Qlobal güc paritetinin dəyişən koordinatları

post-img

Çin kontekstində yeni güc arxitekturası

V məqalə

XXI əsrdə beynəlxalq güc balansı təkcə hərbi və iqtisadi göstəricilərlə deyil, normativ üstünlük uğrunda gedən mübarizə ilə də müəyyənləşir. Dünyanın diqqəti Çinin artan hərbi və texnoloji imkanlarına yönəlsə də, daha dərin və strateji proses hüquq sahəsində baş verir: Çin beynəlxalq hüququ təkcə tətbiq etməyə yox, həm də onu öz maraqları və dəyərləri əsasında yenidən tərif etməyə çalışır. Bu isə artıq geosiyasi deyil, geohüquqi bir reallıqdır.

Çin Xalq Respublikası liberal Qərb dünyasının qurduğu hüquqi nizama formal olaraq inteqrasiya olunsa da, bu sistemin ideoloji əsaslarını qəbul etmir. Əksinə, Çin beynəlxalq hüququ universal və neytral bir norma toplusu kimi deyil, güc balansından qaynaqlanan siyasi alət kimi görür. Onun bu yanaşması yalnız Çinlə Qərb arasında normativ fikir ayrılığı deyil, həm də beynəlxalq hüququn gələcəyi üçün sistemli bir çağırışdır: post-liberal, çoxqütblü və kontekstual hüquq modelinə doğru yönəlmək.

Bu məqalədə hüququn klassik universalizmi ilə Çinin suverenlik mərkəzli yanaşması arasında artan ziddiyyətlər fonunda qlobal güc paritetinin hüquqi koordinatlarının necə dəyişdiyini təhlil etməyə çalışacağıq. Beynəlxalq hüququn yalnız qaydalar toplusu deyil, həm də güc münasibətlərinin ifadəsi olduğunu nəzərə alaraq, Çin kontekstində yeni normativ düzənin yaranma ehtimalı və bu transformasiyanın geosiyasi nəticələri müzakirə olunur.

Çinin beynəlxalq hüquqa yanaşması onun normativ müstəvidə mövcud dünya nizamına alternativ təklif etməyə çalışdığını nümayiş etdirir. Qərb dövlətlərinin rəhbərlik etdiyi liberal beynəlxalq hüquq sistemi uzun müddət ərzində universal dəyərlərə və qaydalara əsaslanan bir çərçivə kimi təqdim olunub. Bu sistemin dayaqları olan insan haqları, dövlətlərin suverenliyi, sərhədlərin toxunulmazlığı və dəniz hüququ kimi prinsiplər Qərb siyasi və hüquqi təcrübəsinə əsaslanaraq formalaşıb. Lakin Çin bu çərçivəyə tənqidi yanaşaraq, beynəlxalq hüququ milli maraqların ifadəsi kimi dəyərləndirir və onun tətbiqinin güc balansına əsaslandığını iddia edir.

Qərb hüquq sistemi, xüsusilə beynəlxalq hüququn formalaşmasında II Dünya müharibəsindən sonra ortaya çıxan liberal beynəlxalq nizamın hüquqi sütununu təşkil etmişdir. Bu sistemin əsasında liberal dəyərlər dayanır. Burada hüquqi çərçivə beynəlxalq münasibətlərdə güc deyil, qayda əsaslı yanaşmanı təşviq etməyi qarşısına məqsəd qoyur və dövlətlər arasında qarşılıqlı etimad, hüquqi öhdəliklərə riayət və beynəlxalq hüquqi institutların legitimliyini təmin etməyə çalışır.

Qərb hüquq sistemi universalist yanaşmanı əsas tutur; yəni hüquqi prinsiplərin mədəni və siyasi kontekstdən asılı olmayaraq bütün dövlətlərə tətbiq edilməli olduğunu müdafiə edir. Bu, xüsusilə insan hüquqları konvensiyaları, beynəlxalq cinayət hüququ, silahlı münaqişələr zamanı mülki əhalinin qorunması və müstəqil beynəlxalq məhkəmə orqanlarının yaradılması kimi təşəbbüslərdə özünü göstərir. Beynəlxalq Cinayət Məhkəməsi, Avropa İnsan Haqları Məhkəməsi və BMT-nin müxtəlif hüquqi mexanizmləri bu sistemin konkret alətləridir.

