İkinci Dünya müharibəsi bəşəriyyətin üzləşdiyi ən dəhşətli qırğınlardan biri idi. Milyonlarla insanın fəlakəti, səfaləti, ölümü, şəhər və kəndlərin, ölkələrin iflası ilə nəticələnən bu savaş bir millət, məmləkət olaraq bizim də taleyimizdə dərin iz buraxıb.
Bütün dövrlərdə yetirdiyi qüdrətli sərkərdə-xaqanlarla tarix yaradan Azərbaycan xalqı bu müdhiş müharibə zamanı sübut etdi ki, quruluşundan, zamanından asılı olmayaraq, o süngüsü ilə tarix yazan igidlər yetirə bilər. Biz bir millət olaraq həmin müharibədə varımız, dövlətimiz, sərvətimiz, ondan da qiymətli canımız – övladlarımızla iştirak etdik. Daha doğrusu, mümkün olmayanları mümkünə çevirənlərin sırasında yer aldıq. Cəsarətin, ləyaqətin, Vətənə sonsuz sevginin simgəsi, bəlgəsi olduq. İkinci Dünya müharibəsində əldə olunan zəfərdə mənsub olduğu millətin, məmləkətin yerini və rolunu dəqiq göstərən ulu öndər Heydər Əliyev haqlı olaraq qeyd edirdi: “Azərbaycan xalqı İkinci Dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941–1945-ci illərdə respublikanın 600 mindən çox oğlan və qızları cəbhəyə getmişdir”.
Bakı da Stalinqrad və Moskva kimi önəmli idi
İkinci Dünya müharibəsinin günahsız qurbanları haqq, ədalət uğrunda səngərlərə sipər olmuşdular. Hitler Almaniyasının hədəfləri təkcə SSRİ-nin ərazi bütövlüyünü pozmaq deyildi. Kapitalizmin sosializm üzərində qələbəsinə nail olmaq, dünyanın sərvətinə sahiblənmək idi. Belə bir dəhşətli dönəmdə onun hədəfi həm də Yaxın və Orta Şərqə hücum etmək, bu ərazilərdə mövcud olan neft-qaz yataqlarını ələ keçirməkdi. Tarixi mənbələr də sübut edir ki, İkinci Dünya müharibəsində Hitler Almaniyası Bakı neftinə xüsusi əhəmiyyət verirdi. Yaxın və Orta Şərqə əl qoymaq məqsədilə müharibənin ilk ilindən Şimali Qafqaza, Mozdoka qədər irəliləyən faşistlərin Stalinqrad və Moskva kimi strateji əhəmiyyətli şəhərlərin sırasına Bakını da daxil etməsi onun iqtisadi, siyasi, həm də strateji əhəmiyyəti ilə bağlı idi. Bakıya nəzarət Güney Qafqaza, eyni zamanda, Yaxın və Orta Şərqə nəzarət demək idi.
Milyonlarla insanın ölümü, ölkələrin fəlakəti ilə sona çatan İkinci Dünya müharibəsində Azərbaycan təkcə milyonlarla vəsaitini, sərvətini itirmədi, 300 mindən çox igid oğul və qızının “qara kağızı”, acı xatirələri ilə baş-başa qaldı. Həmin müharibədə həlak olan 57 milyon insanın 27 milyonu Sovet İttifaqına, onun 300 mini isə, qeyd etdiyimiz kimi, Azərbaycana məxsus idi. Hitler Almaniyasının, daha doğrusu, Adolf Hitlerin “Rusiya gərək məhv edilsin! Müddəti – 1941-ci ilin yazı!” nidası ilə başlayan İkinci Dünya müharibəsi məşhur “Barbarossa” planına düzəlişlərdən sonra, elə yenə o “17 iyun 1941-ci ildə SSRİ-yə qarşı iyunun 22-də müharibəyə başlamaq” əmrini verdi. İyunun 22-də faşist Almaniyası Sovet İttifaqına hücum etdi. Bununla sovet xalqı İkinci Dünya müharibəsinə sövq edildi. Müharibə sovet xalqları tərəfindən xilaskar, ədalətli, Vətən müharibəsinə çevrildi”.
