“Megobari aktı” – hədəf Gürcüstandır, yoxsa Tramp?

post-img

“Köhnələr” dostluğun nə olduğunu bilmirlər

Prezident Donald Trampın Yaxın Şərq turnesi çərçivəsində Səudiyyə Ərəbistanına səfəri zamanı bildirdiyi fikirlər onu deməyə əsas verdi ki, ABŞ-ın indiyədək həyata keçirdiyi xarici siyasət kursunda başqa dövlətlərin işinə qarışmaq motivi olub və ölkə daha bu ampluada qalmayacaq. O zaman, görəsən, Birləşmiş Ştatlar Konqresinin Nümayəndələr Palatası tərəfindən qəbul edilmiş “Megobari aktı” nə deməkdir? Yoxsa, “köhnələr” inadlarından qalmırlar?

Əvvəla, onu bildirək ki, “megobari” sözü gürcü dilindən tərcümədə dost deməkdir. Hətta, bu söz özündə dostluğa daha özəl münasibəti ifadə edir. Amma “Megobari aktı”nda dostluqdan əsər-əlamət yoxdur. Elə gürcü tərəfin də yanaşması fikrimizin təsdiqidir.

Deməli, Gürcüstan parlamenti “Megobari aktı” ilə bağlı bəyanat hazırlayıb. Bu barədə məlumatı spiker Şalva Papuaşvili verib və o, sənədin rəhbərlik etdiyi qurumun Xarici Əlaqələr Komitəsinə təqdim olunduğunu bildirib. Cənab Papuaşvili onu da deyib ki, ABŞ Konqresinin qəbul etdiyi akt “Gürcüstana qarşı düşmənçilik deməkdir”.

***

“Köhnələrdən” söz düşmüşkən isə deyək ki, tam adı “Gürcüstanın hesabatlılıq, davamlılıq və müstəqilliyini qurmaq üçün seçimlərini səfərbər etmək və genişləndirmək aktı (“Mobilizing and Enhancing Georgia’s Options for Building Accountability, Resilience, and Independence Act”)” olan “Megobari aktı” Konqresin Nümayəndələr Palatasında ilk dəfə 2024-cü ilin mayında təqdim olunmuşdu. Yəni, ABŞ-ın sabiq administrasiyasının zamanında. O administrasiya ki, Gürcüstanın daxili işlərinə qarışmaq yolu tuturdu və bunun ən pik həddini ölkədə keçirilmiş parlament seçkiləri zamanı gördük. Birləşmiş Ştatların, o cümlədən, Qərbin müxtəlif emissarları var gücləri ilə gürcü xalqının seçiminə qarşı çıxmağa çalışdılar. Onlar xeyli müddət davam etmiş iğtişaşlar düzənləyərək iqtidar komandasını devirməyə cəhd göstərsələr də, istəklərinə nail ola bilmədilər.

Bəli, konqresmen Co Uilyams tərəfindən təqdim olunmuş “Megobari aktı” əvvəl qəbul edilməmişdi. Bu ilin yanvarında isə yenə həmin Uilyams həmkarları Stiven Koen, Riçard Hanson və Mark Vizi ilə birlikdə sənədi yenidən gündəmə gətirdi. Akt Konqresin müvafiq komitələrində müzakirə olundu. Senatın Xarici Əlaqələr Komitəsi qanun layihəsini martın 27-də nəzərdən keçirdi. Bugünlərdə isə Nümayəndələr Palatası layihəni qəbul etdi.

Qeyd edək ki, “Megobari aktı”, mahiyyətcə, lap başlanğıcda Gürcüstanda prezident üsul-idarəsini möhkəmləndirməyə xidmət məqsədini daşıyırdı. Məsələ ondadır ki, akt hazırlananda qonşu ölkədə ikitirəlik hökm sürürdü. Qərb o zamankı Prezident Salome Zurabişvilini müdafiə edirdi. Layihənin də belə bir müdafiə məqsədindən qaynaqlandığı aydındır.

Bir maraqlı məqam da var ki, ötən il Gürcüstanda hakim komanda əleyhinə etiraz aksiyaları ilə paralel şəkildə, Ermənistanda da baş nazir Nikol Paşinyana qarşı Baqrat Qalstanyanın hərəkatı qeydə alınmışdı. Həmin vaxt Qərb, o cümlədən, ABŞ Gürcüstanda yaşananları xalq inqilabı, Ermənistana olanları isə qanuni hakimiyyəti devirmək niyyəti kimi qiymətləndirmişdi. Bu, açıq-aşkar ikili yanaşma və riyakarlıq idi. Yəni, “Megobari aktı”nın prezident üsul-idarəsini möhkəmləndirmək məramı məhz bu riyakarlıqdan qaynaqlanırdı.