Qərbin universal hüquq yanaşması, həmçinin beynəlxalq ictimaiyyət anlayışına əsaslanır: yəni beynəlxalq hüquq yalnız dövlətlərin razılaşmasından doğan müqavilələrlə deyil, həm də bütün bəşəriyyətin ümumi maraqlarına xidmət edən prinsiplərlə müəyyənləşir. Elə bu səbəbdən Qərb tez-tez insan hüquqları və demokratik idarəetmə kimi məsələlərdə suverenlik prinsipini arxa plana keçirərək, “insani müdaxilə” və “müdafiə məsuliyyəti” kimi doktrinaları müdafiə edir.

Lakin məhz bu universalist və normativ yanaşma Çinin ciddi tənqid obyektinə çevrilmişdir. Çin bu yanaşmanı Qərbin normativ hegemoniyası kimi qiymətləndirir. Pekin hesab edir ki, bu sistem Qərb dəyərlərinin digər dövlətlərə təlqin edilməsi və onların daxili işlərinə qarışmaq üçün bir vasitəyə çevrilmişdir. Beləliklə, Çin beynəlxalq hüququn mərkəzində “suverenlik”, “qarışmama prinsipi” və “milli kontekstlərə uyğun interpretasiya” kimi anlayışları yerləşdirir ki, bu da Qərbin universalist hüquq sisteminə qarşı kontekstual alternativin təşəkkül tapdığını göstərir.

Beləliklə, Qərb hüquq sisteminin beynəlxalq səviyyədə təməl daşı olan universalizm və qayda əsaslı nizam prinsipləri hazırda Çin kimi yüksələn güclərin milli maraqlara əsaslanan, güc balansını nəzərə alan və hüququ siyasətdən ayrılmaz sayan yanaşmaları ilə qarşı-qarşıya gəlir. Bu normativ qarşıdurma XXI əsrdə beynəlxalq hüququn gələcəyi üçün əsas istiqamətlərdən birini müəyyənləşdirir.

Xüsusilə, Cənubi Çin dənizi məsələsində Pekinin mövqeyi beynəlxalq hüququn bu yeni interpretasiyasının konkret nümunəsidir. Çin BMT-nin Dəniz Hüququ üzrə Konvensiyasına qoşulsa da, 2016-cı ildə Haaqa Arbitraj Məhkəməsinin Filippinin xeyrinə çıxardığı qərarı tanımadı. Bu hadisə Çinin beynəlxalq hüququn müstəqil və universal xarakterini qəbul etmədiyini, əksinə, onu siyasi alət kimi gördüyünü ortaya qoydu. Çin öz tarixi hüquqlarına və “Doqquz xətt xəritəsi” arqumentinə əsaslanaraq, beynəlxalq hüququ öz interpretasiyası ilə məhdudlaşdırır və bu addım müasir beynəlxalq hüququn əsas qayəsi olan “prinsipial bərabərlik” və “universal normativlik” anlayışlarına ziddir.

Sözügedən yanaşma hüquqi realizm nəzəriyyəsi çərçivəsində başa düşülə bilər. Hüquqi realizmə görə beynəlxalq hüquq güc balansının və dominant aktorların maraqlarının məhsuludur. Bu da o deməkdir ki, normativ qaydalar güc mərkəzlərinin razılığı və siyasi iradəsi əsasında formalaşır və tətbiq olunur. Çin də bu kontekstdə beynəlxalq hüququ “idealist universalizm” kimi deyil, “praqmatik maraqlar hüququ” kimi təqdim edir və nəticədə, beynəlxalq hüququn təbiəti barədə qlobal diskussiyalarda Çin modelinin çəkisini artır.

Eyni zamanda, Çin öz hüquqi baxışlarını beynəlxalq platformalarda da irəli sürür. “Kiber suverenlik” anlayışı bu kontekstdə mühüm nümunədir. Çin internet idarəetməsində dövlətlərin öz suveren hüquqlarına əsaslanmasını müdafiə edir və bu modeli beynəlxalq normalara çevirmək üçün BMT və digər çoxtərəfli forumlarda təşəbbüslərlə çıxış edir. Bu təşəbbüslər liberal Qərb modelindən kəskin fərqlənir və ön planda fərdi azadlıqları deyil, ictimai sabitlik və dövlət nəzarətini əsas götürür.

