Aprel döyüşləri ermənilərin “qalib ordu” mifini puça çıxardı

post-img

Onuncu ildönümü günlərini yaşadığımız şanlı Aprel döyüşləri həm də erməni diasporunun və lobbiçilik strukturlarının Ermənistana siyasi, diplomatik və maddi dəstək göstərmək üçün fövqəladə aktiv fazaya keçdikləri dövr kimi xatırlanır. Bu fəaliyyət 2016-cı ilin hərbi-siyasi mənzərəsinin ayrılmaz tərkib hissəsi idi.

Həmin günlərdə təkcə cəbhə xətti deyil, informasiya və diplomatik meydan da kəskin şəkildə qızışmışdı. Azərbaycan Ordusunun sürətli əks-hücum əməliyyatı və hərbi üstünlüyü fonunda Ermənistan daxilində ciddi çaşqınlıq yaşanarkən, diaspor və lobbi qurumları fəallığı artıraraq vəziyyəti öz xeyirlərinə dəyişməyə çalışırdılar. Onların məqsədi həm beynəlxalq ictimai rəyin formalaşdırılmasına təsir göstərmək, həm də Ermənistan rəhbərliyinin uğursuzluğunu ört-basdır etmək idi. Döyüşlər başlayandan dərhal sonra ABŞ, Rusiya, Livan, Fransa, həmçinin bir sıra digər Qərbi Avropa ölkələrindəki erməni diaspor strukturları koordinasiya olunmuş şəkildə təbliğat kampaniyasına start verdilər. Digər tərəfdən, resursların səfərbərliyi həyata keçirilirdi.

ABŞ-dakı bədnam Erməni Milli Komitəsi (ANCA), Amerika Erməni Assambleyası və digər diaspor təşkilatları Konqres üzvlərinə ardıcıl məktublar göndərərək Azərbaycanı “təcavüzkar” kimi təqdim etməyə çalışır, Vaşinqtonu İrəvanın mövqeyini müdafiə etməyə çağırırdılar. Onlar Qərb mediasında həmin hadisələrlə bağlı erməni mövqeyinə xidmət edən yalanlar uyduraraq onu təbliğ etməyə cəhd göstərirdilər. Xüsusilə, ABŞ-ın Azərbaycan hökumətinə birbaşa yardımını məhdudlaşdıran “Azadlığa dəstək Aktı”na 907-ci düzəlişin tətbiqi ilə bağlı müzakirələr yenidən başlamışdı. Halbuki real faktlar tamamilə əksini göstərirdi: hücumu başlayan işğalçı Ermənistan ordusu olmuş, Azərbaycan isə öz suveren ərazilərini müdafiə etmişdi. Bu ziddiyyət diasporun üslubunda da hiss olunurdu. Hədəf daha çox informasiya qarmaqarışıqlığı yaratmaq, real mənzərəni təhrif etmək idi. Fransadakı erməni lobbi şəbəkəsi isə ənənəvi olaraq mediaya təsir mexanizmlərindən istifadə edirdi. Parisdə fəaliyyət göstərən Fransadakı Erməni Təşkilatlarının Koordinasiya Şurası başda olmaqla digər təşkilatlar, o cümlədən mədəniyyət mərkəzləri “Beşinci Respublika”nın aparıcı kütləvi informasiya vasitələrində birtərəfli materialların dərci üçün böyük canfəşanlıq edir, necə deyərlər, dəridən-qabıqdan çıxırdılar. Diasporun vasitəçiliyi ilə Ermənistanın yüksək vəzifəli şəxsləri və lobbi dairələrinin nümayəndələri arasında intensiv təmaslar təşkil olunurdu. Məqsəd cəbhədəki geriləmənin fonunda rəsmi Parisin Bakıya qarşı sərt bəyanatlar verməsinə nail olmaq idi. Lakin o dövrdəki Fransa rəhbərliyi, konkret olaraq, Prezident Fransua Ollandın administrasiyası hətta lobbinin ən aktiv dövrlərində belə balanslı mövqedən tam imtina etmədi. Bu isə diaspor şəbəkəsinin gözləntilərinə zidd idi.

Rusiyadakı erməni diasporunun fəaliyyəti daha çox böhtan atmağa, mediada haray-həşir salmağa hesablanmışdı. O dövrdə Rusiyanın yazılı və elektron KİV-ində xeyli sifarişli materiallar özünə yer aldı. Hərçənd, bu kampaniyanın da real nəticəsi olmadı. Rusiya hakimiyyəti vəziyyəti Ermənistanın təqdim etdiyi kimi qəbul etmədi və tərəfləri atəşkəsə çağırmaqla kifayətləndi.

***

Bütövlükdə, Aprel döyüşləri illər boyu “qalib” ədası ilə Azərbaycana yuxarıdan aşağı baxmağa çalışan erməni diasporu və lobbi dairələrinə ən tutarlı cavab oldu. Uzun müddət xaricdəki erməni icmaları özlərini “məğlubedilməz” obrazında təqdim edir, Azərbaycanı daim zəif, təzyiq altında saxlanıla bilən tərəf kimi göstərməyə çalışırdılar. Onların təsəvvüründə Azərbaycan diplomatiyada, mediada və beynəlxalq müstəvidə daim müdafiədə olan ölkə idi. Məhz Aprel döyüşləri bu illüziyaları bir anın içində dağıtdı.

