“Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi”

post-img

Bakıda 3 May Türkçülük Günü münasibətilə konfrans

Dünən Heydər Əliyev Mərkəzində 3 May Türkçülük Günü münasibətilə Türkiyə Prezidenti Administrasiyası Kommunikasiya İdarəsinin təşkilatçılığı ilə “Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi” mövzusunda konfrans keçirildi.

Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin nümayəndələrinin, Azərbaycanın və Türkiyənin media təmsilçilərinin iştirak etdikləri işgüzar müzakirədə Türk dünyasının ortaq dəyərləri və gələcək inkişaf istiqamətləri ilə bağlı önəmli çağırışlar və hədəflər diqqət mərkəzində oldu.

Azərbaycan və Türkiyə respublikalarının dövlət himnləri səsləndirildikdən, hər iki ölkənin şəhidlərinin xatirəsi ehtiramla anıldıqdan sonra Türk dünyasının şanlı tarixini və ortaq dəyərlərini əks etdirən videoçarx göstərildi. Türkiyənin Azərbaycandakı Səfirliyinin media müşaviri Alptekin Cihangir İşbilir mövzu ilə bağlı Türkiyə və Azərbaycanın ictimaiyyət nümayəndələrinin və media təmsilçilərinin iştirakı ilə iki dəyirmi masa keçirildiyini bildirdi.

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva Türk dünyasını təkcə ortaq tarixin deyil, həm də ümumi mənəvi dəyərlərin birləşdirdiyini vurğulayaraq dedi: “Bizim üçün hər bir türk yurdu eyni taleyi bölüşdüyümüz bir ana nəfəsi qədər doğmadır. Zaman-zaman türk xalqlarını bir-birindən ayrı salınmağa çalışsalar da, onlar tarixin bütün sınaqlarından üzüağ çıxmağı bacarıblar. Çünki biz həm qılıncı, həm qələmi, həm də könlü ilə tarix yazan millətik. Nə xoş ki, bu gün Türk dünyası artıq bir xəyal deyil, reallıqdır, tarixi missiyadır. Bu, gələcək nəsillərə ötürməli olduğumuz müqəddəs bir mirasdır. Biz hər birimiz bu mirası qoruyaraq mədəniyyətimizi, dilimizi, adət-ənənəmizi, birliyimizi və gücümüzü yaşatmalıyıq”.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün isə Türk Dövlətləri Təşkilatının, sadəcə, regional deyil, eyni zamanda, həmrəyliyin təzahürü, beynəlxalq aləmdə əməkdaşlığı və birliyi təşviq edən platforma olduğunu bildirdi: “Siyasi həmrəylik, enerji təhlükəsizliyi, elm və mədəni diplomatiya sahəsində ortaq əməkdaşlıq üzərində çalışırıq. Biz sülhün, qarşılıqlı etimadın bərqərar olduğu bölgə qurmağı hədəfləyirik. Elm və texnologiyadan tutmuş enerji əməkdaşlığına qədər birgə strategiyalar, proqramlar və layihələr hazırlamaq labüddür və biz bunu dəstəkləyirik. Mədəni diplomatiya sahəsində fəaliyyətlərin dərinləşdirilməsi təkcə Türk dünyasında deyil, beynəlxalq ictimaiyyətdə də müsbət türk obrazının formalaşmasına səbəb olacaq”.

“Şərq” qəzetinin baş redaktoru, Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü Akif Aşırlının moderatorluğu ilə davam edən panelə videoformatda qoşulan Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun isə Türk dünyasının ortaq gələcəyi ilə bağlı fikir mübadiləsi aparmaq məqsədilə təşkil edilən iclası son dərəcə önəmli saydığını və aparılan müzakirələrin gərəkli olacağını bildirdi: “Türk Dövlətləri Təşkilatı Türk dünyasını siyasi, iqtisadi, mədəni və sosial sahələrdə bir araya gətirərək bölgəmizin ən güclü əməkdaşlıq strukturlarından birinə çevrilib. Türkiyə bu strukturu daha da gücləndirmək və ortaq dəyərlər əsasında irəliləyişini davam etdirmək üçün ilk gündən böyük səylər göstərir”.

Qardaş ölkənin media rəsmisi mərhum İsmayıl Qaspıralının irəli sürdüyü “Dildə, fikirdə, əməldə birlik” şüarının keçmişdən bugünə türkçülüyün aparıcı şüarı olduğunu xarırladaraq dedi ki, “Dildə birlik” ünsiyyət və anlaşmamızı gücləndirmək və ümumi dilin daşıyıcısı olduğu dəyərləri nəsillər boyu yaşatmaq deməkdir. Fikirdə birlik – Türk dünyasının ortaq baxışını qlobal sınaqlar və çağırışlar qarşısında ümumi strateji düşüncə ilə formalaşmaq mənası daşıyır. “Əməldə birlik” isə məqsədimizin iqtisadi inkişafdan təhsil islahatlarına, rəqəmsal transformasiyadan gənclərin bilik və bacarıqlarının inkişafına qədər hər sahədə konkret layihələrlə irəliləməkdən ibarət olduğunu ehtiva edir.

Türk dünyası ölkələri olaraq ortaq tarix və mədəniyyətimizdən aldığımız güclə bu gün əməkdaşlığımızı daha da yüksək səviyyəyə qaldırmaq məsuliyyətini daşıdığımızı vurğulayan Fahrettin Altun söylədi: “ Bu məsuliyyəti dərk edərək ümid edirəm ki, panelimiz intellektual biliklərimizi zənginləşdirməklə yanaşı, konkret addımlarla irəliləməyimizi təmin edən ilham mənbəyi olacaq. Türk dünyasının qədim mərkəzlərindən biri olan Bakıda keçirdiyimiz toplantının dəyərli natiqlərinə və tədbirin təşkilində əməyi keçən həmkarlarıma təşəkkürümü bildirirəm. Ümid edirəm ki, bu görüş Türk millətinin və Türk dünyasının gələcəyi və firavanlığı üçün faydalı olacaq”.

Panel müzakirələrində Qazaxıstan Türk Akademiyası direktorunun köməkçisi Askhat Kessikbayev, Qırğızıstanın millət vəkili Dastanbek Dzhumabekov, Özbəkistanın İnkişaf Strategiyası Mərkəzinin xarici siyasət və təhlükəsizlik sahəsindəki islahatların təhlili və monitorinqi şöbəsinin müdiri Farrukh Khakimov, Şimali Kipr Prezidentinin müşaviri Gökhan Güler, TDT Macatıstan nümayəndəliyi icra direktoru Balazs Hendrich “Dildə, fikirdə, əməldə birlik – Türk dünyasının gələcəyi” mövzusunda mülahizələrini söylədilər. Natiqlər Türk dünyası ölkələri arasında əməkdaşlığın daha da gücləndirilməsi, əlaqələrin dərinləşdirilməsi ilə bağlı təkliflərini səsləndirdilər.

Konfrans bədii hissə ilə başa çatdı.

T.RÜSTƏMLİ
XQ







Sosial həyat