Levon Ter-Petrosyan Emmanuel Kantı niyə yada salır?
Bu şəkil Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyanın “Facebook” səhifəsindən götürülüb və erməni liderin çarəsizliyinin təsviri qismində qiymətləndirilə bilər. Yazımızda belə bir durumda olan şəxsin sosial şəbəkə hesabındakı bir paylaşımdan söz açacağıq. Ancaq, hələlik, başqa məqama diqqət yetirək.
1988-ci ilin fevralında Ermənistanda və Qarabağda “Miatsum” (birləşmə) şüarı altında hərəkat başladı. Hərəkatın məqsədi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Azərbaycan SSR-dən ayrılıb Ermənistan SSR-ə birləşdirilməsi idi. Həmin vaxt L.Ter-Petrosyan Ermənistan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda çalışan alimlərdən biri, habelə Qarabağ avantürasının əsas ideya mərkəzi sayılan “Qarabağ Komitəsi”nin üzvlərindən idi. Bu komitə kütləvi etirazların təşkilində, Qarabağ məsələsinin SSRİ rəhbərliyinə çıxarılmasında əsas rol oynamışdı.
1989–1990-cı illərdə Qarabağ hərəkatı daha da radikallaşmış, Ermənistanın daxili siyasətinin hərəkətverici qüvvəsinə çevrilmişdi. 1990-cı ildə ölkə müstəqillik yoluna çıxanda Ter-Petrosyan artıq alimliyi bir kənara qoymuş, siyasətdə önəmli fiqura çevrilmiş, 1991-ci ildə isə prezident seçilmişdi. Onun fəaliyyəti dövründə, yəni, 1991–1998-ci illərdə Qarabağ məsələsi Ermənistanın siyasi prioriteti halına gəlmişdi. L.Ter-Petrosyan, həmçinin, Birinci Qarabağ müharibəsində bölgədəki separatçı qüvvələrə hərbi-siyasi də dəstək vermişdi.
Bununla yanaşı, L.Ter-Petrosyan Ermənistanın Qarabağ iddiasının avantüra olduğunu, ölkəyə heç bir fayda verməyəcəyini dərk edən ilk erməni liderlərdən olmuşdu. O, 1997-ci ildə açıq şəkildə demişdi ki, Ermənistan və Qarabağ əhalisi uzunmüddətli müharibəni davam etdirmək iqtidarında deyil, hərbi qələbələr ölkəni tam qələbəyə aparmır, əksinə, beynəlxalq iqtisadi fəlakətə sürükləyir. Habelə, Qarabağ problemində kompromisin vacibliyindən söz açan L.Ter-Petrosyan ATƏT-in Minsk qrupu çərçivəsində irəli sürülmüş “paket” və xüsusilə də “mərhələli həll” planını dəstəkləmişdi. Həmin plana görə, Ermənistan işğal olunmuş Azərbaycan rayonlarını qaytarmalı, əvəzində Qarabağın statusu barədə gələcəkdə danışıqlar aparılmalı idi. “Bu gün əldə edə biləcəyimizi sabah bizə verməyəcəklər” deyən birinci prezidentin yanaşması Ermənistanın siyasi elitasında kapitulyasiya kimi qəbul olunmuşdu.
Bundan başqa, L.Ter-Petrosyan aktiv şəkildə “Qarabağ Ermənistanı məhv edə bilər” kimi düşüncələri yayır və xəbərdarlıq edirdi ki, maksimalist mövqe ölkəni regional və beynəlxalq siyasətdə dalana dirəyəcək. Birinci prezidentin əsas arqumenti bu idi ki, Ermənistan kiçik ölkədir, iqtisadiyyatı zəifdir, resursları məhduddur, buna görə güzəştdən qaçmaq dövlətin gələcəyini təhlükəyə atır.
L.Ter-Petrosyan 1997-ci ilin sonunda “Müharibə, yaxud sülh? Ciddi müzakirələrə dair” sərlövhəli məqaləsində daha qətiyyətli şəkildə bildirmişdi ki, Qarabağ probleminin yalnız bir həlli yolu var – kompromis. “Kompromisdən başqa alternativ yoxdur və onu qəbul etməyənlər sadəcə xalqa yalan danışırlar. Kim ki, Ermənistan və Qarabağın güc və resursları hesabına məsələnin birtərəfli şəkildə həllinə inanır, ya sadəlövhdür, ya da xalqa xəyanət edir”, - deyən birinci prezident Azərbaycanla savaşın davamının fəlakətə apardığını vurğulamışdı: “Heç kəs illərlə bu yükün altında əzilmədən yaşaya bilməz. Qarabağ Ermənistanın yüküdür, üstünlük deyil. Əgər biz işğal etdiyimiz əraziləri geri qaytarmaqdan imtina etsək, Ermənistan beynəlxalq təcridə məhkum olunacaq”.
