Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) İspaniyada keçirilən 21-ci İllik Toplantısında iştirak edib.
KOBİA-dan XQ-yə verilən məlumata görə, “Kiçik və orta bizneslərin qeyri-maddi aktivlərinin qorunması və qiymətləndirilməsi” mövzusuna həsr olunmuş bu ilki tədbir çərçivəsində müxtəlif ölkələrin dövlət qurumlarının, beynəlxalq təşkilatların, eləcə də özəl sektor nümayəndələrinin iştirakı ilə panel iclaslar və müzakirələr keçirilib.
KOBİA-nın İdarə Heyəti sədrinin müşaviri Zaur Qardaşov “KOB-larda əqli mülkiyyətə dövlət dəstəyi” adlı paneldəki çıxışında agentlik tərəfindən KOB-ların böyüməsi və rəqabət qabiliyyətinin artırılmasında əqli mülkiyyətin rolu, Azərbaycanda əqli mülkiyyətin kommersiyalaşması sahəsində mövcud dəstək mexanizmləri barədə məlumat verib.
Azərbaycanda mövcud dəstək mexanizmlərinin genişləndirilməsi, startapların Avropa bazarlarına çıxışına dəstək istiqamətində görülən tədbirlər diqqətə çatdırılıb, bu sahədə beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulanıb.
Qeyd olunub ki, KOBİA 2020-ci ildən INSME-nin üzvüdür.
Müşfiq Mirzə
XQ