İndi vəziyyət fərqlidir. Zurabişvili prezidentlikdən gedib. Yəni, gürcü xalqı möhkəm dayandı və öz iradəsini qanuni hakimiyyəti dəstəkləməklə ortaya qoydu. Üstəlik, ABŞ-da da hakimiyyət dəyişikliyi yaşandı. Mövcud durumda “Megobari aktı”nın başqa məqsədləri haqqında söz açmağa ehtiyac yaranır. Məsələn, Gürcüstanın Qərbə inteqrasiyasını sürətləndirmək, onu Rusiya ilə əməkdaşlıqdan daşındırmaq, təxminən Ermənistanın gününə salmaqdan danışmağa dəyər. Görəsən, Birləşmiş Ştatlara hazırda belə bir dəst-xətt lazımdırmı?

D.Trampın Səudiyyə Ərəbistanındakı çıxışına nəzərən demək olar ki, Vaşinqton buna ehtiyac duymur. Çünki Birləşmiş Ştatlar lideri ABŞ-ın əvvəlki administrasiyalarını Yaxın Şərqdəki hərbi müdaxilələrə görə tənqid atəşinə tutub və “sabiqləri” dağıdıcılıqda ittiham edib. Bayden – Blinken administrasiyasının da Gürcüstana münasibəti dağıdıcılıq idi. Bundan başqa, Ağ ev rəhbəri neokonservatorları, liberal yönümlü QHT-ləri, ayrı-ayrı Qərb fondlarını pisləyib və onları trilyonlarla dolları havaya sovurmaqda günahlandırıb.

Onu da yada salaq ki, Tramp 2025-ci ildə dövlət başçısı səlahiyyətlərinin icrasına başlayar-başlamaz "Executive Order 14169" (Birləşmiş Ştatların xarici yardımının yenidən qiymətləndirilməsi və düzəldilməsi) adlı sərəncam imzalayaraq, ABŞ-ın xarici yardım proqramlarını 90 gün müddətinə dayandırdı. O, həmin proqramların bir çoxunu “bizə nifrət edən ölkələrə milyardlarla dollar vermək” kimi qiymətləndirərək, yardımlara son qoydu. Həmçinin, Tramp ABŞ Beynəlxalq İnkişaf Agentliyini – USAID-i ləğv etdi, addımının hökumət israfçılığının qarşısını almaq və səmərəliliyi artırmaq məqsədi daşıdığını açıqladı. Bu, o USAID idi ki, Gürcüstanda dövlət çevrilişi üçün külli miqdarda vəsait xərcləyirdi.

O zaman yenə meydana “Megobari aktı”na nə ehtiyacın olduğuna dair haqlı sual çıxır? Digər tərəfdən, ABŞ özü Rusiya ilə münasibətləri nizamlamaq yolu tutursa, belə bir sənədə ümumiyyətlə lüzum yoxdur. Yəni, Vaşinqtona Moskva ilə əlaqələr qurmaq olar, Tbilisiyə yox? Həm də oaxı hakim “Gürcü arzusu”, prinsipcə, tam müstəqil xətt yürüdür, xarici siyasətini yalnız milli maraqlardan çıxış edərək balanlaşdırılmış şəkildə qurur. Məsələn, Ermənistan kimi avantürist niyyətlər naminə, necə deyərlər, hansısa tərəfə yıxılmır. Mövcud məqam mütləq nəzərə alınmalıdır.

Üstəlik, Trampın Ər-Riyadda bildirdikləri fikirlərdən gəlinən daha bir nəticə budur ki, ABŞ qarşıdakı müddətdə regional liderlərlə əməkdaşlığa, terrorizmlə mübarizəyə, habelə, qarşılıqlı iqtisadi maraq yaradacaq layihələrə köklənəcək. Bir sözlə, Vaşinqton Birləşmiş Ştatların əvvəlki administrasiyasının zamanında olduğu kimi, neoimperialist ovqatdan geri duracaq. Hesab edirik ki, bu məqam da son dərəcə vacibdir.

