Dünən Parisdə İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 80 illiyi münasibətilə genişmiqyaslı tədbir keçirildi. Fransa rəhbərliyi bu təntənəli mərasimə Azərbaycanın səfirini dəvət etmədi. Bu, rəsmi Parisin siyasi ehtiraslarının tarixi ədalətdən üstün tutduğunu göstərən növbəti addım oldu.
Məlumata görə, Parisdəki mərasimə demək olar ki, bütün ölkələrin səfirlikləri dəvət alıb. Lakin Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva siyahıya salınmayıb. Bu, Fransa rəhbərliyinin, xüsusilə də prezident Emmanuel Makronun komandasının ucuz və qeyri-etik siyasi jesti kimi dəyərləndirilə bilər.
Əgər Fransa, doğrudan, da İkinci Dünya müharibəsindəki müttəfiqliyi və ortaq mübarizəni xatırlamaq istəyirdisə, Azərbaycan təmsilçiliyini bu tədbirdən kənarda saxlamaq olmaz. Çünki bu müharibədə Azərbaycanın töhfəsi danılmazdır. Almaniyaya qarşı döyüşlərə 600 min azərbaycanlı cəlb olunub, onların 300 mini həlak olub. Azərbaycan əhalisinin onda biri bu savaşda həyatını itirib. Ölkənin neft ehtiyatları və Lend-liz çərçivəsindəki logistik dəstəyi isə tarixçilər tərəfindən həlledici faktor kimi qiymətləndirilir.
Ən önəmlisi isə – Azərbaycan vətəndaşları Fransanın Müqavimət Hərəkatının fəal iştirakçıları olublar. Onların sırasında Əhmədiyyə Cəbrayılov xüsusi yer tutur. Müxtəlif adlarla tanınan bu qəhrəman – Xarqo, Əhməd Mişel, Matye Mişel və s. – Fransa tərəfindən “Fəxri Legion” ordeni də daxil olmaqla, bir çox mükafatlarla təltif edilib. 1990-cı ildə Şarl de Qolun 100 illiyində o, xüsusi dəvətlə Parisə çağırılmışdı.
O, Fransada döyüşən yeganə azərbaycanlı deyildi. Mirzəxan Məmmədovun rəhbərliyi ilə Rodezdəki hərbi düşərgədən qaçan azərbaycanlılar sovet partizan dəstəsi yaradaraq Alp dağlarında vuruşmuşdular. İdris Qasımov “Aret-Sol” batalyonunda xidmət göstərmiş, Lion, Dijon və Rodəz şəhərlərinin azad olunmasında iştirak etmişdi. Bu siyahı kifayət qədər uzundur: Nurş Mehtiyev, Cəlil Tanrıverdiyev, Xasay Quliyev, Allahverdi Vəliyev, Abbas Hüseynov, Xələf Hacıyev, Məmməd Məmmədov, Təvəkkül Məmmədov, Eyub Məmmədov və başqaları Fransada qəhrəmanlıq göstərərək orden və medallarla təltif olunublar.
Ancaq görünür ki, bütün bu faktlar Fransa üçün bu gün siyasi maraqlardan az önəmlidir. Rəsmi Paris bu tarixi yaddaşı “unutmağa” üstünlük verir. Çünki indiki beynəlxalq münasibətlər kontekstində Fransa üçün əsas “müttəfiq” Ermənistandır. Siyasi dəbin zirvəsində Ermənistanla qucaqlaşıb dayandığına görə, Paris Azərbaycanın tarixi xidmətlərini silmək istəyir.
Ən acı həqiqət isə odur ki, Fransa özü İkinci Dünya müharibəsində passiv mövqe tutmuşdu. Müharibənin başlamasından cəmi 43 gün sonra təslim olmuş, Paris isə bir güllə atılmadan işğal edilmişdi. Almaniyanın yüksək rütbəli generalı Yodl 1945-ci ildə təslim aktını imzalayarkən fransız nümayəndəsini görüb belə demişdi: “Biz Fransa ilə də müharibə etmişdik?”
Fransa bu gün qələbənin rəmzlərini yad edərkən, o qələbəyə töhfə vermiş xalqlara biganə qalırsa, deməli, tarixdən nəticə çıxarmaq istəmir. Halbuki yaddaş – yalnız xatırlamaq deyil, həm də sayğı göstərməkdir. Paris unuda bilər, amma biz unutmuruq: Fransanın azadlığı uğrunda azərbaycanlılar da can verib. Bu həqiqəti susdurmaq mümkün deyil.
Oğuz ARİF