Samuxda qeyrətin, cəsarətin və şəhidliyin zirvəsinə ucalan bir igidin-Milli Qəhrəman Eltun İsgəndərovun doğum günü yad edilib. Tədbir həm hüzn, həm də qürur dolu anlarla yadda qalıb. Bu unudulmaz mərasimdə Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev, şəhid ailələri, qazilər, hüquq-mühafizə orqanlarının əməkdaşları, müxtəlif idarə və müəssisələrin rəhbərləri, ziyalılar və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları ilk olaraq qəhrəmanımızın məzarını ziyarət edərək onun əziz xatirəsini ehtiramla yad edib, məzar üstünə tər qərənfillər düzüblər.
Samux Rayon İcra Hakimiyyətinin başçısı Firdovsi Əliyev tədbiri açaraq Eltun İsgəndərovun misilsiz qəhrəmanlığından danışdı. O, vurğuladı ki, 2009-cu il iyunun 18-də, Cəlilabad rayonu istiqamətində sərhəd pozucularına qarşı döyüş zamanı, Eltun düşmənin mövqeyimizə atdığı qumbaranı görüb, tərəddüdsüz şəkildə özünü onun üzərinə atmış və öz həyatını qurban verərək döyüş yoldaşlarının həyatını xilas etmişdir. O, şəhadəti ilə Azərbaycan əsgərinin cəsarətini, qürurunu, Vətənə sədaqətini bütün dünyaya nümayiş etdirdi. Bu misilsiz igidliyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 25 iyun 2009-cu il tarixli, 349 saylı Sərəncamla Eltun İsgəndərov ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb. O, XXI əsrdə bu ali ada ucalan ilk əsgər oldu.
Tədbirdə rayon rəhbərindən sonra çıxış edənlərdən biri də şəhidimizin atası oldu. Xaləddin İsgəndərov, oğlunun göstərdiyi qəhrəmanlıqla fəxr etdiyini bildirdi:
– Eltun təkcə mənim oğlum deyil. O, bütün Azərbaycanın oğludur. Onun kimi minlərlə, yüz minlərlə vətənpərvər gəncimiz var. Bu gün xalqımızın birliyi, torpaqlarımıza sahib çıxma əzmi onun kimi qəhrəman oğulların sayəsində daha da möhkəmlənir. Dövlətimizin başçısı cənab İlham Əliyevə göstərdiyi diqqət və ehtirama görə dərin minnətdarlığımızı bildiririk.
Tədbirin davamında məktəblilər vətənpərvərlik ruhunda şeirlər söylədilər.
Qəhrəmanlıq ölməzdir, şəhidlər unudulmaz! Allah qəhrəmanımız Eltun İsgəndərovla birgə Vətən uğrunda canından keçən bütün şəhidlərimizə rəhmət eləsin! Onlar yaşasın deyə ölüb, Vətən yaşasın deyə şəhid olublar…
Hamlet Qasımov
XQ-nin bölgə müxbiri
Samux