“Çikaqo” musiqili Caz Festivalı

post-img

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Bakı Caz Festivalının 20 illik yubileyi ilə bağlı Azərbaycan caz ulduzlarının iştirakı ilə “Çikaqo” musiqili  premyerasına həsr olunmuş mətbuat konfransı keçirilib. Tədbirdə festivalın direktoru Leyla Əfəndiyeva, layihənin direktoru Əziz Əzizov, baş rolların ifaçısı Orxan Ağayev, Diana Hacıyeva, Dilarə Kazımova və Ülviyyə Rəhimova iştirak ediblər. Görüş zamanı təşkilatçılar festivalın proqramı haqqında məlumat verərək, premyeraya hazırlıq prosesinin təfərrüatları barədə danışıblar. Sonda isə konfrans iştirakçıları media nümayəndələrinin suallarını cavablandırıblar.

Bakı Caz Festivalının direktoru Leyla Əfəndiyeva XQ-yə müsahibə verib. Bildirib ki, bu festival yarandığı andan etibarən, nəinki Bakıda, bütün dünyada cazsevərlərin marağına səbəb olmuşdur: - 2005-ci ildə festivalın təməli qoyulanda Rain Sultanov demişdi ki, bu, təkcə silsilə konsertlərdən ibarət olmasın, dünya səviyyəsində böyük bir festival olsun. Həmin ildən başlayaraq, bir neçə məkanlarda festival çərçivəsində silsilə konsertlər keçirilməyə başladı. 2006-cı ildə biz, “I am Jazzman” adlı müsabiqə təşkil etdik. Festivalın nəzdində “Caz dünyası” adlı jurnal da nəşr olunmağa başlamışdı. Təxminən, 15 il jurnal çap olundu. Həmin jurnal ilə festival həm ölkəmizdə, həm də xaricdə tanınırdı. Festival yavaş-yavaş dünyanın bir sıra ölkələrinə də yayılmağa başladı. Festival çərçivəsində, qış və yay vaxtı gənc caz musiqiçiləri üçün bölgələrdə düşərgələr də təşkil olunur. Bu il artıq dördüncü düşərgəmiz təşkil olundu. Bundan başqa, biz xarici təşkilatlarla da əməkdaşlı edirik. Məsələn, bu gün Fransadan Azərbaycana caz radiosunun əməkdaşları, İngiltərədən caz musiqisi üzrə ekspertlər və sair. gəlirlər. 

Sonra, festival müddətində “Jazz Art”, “Caz və Kino”, “Kinoda caz musiqisi soundtrack-ləri” bu kimi layihələr də həyata keçirilir. Eyni zamanda, uşaqlar üçün caz günləri təşkil olunur.  Bütün bunlar, ölkəmizdə caz musiqisinin inkişafında böyük rol oynayır. Bir yeniliyi də diqqətinizə çatdırmaq istəyirəm ki, bu il festivalın açılışını görmə məhdudiyyətli gənc caz ifaçıları edəcəklər. Bu işdə bizə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi çox böyük dəstək olublar. Mən özüm də seçimlərdə iştirak edəndə gördüm ki, bu insanlara caz musiqisi hava və su kimi lazımdır. Yəni, onlar bu hisslərlə yaşayıb, nəfəs alırlar. Musiqi onlar üçün həm də dünyaya çıxış rolunu oynayır. Biz hər zaman çalışırıq ki, bu cür layihələr və tədbirlər təşkil edək. 

Qeyd edək ki, bu il festivala dünyanın 21 ölkəsindən caz ifaçıları dəvət olunublar. Onlar səkkiz gün əzində Bakı səhnəsində ən yaxşı caz kompozisiyalarını ifa edəcəklər. Festival ərzində ustad dərsləri və maraqlı müzakirələr də təşkil olunacaq. Əsas müzakirə mövzusu isə “Caz cə Süni İntellekt” dir. Festival bu il ilk dəfə olaraq Fransanın tanınmış Caz radiosu ilə tərəfdaşlıq əlaqələri qurub. Tədbirlər Fransada, həm də bütün Avropada canlı yayımlanacaq.  Euronews kanalı da ənənəvi olaraq festivalı işıqlandırır.
Baku Jazz Festival 2025-in əsas iştirakçılarını təqdim edirik:

K-ZIA (Almaniya), HeloisaLourenço Band (Braziliya), YogevShetrit Band (İsrail), Antonio Lizana Band (İspaniya), Grzech Piotrowski Band (Polşa), Andreas W. Andersson Band (İsveç), Antoine Pierre Band, Quentin Dujardin, David Linx (Belçika), İpekDinç Band (Türkiyə), Balint Valiant Band (Macarıstan), Sorin Zlat Band (Rumıniya), Enzo Favata& Daniel Bonaventura Band (İtaliya), Dini Virseladze (Gürcüstan), Alex Scheureur Band (BöyükBritaniya), Jazzarama Band (Özbəkistan), FetiÇağlayan  (Türkiyə), Interplay (ABŞ) və Azərbaycanın bir çox tanınmış musiqiçiləri.

Fidan Salmanova
XQ







Mədəniyyət