqqət mərkəzində saxlamışdır. D-8-in əsas strateji xətti iqtisadiyyat olsa da, onun vasitəsilə geosiyasi təsirlər də formalaşır. İran bu təşkilat daxilində öz mövqeyini iqtisadi tərəfdaş kimi möhkəmləndirməyə çalışır. Xüsusilə, Orta Dəhliz və Şimal–Cənub nəqliyyat marşrutları kontekstində İran və Azərbaycan arasında iqtisadi və tranzit əməkdaşlığı D-8 çərçivəsində digər üzv ölkələr üçün də nümunə ola bilər. Azərbaycanın logistika potensialı İranın bazarlara çıxış imkanları ilə uzlaşdırıldıqda, bu əməkdaşlıq həm ikitərəfli, həm də regional inteqrasiyanı gücləndirə bilər.
Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) 2001-ci ildə Çin və Rusiyanın liderliyi ilə Orta Asiya regionunda təhlükəsizlik, iqtisadi əməkdaşlıq və regional sabitliyi dəstəkləmək məqsədilə yaradılmış beynəlxalq təşkilatdır. Hazırda təşkilatın üzvləri sırasında Çin, Rusiya, Hindistan, Pakistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Özbəkistan və 2023-cü ildən etibarən tam hüquqlu üzv olmuş İran yer alır. Azərbaycan isə ŞƏT-in dialoq tərəfdaşı statusuna malikdir. İran üçün ŞƏT-ə üzv olmaq Qərb təzyiqlərindən kənarda, xüsusilə Çin və Rusiya kimi güclü tərəfdaşlarla regional və qlobal səviyyədə əməkdaşlıq imkanlarını artırmaq deməkdir. Bu kontekstdə, Azərbaycanla münasibətlər İran üçün vacib geosiyasi və geoiqtisadi komponent daşıyır. Azərbaycanın Cənubi Qafqazda sabitlik, enerji təhlükəsizliyi və nəqliyyat dəhlizləri baxımından oynadığı rol ŞƏT-in gələcək regional siyasətində də önəmli yer tuta bilər.
Azərbaycanın ŞƏT-in dialoq tərəfdaşı kimi fəaliyyəti bu qurum çərçivəsində İranla əməkdaşlıq imkanlarını daha çevik və strateji əsasda inkişaf etdirməyə şərait yaradır. ŞƏT-in ilkin əsas vəzifələrindən biri olan terrorizmə, ekstremizmə və separatizmə qarşı birgə mübarizə məsələləri İran və Azərbaycan arasında dialoq və məlumat mübadiləsini inkişaf etdirir. İran və Azərbaycan sərhəd qonşuları olaraq bu istiqamətdə əməkdaşlığı təşkilat çərçivəsində genişləndirə bilər. İran ŞƏT vasitəsilə Orta Asiyaya və Avrasiya bazarlarına çıxışını gücləndirməyə çalışır. Azərbaycanın ərazisindən keçən Orta Dəhliz və Şimal-Cənub nəqliyyat marşrutları bu baxımdan ŞƏT-in logistika və enerji stratejilərinə mühüm töhfə verir. Azərbaycanın enerji resursları və İranın regional tranzit rolu ŞƏT çərçivəsində enerji təhlükəsizliyi gündəliyində birgə layihələr üçün zəmin yaradır.
ŞƏT həm də diplomatik platforma kimi İran və Azərbaycanın fikir mübadiləsi aparması, regional təşəbbüsləri müzakirə etməsi və qarşılıqlı etimadı bərpa etməsi baxımından vacibdir. Xüsusilə, ikinci Qarabağ müharibəsindən sonra regionda dəyişən geosiyasi balans ŞƏT daxilində İran və Azərbaycanın dialoquna yeni məzmun və vaciblik qazandırmışdır. Tehran və Bakı arasında yaranan gərginliklərin diplomatik müstəviyə keçirilməsi və qarşılıqlı anlayışın dərinləşdirilməsi ŞƏT kimi çoxtərəfli formatlar vasitəsilə daha səmərəli ola bilər.
Asiya Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə (AQEM) – Asiya ölkələri arasında etimadın gücləndirilməsi və təhlükəsizliyin təmin olunması məqsədilə 1992-ci ildə Qazaxıstanın təşəbbüsü ilə yaradılmış çoxtərəfli təhlükəsizlik platformasıdır. Hazırda 27 üzv dövlət və 9 müşahidəçi qurum bu platformada təmsil olunur. Azərbaycan 2002-ci ildən, İran isə 1999-cu ildən təşkilatın tamhüquqlu üzvləridir. AQEM-nin məqsədi Asiyada qarşılıqlı etimadı və əməkdaşlığı gücləndirmək, regional təhlükəsizlik və sabitlik üzrə müzakirə üçün dialoq meydanı yaratmaqdır və platforma çərçivəsində İran və Azərbaycan arasında əməkdaşlıq təhlükəsizlik, enerji, iqtisadiyyat, nəqliyyat, mədəniyyət və humanitar sahələri əhatə edir.
İran və Azərbaycan Asiyanın Qərb cinahında yerləşən iki qonşu ölkə kimi təşkilatın əsas prinsiplərinə – qarşılıqlı hörmət, ərazi bütövlüyü, qeyri-müdaxilə və dinc yanaşı yaşama–uyğun olaraq əməkdaşlıq etməyə çalışır. Təşkilat çərçivəsində həyata keçirilən etimad tədbirləri sərhədlərin sabitliyi və regionda sülhün dəstəyi baxımından mühüm əhəmiyyət daşıyır. İran və Azərbaycan bu platformada iştirak edərək, birbaşa ikitərəfli məsələləri daha geniş regional kontekstdə müzakirə edə bilirlər ki, bu da münasibətlərdə gərginliklərin azaldılmasına töhfə verir. İran və Azərbaycan arasında zaman-zaman yaşanan diplomatik gərginliyə baxmayaraq, bu təşkilat çərçivəsində aparılan dialoqlar iki ölkənin “yumşaq diplomatiya” və “etimad quruculuğu” kimi anlayışlardan istifadə etməsinə imkan verir.
İƏT, D-8, ŞƏT və Asiya Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə kimi platformalarda tərəflərin iştirakı və bu təşkilatlar daxilindəki fəaliyyətləri göstərir ki, rəsmi Bakı və Tehran qarşılıqlı maraqlar əsasında çoxvektorlu siyasət yürütməyə çalışırlar.
Hüquqi baxımdan isə istər tövsiyə xarakterli qərarların imzalanması, istərsə də diplomatik forumlarda iştirak İran və Azərbaycan arasında beynəlxalq hüquqa əsaslanan qarşılıqlı öhdəliklərin formalaşmasına xidmət edir ki, bu da ikitərəfli münasibətlərin daha proqnozlaşdırıla bilən və institusional əsaslara söykənən müstəviyə keçməsinə imkan yaradır.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru