Yaxud avantürizm naminə yalvarış və divara kəllə atmaq çağırışı
Ermənistanda 44 günlük müharibə rüsvayçılığından sonra yaranmış “psixoz” davam edir.
Son gününü yaşadığımız mayın ilk həftəsində bu fəaliyyətin təzahür formaları ilə bağlı iki başlıca məqamın üzərində dayanmaq mümkündür. Bunlardan birincisi Xocalı cəlladı Vitali Balasanyanın Rusiya Prezidenti Vladimir Putinə müraciəti, digəri Ermənistanın keçmiş xarici işlər naziri Ara Ayvazyanın məqaləsidir.
Əlbəttə, Balasanyanla Ayvazyanın müqayisəsi, daha doğrusu, eyni müstəviyə gətirilməsi qəribə gələ bilər. O anlamda ki, bu iki şəxs bir-birindən hər mənada fərqlənir. Balasanyan, böyük ölçüdə qatildir. Ayvazyan erməni intellektual kəsimini təmsil edir. Ancaq onları birləşdirən bir cəhət var ki, bu barədə yazımızın sonunda söz açacağıq.
***
Başlayaq ondan ki, V.Balasanyan Putinə Böyük Vətən müharibəsi ilə bağlı müraciətində Qarabağ ermənilərinin savaşdakı rolunu qabartmağa çalışmışdı. Vito ləqəbli bu parazit Rusiya liderinin BVM həssaslığından yararlanaraq Azərbaycanı həm sözügedən müharibənin irsini, həm də Qarabağın erməni mirasını məhv etməkdə günahlandırmağa çalışmışdır. O, Putindən kömək istəmiş, sözün həqiqi mənasında, Kreml rəhbərinə yalvarmışdı. Balasanyan Rusiyanı yenidən erməni kartına üz tumağa səsləmiş, Kremlə biət etməyə hazır olduqlarını bildirmişdir. Amma Vitonun üzərində dayandığı daha vacib məqam var.
Məlumdur ki, haylar özlərini Cənubi Qafqazın, bütövlükdə Qafqazın ən köklü əhalisi kimi göstərir, bununla bağlı miflər uydururlar. Ən pisi isə odur ki, öz nağıllarına özləri də inanırlar. Əlbəttə, demək istəmirik ki, Balasanyan xəstəlikdən uzaqdır. Əslində, o, psixi xəstəliyi şizofren hala gəlmiş məxluqdur. Vitonun açıqladıqları onun şizofrenliyindən qaynaqlanmış instinktiv durumdur. Yəni, Ayvazyan qədər olmasa da, Balasanyan da təhlükəli xəstədir.
Əlqərəz, Xocalı cəlladı Rusiyanı yenidən Ermənistana sahib çıxmağa yönəlmiş çağırışında 1813-cü ilin Gülüstan və 1828-ci ilin Türkmənçay müqavilələrini yada salır. Xeyr, Vito Rus-İran müharibələrinin nəticələrini təsdiqləyən bu sazişlər barədə geniş söhbət açmır. Yalnız onların adlarını qeyd edir. Balasanyanın demək istədiyi budur ki, Rusiya erməniləri Cənubi Qafqaza gətirib. Gətirib ki, türk-müsəlman dünyası arasında xristian bufer zonası yaratsın və beləliklə Türk dünyasını parçalasın. Qərbin imperialist maraqları baxımından da sərfəli olan bu plan, əslində, erməni qövmünün regiondakı varlıq tarixini vurğulayır. Deməli, varlığın cəmi iki yüz il ömrü var. Belə qənaətə gəlirik ki, hayların özlərini bölgənin aborigeni kimi təqdim etmələri cəfəngiyyatdır. Əlbəttə, biz bu cəfəngiyyatdan xəbərdarıq, ancaq onu Balasanyanın diqqətə çatdırmasında məxsusilik var.
