Beynəlxalq səyyahlar Laçında

post-img

ETIC (Extreme Traveler International Congress) klubunun rəhbəri Kolja Sporinin başçılıq etdiyi dünya səyyahlarının bir qrupu Laçın şəhərində bir sıra məkanları ziyarət edib.

XQ xəbər verir ki, qonaqlar əvvəlcə Laçın şəhərinin mərkəzinə gəliblər. Burada onlara şəhərin tarixi və gələcək planları barədə ətraflı məlumat verilib. Bildirilib ki, yaxın gələcəkdə şəhərdə tramvay xətti fəaliyyətə başlayacaq. Bu, həm yerli sakinlərin, həm də turistlərin hərəkətini asanlaşdıracaq və şəhərin modern infrastrukturuna töhfə verəcək.

Əhalinin artıq buraya köçürülməsi və yaşamağa başlaması barədə də məlumat verilib. Bildirilib ki, şəhərdə müasir yaşayış kompleksləri, sosial infrastrukturlar və ictimai xidmətlər hazır vəziyyətdədir, sakinlər rahat və təhlükəsiz şəraitdə yaşayırlar. Həmçinin şəhərin mədəni və sosial həyatı, təhsil və səhiyyə imkanları haqqında da qonaqlara məlumat verilib.

Qonaqların növbəti dayanacağı Yurd Qalereyası olub. Səyyahlara bildirilib ki, 2025-ci ildə Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi çərçivəsində açılmış bu qalereya Qarabağ və Şərqi Zəngəzurun zəngin mədəni irsini əks etdirmək məqsədi daşıyır. Burada yerli sənətkarların əsərləri, bölgənin tarixi və etnoqrafiyası ilə bağlı eksponatlar sərgilənir. Qalereya, həmçinin mədəni tədbirlər və sərgilər üçün yaradıcı platformadır. “Yurd” adı torpağa bağlılıq və milli kimliyin rəmzi kimi seçilib. Bakı Abadlıq Xidmətinin dəstəyi ilə Laçında açılan ilk özəl “Yurd” qalereyası artıq Azərbaycanın sərhədlərindən kənarda, Avropada da təmsil olunur.

Daha sonra qonaqlar “Gilabi Ceramics” Yaradıcılıq Mərkəzinə gəliblər. Qeyd edilib ki, Laçın qədimdən sənətkarlıq ənənələri ilə məşhur olub və şəhərin zəngin mədəni irsi bu mərkəzin yaradılmasında əsas rol oynayıb. Mərkəzdə həm tarixi əl işləri yenidən canlandırılıb, həm də yeni nümunələr yaradılıb. Eyni zamanda, mərkəz sakinlər üçün iş yerlərinin yaradılmasına töhfə verərək həm mədəniyyətin inkişafına, həm də yerli iqtisadiyyatın güclənməsinə xidmət edir.

Səyyahların Laçın səfəri bununla yekunlaşıb.

Sosial həyat