L.Ter-Petrosyan həqiqətləri deyirdi. Onun ölkəsi indi də təcriddən çıxa bilmir və durumun yeganə səbəbi işğalçılıq siyasətidir. O da məlumdur ki, Birinci Qarabağ müharibəsindən sonra Azərbaycanla kompromisə hesablanmış sülh danışıqlarını dəstəklədiyi üçün təzyiqlərlə üzləşmiş, 1998-ci ildə istefa vermək məcburiyyətində qalmış L.Ter-Petrosyan ötən müddətdə Ermənistanda iqtidarı zəbt etmiş “Qarabağ klanı”nın idarəçiliyinə qarşı sərt fikirlər səsləndirmişdi. Hazırkı iqtidarla münasibətdə də birinci prezidentin loyal mövqe tutmadığını görmüşük. Əslində, hər iki tərəf bir-birinə qarşı xoş münasibət bəsləməyib. Amma Ermənistanda geniş yayılmış belə bir fikir var: Baş nazir Nikol Paşinyan L.Ter-Petrosyanın ideya davamçısıdır. Elə isə keçək bilavasitə mətləbə.
***
Əlqərəz, L.Ter-Petrosyan özünün “Facebook” səhifəsində böyük alman filosofu Emmanuel Kantın erməni xalqına verdiyi qiyməti xatırladıb və bildirib ki, bu qiyməti hər bir savadlı erməni bilməlidir. Birinci prezidentin yazdığına görə, Kant “Praqmatik nöqteyi-nəzərdən antropologiya” əsərində erməniləri xüsusi “kommersiya ruhuna” malik xalq olaraq təsvir edib. “O, (yəni Kant - red) qeyd edib ki, ermənilər Çin sərhədlərindən Qvineya sahilindəki Korsoya burnuna piyada gedib, ticarətlə məşğul olublar. Kanta görə, bu onların “xarakterinin üstünlüyünə” və “müdrik və zəhmətkeş xalqın” xüsusi mənşəyinə dəlalət edir. Filosof vurğulamışdır ki, ermənilər demək olar, bütün köhnə dünyanı keçərək, qaldıqları xalqlarda özlərinə münasibətdə lütf və qonaqpərvərlik oyatmaq bacarığı nümayiş etdirmişlər”.
Əlbəttə, Ter-Petrosyanın bölüşdüyü fikirlər də ermənilərin bəşəriyyət tarixindəki böyük xalqlardan biri olduğu təsviri üzərindədir. Biz bu kimi təsvirlərin hansı siyasi məqsədlərin, hansı avantürist planların reallaşmasına xidmət etməsindən xəbərdarıq. Amma ümumən, hər bir xalqın özü ilə öyünmək hüququ var. Digər tərəfdən, Kantın, həqiqətən, haylar haqqında hansısa xoş fikir bildirib-bildirmədiyi müəmmalıdır. Çünki ermənilərin zaman-zaman özləri üçün keçmiş uydurduqlarını bilirik və L.Ter-Petrosyanın da fantaziyalarını işə salmadığını söyləmək mümkündür.
Eyni zamanda onu da vurğulayaq ki, birinci prezidentin Kanta istinadən yazdıqlarında pis nə isə yoxdur. Hər halda, döyüşkən, cəsur Tiqranla bağlı hoqqabaz mifdənsə, ticarət sayəsində fərqlənmək daha realdır və ən başlıcası ziyansızdır. Belə qənaətə gələ bilərik ki, L.Ter-Petrosyanın “Facebook” paylaşımında da zərərli heç nə yoxdur. İzah edək niyə?
Hazırda Ermənistandakı revanşist və şovinist kəsim baş nazir Nikol Paşinyanı Azərbaycanla sülh xüsusunda, bir növ, çarmıxa çəkməklə məşğuldur. Bu kəsim hər vəchlə Bakı-İrəvan barış sazişini heçə endirmək, avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə imzalanmış Birgə Bəyannamənin müddəalarını əhəmiyyətsiz saymağa çalışır. O da məlumdur ki, sözügedən kəsimin əlində imkanı olsa, Paşinyanı bir qaşıq sudaca boğar.
Hazırda belə təsəvvür də var ki, Ermənistanda reallığı duyan və dərk edən, böyük ölçüdə, yalnız baş nazir və komandasıdır. Bilavasitə L.Ter-Petrosyanın paylaşımının xeyirli tərəfinə gəlincə, birinci prezidentin, müəyyən mənada, subliminal mesaj verdiyini düşünmək olar. Təxminən belə: döyüşməyi, vuruşmağı, qan tökməyi bir kənara qoyub ticarətə girişmək lazımdır. Ermənilərin bu keyfiyyəti barədə dahi Kantın özü də fikir bildirirsə, deməli, avantüraya qapılmaq mənasızdır. Görünür, L.Ter-Petrosyan da Paşinyana dəstəyini məhz bu tərzdə ifadə edir. Axı ikincinin Azərbaycanla sülhün ermənilər üçün iqtisadi mənfəətini qabartdığı aydındır. Yəni, çarə yalnız bundadır. Deməli, yaxşı olar ki, reallığı görən L.Ter-Petrosyan heyflənməsin və tezliklə özünün “Facebook” profilindəki şəkli pozitiv bir foto ilə əvəzləsin.
Ə.CAHANGİROĞLU
XQ