***

Qeyd edək ki, “Megobari aktı” Gürcüstan iqtidarı tərəfindən əvvəllər də mənfi qarşılanıb. Bir müddət əvvəl “Gürcü arzusu” Partiyasının liderlərindən biri, Tbilisi meri Kaxa Kaladze Birləşmiş Ştatların ötən illər ərzində Gürcüstan üzrə agentlər şəbəkəsinin yaradılmasına yüz milyonlarla vəsait xərclədiyini vurğulamış və bu vəsaitin lazım gəldikdə Gürcüstanda dəfələrlə həyata keçirilməsinə cəhd göstərilən dövlət çevrilişini gerçəkləşdirməyə sərf olunduğunu diqqətə çatdırmışdı. Bütün bu işlərin isə USAID və müxtəlif fondlar tərəfindən icra edildiyi məlumdur: “Dərin dövlət məğlub deyil. Biz ölkəmizin maraqlarını qoruyuruq. Əgər Tramp onu (köhnə sistemi – red.) məğlub edə bilsə, biz bunu alqışlayacağıq. Böyük və ya kiçik ölkə olmasından asılı olmayaraq, heç kəsə maraqlarımızı tapdalamağa və onlardan, məsələn, Ukraynadakı kimi sui-istifadəyə imkan verməyəcəyik”.

***

Əlqərəz, hazırda Ş.Papuaşvili bildirir ki, “Megobari aktı” üç yanlış məqama əsaslanır. Bu yanlışlardan birincisi, Gürcüstanda demokratiya sahəsində ciddi geriləmənin baş verdiyinin iddia edilməsidir. İkinci məqam Gürcüstan hökuməti tərəfindən Avroatlantik inteqrasiya prosesinə maneçiliyin törədildiyinin vurğulanmasıdır. Üçüncü iddia isə Gürcüstanın “Rusiya, Çin və digər avtoritar rejimlərlə” (sonradan “digər avtoritar rejim” ifadəsinin İranı nəzərdə tutduğu dəqiqləşdirilib – red.) münasibətlər qurmasının yolverilməzliyidir.

“Megobari aktı” ABŞ-ın hazırkı D.Tramp Administrasiyasının yürütdüyü xarici siyasət kursuna tamamilə zidd mahiyyət daşıyır və belə bir durumda Gürcüstanın hansısa ayrı-seçkiliklə üzləşməsi, onun daxili işlərinə qarışmaq mahiyyətinin saxlanılması mümkünsüz görünür. Görünür, bu məqam Gürcüstan parlamenti tərəfindən də nəzərə alınır. Ona görə qurumun bəyanatında diplomatiklik gözlənilir. Ş.Papuaşvili də bildirib ki, “ölkəyə (Gürcüstana – red.) qarşı sərt və ədalətsiz münasibət, eləcə də ikili standartlar yalnız bir səbəblə əlaqələndirilə bilər - “dərin dövlət” Gürcüstanın hökumət rəsmiləri ilə keçirilən görüşlər zamanı “ikinci cəbhənin açılması (Rusiyaya qarşı – red.)” tələbinin yerinə yetirilməməsini bağışlamayıb”. Nəzərə alsaq ki, parlament sədrinin “dərin dövlət” ifadəsi özündə ABŞ-ın rəhbərliyindəkiləri ehtiva edir, o zaman bir qədər əvvəl fikirlərini diqqətə çatdırdığımız K.Kaladzenin mövcud məqamı daha dolğun şəkildə gündəmə gətirdiyini vurğulamalıyıq. Cənab Kaladze demişdi ki, Birləşmiş Ştatlardakı “dərin dövlət” hələ məğlub olmayıb və köklərə malikdir.

Sonda belə nəticəyə gəlmək mümkündür ki, D.Tramp təkcə bəyanatlarla kifayətlənməməli, Birləşmiş Ştatların hazırkı kursuna zidd fəaliyyətə üstünlük verən daxildəki “köhnələrə” qarşı da mübarizə aparmalıdır. Çox düşünməyə isə ehtiyac yoxdur. Mübarizə dostluq mənasını verən, mahiyyətində dostluqdan əsər-əlamət olmayan, əksinə, açıq düşmənçiliyə hesablanmış “Megobari aktı”nın tarixin zibilliyinə göndərilməsindən başlamalıdır. Tramp Administrasiyası belə bəsit sənədlərin Birləşmiş Ştatların beynəlxalq nüfuzunu zədələdiyinin fərqinə varmalı, həssas davranmalıdır və hesab edirik ki, ABŞ Prezidentinin Səudiyyə Ərəbistanındakı mütərəqqi ruhlu manifestindən sonra bunun baş verməsi yalnız an məsələsidir. Fikrimizcə, gürcü tərəfi də bu qənaətdədir. Ümid edək ki, K.Kaladzenin təbirincə desək, Gürcüstanın ABŞ-la münasibətlərində yeni mərhələ başlayacaq. Özü də çox tezliklə.

Ə.CAHANGİROĞLU
XQ



Siyasət