Heç şübhəsiz, həm Vito, həm də digər revanşist və şovinist xislətli faşistlər mənsub olduqları qövmün mahiyyətcə Rusiyaya xəyanət yolunda olduğunu yaxşı anlayırlar. 2018-ci ildə Nikol Paşinyanın Qərbpərəst komandasının hakimiyyətə gəlməsi İrəvanın Moskva ilə yollarını ayrıması demək idi və ötən müddətdə bu xəttin ən müxtəlif təzahürlərinə şahidlik etdik. Balasanyan isə Putindən belə bir nankorluğa görə, bir növ, üzr istəyir. Rusiyanın imperializm damarını tutduğunu zənn edib, müxtəlif fikirləri ilə sarı simlərə toxunur ki, Kreml Ermənistanla bağlı hərəkətə keçsin.
Bir məqamı da vurğulayaq ki, Rusiya rəhbərliyi 44 günlük müharibədən sonra Ermənistanı öz orbitinə qaytarmaq üçün çox çalışıb. Hər vəchlə göstərmək istəyib ki, Moskva olmasa, erməni avantürizmi üçün perspektiv yoxdur. Lakin Paşinyan administrasiyası mövcud məqamı vurğulayan subliminal çağırışlara məhəl qoymayıb. Nəticədə ard-arda diplomatik məğlubiyyətlər yaşanıb, hayların Qarabağ avantürasına son qoyulub. Yəni, bir daha sübut olunub ki, Rusiyasız Ermənistan heçdir. Amma məqsədimiz bu aydın həqiqəti vurğulamaq deyil. Məramımız Balasanyanın mənsub olduğu toplumu yolunu azmış kütlə kimi qələmə verdiyini diqqətə çatdırmaqdır.
Qeyd edək ki, ötən müddətdə rəsmi Moskva dəfələrlə həm 44 günlük müharibənin, həm də ondan sonrakı proseslərin Paşinyanın qeyri-adekvat yanaşmasının nəticəsi olduğunu bildirib. Hər halda, Rusiya rəhbərliyi diplomatik etikanı aşıb bütün məsələləri öz adı ilə açıqlaya bilməzdi. Həm Putin, həm də ölkənin digər aparıcı şəxsləri, sadəcə olaraq, Ermənistan rəhbərliyinin səhvi kimi dəyərləndirdikləri məqamlar barədə söz açıblar və fikirlərini təkrarlayırlar. Məsələn, onlar yenə də bildirirlər ki, Paşinyan Praqada Azərbaycanın Qarabağ da daxil olmaqla ərazi bütövlüyünü və suverenliyini tanımaqla bölgəyə qarşı heç bir iddia irəli sürmədiyini təsdiqlədi və bundan sonra Rusiya Ermənistana bütün kömək mexanizmlərindən məhrum duruma düşdü. Balasanyanın dediyi isə odur ki, özünün də nümayəndəsi olduğu hay toplumu anlaqsızdır, nə iş tutduğundan xəbərsizdir, Moskva bu topluma iki yüz il əvvəlkitək sahib çıxsın və yol göstərsin.
Qeyd edək ki, iki yüz əvvəl hər şeyi həll edən imperiya təfəkkürü, başqa sözlə desək, açıq hərbə-zorbalıq idi. Amma o zamandan xeyli müddət keçib. Ermənistan iki dəfə müstəqilliyini əldə edib. Yəni, müstəqil dövlət adlanıb. Əslində, Rusiya da ətrafa münasibət formalarına, klassik imperialist yanaşma tərzinə korrektələr edib, siyasi oyun qaydalarını müasir dünyanın şərtlərinə uyğunlaşdırıb. Balasanyanın rəzil və miskin yalvarışı isə o deməkdir ki, erməni varlığı üçün ən yaxşısı iki yüz əvvəl başlamış və xeyli davam etmiş mütilik və köləlik yoludur. Vito köləliyi və mütiliyi o qədər arzulayır ki, ermənilərin qədim yerli xalq nağıllarını kənara qoyur. Deməli, Balasanyanın Rusiyasız Ermənistanın heç olmasına dair izhar etdiyi məntiq onun xəstəliyindəki pozitiv dəyişikliyin nəticəsi sayıla bilməz. Əksinə, bu məxluq, belə demək mümkünsə, düşüncə kataklizmi, hətta deqredasiyası yaşayır. Çünki normal düzən tapa bilmir, indiki halda Azərbaycanla sülh şəraitində keçinməyi düşünmür. Vitonun “arzularını çin edəcək qüvvə” isə Rusiyadır.