Çinin hüquqi yanaşması xüsusilə Asiya, Afrika və Latın Amerikasında inkişaf etməkdə olan dövlətlər üçün alternativ hüquqi baxış bucağı kimi qəbul olunur. Qərbin ikili standartlarda ittiham olunması və normativ qərəzləri dövlətləri Çin modelinə daha açıq və simpatiyaya meyilli edir. Beləliklə, Çin yalnız fiziki güc və texnoloji üstünlük üzərində qurulmuş qlobal rola yox, həm də ideya və normativ hegemonluğa iddia edir.

Bu kontekstdə beynəlxalq hüququn gələcəyi getdikcə daha çox “normativ plüralizm” və “geohüquq” kimi yeni nəzəri yanaşmaların çərçivəsində formalaşmaqdadır. Ənənəvi olaraq Qərb liberalizmi əsasında formalaşmış beynəlxalq hüquq nizamı – insan hüquqları, demokratik institutlar və universal hüquqi normativlik kimi anlayışlara əsaslanaraq – uzun müddət qlobal legitimliyin əsas çərçivəsini təşkil etmişdir. Lakin Çinin yüksəlişi bu normativ təməl daşlarını sual altına almağa və onları alternativ hüquqi və siyasi baxışlarla əvəz etməyə çalışır.

Çin beynəlxalq hüququ universal və dəyişməz bir norma toplusu kimi deyil, tarixi, mədəni və siyasi kontekstə bağlı, dövlətlərin suverenliyini əsas götürən dəyişkən və çoxşaxəli bir sistem kimi təqdim edir. Bu yanaşma “geohüquq” konsepti ilə səsləşir: yəni beynəlxalq hüququn regional və geosiyasi maraqlar əsasında fərqli təzahürlər alması və mərkəzsiz, çevik hüquqi məkanların yaranması. Çin üçün hüquqi qaydalar daha çox güc balansının elementi, beynəlxalq münasibətlərin siyasi konfiqurasiyasının bir vasitəsidir.

Müxtəlif güc mərkəzlərinin öz hüquqi interpretasiyalarını və normativ çərçivələrini yaratmaları yalnız Çinlə də məhdudlaşmır. Çin bu prosesi təkbaşına həyata keçirmir – əksinə, Rusiya, İran, Cənubi Afrika və digər BRICS ölkələri ilə koordinasiyalı şəkildə, Qlobal Cənubun artan narazılıqlarını da nəzərə alaraq, alternativ hüquqi dil və normativ yanaşmalar üzərində əməkdaşlıq edir. Məsələn, BMT sistemində “kiber suverenlik”, “internetin milli tənzimlənməsi” və “müdaxiləsizlik hüququ” kimi anlayışların təşviqi bu çərçivədə baş verir.

Rusiya ilə Çin arasında beynəlxalq hüquq məsələlərində artan sinxronluq, xüsusilə də ABŞ və Avropanın sanksiyaları, insan hüquqları və demokratik müdaxilələr vasitəsilə təsirini artırmaq istədiyi sahələrdə daha aydın şəkildə ortaya çıxır. Çin və Rusiya liberal normativ sistemə qarşı “müdafiəçi suverenlik” anlayışını irəli sürür və beynəlxalq hüququ Qərbin ideoloji təsirindən azad etməyə yönəlmiş “post-liberal transformasiya” xəttini gücləndirirlər.

Beləliklə, bu yeni tendensiya – geohüququn yüksəlişi – qlobal hüquq sisteminin vahid, universal model kimi fəaliyyət göstərmək qabiliyyətini zəiflədir, lakin əvəzində daha rəqabətli, çoxtərəfli və fərqli dəyərlərin yarışdığı bir hüquqi məkan yaradır ki, bu da öz növbəsində həm perspektivlər, həm də risklər doğurur. Bir tərəfdən dövlətlərin hüquqi müstəqilliyi və normativ özünütəyinetməsi güclənir, digər tərəfdən isə qlobal nizamın sabitliyini və proqnozlaşdırıla bilməsini təhdid edən fragmentasiya (parçalanma) riski artır.

Bu baxımdan, Çin və onun tərəfdaşlarının təşviq etdiyi çoxqütblü hüquq arxitekturası yalnız mövcud sistemə alternativ deyil, həm də beynəlxalq münasibətlərin gələcək strukturunu və normativ nizamını müəyyən edəcək əsas amillərdən birinə çevrilməkdədir.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət