Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Monreal Kanada - Azərbaycan Cəmiyyəti “Fête de Bienvenue aux nouveaux voisins” adlı beynəlxalq tədbirdə iştirak edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, fərqli ölkələrin mədəniyyəti, musiqisi, milli mətbəx və adət-ənənələrinin nümayiş olunduğu tədbirdə Azərbaycan stendinə böyük maraq olub. Ölkəmizin zəngin mətbəx nümunələri ilə tanış olan ziyarətçilər Azərbaycan təamlarına heyran qaldıqlarını bildiriblər. Bununla yanaşı, Monreal Kanada-Azərbaycan Cəmiyyətinin təsisçisi Rəna Müslümovanın rəhbərliyi ilə cəmiyyətin üzvləri – Fərid Kohnavard, Nilufər Kohnavard və Gülşən Xəlilova informativ və maarifləndirici təqdimatlarla Azərbaycanın tarixi, coğrafiyası və mədəni irsi haqqında tədbir iştirakçılarını məlumatlandırıblar.
Tədbir çərçivəsində təşkil olunan milli geyimlər dəfiləsində Şahanə Abdullazadə, Müşfiqə Abdullazadə və Şamxal Abdullazadə Azərbaycanın ənənəvi libaslarını nümayiş etdiriblər. Səhnədə təqdim olunan milli rəqslərimiz isə alqışlarla qarşılanıb.
Mustafa Kamal
XQ