***
Əlbəttə, Ermənistanın keçmiş XİN rəhbəri A.Ayvazyan məqaləsində Rusiyanın adını çəkmir. Yəni, bu mənada Balasanyanı ondan daha realist adlandırmaq mümkündür. Ancaq Ayvazyanı Vitodan təhlükəli edən bir cəhət var. O bildirir ki, insanlıq tarixi boyunca müharibə həmişə dünyada nizamın yaranmasında, beynəlxalq münasibətlərin inkişafında, dövlətlərin meydana gəlməsi, möhkəmlənməsi və ya süqutunda, eləcə də xalqların taleyinin dəyişməsində əsas hərəkətverici qüvvə olub. Bu səbəbdən müxtəlif dövrlərin böyük düşüncə sahiblərinin dövlətlər tərəfindən təşkil olunan zorakılığın təbiətini və qanunauyğunluqlarını anlamağa və bu vacib fenomenin mahiyyətini gələcək nəsillərə çatdırmağa çalışması tamamilə təbiidir.
Ayvazyan fikrini əsaslandırmaq üçün Makiavellidən tutmuş, Kissincerədək bir çox görkəmli şəxsiyyətlərin savaşın dəyişməz və eyni zamanda, daim dəyişən təbiətinə işıq salan dəyərli irs qoyub getdiklərini vurğulayıb, nəhayət, qədim yunan filosofu Fukiditin baxışlarının üzərində dayanıb, onun “Peloponnes müharibəsinin tarixi” əsərinə dair verdiyi xarakteristikadan söz açıb. Erməni keçmiş XİN rəhbərinin gəldiyi qənaət budur ki, Peloponnes müharibəsi dövrü və Afinanın varlığına son qoyulması təkcə spartalıların gücü yox, eyni zamanda, afinalıların onların tələblərini yerinə yetirməsinin nəticəsi idi: “Bəs 2500 il əvvəl baş vermiş Peloponnes müharibəsi ilə bu günün reallığı arasında hansı ortaq cəhət var? Müharibədən əvvəlki, yəni e.ə. 432-ci ildə keçirilən danışıqlarda spartalılar afinalılara ultimatum verərək bildirmişdilər ki, münaqişəni həll etməyin yeganə yolu Afinanı əhatə edən divarların sökülməsidir: “Bu müdafiə mexanizmlərini aradan qaldırın və beləliklə, hər ikimiz özümüzü daha təhlükəsiz hiss edəcəyik”. Nəticədə 30 illik müharibənin sonunda Afina barışıq istəməyə və onu hücumlardan qoruyan uca divarları sökməyə məcbur oldu. Bu isə onun gücünün tam məhvi ilə nəticələndi”.
Qeyd edək ki, A.Ayvazyanın məqaləsinin bu sitatdan sonrakı yarımbaşlığı “Ermənistanın dağılan divarları” adlanır. Deməli, keçmiş XİN rəhbərinin nə demək istədiyi aydındır. “Rəqiblərimiz daim bizə ultimatumlar verərək, “divarlarımızın” – yəni təminatçılarımızın – sökülməsini tələb edirlər. Necə ki, e.ə. 404-cü ildə Afina öz müdafiəsini zəiflətmişdi, eləcə də 2020-ci ildən sonra barışıq üçün yalvaran İrəvan müdafiə sədlərini bir-bir sökür. “Bir az geri çəkilmə” tezisləri əvvəlcə Artsaxdan başladı və son nəticədə soyqırımı və yeni təcavüz nəticəsində vətənimizin boşaldılması ilə sonlandı. Artsaxın – Ermənistanın qalxanının – itirilməsindən sonra növbəti mərhələ sərhəd “divarlarımızın” sökülməsi olacaq və bunun ardınca Silahlı Qüvvələrimizin də “bir az geri çəkilmə” məntiqi ilə funksional transformasiyası baş verəcək”, - deyən keçmiş XİN rəhbərinin təsvir etdiyi nəticədə məntiq var. Çünki Ermənistan 2020-ci ildən indiyədək mövqelərini itirir. Elə isə əvvəldə anons etdiyimiz məqama keçid alaq.
Bəli, Ayvazyan da Balasanyan kimi reallıq kazusunu gündəmə gətirir. Hətta reallığa müqavimət yüklü tədbirlər nöqteyi-nəzərindən baxış bucaqları fərqli olsa da, onları birləşdirən ümumi cəhət var. Həm cəllad Balasanyan, həm də diplomat Ayvazyan, mahiyyətcə, erməni avantürizmi üçün dirənişin tərəfdarıdırlar. İkinci daha qəddar görünür, çünki müharibəni ilahi hadisə kimi təqdim edib insan tələfatlarını xalqların yenilənməsi üçün vasitə sayır.
Ayvazyanın yazdıqlarından belə rəyə gəlmək olar ki, o, 2020-ci ilin 44 günlük müharibəsinin sonuncu erməni qırılanadək davam etməsinin tərəfdarı olub. Tülkü xislətli Balasanyanın yanaşmasına görə isə azərbaycanlılara qarşı müharibəni ruslar aparmalıdırlar. Yəni, Vito daha praktikdir. Çünki Birinci Qarabağ müharibəsini görüb. Pskov desantlarının Azərbaycanın təcrübəsiz və zəif təmin və təşkil olunmuş könüllü özünümüdafiə taborlarını necə əzdiklərinə və erməni hərbi birləşmələrini irəli apardıqlarına şahidlik edib. Balasanyanın Putinə yalvarış və biət dolu məktubunda yer almış “keçmiş vaxtlardakı kimi” ifadəsində bu məxluqun yarımçıq tarixi bilikləri ilə yanaşı, daha çox sözügedən şahidliyinin payı var. Yəni, it yenidən arabanın kölgəsindən yatmaq eşqinə düşüb.
Əlbəttə, demək olmaz ki, Ayvazyan erməni xalqı üçün kamikadzelik uydurur. Hazırda keçmiş XİN rəhbəri dava meydanında ağzı-burnu dağılmış, düşdüyü çətin durumdan çıxandan sonra onu əzişdirmiş həmyaşıdını söyən uşağa bənzəyir. Ayvazyan, heç narahat olmasın, çünki Paşinyan hakimiyyətinin Ermənistani gətirdiyi vəziyyət elə həmin uşağın durumu ilə eynidir.
Digər yandan nəzərə alaq ki, keçmiş XİN rəhbəri urapatriot təbiətli deyil. Heç şübhəsiz, ağlında Ermənistanın, özünün təbirincə desək, divarlarını qoruyacaq qüvvəyə dair variantı var. Hər bir halda, başını yormasın. Çünki Nikol 2020-ci ildən bəri variantları bir-biri istifadə etməkdədir və bütün cəhdləri uğursuz olub. Ona görə, obrazlı desək, ağzı-burnu əzilsə də, Azərbaycanın mövqeyi ilə razılaşır. Hardan baxsan, erməni primitiv çapında azm-maz real düşünən yenə Balasanyandır. Dahi Çörçill də deyirdi ki əlləri təmiz saxlamağın ən yaxşı yolu, başqa əllərlə iş görməkdir. Hərçənd, Vitonun əli təmiz deyil, qana batıb.
Sonda gəldiyimiz nəticə budur ki, balasanyanlar, paşinyanlar, ayvazyanlar, eləcə də başqa iri yanlar, Ermənistanın qonşusu Azərbaycanla normal keçinməsinin, sivil münasibətlər saxlamasının tərəfdarı deyillər. Onların hər biri erməni avantürizminin davamını istəyir. O avantürizm ki, bir vaxtlar xeyir gətirmişdisə, hazırda, daha doğrusu, 2020-ci ildən sonra ancaq ziyan verməkdədir. İrəvanın Bakı ilə sülhə gəlmədiyi hər ötən gün ziyanın miqyası bir qədər də böyüyür. Miqyasın böyüməsi isə Ermənistanın kiçilməsi deməkdir. Bir toplum ki, dövlətinə malik xalq olmağı deyil, ambisiyalar güdür, qlobal maraqlar naminə alətə çevrilməyi seçib hansısa dividend götürmək barədə fikirləşir, deməli, qövm və tayfa olmağa üstünlük verir.
Ə.CAHANGİROĞLU
XQ