Hərb tarixi ilə bağlı məlumatlara istinadla təqdim etdiyimiz bu faktlar bir daha təsdiqləyir ki, İkinci Dünya müharibəsi, həqiqətən də, ədalətlə ədalətsizlik, haqla haqsızlıq arasında amansız savaş idi. Faşist Almaniyası Sovet İttifaqında yaşayan irili-xırdalı minlərlə xalqın haqqını və hüquqlarını pozaraq savaşa qalxmışdı. Qeyd etdiyimiz kimi, o sırada, yeraltı və yerüstü bioresursları ilə dünyanın qan damarı olan Azərbaycan və Azərbaycan nefti ilə bağlı xüsusi plan, strategiya işlənmişdi. Necə ki, hələ İkinci Dünya müharibəsi başlanmamışdan öncə Hitler Almaniyası Bakı ilə bağlı siyasi qərar vermişdi.
“Moskvanın müdafiəsinə görə” medalı ilə 1000-dən çox azərbaycanlı təltif edilib
İkinci Dünya müharibəsinin ilk ilindən ölkəmiz hərbi əməliyyatların əsas mərkəzlərindən birinə çevrilməsə də, faşizmin hədəf nöqtələrindən idi. Bütün sərvətləri, insan resursları ilə faşizmə qarşı səfərbər olunan Azərbaycan insanı Sovet İttifaqında yaşayan digər vətəndaşlar kimi Moskva, Stalinqrad, Odessa, Sevastopol, Kiyev, Volqoqrad kimi məşhur şəhərlərin, Ukrayna, Belarus, Latviya, Litva, Estoniya kimi respublikaların faşizmdən azad edilməsinə öz töhfələrini verdilər.
Mozdokdan Berlinə qədər şərəfli döyüş yolu keçən igidlərimiz qəhrəmanlıq dastanını al qanları ilə yazdılar. Hərbi pilot Hüseynbala Əliyev 17 yara alsa da, təyyarəni yerə endirmiş, göstərdiyi şücaətə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdü.
Tarixi mənbələr onu da sübut edir ki, “Moskva, Stalinqrad ətrafında gedən döyüşlərdə azərbaycanlılar düşmənin çoxsaylı canlı qüvvə və hərbi texnikası ilə üz-üzə dayanmış, faşist ordusuna qarşı irimiqyaslı və dağıdıcı hərbi əməliyyatlar həyata keçirmişdilər”. Moskva uğrunda gedən döyüşlərdə Novqorod vilayətində Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun komandiri olduğu dəstənin 20 nəfər döyüşçüsünün 400 nəfərdən çox faşist əsgər və zabitini məhv etməsi bu gün də 9–10 saat ərzində baş tutmuş uğurlu əməliyyatlardan biri kimi hərb tarixi ilə bağlı mühazirə mətnlərində qorunur.
İkinci Dünya müharibəsinin bütün istiqamətlərdə gerçəkləşən əməliyyatları olduqca ağır və gərgin şəraitdə getsə də, Moskva və Stalinqrad uğrunda savaşlar misilsiz itkilər, eyni zamanda, qəhrəmanlıqlarla müşayiət olunmuşdu. Moskva uğrunda əməliyyatlarda Azərbaycan əsgər və zabitinin yazdığı tarix üstündən 80 il ötməsinə baxmayaraq, qəhrəmanlıq örnəyi kimi təbliğ olunur. “1941-ci ilin noyabrında Moskvanın müdafiəsinə göndərilən Bakı zenit artilleriyası alayı düşmənin 40-a qədər təyyarəsinin yarıdan çoxunu məhv etmiş, qalanlarını isə Moskva səmasına çatmadan geriyə dönməyə məcbur etmişdi. Moskva uğrunda döyüşlərdə 1000 nəfərdən çox Azərbaycan vətəndaşı iştirak etmiş və “Moskvanın müdafiəsinə görə” medalı ilə təltif olunmuşdur. Onların sırasında tank alayı komandiri Həzi Aslanov, polkovnik Yaqub Quliyev, mayor Muxtar Suleymanov, kapitan İsrafil İsmayılov, mayor Əhəd Şəmsizadə, leytenant Müseyib Allahverdiyev, leytenant Məmmədrəsul Paşayev, kiçik leytenant Pərviz Tağızadə, serjant Camal Sədrəddinov, pulemyotçu İdris Vəliyev, sıravi Rəhim Kərimov, snayper Ziba Qəniyeva, tibb bacısı Aliyə Rüstəmbəyova və digərləri yer almışdı. Stalinqradın müdafiəsində Baloğlan Abbasovun snayper dəstəsi və Həzi Aslanovun tank alayı xüsusi fəallıq göstərmiş, düşmənə ağır zərbələr endirmişdir ki, bunun da müqabilində hər biri Sovet İttifaqı Qəhrəmanı fəxri adına layiq görülmüşdülər.