Ordumuzun qısa müddətdə qazandığı hərbi uğurlar diasporun yaratdığı, illərlə davam edən saxta imici alt-üst etdi. Dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni lobbi qrupları vəziyyəti izah etməkdə çətinlik çəkir, öz ictimaiyyətlərinə niyə belə ağır itkilər verdiklərini anlada bilmirdilər. Onların uzun illər formalaşdırdığı “güclü erməni ordusu” mifinin cəbhədə heç bir dayağı olmadığı üzə çıxdı. Ermənilərin xaricdəki təşkilatları Aprel döyüşlərini başqa dövlətlərin diqqətini çəkmək üçün fürsətə çevirmək istədilər, lakin real mənzərəni dəyişmək mümkün olmadı. Çünki döyüş meydanında söz sahibi Azərbaycan idi.

Məlum döyüşlər diasporun təkcə siyasi deyil, həm də psixoloji üstünlük iddiasını darmadağın etdi. Ermənilər illər ərzində özlərini qalib, Azərbaycanı isə daim məğlub kimi qələmə verirdilər. Onların dilində “məğlub Azərbaycan” ifadəsi sanki şablona çevrilmişdi. Lakin Aprel döyüşləri göstərdi ki, regionda dəyişikliklər artıq geridönüşü olmayan mərhələyə qədəm qoyub. Azərbaycan həm ordusu, həm də dövlət quruculuğu ilə bu dəyişikliklərin aparıcı tərəfinə çevrilib. Diaspor və lobbi bu reallığı nə qədər gizlətməyə çalışsa da, həqiqət göz qabağında idi. Bu prosesdə diqqəti cəlb edən əsas məqamlardan biri erməni diaspor və lobbi strukturlarının informasiya müharibəsində ciddi çətinliklərlə üzləşmələri idi. Azərbaycan Ordusunun əldə etdiyi qələbələrin foto və video sübutları real situasiyanın təhrifinə imkan vermirdi. Diaspor təşkilatları faktlara qarşı emosional açıqlamalarla çıxış edir, hansısa “insan faciəsi” obrazı yaratmağa uğursuz cəhdlər göstərirdilər. Halbuki, həm döyüş meydanında üstünlük tam şəkildə Azərbaycan tərəfinin əlində idi və bu, beynəlxalq ekspertlərin rəylərində də əks olunurdu, həm də ordumuzun əks-hücum əməliyyatı zamanı beynəlxalq humanitar hüquqa tam əməl olunurdu.

Aprel döyüşləri erməni diasporu ilə Serj Sarkisyan iqtidarı arasındakı münasibətlərin də kövrəkliyini üzə çıxardı. Diaspor dairələrinin bəziləri Sarkisyan hakimiyyətini hərbi uğursuzluqda günahlandırırdı. Ermənistanın özündə isə diasporun həmin günlərdəki “fəallığı” daha çox hökumətin səhvlərini gizlətmək və cəmiyyətin diqqətini yayındırmaq cəhdi kimi qiymətləndirildi. Bu vəziyyət İrəvanda diasporun gücünün əslində elə də böyük və təsirli olmadığını bir daha göstərdi. Həmin günlərdə erməni icmalarında yaranan çaşqınlıq və təşviş də bu təsirin bariz nümunəsidir. Xaricdə illərlə özlərini böyük güc kimi təqdim edən qurumların bir anda müdafiə mövqeyinə keçməsi onların imicinə ciddi zərbə vurdu. Aprel döyüşləri həm də göstərdi ki, erməni diasporu öz ölkəsinin real vəziyyətindən xəbərsiz, köhnə təsəvvürlərin girovudur. Onların yaratdığı “durğun və dəyişməz münaqişə” formulu artıq işləmir. Döyüşlərdən sonra aparılan təhlillər göstərdi ki, erməni diasporu və lobbi şəbəkəsi əvvəlki illərlə müqayisədə xeyli zəifləyib. Onların əsas resursları köhnə stereotiplər, emosional təbliğat və təhrif olunmuş tarixdən ibarətdir. Müasir informasiya mühitində bu metodlar əvvəlki kimi effekt vermir. Azərbaycan tərəfinin həm diplomatik, həm media, həm də hərbi sahədə ardıcıl fəaliyyət göstərməsi diasporun manipulyativ təşəbbüslərini demək olar ki, neytrallaşdırdı. Beləliklə, Aprel döyüşləri Ermənistanın xaricdəki dairələrinə təkcə hərbi deyil, həm də mənəvi zərbə oldu. Azərbaycan regionda yeni güc balansının formalaşdığını nümayiş etdirdi. Ermənilərin illərlə üstünlük kimi göstərdiyi təsəvvürlərin heç bir dayaq nöqtəsi olmadığı ortaya çıxdı. Aprel döyüşləri “qalib ordu” mifini tarixə gömdü və Azərbaycanın söz sahibinə çevrildiyi yeni dövrün başlanğıcını qoydu.

Səxavət HƏMİD
XQ

Siyasət