1942-ci ildə Şimali Qafqazın, 1943-cü ildə Ukraynanın azad edilməsində yüksək fəallıq göstərən əsgər və zabitlərimiz də öz qəhrəmanlıqlarını dünyaya nümayiş etdirmişdilər.
Azərbaycanlılar və dağıstanlılar Şimali Qafqazı sinələri ilə qorudular
Azərbaycan arxa cəbhə olsa da, həmin ağır və dəhşətli günlərdə, 1942-ci il avqustun 25-də Azərbaycan K(b)P MK və Azərbaycan XKS respublikada müdafiə-istehkam xətləri tikintisi üçün qərar qəbul etmişdi. Qərara əsasən, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ rayonlarında Baş Qafqaz aşırımlarını müdafiə edən qoşun hissələri Bakı Müdafiə istehkam xəttinin inşasına nail olmuş, xəttin tikintisi üçün 5 min inşaatçının, ümumilikdə, 90 min vətəndaşın iştirakı ilə bu torpaqları alınmaz qalaya çevirmişdilər. Arxa cəbhədə tarix yaradan Azərbaycan xalqı Zaqafqaziya cəbhəsində, daha doğrusu, Şimali Qafqaz uğrunda gedən döyüşlərdə Qafur Məmmədov, İdris Süleymanov, Ukrayna cəbhəsində Məlik Məhərrəmov kimi igidlərin, milli diviziyaların qəhrəmanlarının əzmkarlığı ilə alman faşizmini diz çökdürənlərin, rəşadətli döyüş yolu ilə tarixi zəfərə imza atanların sırasında yer almışdı.
Azərbaycan milli diviziyaları zərurətdən yarandı
Tarixə İkinci Dünya müharibəsi, eyni zamanda, Böyük Vətən müharibəsi kimi daxil olan Hitler Almaniyasının, faşizmin iflası ilə nəticələnən müharibənin başlaması ilə əlaqədar “baş komandan Stalinin 1941-ci ilin 18 oktyabr tarixli əmrinə əsasən, azərbaycanlılardan ibarət 77-ci dağatıcı diviziyası, 223-cü milli atıcı, 396-cı milli atıcı, 402-ci və 416-cı milli atıcı diviziyaları yaradıldı və onlar Zaqafqaziya hərbi dairəsində yerləşdirilmiş 44-cü, 45-ci və 46-cı orduların tərkibinə daxil edildilər. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü, 77-ci və s. milli diviziyalar Simferopolun, Odessanın, 77-ci diviziya Polşa və Çexoslovakiyanın, 223-cü diviziya Yuqoslaviyanın azad olunmasında fəal iştirak etmiş, 416-cı diviziya Qafqazdan Berlinə qədər böyük döyüş yolu keçmiş, Berlinin süquta yetirilməsində xüsusi fəallıq göstərmişdir. Polşa və Çexoslovakiyanın faşistlərdən azad edilməsi uğrundakı döyüşlərdə göstərdikləri qəhrəmanlıqlara görə akademik Ziya Bünyadov və digər 20 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür”.
Şərəf CƏLİLLİ,
yazıçı-publisist